• çərşənbə axşamı, 19 mart, 06:45
  • Baku Bakı 8°C

Əmrah Dadaşov: Ölümlə üz-üzə gəldim”

21.09.17 15:19 16968
Əmrah Dadaşov:  Ölümlə üz-üzə gəldim”
Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktyoru Əmrah Dadaşov bu yay iranlı rejissorlar tərəfindən aldığı film təklifi ilə əlaqədar bir neçə aylıq İran İslam Respublikasında səfərdə olub. Çəkilişlərlə yanaşı teatrın qastrol səfərində də iştirak edən aktyor, avqust ayında Təbrizdə baş tutan Əhər festivalına da Musqili Teatrın kollektivi ilə birgə qatılıb. İrandan qayıdan aktyora həm film çəkilişləri, həm də festival və qastrolla bağlı təəssüratlarını bölüşmək üçün müraciət etdik.
-Çox fərəhləndirici haldır ki, Azırbaycan teatrının aktyoru qonşu ölkəyə film çəkilişinə dəvət olunub? Bu təklifi necə dəyərləndirdin? Belə bir təklifin gələcəyindən xəbərin var idi?
-Düzünü desəm belə bir təklif anidən oldu, heç ciddi qəbul etmirdim. İranlı rejissor məni youtube-dən izləyib bəyənmişdi. Mən isə gələn təklifi uzadırdım, heç getmək istəmirdim, ancaq sonda düşündüm ki, bəlkə də bu, həyatımda bir yenilik, bir dəyişiklik olar. Ora getdiyimdə buna daha da əmin oldum - onların məni qarşılaması, hörməti sanki məni öz evimdəki kimi hiss etdirirdi, heç qürbət hissi keçirmədim. Əslində ora da bizim vətəndir elə.
-Çəkildiyin film və canlandırdığın obraz barədə nə deyə bilərsən?
- Çəkildiyim film "Arpa çayı, ayrılıq nəğməsi” adlanırdı. Canlandırdığım obraz əsas qəhrəmandır. Aydın adında azəri əsgəridir və iranlı bir qıza aşiq olur. Düzü tam danışmaq istəmirəm, qısası dramdır. Filmin adından da görünür - "Arpa çayı, ayrılıq nəğməsi”... Sevgisi yolunda hər şeyə hazır olan romantik əsgər... Professional işçilərlə çalışdım, zənnimcə maraqlı alınıb. Hazırda montaj işləri gedir, bir neçə aya hazır olacaq.
-Bizim sənət dünyamızla cənublularınkı arasında hansı fərqlər diqqətini cəlb etdi?
-Elə bir fərq yoxdur deyərdim. Burda da professional var, orada da qeyri-peşəkarlar var. Sadəcə mən olduğum yerdə peşəkarlar işləyirdi, işə can yandırırdılar, ən əsası isə aktyora çox böyük qiymət verirlər.
-Teatrdan fərqli olaraq filmin çəkilişində hansısa çətinliklər oldumu?
-Bəli, həqiqətən də çətinliklərim oldu. Ora çatanda elə təzəcə mobil telefonumu açmışdım ki, durmadan başsağlığı mesajları aldım, sonra öyrəndim ki, Telman müəllim (əməkdar artist Telman Əliyev – red.) rəhmətə gedib. Çox sarsılmışdım. O günü rejissorlar da sağ olsunlar halımı gördülər və anlayış göstərdilər ki, həmin gün çəkilişlər olmasın. Filmin çox hissəsi Araz çayında çəkilirdi. Orada hətta, ölümlə üz-üzə gəldim. Beş metr dərinliyində su səni özünə çəkir və özüm də əsgər geyimində daha da ağır olduğumdan yaxşı hərəkət edə bilmirəm. Hətta, son səhnəni dəyişdirmək qərarına gəldilər, çünki orada mən xeyli üzməli idim. Çəkilişlər bitdikdən sonra rejissora yaxınlaşıb bildirdim ki, mən həmin hissənin təkrar çəkilməsin istəyirəm. Onlar mənə bu qədər inanıb, güvəniblərsə bunu etməsəydim özümü heç zaman bağışlaya bilməzdim. Elə də etdim. Beş saniyə əvəzinə iyirmi saniyə dayanmadan üzdüm. Film bitəndə inanın ki, mən də bitmişdim (gülür). Ancaq çəkilişdən sonra hamı gəlib məni təbrik etdi.
-Aktyorun kəşf etməkçün həmişə məqamı olur, sən necə bu səfərində özün üçün nəyi kəşf etdin?
-İran xalqını (gülür), onları çox qapalı bilirdim. Amma elə də qapalı deyilmişlər. Hamı kimi sərbəst həyat tərzi keçirirlər. Elə lap yeri gəldikdə geyimlərinə qədər. Sadəcə kimsə nə isə səhv iş tutsa onun cəzasını verirlər. Fikrimcə hər yerdə belə olmalıdır.
-Çəkilişlər arası, ya film bitəndən sonra haralarısa gəzmək imkanın oldumu?
-Çəkilişdən sonra Təbrizə gedib orada istirahət etdik. Amma elə çəkiliş arasında da olurdu. Məsələn, 16 saat işləyirdik, bizə səkkiz saat yatmağa vaxt verilirdi, ancaq biz onun 3 saatını gəzirdik. Həmçinin film çəkilişləri vaxtı Musiqili Teatrın qastrolu oldu İrana, mən də Tehrana gedib "Ər və arvad” tamaşasında çıxış etdim.
-Siz avqust ayında bir festivala da dəvət aldınız? Bu barədə nə deyə bilərsən?
-Elədir, avqustun 8-dən 16-na qədər Musiqili Teatrın kollektivi ilə Əhər festivalı ilə bağlı İrana yola düşdük. Burada on beş dəqiqəlik performanslar göstərilirdi. İki komanda ilə iştirak etdik. Birinci komandada Elnarə xanım, Mehriban xanım və mən, ikincidə isə Almaz Ələsgərova, Hüseyn və Gültac Əlililər və mən. Bu dəfə də çıxışımız çox xoş və maraqla qarşılandı.
-Bir gənc aktyor kimi xeyli müddətdir səhnədəsən. Bu müddət ərzində hansı çətinliklərlə üzləşmisən?
-Xeyli müddət deyəndə ki, ilk dəfə səhnəyə 2016-cı ilin martında çıxmışam. Bu müddət ərzində düzdür öz üzərimdə çox çalışmışam, ancaq gənc bir aktyor kimi elə bir çətinliklə üzləşməmişəm, sadəcə məsuliyyətim böyük olub. Sağ olsunlar, hamı mənə inanıb, dəstək olub. İlk dəfə məni bu səhnəyə gətirən Əliqismət müəllimin başını hər zaman uca etmək üçün əlimdən nə gəlirsə etmişəm, edəcəm də.
-Musiqili teatr səninçün doğma ocaqdır, burda doğmalar arasında özünü necə hiss edirsən?
-Musiqili teatrın ailəsi çox gözəldir. Gələn gündən hamısı mənə doğma, isti münasibət göstəriblər. Bu günün özündə də elə bir insan yoxdur ki, onunla xoş münasibətim olmasın.
-Tərəf müqabillərinin nəsihətlərinə yaqin ki, ehtiyacın olur?
-Əlbəttə ki, olur. Günü bu gün də məsləhətləşirəm. Məsələn, Nofəl Vəliyev mənim müəllimim olmayıb, ancaq mənə çox şey öyrədib, lazım olanda indi də ondan məsləhətlər alıram. Həqiqətən yaxşılığımı istəyən, düzgün məsləhətlər verənə yaşından asılı olmayaraq dəyər verirəm.
-Yaratdığın hansı obraz həyatdakı Əmrah Dadaşova daha yaxındır?
-İran filmində oynadığın Aydın obrazın deyə bilərəm. Ancaq bütün obrazlarıma Əmrahdan bir parça qoyuram. Elə olmasa indiyədək oynadığım obrazlarım sevilə bilməzdi.
-Çox zaman səni sevgili obrazlarında, yaxud müsbət rollarda görürük. Bəs sən necə, özünü hansısa fərqli ampulada görürsənmi?
-Mənim xarakterimdə romantiklik olduğuna görə çox vaxt belə rollarda oynayıram. Fərqli rolda isə istərdim psixi, yəni dəyişkən insan obrazını canlandırım, hardasa gah belə gah elə olur. Biraz özümdə də var deyə maraqlıdı mənə (gülür).
-Növbəti mövsüm üçün teatrdan, yaxud televiziyadan hansısa təkliflər almısanmı?
-Bir neçə serialdan təklif var, bir neçə ölkədən təklif gəlib. Teatrda da yeni tamaşalarımız, premyeralarımız olacaq. Bu mövsüm Afaq Bəşirqızı ilə bir səhnəni paylaşacaq.
-Yeni mövsümdə uğurlar diləyirik.
Pirimova Nigar
Teatrşünas
banner

Oxşar Xəbərlər