AZE | RUS | ENG |


“Çempionluq şansımız yüksəkdi” – Rəşad Sadiqov

“Çempionluq şansımız yüksəkdi” – Rəşad Sadiqov
Azərbaycan millisinin və "Qəbələ” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi
 
- Gələn ay Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə dəvət almısınız. Bu dəvətə münasibətiniz maraqlı olardı...
- Əvvəla, mənə etimad göstərdiyi üçün baş məşqçi Yaşar Vahabzadəyə minnətdarlığımı bildirirəm. İslamiadada iştirak eləmək çox xoş olardı. Əgər yekun heyətdə yer alsam, komandama canla-başla kömək edəcəm. Adi iştirakçı kimi olmaq istəmirik. Hesab edirəm ki, hər birimiz qrupdan çıxmaq, çempionluq barədə düşünə bilərik. Yalnız buna can atmaq lazımdı. Turnir Azərbaycanda keçirildiyi üçün çempionluğa oynayacağıq. Mən də bu yolda bütün gücümü ortaya qoymağa hazıram.
 
- İlkin heyətdə adınızı görəndə təəccüblənmədiniz?
- Açığı, sürpriz oldu. Çünki komandanın əsasını 23 yaşadək oyunçular təşkil edirlər. Bilirdim ki, 3 nəfər nisbətən yaşlı oyunçu da çağırılacaq. Evdə oturanda arada fikirləşirdim ki, çağırsaydılar, əla olardı, gedib oynayardım. Futbol yığmamız ilk dəfədi ki, belə bir turnirə qatılır. Bunun yeri başqadı. Bu gün adımın heyətdə olması mənim üçün sürpriz oldu. Yekun heyətdə saxlanılsam, çox sevinərəm.
 
- Azərbaycan millisi və klubları beynəlxalq turnirlərdə yüksək yerlər tuta bilmirlər. Bu baxımdan İslamiadanın qalibi olmaq sizin üçün nə məna kəsb edər?
- Bu, beynəlxalq turnirdi, elə-belə yarış deyil. İslam ölkələrinin hamısı bir çox idman növündə gücünü sınayacaq. Kim istəməz ki, belə bir turnirin qalibi olsun, adı ilklər sırasına düşsün?
 
- İlkin heyətə çağırılan 37 futbolçudan 23-ü komandada qalacaq. Bu kollektivlə kuboku qazanmaq nə dərəcədə mümkündü?
- Heyətə göz gəzdirdim, uşaqların 90-95 faizi Azərbaycan Premyer Liqasında çıxış edən futbolçulardı. Özü də klublarının əsas heyətlərində yer alırlar.
 
- Rəqiblər də çox güman ki, əsasən daxili birinciliklərində çıxış edən oyunçulara üstünlük verəcəklər. Bunu nəzərə alsaq, komandamızın çempionluq şansını necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, çempionluq şansımız yüksəkdi. Ən əsası ona görə ki, yarış ölkəmizdə təşkil olunacaq. Yığmamızın heyətindəki oyunçular da klublarında müntəzəm çıxış edənlərdi, hamısının elita təcrübəsi var. Baş məşqçi ən yaxşıları seçib. İnşallah, bu komanda çempion olar.
 
- Əsas milli ilə bağlı fikirləriniz nədi? Yenidən dəvət gözləyirsinizmi?
- Yığmanın formasını geyinməyə hər zaman hazıram. Nə vaxt çağırılsam, tam gücümlə komandama xeyir verməyə çalışacam.
 
- Şimali İrlandiya ilə seçmə mərhələ oyunu öncəsi İslamiadada uğurlu çıxış yığmaya dönmək şansınızı artıra bilərmi?
- Məncə, təkcə İslamiadadakı çıxış kifayət deyil. Çempionat və avrokubok matçları da var. Ola bilər ki, İslam Həmrəyliyi Oyunlarından sonra yenidən əsas yığmaya dəvət aldım. Bununla bağlı indidən hansısa proqnoz vermək doğru olmaz. "Qəbələ”də necə ki, klubumun uğuru üçün əlimdən gələni edirəmsə, dəvət alacağım təqdirdə millidə də bunu təkrarlayacam. Bütün futbolçuların istəyi həm kluba, həm də yığmaya xeyir verməkdi.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6280
GBP 1 İngilis funt sterlinqi 2.2440
TRY 1 Türk lirəsi 0.4395
KWD 1 Küveyt dinarı 5.6270
SEK 1 İsveç kronu 0.2015
EUR 1 Avro 1.9941
CHF 1 İsveçrə frankı 1.7189
USD 1 ABŞ dolları 1.7002