“Ən böyük arzular əziyyət və səbirlə gerçəkləşir” - Uğur hekayəsi

“Ən böyük arzular əziyyət və səbirlə gerçəkləşir” - Uğur hekayəsi

Gənclik qəzeti
03 May 2019, 09:30 6082
Pozitiv, uzaqgörən və səbirlidir. Elə bu səbri, əzmi onu xəyallarına qovuşdurub. Prinsipi sıfırdan əziyyətlə həyat qurmaqdır. Özünün də dediyi kimi, kasıb ailədə doğulmağı bəhanə etmədən zirvələrə dırmanıb. Zəhmətkeş ailədə dünyaya gəlib. Düşünür ki, kasıb ailədə doğulmaq özü bir xoşbəxtlikdir. Çünki insan qıtlıq anlayışını dərk edir, gözünü açandan əli qabarlı ana-ata görür, var olduqlarının dəyərini bilir.

Müsahibimiz Lüksemburqda "Vodafone” şirkətinin qlobal satınalma üzrə meneceri Emin Quluyevdir.

1991-ci ildə Sumqayıtda anadan olub. Orta məktəbi bitirdikdən sonra 606 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub. İkinci kursdan təhsilini Xüsusi İstedadlar Qrupunda davam etdirib. Hələ 4-cü kursda olarkən "Azərsun” Holdinqdə çalışmağa başlayıb. Həmişə xaricdə təhsil alıb, fərqli mədəniyyətlərlə tanış olmağı xəyal edən həmsöhbətimiz, 2015-ci ildə Fransa hökumətindən "Eyfel”  təqaüdünü qazanır. O, Fransada biznesin idarə olunması üzrə magistr (MBA) təhsili alır. Öz dövründə bu təqaüdü qazanan ilk azərbaycanlı olur. Daha sonra Avropada qalaraq karyerasını burada davam etdirmək qərarına gəlir. 
 

 
- Emin bəy, müsahibələrinizdən birində fəhlə ailəsində dünyaya gəldiyinizi, fərqli mədəniyyətlərlə tanış olmaq xəyallarınızın olduğunu vurğulamısınız. Xəyallarınıza necə çatdınız?
- Mən uşaqlıqdan evdə zəhmətkeş ailə üzvləri görmüşəm və o mühitdə böyüdülmüşəm. Valideynlərimdən başqa həyatımda mayak kimi yol göstərən şəxs – xalam oğlu Cahandar olub. O, mənə həyatda şəxsiyyət kimi formalaşmaqda, ambisiyalarımı müəyyən etməkdə çox kömək edib. Özümü dərk edəndən prinsiplərimə, xəyallarıma daha da əmin olub, onlara aparan planlar yazmışam. Mənə görə, ən böyük arzular mütləq əziyyət və səbirlə gerçəkləşir. Müvəffəqiyyətsizliyim az olmayıb, amma hədəflərimdən dönməmişəm.
 
- Siz "day-day” olmadan da uğur əldə etmək olar” fikrinin bariz nümunəsisiniz. Belə düşünən gənclərə nə demək istərdiniz?
- "Day-day” prinsipi bizim cəmiyyətdə çox açıq şəkildə hiss olunur və gənclərin inam hissinə təsir edir. İnsanlar zəhmətkeş həmkarlarının "day-day”sız vəzifə almadıqlarını, hansısa dövlət imtahanından kəsildiyini eşidəndə, vəzifəli şəxslərlə əlaqə qurmaq ehtiyacı duyur. Digər qismi də onları qarşıda sonsuz əziyyət gözlədiyini bilə-bilə, öz zəhmətlərilə irəli getməyi seçir. Kimsə hər hansı vəzifədəki tanışı vasitəsi ilə bir işi həll etdikdə, yaxud işə girdikdə, həm o işin dəyərini bilmir, həm də onu işə düzəldən adamın qarşısında sanki mənəvi borclu qalır. Bu tip insanlar əziyyət çəkməyin nə olduğunu unudur və fərd kimi formalaşmaqda problem yaşayırlar. Burada valideynin tərbiyə faktoru da çox önəmlidir. Övladını tanışları vasitəsilə hansısa iş yerinə düzəltməyə çalışan valideyn, əslində onu üzə bilməyəcəyi bataqlığa atmış kimi olur. Valideynlərim həmişə bu cür asan yollardan məni çəkindirib və böyüdükcə öz əziyyətimin nəticəsinin daha çox zövq verdiyini görmüşəm. İstər özəl, istər dövlət qurumlarında hər vəzifədə işləyən dostlarım, qohumlarım var. Onlardan hansısa işimi asanlıqla həll etməsini istəməmişəm.
 


- Emin bəy, xəyallarınıza "Vodafone”la davam edirsiniz. Maraqlıdır, nəhəng bir şirkətin işləmə prinsipləri necədir?
- 2015-ci ildə Fransada oxuduğum müddətdə 12 kvadratlıq otağımda gərgin şəkildə iş, staj axtarışında idim. Sonsuz müsahibələrdən sonra "Vodafone”-un Lüksemburq ofisindən təcrübə təklifi gəldi. Qısa zamanda daimi müqavilə ilə iş təklifi etdilər. Hazırda həmin ofisdə satınalma üzrə menecer olaraq çalışıram. Böyük şirkətlərin prinsiplərini işə qəbul mərhələsindən hiss edirsən. Bir vakansiya üçün 50-100 nəfər namizəd olur və onlardan sadəcə bir nəfər seçilir. "Vodafone” illər əvvəl qurulmuş dəyərlər əsasında işləyir. Bizdə ən çox sevdiyim cəhət işçi-müdir iyerarxiyasının olmamasıdır. Məsələn, dünən işdə müdirlərlə iş saatının azaldılmasının müsbət tərəflərini müzakirə edirdik, hər kəs öz fikrini açıq deyirdi. Azərbaycanda bu haqda fikir desən, müdirin düşünər ki, işləmək istəmirsən (gülür - A.Ə). Bundan başqa, şirkətin gələcəyində hər kəsin rolu aydın müəyyən olur: strategiya yazılır və hamı ona uyğun planlar qurur, hər kəs şirkətdəki dəyərini anlayır. Ən sevdiyim tərəfi işçilərə fərd olaraq yanaşılması və müdirlərin işçilərin inkişafı üçün birgə müzakirə aparıb səmimi fikirlərini deməsidir. 

- Ətrafınızda elə özünüz kimi uğurlu gənclər görürük. Bu nə ilə bağlıdır. Sizcə, uğurlu karyeranın insanın ətrafı ilə əlaqəsi varmı?
- Əslində insan öz dostlarını özü müəyyən edir. Bəzən kimsə pis vərdişlərində dostlarını günahlandırır. Bunu qəti qəbul edə bilmirəm. Hər kəsin öz dostunu tanıma, seçmə imkanı var. Uşaqlıqdan zəhmətkeş insanların ətrafında olmağa, onlarla dostluq etməyə çalışmışam. İnsanın ətrafında əziyyəti sevən adamlar olanda, daha da ilhamlanır, onlardan motivasiya alır. Bundan başqa, doğru dostlarla müzakirələrdə insan daha da aydınlanır, dünyagörüşü genişlənir. Dostlarımın əksəriyyəti mənim kimi adi ailədə doğulub zəhmətlə irəliləyiblər. Hazırda fərqli qurum və şirkətlərdə yüksək vəzifələrdə çalışırlar. Gənclərə dost seçimində ehtiyatlı olmağı məsləhət görürəm.
 
 

- Eyni gündə 3 ölkədən – Birləşmiş Ərəb Əmirlikləri, Fransa və Lüksemburqdan iş təklifi almısınız. Deyirlər, xarici ölkədə iş tapmaq asan deyil...
- 2015-ci ildə Fransaya MBA təhsili üçün köçəndə Avropada karyera qurmaq prinsipiylə getmişdim. Azərbaycanda qazandığım fərqlənmə diplomu, 4 illik iş təcrübəmə arxayın idim. Amma pasportuma görə iş görüşlərində çətinlik çəkəcəyim heç ağlıma gəlməmişdi. Qrup yoldaşlarım Avropa turu etdiyi zamanda mən kiçik otaqda bütün günü CV göndərirdim. Təhsilə başladığım aydan sonrakı 6-7 ay müddətində heç bir nəticə olmadı. Şirkətlər əksər iş görüşlərində iş vizasına görə çağırmadıqlarını açıq deyirdilər. 7 ayın sonunda çox sarsıntı keçirtdim. İlk dəfə idi əziyyətimin yerdə qaldığını yaşayırdım, indiyə kimi belə ağır period olmamışdı, dolmuşdum... Həmin gün eyni vaxtda 3 təklif gəldi. Fransada təhsil aldığım qrupdakı 28 nəfərdən 4-5 nəfər praktika tapmışdı. Onlardan sadəcə 3 nəfəri hazırda Avropada iş tapa bilib.

- Bu təcrübəni keçmiş insan kimi xaricdə iş tapmaq istəyən gənclərə nə məsləhət görərdiniz?
- Təəssüf ki, Bakıdan göndərilən CV-lərə xarici şirkətlər nadir hallarda baxırlar. Buna səbəb şirkətin namizədə görə əlavə viza alması və xərcləridir. Amma şirkətə xüsusi dəyər qatacaq namizədlərə hər yerdə ehtiyac var. Mənim məsləhət görəcəyim ən ideal yol xaricə təhsil almağa gedib oxuduğu müddətdə iş axtarmaqdır.

- "Bizlər adi - kasıb ailədə doğulmağı bəhanə etmədən zirvələrə birgə dırmanmışıq” fikirləri sizə məxsusdur. Adi, kasıb ailədə doğulub zirvəyə dırmanmaq çətin idimi?
- Əslində kasıb ailədə doğulmaq özü o qədər xoş bir şeydir ki... İnsan qıtlıq anlayışını dərk edir, gözünü açandan əli qabarlı ana-ata görür, var olduqlarının dəyərini bilir. Bəzi gənclər təəssüf ki, valideynlərinin varlı olmamasını uğursuzluq kimi qəbul edir. Mən və dostlarım hər kəsin öz əməyinin nəticəsinə nail olduğuna inanırıq və indiyədək öz istəklərimizə nail olmuşuq. Bunun üçün şəxsi prinsiplər, real hədəflər seçmək lazımdır. Uğursuzluqlardan qətiyyən həvəsdən düşmək olmaz. Hədəflərə çatana kimi insanın dizləri yara ola bilər, amma zirvəyə çatanda aldığın həzz çox dərin olur.
 


- Bəzi insanlar karyera qurarkən ailə qurmaqdan çəkinirlər. Siz ailəlisiniz və çox fərqli, xoşbəxt ailə mühitiniz var. Ailə qurmaq uğurlu karyeraya maneədirmi?
- Ailə mövzusu haqda ayrıca geniş məqalə yaza bilərəm, amma qısaca deyim ki, insan öz ruh əkizini tapmalıdır. Əgər doğru insanı seçmisinizsə, o, sizə doğru qərarlar verməkdə yardımçı olacaq. Bəzi gənclər iş-həyat balansını itirir və bəzən şəxsi həyatından vaxt qurban verərək daha çox işləyirlər. Bu, bəzən ailədə təbii şəkildə problemlərə səbəb olur. Bu cür fərdlərə ailə qurmaq karyeraya maneə kimi sayılır. İşimi nə qədər çox sevsəm də, heç vaxt axşam 6-dan gec işdə qalmıram. Həyat yoldaşım karyera və digər mövzularda dəstək olur və qərarlarımda ondan məsləhət alıram. İş həyatım onun istəklərinə uyğun olmasa, əlbəttə, karyeramı dəyişərəm.   Bəzənsə həyat yoldaşınızla karyeranızı birgə qura bilərsiniz. Hazırda biz öz biznesimizin (startap) üzərində işləyirik. Həyat yoldaşım gələcəkdə direktorum olacaq.

- Azərbaycanlı gənclərə iş tapmaqda kömək edir, xüsusilə CV yeniləməkdə dəstək olursunuz. Maraqlıdır, ideal CV necə olmalıdır?
- Hər gün gələn onlarla CV-lərə zaman ayırıb rəylərimi yazmağa çalışıram. Əslində mənim burda ciddi rolum yoxdur, sadəcə, gənclərin özlərini 1 səhifəlik həcmdə təqdim etmələrinə yardımçı oluram. İdeal CV 1 səhifə, rəngli-kreativ dizaynda, ağ fonda pozitiv şəkilli olmalıdır. Namizədlər əvvəlki iş yerlərində gündəlik funksiyalardan başqa, şirkətə gətirdikləri faktiki dəyərlərdən yazmalıdırlar. Təklif edirəm, 20 yaşlarında profilə "liderlik qabiliyyəti” yazmasınlar. 7 IELTS almaq təmiz ingilis dilində danışmaq deyil, buna da diqqət etsinlər. Qeyri-iradi kiçik yalan sizin bütün profilinizi gözdən sala bilər. CV-də doğum tarixi və yeri, ev, qapı nömrəsi, facebook profilinin linkini yazmağa qəti ehtiyac yoxdur. Məqaləmi oxuyanlar geniş material üçün mənə müraciət edə bilərlər. Bu mövzuda həmvətənlərimə təmənnasız yardım edirəm.

- Emin bəy, uğur sirriniz nədir?
- Optimistlik, paylaşmaq, digərlərinə qayğı göstərmək. Zəhmət, məqsədlə yanaşı, bu xüsusiyyətlər varsa, uğur qazanmaq çətin deyil.

Aygün ƏZİZ