• cümə, 29 Mart, 00:22
  • Baku Bakı 7°C

Ən böyük biclik nədir?

18.06.13 09:03 2294
Ən böyük biclik nədir?
Mən maksimum dərəcədə çalışıram ki, "ən böyük biclik düzlükdür" prinsipinə əməl edəm. Hesab edirəm ki, bizim ənənəvi resurslarla ölkədə köklü dəyişikliklər həyata keçirmək mümkün deyil".
AXCP sədri Əli Kərimli belə bir açıqlama verib və Milli Şurada prezidentliyə vahid namizəd, habelə elə bu qurumun sədrliyi məsələsi ilə bağlı tutduğu mövqeni izah etməyə çalışıb. O, daha sonra deyib: "Amma çox aydın şəkildə başa düşək, mən İsa bəyə, Müsavat Partiyasının başqanına o dəstəyi ona görə vermərəm ki, Milli Şura ikiyə bölünsün - bizimkilər və digərləri. Sonra da EL hərəkatı, ACP, ALP və başqaları da bir namizəd çıxarsın, nəticədə biz yenə Milli Şuranı bölək. Kiminsə belə arzusu varsa, mən belə projedə iştirak etmirəm".
Yetərincə maraqlı bəyanatdır.
Son illər fəallığı süstlük çərçivəsindən kənara çıxmayan, ən ciddi əməlləri kiçik piketlər və mitinqvari yürüşlər keçirmək, habelə çoxsaylı birliklər yaratmaq olan müxalifətçilərin liderlərindən biri başçılıq etdiyi təşkilatla yanaşı, həmin təşkilata bel bağlayanların siyasi imkanlarını çox dəqiq qiymətləndirib.
Üstəlik, o, yəni Əli Kərimli, müxalifət düşərgəsində bəzi siyasətçilərin ciddi-cəhdlə pərdələməyə, hər vasitə ilə ört-basdır etməyə çalışdıqları parçalanmanın varlığını boynuna alır.
Söz yox ki, Əli Kərimlinin "İsa bəylə çiyin-çiyinə addımlayırıq" deməsinə rəğmən, AXCP və Müsavat arasında olduqca kəskin qarşıdurmalar var. Həmin toqquşmalar partiyaların de-fakto nəzarətində olan kütləvi informasiya vasitələrində "yazı müharibə"lərindən tutmuş, siyasi toplantılarda və hətta işdənsonrakı müzakirələrdəki qızğın mübahisələrədək bəlli müstəvilərdə təzahür edir.
AXCP-nin sərt danışmağa adət etmiş mənsubları müsavatçıları "ölkə müxalifətini parçalamaq və yalnız öz məqsədlərini güdmək"də, müsavatçılar da öz növbələrində AXCP-ni "təslimçilik və mənafelərin təminatına aludə olmaq"da suçlayırlar.
Qarşılıqlı ittihamlar illərdir ki, səngimək bilmir.
Belə şəraitdə AXCP və Müsavat partiyalarının Milli Şura çərçivəsində davanı bir kənara qoyaraq birləşmələri və hətta namizəd məsələsində yekdil qərar vermələrini düşünmək, ən azı, sadəlövhlük olardı.
Ölkə müxalifətindəki son illərin hadisələrini barmaqarası olsa belə, izləyənlər dəqiq bilirlər ki, belə ehtimal sıfıra bərabərdir.
Amma yenə də, Əli Kərimli öz maraqlarını müvəqqəti də olsa, unudaraq davrandığını və Müsavatın başqanını yox, başqasının namizədini dəstəkləməsinin də arxasında "müxalifətin mənafeyi ilə Milli Şuranın gələcəyi ilə bağlı perspektivlər"i düşündüyünü vurğulayır.
Müsavatçıların ona inanmaları bir qədər şübhəli məsələdir: təbii, ortada siyasi konyuktur var, Milli Şuranın parçalanmasına imkan verməmək üçün orada "biz və başqaları" qarşıdurmasının yol verilməməsinə can atılır və s.
Fəqət, belədirsə, onda kim təminat verə bilər ki, İctimai Palatadakı AXCP-Müsavat münasibətləri Rüstəm İbrahimbəyovun sədrlik etdiyi quruma sıçramayacaq və daha doğrusu, artıq sıçramayıb?
Bundan başqa, Milli Şurada sədrlik məsələsi həll olunmuş prosedur kimi qələmə verilsə də, problemlər hələ irəlidədir. Çünki qurumun sədri qismində Rüstəm İbrahimbəyovun namizədliyinə səs verənlərin tam əksəriyyətinin seçimi EL hərəkatının sədri, indi nomenklatur müxalifət funksioneri kimi fəaliyyət göstərən Eldar Namazovun aktiv səylərinin nəticəsi də sayıla bilər.
Müşahidəçilərin fikrincə, R.İbrahimbəyov müvəqqəti fiqurdur və indi onu az qala siyasi müqavimətin totemi, uzaqda olsa da, yaxın simvolu sayanların bir müddət sonra narazılıqlarını izhar edəcəkləri şübhəsizdir.
Təşkilatın bundan sonrakı qərarları, bəyanatları və açıqlamalarını ehtimal etməklə təxminləmək asandır: Milli Şura yaradılmasından əvvəl bəyan olunduğu kimi, "müxalifətin birləşmə strukturuna çevrilməyə yönəlikdir".
Yəni çox məqamlardan bəhs edən heç nə, zahirini parlaq etdirən qovuq batinli bir siyasi mövcudluq ünsürü.
Maraqların fərqli, istəklərin müxtəlif, fərdlərin isə ziddiyyətli olduğunu qurumun hansısa məqsəd uğrunda hələlik vahid obyekt təsiri bağışlamağa can atması ilə bağlı səylər də çox davam edən deyil.
Parçalanma elə indi başlanır və bu, demokratiya prinsiplərinin ümdə təzahürlərindən biri kimi bizlərə çatdırılır. Məsələn, ADP sədri Sərdar Cəlaloğlu Milli Şuraya ismarıc yollayaraq professor Rafiq Əliyevin prezidentliyə namizədliyinin məntiqi seçim olduğunu iddia edir.
Məqsəd Milli Şuraya qoşulan siyasi partiya liderlərinin, sədrlərin və ümumiyyətlə, sıravi üzvlərin belə, söz demək və təkliflə çıxış etmək imkanlarının olduğunu göstərmək, oradakı rəhbərlərin də həmin təkliflərə sayğı ilə yanaşdığını nümayiş etdirmək müxalifətçilərimizin yay məcaralarının tərkib hissəsinə çevrilib.
Pis məşğuliyyət deyil. Amma yayın qızmar havasında əsəbləri də tarıma çəkəcək və hissləri coşduracaq əməllərin ilkin mərhələsində siyasi sərinliyin yaranması Milli Şuranın kölgəsinə yığışanların nələr edəcəklərini indidən təxminləməyə imkan verir.
Onlar demokratiya, insan haqları, vətəndaş hüquqları və s. kimi hamilərinin tapşırdıqları kəlmələri desələr də, görünən dağa bələdçi axtarmağa ehtiyac qalmır.
Hər şey aydın görünür.
Görünməyənlər isə çox qısa müddətdə pərdənin bu tərəfində olasıdır.
Novruz Sultanov
Milli.Az
banner

Oxşar Xəbərlər