• şənbə, 20 Aprel, 13:53
  • Baku Bakı 23°C

Əməkdaşlıq və sülh dənizi

22.01.21 16:30 1738
Əməkdaşlıq və sülh dənizi
"Dostluq” yatağının birgə istismarı bütün Xəzərətrafı xalqların rifahı və inkişafı üçün mühüm əhəmiyyətə malikdir
Azərbaycan dövlət başçısı İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans formatında keçirilən görüşü çərçivəsində iki ölkə hökuməti arasında Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Görüşdəki çıxışında sənədin əhəmiyyətindən danışan Türkmənistan Prezidenti deyib ki, ölkələrimiz tərəfindən aparılmış çoxillik böyük işin nəticəsi olan bu sənəd enerji sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, iki nəhəng enerji dövlətinin çox zəngin birgə potensialının üzə çıxarılmasına, Xəzər dənizi regionunda davamlı energetikanın, geniş qarşılıqlı faydalı və beynəlxalq tərəfdaşlığın inkişafı üçün ən əlverişli şərait yaradılmasına yönəlib. Türkmənbaşı vurğulayıb ki, Xəzər mövzusunda qarşılıqlı fəaliyyət Türkmənistan-Azərbaycan əməkdaşlığının ən mühüm istiqamətidir. Onun sözlərinə görə, ölkələrimiz Xəzər dənizinin möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və səmərəli tərəfdaşlıq zonasına çevrilməsinə böyük töhfə verir. Prezident İlham Əliyev də Anlaşma Memorandumunu tarixi sənəd adlandırıb. Qeyd edib ki, Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, onlara xeyir gətirəcək. Xəzərin mehriban qonşuluq və əməkdaşlıq dənizi olduğunu söyləyən Azərbaycan Prezidenti əminliklə bildirib ki, Xəzər ölkələrimiz arasında təbii sərhəd olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək.


Xəzərin mübahisəli yataqları üzrə danışıqlar
İmzalanan sənədin əhəmiyyətini, "Kəpəz” yatağının kəşf olunma tarixini, potensialını "Kaspi” qəzetinə şərh edən neft-qaz məsələləri üzrə ekspert Firdovsi Ağayev bu neft yatağının bir struktur kimi 1981-ci ildə seysmik tədqiqat zamanı müəyyən edildiyini söyləyib. Onun sözlərinə görə, məhz bu hadisədən 5 il sonra - 28 aprel 1986-cı ildə sözügedən ərazidə 5 min metr dərinliyində bir saylı axtarış quyusunun qazılmasına başlanılıb: "Dənizin dərin olmasına görə qazma işləri yarıbatma qazma qurğusu "Şelf-3”-dən istifadə edilməklə aparılıb. İlkin sınaqlarda 3527-3491 metr dərinlik aralığından 285 ton/gün axın dərəcəsi (fontanla) ilə neft və 20 min m3/gün qaz əldə edilib. Bununla da "Kəpəz” yatağı kəşf edilib. 2007-ci ildə Xəzərin statusu ilə bağlı Tehranda müzakirələr zamanı ilk dəfə Türkmənistan Prezidenti Berdumuhamedovun bəyanatından belə qənaətə gəlmək olurdu ki, onun ölkəsi Xəzərin mübahisəli yataqları üzrə danışıqlar aparmağa hazırdır. Bu, ilk növbədə Azərbaycana aid idi. Çünki onunla Türkmənistan arasında mübahisəli "Kəpəz” – türkmənlər ona "Sərdar” deyir - yatağı mövcuddur. Tərəflər arasında 1990-cı illərdə mübahisələr yaranırdı və bunların nəticəsində onun istismarı haqqında danışıqlar dondurulurdu”.



Güclü nəqliyyat infrastrukturu
Ekspertin sözlərinə görə, o vaxtlar da rəsmi Bakı əmin idi ki, Türkmənistana Azərbaycanla birgə bu yatağı istismar etmək sərfəlidir: "Bu, ilk növbədə mövcud tikinti və nəqliyyat üçün olan güclü infrastrukturla izah olunur. Azərbaycanda dənizdə neft və qaz hasilatı üçün platformaların tikintisini əhatə edən bir sıra nəhəng dəniz neft-qaz layihələri həyata keçirilib. "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının istismarı çərçivəsində altı stasionar dəniz platforması tikilib. "Şahdəniz” layihəsi üçün özüqalxan platforma tikilib. Bu tip platformaların tikintisi üçün ölkədə lazımi avadanlıqla təchiz olunmuş peşəkar mütəxəssis heyəti və iş təcrübəsinə malik xüsusi müəssisələr mövcuddur. Türkmənistanda isə bu cür infrastruktur yoxdur. Bundan başqa, Azərbaycanda güclü nəqliyyat infrastrukturu mövcuddur. Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri Aralıq dənizinə neft çatdırır. "Exxon” və "Devon” şirkətləri istisna olmaqla, BTC tərəfdaşların AÇG yataqlarından nefti daşıması üçün nəzərdə tutulub, onun buraxılma xüsusiyyətinin genişləndirilməsi imkanı var. Bundan başqa, Cənubi Qafqaz enerji dəhlizi, TANAP, Bakı-Supsa və Bakı-Novorossiysk boru kəməri marşrutları da mövcuddur. Eləcə də, neftin dəmir yolu vasitəsilə Qara dənizin Gürcüstanda olan Batumi və Kulevi limanlarına çatdırılması imkanları var”.

Prezidentlərin güclü siyasi iradəsi
Azərbaycan energetika nazirliyinin məlumatına istinad edən F.Ağayev deyib ki, "Kəpəz” yatağının çıxarıla biləcək ehtiyatları 50 mln. ton neft təşkil edir: "Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən kəşf olunub. Sovet vaxtı bu yataq Azərbaycanla Türkmənistan sərhədinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe” adlanırdı. Bu yatağın istismarına ABŞ-ın "Chevron” və Almaniyanın "Wintershall” şirkətləri maraq göstərirdilər. "Kəpəz”-in birgə istismarı barəsində razılaşma Azərbaycanla Türkmənistanın transxəzər qaz kəməri məsələsində mövqelərini yaxınlaşdıra bilər. Bu qaz kəməri Türkmənistan qazını Xəzərin dibi ilə Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə ərazisi ilə Avropaya nəqlinə imkan yaradacaq. Qaz istənilən boru kəməri sisteminə daxil ola bilər. Misal üçün TANAP və ya TAP-a.Transxəzər layihəsi çərçivəsində, ərazisindən Türkmənistan qazı keçəcək ölkələr tranzit qismində çıxış etmək niyyətindədirlər. Bu da Türkmənistana imkan verəcək ki, özü öz qazını satsın. Bütün bunları nəzərə alsaq, görərik ki, Azərbaycanla Türkmənistan arasında imzalanmış "Dostluq” yatağının birgə işlənməsi haqqında Memorandum imzalanması çox mühüm hadisədir. Qeyd etdiyim kimi, bu müzakirələr 2007-ci ildən bu yana davam edirdi. Sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhamedov ortalığa siyasi iradə qoyaraq belə bir anlaşmaya gələ bildilər”.
Dərinözüllü müasir platformaların qurulması
Ekspert imzalanan Memorandumun böyük siyasi əhəmiyyətə malik olduğunu da dilə gətirib: "İki Xəzəryanı ölkənin bu qərara gəlməsi ölkələr arasında çox ciddi bir yaxınlaşma olduğunu göstərir. Xəzərin statusu ilə bağlı arada olan ziddiyyətlərin götürülməsinə zəmin yaradır. Əslində Azərbaycanla Türkmənistan arasında bir ittifaq yaranır. Hər iki ölkənin öz maraqları çərçivəsində yeni yaranmış iqtisadi əlaqələrə qoşulmaq ehtimalları çox yüksəkdir. Qarabağ müharibəsindən qalib ayrılmış Azərbaycan bugünkü anlaşma ilə öz qətiyyətini və Türk birliyinə sadiqliyini bir daha göstərdi. Bu, çox önəmlidir. Bu yatağın "Dostluq” adlandırılması isə ölkələrimizin əsl niyyətinin dostluq və qardaşlıq olmasını göstərir. Anlaşmanın iqtisadi əhəmiyyəti də hər iki ölkənin xeyrinədir. "Dostluq” yatağı dənizin dərin hissəsində yerləşir və onun işlənməsi dərinözüllü müasir platformaların qurulmasını tələb edir. Azərbaycan bu yolu keçib və artıq dənizin dərin qatları üçün platformalar Bakıdakı Dərin Özüllər Zavodunda qurulur. Yatağın işlənməsində tətbiq edilən yeni texnika və texnologiyalara türkmən mütəxəssislər də cəlb olunacaqlar ki, onlar da prosesin gedişində yeni bir səviyyəyə yüksələcəklər”.

Avropanın və Amerikanın dəstəyi
F.Ağayev söyləyib ki, dostluq yatağı AÇG-nin sırasındadır: "Burada artıq altı istismar platformaları var. Bu, "Dostluq” yatağının istismarı neft və qaz boru xətlərinin mövcudAÇG xətlərinə qoşulmasına imkan yaradacaq. Artıq nə yeni neft və qaz boru xətləri çəkilməsinə ehtiyac var, nə də Xəzəryanı ölkələrin razılığına. Bu yataqdan çıxarılan neft və qaz mövcud boru xətləri ilə Səngəçal Terminalına axıdılacaq. Bu Memorandumun uğurlu icrası Türkmənistanı, nəhayət ki, hərəkətə gətirəcək. Fikrimcə, Xəzər üzərindən Transxəzər qaz boru xəttinin çəkilməsi yaxın vaxtlarda başlayacaq. Bu işdə maraqlı olan, şübhəsiz ki, TAP xəttinə qoşulan ölkələr və Avropa birliyidir. Sözügedən layihənin həyata keçirilməsində ABŞ da maraqlıdır və dəstək verəcək”.


Regionda yeni tərəfdaşlıq və tranzit kommunikasiyalarının inkişafı
"Azərbaycan və Türkmənistan arasında 21 yanvar 2021-ci il tarixində Xəzər dənizində "Dostluq” yatağının karbhidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması olduqca mühüm bir hadisədir. Bu, istər iki dost və qardaş ölkənin enerji sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, istərsə də bütövlükdə regionumuzda yeni tərəfdaşlıq və tranzit kommunikasiyalarının inkişafı perspektivləri baxımından əhəmiyyətlidir”.


Bunu isə Kaspi.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, bu sənəd bütövlükdə Xəzər ekvatoriyasında yeni tərəfdaşlıq və əməkdaşlıq platforması yaradılması ilə əlamətdardır: "Məsələ ondadır ki, Türkmənistan və Azərbaycanın dəniz sərhədlərinin kəsişməsində yerləşən bu mühüm karbohidrogen ehtiyatları yatağı çox da uzaq olmayan keçmişdə bəzi mərkəzlər tərəfindən siyasi istismar mövzusuna çevrilməyə cəhd edilirdi. Ancaq bu gün "Dostluq” yatağı iki ölkə arasında elə dostluq və qardaşlığın rəmzinə çevrilir. Əslində Xəzər dənizinin bu gün sülh və əməkdaşlıq dənizinə çevrilməsi hələ ötən əsrin 90-cı illərində böyük dövlət xadimi Heydər Əliyev tərəfindən həyata keçirilən neft siyasəti strategiyası ilə bağlıdır. Xəzərdə iqtisadi maraqların önə çəkilməsi onun militarizə edilməsinin qarşısını aldı. "Əsrin müqaviləsi"nin imzalanması isə bu istiqamətdə yeni mərhələ açdı. Xəzər hövzəsinə külli miqdarda investisiyanın cəlb olunması onun təhlükəsizliyini təmin edən tədbirlərlə nəticələndi. Bundan sonra Xəzərin hüquqi statusunun müəyyən edilməsi istiqamətində intensiv tədbirlər həyata keçirildi. Əvvəlcə Xəzər dənizinin şimal hissəsinin səthinin bölünməsi ilə bağlı Azərbaycan, Qazaxıstan və Rusiya ilə razılaşma əldə edə bildi. Bundan sonra, nəhayət, 2018-ci ildə Xəzərin hüququ statusu müəyyən edildi. Beləliklə də, Xəzər dənizinin şərqində yerləşən qardaş Türkmənistanla yeni əməkdaşlıq perspektivi yarandı. Azərbaycan Prezidenti İlham Əliyevin 2008 və 2018-ci illərdə Türkmənistana səfər etməsi, eyni zamanda, Türkmənistan Prezidentinin Azərbaycana səfərləri qarşılıqlı etimada əsaslanan yeni keyfiyyət mərhələsi yaratdı”.

Deputat nəzərə çatdırıb ki, Azərbaycan Xəzərin əməkdaşlıq və sülh dənizinə çevrilməsində mühüm enerji strategiyası müəyyənləşdirə bilib: "Hazırda tərəfdaş ölkələrlə birlikdə bunun nəticələrini görürük. Nəticələr isə bütün Xəzərətrafı xalqların rifahı və inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Ona görə də "Dostluq” karbohidrogen ehtiyatları yatağının birgə istismarı ilə bağlı əldə edilən razılaşma əlamətdar tarixi hadisə kimi qiymətləndirilməlidir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər