AZE | RUS | ENG |

“Əmir Teymur” tamaşası türk dünyasının ən böyük faciəsini – qardaşın-qardaşa silah çəkdiyi, məğlub etdiyi bir tarixi gündəmə gətirir

“Əmir Teymur” tamaşası türk dünyasının ən böyük faciəsini – qardaşın-qardaşa silah çəkdiyi, məğlub etdiyi bir tarixi  gündəmə gətirir
20 may tarixində Akademik Milli Dram Teatrı H.Cavidin “Topal Teymur” pyesi əsasında hazırlanan “Əmir Teymur” tarixi dramını tamaşaçıların və teatr ictimaiyyətinin diqqətinə təqdim etdi.

H.Cavidin “Topal Teymur” beşpərdəli dramı 1925-ci ildə yazılıb, 1926-cı ildə çap olunub. Elə çap olunduğu ildə də tamaşa qoyulan dram əsəri həmişə ədəbiyyat və incəsənət xadimləri, eləcə də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bu dəfə Akademik Milli Dram Teatrının kollektivi pyesə tamamilə fərqli baxım bucağından yanaşmaq, dövrlə səsləşən maraqlı səhnə əsəri yaratmaq istəyindədir.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı İlham Elxanoğlu, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Aygün Səmədzadədır. Rəqs və döyüş səhnələrini Əməkdar artist Pərviz Məmmədrzayev qurub.

Quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Əmir Teymur rolunu Xalq artisti Nurəddin Mehdixanlıya həvalə edib. Digər rollarda Xalq artisti Rafiq Əzimov (Şeyx Buxari), Əməkdar artistlər Mətanət Atakişiyeva (Dilşad), Kazım Həsənquliyev (Divan bəyi), Münəvvər Əliyeva (Meliça), Elşən Rüstəmov (Əlipaşa), Kazım Abdullayev (Şair Kirmani), aktyorlar Rövşən Kərimduxt (Aqbuğa), Anar Heybətov (Orxan), Şəhla Əliqızı (Almas), İlahə Həsənova (Olqa), Yıldırım Bayazid (Hikmət Rəhimov), Elçin Əhmədov (Sobutay), Elnur Qədirov (Qaraquş), Cümşüd Zeynalov (Dəmirqaya), Əlvida Cəfərov (Nazimağa), Nigar Güləhmədova (Köylü qadın), Elgün Həmidov (Cücə) və başqaları çıxış edirlər.

Tamaşaqabağı rejissorla görüşüb tamaşa ilə bağlı bir qədər söhbət etdik.

Bilirik ki, H.Cavidin “Topal Teymur” dramını səhnələmək çoxdankı arzunuz idi. Əvvəla, Sizi bu arzunuzun gerçəkləşməsi və yeni tamaşanız münasibətilə təbrik edirəm.

- Ağlıma gələn ilk sual budur? Niyə məhz Teymur? H.Cavid ötən əsrin 20-ci illərində niyə məhz Teymura həsr olunmuş pyes yazdı və Mehriban Ələkbərzadə niyə məhz bu əsəri 2014-cü ildə tamaşaya qoydu?
- Cavidin bu pyesi ən çox sevdiyim dramaturji əsərlərdəndir. Artıq xeyli müddətdir ki, bu pyesi tamaşaya qoymağı planlaşdırırdım. Əslində, uzun müddətdir ki, pyes üzərində işə başlamışam. Pyes ətrafında uzun illər düşünüb, mənə yaxın olan və bu gün aktual səslənən ideyaları tamaşaya gətirmək, H.Cavidin ölməz ideyalarına səhnə həyatı vermək istəyirdim. Təbii ki, Cavid mətninə, pyesin dil-üslub xüsusiyyətlərinə toxunmadan, tarixi mənbələrə istinad edərək, tamaşaya bəzi əlavələr etmişəm. Amma bu əlavələr və rejissor gedişləri mətndə yox, bilavasitə yozumda, mizanlarda, səhnə obrazında, aktyor ifasında təzahürünü tapır. Bütün dünyanın qloballaşmaya səslədiyi bir dövrdə, türk birliyindən, Turandan danışmaq bəlkə o qədər də aktual deyil. Bəlkə də... Amma mən düşünürəm dünyanın bu ikili, hətta dördlü, beşli standartlarının qarşısında bizim də münasibətlərdə standartlar fərqi var. Bu, yanlış gələn yolun bəlkə də güzəşt olunmuş variantıdır. Bizim bir olmamağımıza çalışan. Bir səsə, bir gücə çevrilməməyimizə mane olan Qərb, bu gün də Avropa Şurası və bu kimi digər qurumlarla, demokratiya çağırışları ilə eyni məqsədə xidmət edir. Məqsəd isə eynidir-irq, din ayrı-seçkiliyi salmaq, tərəfkeşlik etməklə səlib yürüşlərinə haqq qazandırmaq. Özü də bu dəfə bunu daha "mədəni" şəklidə həyata keçirmək. Hüseyn Cavid də pyesində bir ola bilməyən, qürurunu, kibirini yenə bilməyən iki qardaşın faciəsini təsvir edib. Əslində, bir qədər dərinə nəzər salsaq, görərik ki, bu tendensiya bu gün də davam edir. Çünki yenə də, dövlət maraqları adı altında cılız iddialar türk birliyinə mane olur, İslam aləmində parçalanmanı dərinləşdirir. Biz bu gün qatı düşmənə qarşı vuruşmaq istəyində israrlıyıqsa, əvvəlcə kin-küdurəti bir kənara qoyub, öz içimizdə birliyə nail olmalıyıq.

- Deməli, tamaşanın ali məqsədi bu ideya üzərində qurulub?
- Elədir, amma H.Cavidin “Topal Teymur” pyesi heç də konkret tarixi hadisənin əksi deyil, bəlkə heç buna lüzum da yoxdur. Cavid, əslində, türkün açıq yarasını, məhz açıldığı zamanı və açıq yaraya səbəb olan iki böyük türk sərkərdəsinin kibirini göstərməkdə israrlı idi. Belə olmasaydı, o yalnız Osmanlı kibirini deyil, Teymur iddiasını əks etdirməz və Topal ismi qoymazdı.

Hadisələrin tarixi reallığı 1400-cü illərin dünya düzənindəki türklərin qüdrətinin mənzərəsini yaradır. Bir tərəfdən Yıldırım Bayazidin xaç yürüşlərinin qarşısında tək kuşatması, digər tərəfdən Osmanlının Asiya ikrahı, həmçinin Teymurun qarşısındakı türk-islam qüdrətlisini yox etmək istəyi acısını bu gün də yaşadığımız dəhşətli faciələrə səbəb oldu. Avropa məhz türk kimliyindəki qürur, kibir kimi xüsusiyyətlərdən istifadə edərək, türkləri zəif nöqtələrindən vurmağı bacardı.

Bu, Turana gedən yolun yandırılması idi. Bu böyük türk dünyasına gedən çayın qarşısını kəsmək idi. Tarixi həqiqətlərə dürüst baxışına görə Cavid həmişə təqib və təzyiqlərə məruz qalıb. Cavidin bu pyesi yazması böyük cəsarət tələb edirdi. Cavid pyesini “Topal Teymur” adlandırsa da, onu böyük sevgi və yanğı hissi ilə təqdim edib. Və bu gün çağdaş dünyamızın türk etnosuna belə qıcıqla baxdığı halda, türk birliyinə ikili, dördlü standartlarla yanaşıldığı bir zamanda – yəni ən böyük ehtiyac olan zaman Cavidin “Topal”ı Əmir kimi səhnəyə qayıdır”. Bu gün dünya məkanında baş verən hadisələr isbatlayır ki, Cavidin mövqeyi – müasirdir. Xristian birliyi, Avropa basqısı olan bir zamanda türk dünyasına ən böyük maneənin elə türk olması açıq yaradır!

“Əmir Teymur” tamaşası ilə Teatr türk dünyasının ən böyük faciəsini – qardaşın-qardaşa silah çəkdiyi, məğlub etdiyi bir tarixi, örnək ola biləcək hadisələri gündəmə gətirir.

- Düzmü anladım? Bu tamaşada tarixi bir şəxsiyyət kimi Əmir Teymurun özü, mübarizəsi, qalibiyyətləri Sizin üçün o qədər də maraqlı deyil.
- Mənimçün tamaşanın məğzi nə Əmir Teymurun, nə də Yıldırım Bayazidin qəhrəmanlıqlarını, qüdrətini təsvir etməkdə yox, əksinə bu iki qüdrətli sərkərdənin qarşı-qarşıya qoyulmasında, bununla da Türk dünyasının elə türklərin öz əli ilə sarsıdılmasını göstərməkdir. Mən elə hesab edirəm ki, baş verən hadisələrdə xristian dünyasının, Avropanın barmağı var idi. Tamaşada bu məqamı xüsusi vurğulamağa çalışmışıq.

Mən Teymurun kəsdiyi başları, qəsb etdiyi əraziləri, hətta yer üzünün yeganə hökmdarı olmaq iddiasını da yox, iki böyük türk sərkərdəsinin apardığı müharibənin türk dünyasına vurduğu sağalmaz yaraları qabartmağa çalışmışam. Məsələ burasındadır ki, bir müharibədə qardaş-qardaşı məğlub edirsə, bu müharibədə qalib tərəf yoxdur. Tamaşada sonuncu mizanda bu ideyanı xüsusilə qabartmağa çalışmışıq. Final səhnəsində Teymur da, Bayazid də yerin altına gedir.

-Sizin yozumunuzda Yıldırım Bayazid kimdir?

- Bayazid Osmanlı Sultanları içində əsir düşən yeganə sultandır. Bu mənada, bəzən onu təhqir olunmuş, utanc gətirən biri kimi qəbul edirlər. Amma düşünürəm ki, Bayazid nəinki Osmanlı imperiyasının tarixində, ümumiyyətlə türk dünyasında ən qüdrətli hökmdarlardandır.
Düzdür, özündən razılığı, təkəbbürü, içki düşkünü olması onun mənfi xüsusiyyətlərdəndir. Amma onun özündən razı olmağa haqqı da var. Çünki o, xaç yürüşlərinin qarşısını alan, xristian dünyasının həmlələrinə qarşı təkbaşına mübarizə aparan yeganə sərkərdə idi. Bütün Moskva knyazlığı, bütün Avropa Bayazidin əlindən dad eləyirdi. Bir faktı xüsusi qeyd etməliyəm ki, Teymur Bayazidi məğlub edən zaman Moskvada 3 gün kilsə zəngləri çalınıb. 3 gün xristian dünyası bayram elədi. Əslində, bu faktın özü Teymur-Bayazid qarşıdurmasının türk dünyasına vurduğu yaranın dərinliyini göstərir.

Yıldırım Bayazid Teymuru vecinə də alımırdı. Əslində, onun ən böyük səhvi rəqibini qiymətləndirməməsi, təkəbbürlü davranması, Teymuru təhqir etməsi idi. O, inanmırdı ki, Avropanı diz üstə çökdürən Bayazid Teymura məğlub ola bilər.

- Sizcə, “Əmir Teymur” tamaşaçılar tərəfindən necə qəbul ediləcək? Ümumiyyətlə, Mehriban Ələkbərzadə üçün tamaşaçı rəyi nə qədər önəmlidir?

- Mən artıq çoxdandır ki, birmənalı reaksiyaları qəbul etmirəm. Tamaşaçıların zövqləri, hadisələrə baxım bucağı fərqlidir. Bilirəm ki, kimsə hadisələrin məğzini anlayıb da qəbul etməyə bilər. Kimsə heç tamaşada baş verən hadisələri, qabardılan ideyanı anlamaya da bilər. Maraqlıdır ki, bəzən tamaşanı anlamayanlar, amma buna rəğmən qəbul etməyənlər daha çox olur. Bütün bunlar, təbii hal kimi qarşılanmalıdır. Amma özüm və vicdanım qarşısında bir şeydən arxayınam. Mən bu tamaşada Əmir Teymurun da, Bayazidin də səhvlərini, düzlərini açıb-göstərməyə çalışmışam, amma türk dünyasının bu qüdrətli sərkərdələrin heç birini kiçiltməmişəm. Bu gün düşünən, tarixini bilən və ona sayğı ilə yanaşan tamaşaçının yanaşması, mövqeyi mənim üçün maraqlıdır.

Könül Əliyeva
teatrşünas

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112