Ən çox islahat həyata keçirmiş ölkə
Azərbaycanda həyata
keçirilən islahatlar, "qara qızılın” insan kapitalına çevrilməsi istiqamətində
atılan addımlar, uğurla icra edilən regional inkişaf proqramları ölkəmizin
hərtərəfli inkişafına səbəb olub. Bu inkişaf və tərəqqi, müasir dövrün
tələblərinə, xalqın rifahına və milli maraqlarımıza söykənən siyasi kurs
Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirib. Fərəhli haldır ki, bu
reallıqlar yalnız yerli mütəxəssislər tərəfindən deyil, nüfuzlu beynəlxalq
təşkilatlar tərəfindən də etiraf olunur. Dünya Bankının "Doing Business”
reytinqində ölkəmizin hər il bir qədər də irəliləməsi də bu qəbildən olan
hadisədir. Belə ki, Dünya Bankının "Doing Business-2019” reytinqində Azərbaycan
190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Bundan əvvəlki hesabatda isə ölkəmiz
57-ci yerdə qərarlaşmışdı. Heç şübhəsiz bu, Azərbaycanda Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlarını
özündə ehtiva edən daha bir göstəricidir. Bu göstərici onu deməyə əsas verir
ki, dövlət başçısının sosial-iqtisadi siyasəti alternativsizdir.
Milli
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir
Mirkişili mövzu ilə bağlı bildirib ki, iqtisadiyyat sağlam özəl sektor olmadan
inkişaf edə bilməz. Onun sözlərinə görə, özəl sektor inkişaf etdikcə yeni iş
yerləri yaranır, ölkə daxilində xərclənən və investisiya qoyula biləcək gəlir
yaranır. Millət vəkili deyib ki, iqtisadi cəhətdən inkişafa diqqət yetirən hər
bir ölkə kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına təsir edə biləcək
qanunların qəbul olunmasına və tənzimləmələrin tətbiqinə xüsusi diqqət yetirirlər:
"Səmərəli biznes tənzimləmələri mikro və kiçik sahibkarlara böyümək, innovativ fəaliyyət
göstərmək və qeyri-qanuni fəaliyyətdən qanuni fəaliyyətə keçmək üçün imkan və
stimul yaradır. Qanuni fəaliyyətlə məşğul olmaq asanlaşdıqca qeyri-qanuni
fəaliyyət göstərmək çətinləşir və ya əksinə. Dünya Bankının dərc etdiyi "Doing
Business-2019”
hesabatı 190 ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı olan
qanunverici aktların və onların tətbiq olunmasını obyektiv olaraq qiymətləndirməyə
imkan verir. Hesabat 11 indikator üzrə ölkələri təhlil etsə də, reytinq
cədvəlində əmək bazarının tənzimlənməsi indikatoru istisna olmaqla, 10
indikatorun göstəricilərindən istifadə olunur. "Doing Business-2018” hesabatında 57-ci yerdə
qərarlaşan Azərbaycan "Doing Business-2019” hesabatında 32 pillə irəliləyərək 25-ci
yerdə qərarlaşıb. Azərbaycan hesabat indikatorları üzrə göstəricilərini ən çox
yaxşılaşdıran dünyanın 10 ölkəsindən biri olub. Bu TOP 10 ölkələr əsasən
biznesə başlama, kredit əldə etmək və vergi ödəmək sahələrində 62 islahat
həyata keçiriblər. Bundan əlavə, Azərbaycan hesabatın 10 indikatorundan 8-də
islahatlar həyata keçirərək öz mövqelərini yaxşılaşadırmış və islahatların
sayında görə dünyada 1-ci olub. Bakı İcra Hakimiyyətində tikintiyə icazələrin
"bir pəncərə” prinsipi ilə verilməsi, elektrik şəbəkəsinə qoşulmaları azaldan
"ASAN Kommunal” mərkəzlərini açılması, yeni kredit bürosunun yaradılması kimi
tədbirlər ölkəmizin hesabatda mövqelərini xeyli yaxşılaşdırıb. Prezident İlham
Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və institutsional islahatlar
ölkəmizdə sahibkarlıq mühitini getdikcə daha əlverişli etməkdədir. Dünya
Bankının apardığı təhlillərin nəticələri bunu bir daha göstərir. İslahatların
dərinləşməsı və əhatəliliyinin artması ölkəmizdə biznes mühitini daha da
inkişaf etdirməklə, əhalinin rifah halının daha da yaxşılaşmasına imkan
yaradacaq”.
İqtisad
elmləri doktoru, professor Fikrət Yusifov da qəzetimizə
açıqlamasında deyib ki, Dünya Bankının "Doing Business 2019” hesabatında
Azərbaycanın 25-ci yerdə qərarlaşaraq MDB ölkələri arasında ən yüksək yerə
layiq görülməsi heç də təsadüfi deyil. Onun sözlərinə görə, Azərbaycanda gedən
islahatlar - xüsusilə 2015-ci ilin sonlarından ölkədə post-neft dövrünün başlandığı
elan edildikdən sonra başlayan iqtisadi islahatlar iqtisadiyyatın real
sektorunun sürətli inkişafını təmin etməyi hədəfləyib. Professor hesab edir ki,
neftin qiymətlərinin kəskin azalmasından sonra Azərbaycan hökumətinin müəyyən
etdiyi sürətli iqtisadi islahatlar strategiyasına yüksək qiymət verənlərdən və
onu ilk dəstəkləyənlərdən biri də məhz Dünya Bankının rəhbərliyi olub: "Onlar
hələ islahatların başlanğıc mərhələsində Azərbaycan hökumətinin bu addımlarını
başqa neft ölkələrinə nümunə göstərərək, bu yolda ölkəmizə yaxın dəstəkçi
olduqlarını da bəyan ediblər. Dünya Bankı dünyanın ən nüfuzlu maliyyə
institutudur. Onun hesabatını heç bir təşkilatın hesabatı ilə müqayisə etmək
mümkün deyil. Azərbaycanın bu hesabatda ən çox islahat aparmış bir ölkə kimi
qeyd edilməsi beynəlxalq müstəvidə bu informasiyanı alan hər bir tərəf üçün
ciddi bir siqnaldır və ölkəmizin uğurlarına qara yaxmaq istəyənlərə tutarlı
cavabdır. Bu onu göstərir ki, Azərbaycan öz iqtisadi strategiyasını düzgün
müəyyən edib və onu tam doğru bir yolla irəliyə aparır. Bu ilin 9 ayının
yekunları bir daha sübut etdi ki, 3 il bundan öncə ölkədə post-neft erasının
başlandığını bəyan edən ölkə başçısının müəyyən etdiyi yeni iqtisadi islahatlar
strategiyası nə qədər düzgün bir seçim idi. Bu islahatların müəllifi məhz
Prezident İlham Əliyevdir. Ötən üç il ərzində o, islahatların uğuru üçün lazım
olan ən qətiyyətli addımları belə atmaqdan çəkinməyib. Nəticələr isə göz
qabağındadır. Bunu tək biz demirik. Bunu artıq az qala bütün dünya ölkələrinin üzv
olduğu ən mötəbər bir maliyyə institutunun rəsmi hesabatı deyir”.
Sonda bir daha vurğulayaq
ki, "Doing Business 2019”
hesabatı və ölkəmizlə bağlı orada yer alan məlumatlar Azərbaycanda aparılan islahatların
əhəmiyyətinin beynəlxalq miqyasda təsdiqidir. Məhz bu islahatlar dünyanın ən
aparıcı hesabatında ölkəmizin mövqeyinin kəskin möhkəmlənməsinə gətirib çıxarıb.
Rufik
İSMAYILOV