AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Əmlakı sığortalamamaq məsuliyyət yaradır

Əmlakı sığortalamamaq məsuliyyət yaradır

İqtisadiyyat
19 Sentyabr 2013, 08:12 1039
Təbii fəlakətlərdən heç kimin və heç nəyin sığortalanmadığı məlum məsələdir. İnsanların birbaşa təbiətə müdaxiləsi və onun resurslarını amansız istismarı qlobal iqlim dəyişikliyinə səbəb olub. Bütün dünyada sel və daşqın indi sanki adi hala çevrilib. Belə olan halda insanlar öz həyatlarını, daşınan və daşınmayan əmlaklarını, biznesini, fermerlər isə təsərrüfatlarını sığortalamaqda maraqlı olmalıdır. İqtisadçı ekspert Samir İsmayıl deyir ki, inkişaf etmiş ölkələrdə məhz belədir. Amma Azərbaycan istehlakçısı imkanından asılı olmayaraq öz həyatını və əmlakını belə könüllü sığortalamaq istəmir”.
Ekspert bu fikrə bu günlərdə Sədərək yarmarkasında baş verən yanğından sonra gəlib. Onun sözlərinə görə, xoşbəxtlikdən həmin hadisə və ondan bir gün sonra səhər çağlarında Bakıda olan zəlzələ itkisiz, tələfatsız ötüşdü: “Mətbuatın Sədərək bazarındakı yanğına növbəti günlərdə qayıtmaması onu deməyə əsas verir ki, yanğının miqyası geniş olmayıb və sahibkarlara ciddi zərər dəyməyib. Lakin başqa cür də ola bilərdi. Məsələn 2010-cu il Kür daşqınları və ya ötən il Zaqatalada baş verən zəlzələ kimi. Dövlət büdcəsindən böyük vəsaitlər xərclənməsinə baxmayaraq, hər iki təbii fəlakətin fəsadları aradan tam qaldırılmayıb. Çox güman ki, hər iki təbiət hadisəsinin aradan qaldırılması üçün hələ bir neçə il vaxt, həm də əlavə vəsaitlər tələb olunacaq”.

Qeyd edək ki, sığorta xidmətlərinin ölkəmizdə populyar olmamasına ekspertlərin rəyi müxtəlifdir. Bəziləri hesab edir ki, buna əhalinin maddi rifahı imkan vermir, digərləri isə vətəndaşların sığortaçılara güvənməməsi ilə izah edirlər. Lakin S.İsmayılın fikrincə, inandırıcı deyil ki, Azərbaycan vətəndaşının ildə bir dəfə əyalətlərdə 25 manat, Bakıda isə 50 manat verib öz evlərini yanğından, təbii fəlakətdən (hətta icbari olduğu halda belə) sığortalamağa gücü çatmır: “Axı vətəndaşlarımız 1 toy məclisinə və ya ad gününə bundan çox pul xərcləyir. Bir ildə belə tədbirlərin sayı 5-dən aşağı olmur. İnamsızlığa gəlincə, bu məsələ də özünü tam doğrultmur. Çünki təcrübə göstərir ki, vətəndaş özü hüququnu bildiyi və tələb etdiyi halda ona nail ola bilir. Ən azı zərərlər üzrə ödənişlərin rəsmi statistikası da bunu təsdiq edir. Cari ilin 5 ayının statistikası göstərir ki, sığortaçıların kənd təsərrüfatı məhsulları üzrə zərərinin ödənişi hətta sığorta yığımını üstələyib”.

Yeri gəlmişkən Dövlət Sığorta Xidmətinin rəsmi məlumatına görə, 2012-ci ildə bu bazar üzrə ümumi yığım 342,5 mln. manatdan bir az çox olub. 2013-cü illə bağlı nəticələrə gəlincə, (bu qurumun saytında ən son məlumat yanvar-may ayları üzrədir) bu göstərici 168,7 mln. manat səviyyəsindədir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə artım təxminən 15 faiz olub. 168 mln manatın təxminən bir körpünün tikinti xərcləri qədər olduğunu nəzərə alsaq, bu artımın da böyük olmadığını görərik.

Ekspertin sözlərinə görə, 2013-cü ilin yanvar-may ayı üzrə sığorta xidmətinin bəzi növləri üzrə göstəricilərilə tanış olduqda aydın olur ki, sürücülərin mülki məsuliyyətinin icbari sığortası üzrə yığım nəinki avtomobillərin sığortası üzrə yığımdan, hətta daşınmaz əmlakın icbari sığortası yığımından da böyükdür: “Məlumdur ki, birinci göstərici sırf DYP orqanlarının səyi nəticəsində əldə olunur. Amma vətəndaşlarımız öz avtomobillərini könüllü sığortalamaq haqqında fikirləşmirlər. Bu xidmət növü üzrə toplanan 27,3 mln. manat vəsaitin böyük hissəsi isə əlbəttə, kreditlə satılmış maşınların hesabına formalaşıb. Deməli, bu xidmətin də populyar olması sırf bankların öz risklərini sığortalamasından irəli gəlir. Rəqəmlər göstərir ki, çox cüzi sayda kəndli və fermer də öz məhsullarını sığortalayır. Tibbi sığorta üzrə yığım isə 37 mln. manat ətrafındadır. Amma bu xidmət növü üzrə yığımın az olması ölkədə tibbi sığorta haqqında qanunvericiliyin işləməməsindən qaynaqlanır”.

S.İsmayıl qeyd edir ki, Azərbaycanda əhalinin sığorta xidmətlərinə lazımınca maraq göstərməməsinin əsas səbəbi müvafiq mədəniyyətin və ənənənin hələ formalaşmamasıdır. Bu məsələdə isə məhz sığorta şirkətlərinin məsuliyyəti böyükdür: “Azərbaycanda hazırda 29 sığorta şirkəti fəaliyyət göstərsə də, onların bazarda müştəri uğrunda mübarizəsi hiss edilmir. Azərbaycanda bu gün də əhalinin böyük hissəsi öz əmlakını icbari qaydada sığortalamadığına görə məsuliyyət daşıdığından xəbərsizdir. Bu gün sığorta mövzusu mətbuatda ən az hallanan mövzulardan biridir. Sığortaçılar və tənzimləyici dövlət qurumları KİV-də maarifləndirmə və məlumatlandırma işi aparmaq haqqında ümumiyyətlə düşünmür. Diqqət edək, apardığımız media monitorinq nəticəsində məlum olur ki, 60-dan çox mənbədə ötən ay cəmi 400-ə yaxın məlumat dərc olunub ki, bu da sözügedən biznes haqqında gündə təxminən 13 məlumat deməkdir. Dolayısı ilə gündə iki sığorta şirkətinə bir məlumat belə düşmür. Monitorinqin nəticələri göstərir ki, 4-5 sığorta şirkəti istisna olmaqla, geridə qalanlar mətbuatda çox nadir hallarda görünürlər. Bəzi şirkətlər haqqında məlumatlara isə aylarla rast gəlinmir. Məlumatların məzmununa gəlincə, bunlar əsasən onların reytinqləri, maliyyə hesabatları və öz cari fəaliyyətləri ilə bağlı olur. Sığorta xidmətləri haqda maarifləndirmə, məlumatlandırılma və təşviqat üzrə bir dənə belə məlumat tapmaq mümkün deyil. Reklamlara gəlincə, yenə də 4-5 şirkət istisna olmaqla, yerdə qalan şirkətlər susmağa üstünlük verirlər. Sosial reklamlar TV və radio dalğalarda yox səviyyəsindədir, bu istiqamətdə verilişlərə də olduqca nadir hallarda rast gəlmək mümkündür”.

Ekspertin qənaətincə, tənzimləyici dövlət qurumların bu sahədə məsuliyyəti və marağı daha çoxdur: “Çox maraqlıdır ki, mənzillərin icbari sığortalanması haqqında qanunvericilik 1 yanvar 2012-ci il tarixdən qüvvəyə minsə də, ötən il Zaqatala zəlzələsindən sonra nədənsə bu ərazidə evlərin niyə sığortalanmadığı yada düşmədi. Dağıntı və zərərin miqyası dövlət büdcəsi və imkanı xaricində olduğu təqdirdə, hansı fəlakətlərin baş verəcəyini vurğulamaq artıqdır”.

Həbibə ABDULLA