• cümə, 19 Aprel, 11:07
  • Baku Bakı 13°C

Ən böyük sirr çalışqanlıq, yorulmamaq və qane olmamaqdır - Uğur hekayəsi

01.11.19 10:00 3437
Ən böyük sirr çalışqanlıq, yorulmamaq və qane olmamaqdır - Uğur hekayəsi
Lazımi anda lazımi yerdə və lazımi insanların əhatəsində olmağın gərəkli olduğunu düşünür. Deyir ki, şans ondan düzgün istifadə etdiyin halda uğur qazanmaqda rol oynayır. Ona görə, özünə qarşı tələbkarlıq, iradə gücü önəmlidir. Ən böyük sirri isə çalışqanlıq, yorulmamaq və qane olmamaqdır. Çünki o, nə aldığı təhsillə, nə də vəzifə ilə kifayətlənib.

Müsahibimiz SOCAR-AQS MMC-də Təlim və bacarıqların inkişafı üzrə rəhbər Tural Məmmədovdur.

Həmsöhbətimiz Gürcüstanda anadan olub. Orta məktəbi bitirdikdən sonra 682 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə ixtisasına qəbul olub. Magistratura təhsilini həm Almaniyada Schmalkalden Universitetində Beynəlxalq biznes və iqtisadiyyat üzrə həm də ABŞ-da Texas San Antonio St.Mary’s universitetində MBA üzrə bitirib. 2011-ci ildən SOCAR-ın Baş ofisində işə qəbul şöbəsində mütəxəssis, 2013-cü ildən aparıcı mütəxəssis, 2014-cü ildən rəis müavini kimi davam edib. 2015-ci ildən 2019-cu ilə qədər Təlim və İnkişaf şöbəsinin rəisi işləyib. 2019-cu ilin iyul ayından isə SOCAR-AQS MMC-də Təlim və bacarıqların inkişafı üzrə rəhbər vəzifəsində çalışır.

- Tural bəy, Azərbaycanda inzibati idarəetmə üzrə oxuduğunuz halda, xaricdə təhsilinizi iqtisadiyyat üzrə davam etdirmisiniz. Bu sahəyə getməyə sonradan qərar verdiniz?
- Əslində iqtisadçı olmaq istəyirdim. 682 bal topladım. Seçdiyim ixtisas ən yüksək keçid balı tələb etdiyi üçün balın yüksəkliyinə aldanıb yazdım. Düşünürdüm ki, ən yüksək bal buradırsa, deməli, ən keyfiyyətli yer də buradır. Bugünkü abituriyentlərin əsasən 90 faizinin seçimində bu nüans rol oynayır. Amma düzgün yanaşma deyil. Mənim şansım gətirdi və seçimimə görə peşman olmadım. Çünki ixtisasımda təhsil iki istiqamətdə - hüquq və iqtisadiyyat üzrə aparılırdı. Mən həm hüquqi, həm də iqtisadi təhsil aldım. Daha sonra isə sevdiyim ixtisasa xaricdə davam etdim.


- Sizin bəxtiniz gətirib amma bəxti gətirməyənlər də olur. Gənclər ixtisası seçərkən nələrə diqqət etməlidir?
- Əmək bazarını mütləq təhlil etməlidirlər. Ümumiyyətlə, burada gənclərin günahı yoxdur. Günah cəmiyyətdə, mentalitetdədir. Yəni valideynlər, qohumlar və onların təzyiqləri. Mən də həyatımda bunlarla üzləşmişəm və indi də var. Hətta iş yerini dəyişəndə evdən mənə "dövlət sektorundan özələ niyə gedirsən” kimi təzyiqlər olurdu. Onlara qarşı çıxmaq indiki yaşda asan olsa da, tələbəlik illərində çətindir. Gənclərlə yanaşı valideynlərə də müraciət edərdim ki, bazarı daha çox analiz etsinlər. Valideynlər get-gedə müasirləşir. HR təşkilatları hər il əmək bazarı ilə bağlı araşdırma və hesabat çap edirlər. Onları araşdırıb uyğun seçim etmək lazımdır ki, işini bitirdikdən sonra lazımsız qalmayasan. Məsləhət ala biləcəyiniz peşəkar kouç şirkətləri var. İnsanın mənəvi intellektual ehtiyacları olur və ehtiyacını özün dərk etməlisən. Gənclər ixtisas seçimi edərkən nə istədiklərini bilmir və buna görə də məqsədsiz gənclər toplusu yaranır. Bəzi tələbələr universitetə girmək xatirinə, ailə təzyiqi ilə oxuyurlar. Daha sonra işləməyəndə günahı cəmiyyətdə, dövlətdə axtarırlar. İlk növbədə günahı özündə axtarmaq lazımdır. Hazırda data analitikası, proqramlaşdırma, blokçeyn texnologiyasını bilən gənclərə ehtiyac var. Sıfırdan proqramlaşdırma öyrədən mərkəzlər var. Çünki buna ehtiyac böyükdür. Bundan əlavə, Almaniyada peşə təhsili prestijli təhsil növüdür. Amma bizdə kimin uşağı oxumur, yaxud çətin tərbiyə olunandır, peşə təhsilinə yönləndirirlər. Elə qaynaqçı var ki, ali təhsilli mühasibdən 5 qat artıq maaş alır. Qazmaçı köməkçisi böyük şirkətlərdə kifayət qədər yüksək pul qazanır. Ali təhsili yoxdur, sadəcə, qazma işini mükəmməl bilir. İşini peşəkar görən bütün insanlar seçilir, pul qazanır, rəqabətdə digərlərini udurlar.

- SOCAR-da müəyyən pilləyə qədər gəldikdən sonra işinizi dəyişib, fərqli kollektivlə davam etmisiniz. Nə üçün? Komfort zonadan çıxmaq çətin deyil ki?
- İki qurbağanın birini qaynar, digərini soyuq qazanda qaynadırlar. Qaynar qazanda olan qurbağa qaçır. Digəri yavaş-yavaş qaynamağını hiss etmir və ölür. İnsan bir mühitdə qalırsa, kök atır, uyğunlaşır və elə bilir ki, oradan daha gözəl iş yeri yoxdur. Nəticədə şirkət ona öyrəşir, o şirkətə. Gündəlik gününü keçirməklə məşğul olur və yerində sayır. Orta hesabla bir işçinin eyni iş yerində yetişmə və "komfort zona”ya qapılma müddəti 3 il hesab edilir. 3 ildən sonrakı hər ay, bugünkü sürətli dəyişiklik mühitində, işçi geriyə gedir, inkişafdan qalır. Bu arqument, normal iş şəraiti, bəlli, oturuşmuş funksiya və təşkilati struktur şərtləri altında qüvvədədir. Hər hansı bir müddətli layihə idarə, icra edən işçilərdə bu müddət layihənin bitmə vaxtı ilə ölçülür. Əksər insanlar iş yerlərində "komfort zona”nı tərk etməyə meylli olmurlar. Buna səbəb işçinin özünə, bilik, bacarıq, qabiliyyətlərinə və hazırkı işinə qarşı hiss etdikləri və düşüncələrini daxili dialoqla sorğuya çəkməməsidir. "Komfort zona”dan çıxmaq antibiotik kimidir. İnsana virus daxil olmasa, o virusa qarşı immunitet formalaşmır. Düşünürəm ki, özünüinkişaf üçün mütləq komfort zonadan çıxmalısan. Təbii olaraq, çətinlikləri var. Amma üstünlükləri daha çoxdur. Birincisi və ən əsası, dəyişikliklərin idarə olunması bacarığının inkişaf etdirilməsidir. Yeni mühitdəki çətinliklər, onların öhdəsindən gəlmək üçün düşünülən yeni həll yolları, çətinliklərə və problemlərə qarşı "immunitet” formalaşdırır ki, bunlar da ən qiymətli bilik hesab edilən "öyrənilmiş dərslər” formasında gələcək istifadə üçün dəyərli resursdur. Bundan savayı, yeni insan münasibətlərinə daxil olmaq ünsiyyət, problem, konflikt həll etmə bacarıqlarını əsaslı surətdə inkişaf etdirir. Yeni insanlarla tanışlıq 21-ci əsrin ən qiymətli resurslarından olan "şəbəkələşmə portfelinizi” gələcək karyeranız baxımından genişləndirir. İnsan özünə nə isə qatmağa, öyrənməyə çalışmalıdır.


- Sizcə, öyrənmək, özünə nə isə qatmaq hansı vaxta qədər davam etməlidir? Ümumiyyətlə, bunun bitmə vaxtı, "relax”zamanı varmı və karyerada bu nə dərəcədə rol oynayır?
- Özünə əlavə etmək davamlı olmalıdır, ölənə qədər. İndiki dövr informasiya, dəyişiklik, şəbəkələşmə əsridir. 60-70-ci illərdə alınmış ali təhsil diplomu əmək bazarında 20 il insana kömək edir. 80-ci ildə bu 10 ilə, 90-cı ildə 5 ilə düşdü. 2000-ci ildə 3 il bizə lazım oldu. İndi isə ali təhsil diplomunu bitirdin bir ay sonra aldığın biliklər artıq köhnəlmiş sayılır. Yəni bakalavr, magistr, doktorantura ilə iş bitmir. Düşünürəm ki, yaxın 10 ilə formal ali təhsil yavaş-yavaş sıradan çıxacaq. Bunun yerini qısamüddətli sertifikasiya təlimləri tutacaq. Gənclərə şiddətlə tövsiyə edəcəyim məsələ şəbəkələşmədir. Dünyanın bütün şirkətlərində şəbəkələşmə karyerada ciddi rol oynayır. Hər bir insan yanında tanıdığı, işini bildiyi işçini tələb edir. Tələbə vaxtı bunlarla məşğul olmadığım üçün peşmanam. O vaxtları başımı kitabdan qaldırmırdım. Bu sahədə özümdən böyük uğurlu adamlarla ünsiyyətdə olub, əlaqələr qurmamışam. Yaxşı oxumaq, əlaçı olmaq, səliqəli xətt karyerada o qədər də rol oynamır. Ünsiyyət bacarığı ən əhəmiyyətlisidir. Bizim məzunlarda özgüvən, ünsiyyət yaxşı olmur. Savadları yüksək olsa belə, rəqabətdə geri qalırlar. Siz hansısa nəzəriyyəni bilməyə bilərsiniz, oxuyub öyrənəcəksiniz. Amma özgüvən, özünüinkişaf, ünsiyyət, konflikt həll etmə, liderlik, tez qərar vermə ən əhəmiyyətlisidir. İşçilər də əmək bazarında məhz bu faktorla qalib gəlir və ya uduzur. Bir müddət sonra bilik hamıda eyniləşir. İqtisadiyyatın nəzəriyyələrini hamı bilir, amma onu tətbiqini hər kəs eyni edə bilmir. Bu sadaladığım biliklər isə orta məktəbdən gəlir, universitetdə qazanılmır.Bu bacarıqların təməli orta məktəblərdə qoyulmalıdır. Bu gün, təəssüflər olsun ki, orta məktəblərimizdə bu nüansa önəm verilmir. Ona gorə də gənclər məcburdurlar ki, ali təhsil dövründə və sonradan müxtəlif ədəbiyyatlar oxumaq ve kurslara getməklə bu bacarıqlarını inkişaf etdirsinlər”.

- Təhsili əhəmiyyətinin illərə görə dəyişməsi nəsillərin münaqişəsini yaradır və yaşlı nəsil gənclərin rəhbər olmasını qəbul edə bilmir. Yaşlılar gənclərə "dünənin uşağı” kimi yanaşırlar. Yəqin ki, özünüz də bu halla rastlaşmısınız?
- Bəli, rastlaşmışam. Özünü sübut etmək üçün zaman lazımdır. Zamanla hər şey yoluna düşür. Gənc belə münasibəti normal qəbul edib zamana buraxmalı və özünü sübut etməlidir. Öz işini ortaya qoyanda onsuz da yaşlı da, gənc də bunu anlayır. Hörmətlə yanaşmaq lazımdır. Çünki hörmət hörməti gətirir. Amma yaşlı olmaq o demək deyil ki, sən əvvəlki biliklərinə arxayın olub, özünü inkişaf etdirməməlisən. İnsan ölənə qədər, yaşlı olsa belə, öz üzərində işləməlidir. Öz üzərində işləsən sən də gənclərdən geri qalmarsan. Köhnə təhsilə güvənmək olmaz. Bu gün gənclərin vəzifəyə gəlməsi tələbatdır. Mənim bir əməkdaşımın 70 yaxın yaşı var və ancaq xaricilərlə işləyir. Heç də müasir gənclərin bildiklərindən az bilmir. Öz yaşıdları ilə müqayisədə rəqabətdə çox öndədir. 35-36 yaşında olan biri deyir ki, mənimki keçdi bundan sonra nə oxuyacam. Bu, cəmiyyətin bəlasıdır. Məsələn, mənə də evdə deyirlər ki, şöbə rəisisən yenə oxuyursan. Düşünürlər ki, şöbə rəisi oldunsa, oxumağı dayandırırsan və səndən ağıllısı yoxdur. İstər gənc, istər yaşlı daim öz üzərində işləməlidir.


- Bəs vaxtı necə planlaşdırırsınız. Ailəsiniz, işiniz var və daim öz üzərinizdə işləyirsiniz... Tez-tez "çatdırmıram”, "vaxtım yoxdur” sözləri ilə rastlaşırıq.
- Yazmasam planlaşdıra bilmərəm. Planlama məndə həftəlik olur. Hər həftəsonu növbəti həftənin 5 günü planlaşdırılır. Hələ həftədə 3 dəfə idmana da gedirəm. İdman insanın həm şəxsi həyatına, həm də karyerasına çox böyük motivasiya, enerji verən faktordur. Mən bədənimdə də transformasiya keçmişəm. İdmanın gücü ilə 1 ildə 100 kilodan 80 kiloya düşdüm. Bəzən mən də "vaxtım yoxdur” sözündən istifadə edirəm. Amma o sözü heç sevmirəm. Biz zamanı tənqid edirik, amma zaman danışsa, utanarıq. Çalışıram boş qalmayım. Vaxt elədir ki, onu itirdinsə, geri qaytarmaq olmur. Əgər planla hərəkət etsəniz və istəsəniz vaxt taparsınız.
- Uğurlu karyerada ailənin rolu nə qədər önəmlidir?
- Çox önəmlidir. Mənə elə gəlir ki, subay adam rəhbərlik xüsusiyyətlərini göstərə bilmir və uğurlu ola bilmir. Uğurlu olmaq üçün uğurlu ailən olmalıdır. Ailə insanın mənəvi-psixoloji əhval ruhiyyəsini tonusda saxlamaq üçün çox önəmlidir. Tənhalıq lazımsız məşğuliyyətlərə gətirib çıxarır və həyata tutunma motivasiyasını azaldır. Mənim ailəm olmasa idi uğurlu ola bilməzdim. 5 günüm çox məşğul olur, amma həftə sonu işə vaxt ayırmağa tolerantlığım sıfırdır. Ailəm mənim dərmanım, motivasiyamdır.

- Uğur sirriniz nədir?
- Uğurun sirri özünüzdədir. Filankəs bunu etdi mən də edib uğurlu olacağam deyə bir şey yoxdur. Mühit, qarşılaşdığın insanlar və öz düşüncələrin çox önəmlidir. Tənqidə qarşı həddindən artıq dözümlüyəm. Tənqid yeganə pulsuz verilən məsləhətdir. Çox adam bunu başa düşmür. Tənqidsiz inkişaf etmək mümkün deyil. Mən özüm də işdə tənqid qəbul etməyən əməkdaşla işləyə bilmirəm. Tənqid eşitməmək insanı uçuruma aparır. Özünə qarşı tələbkarlıq, iradə gücü çox önəmlidir. Ən böyük sirr çalışqanlıq, yorulmamaq və qane olmamaqdır. Uğur ən ucuz şeydir. Çünki onu əldə etdinsə, sıfırdan başlayırsan. Yenə də davam etməlisən və kifayətlənməməlisən. Uğurlu olmaq istəyirsənsə, neqativ saçan insanlardan - enerji vampirlerindən uzaq gəzməli və tənqidə təşəkkürlə cavab verib öz üzərində işləməlisən.

Aygün ƏZİZ





banner

Oxşar Xəbərlər