• şənbə, 20 Aprel, 15:18
  • Baku Bakı 23°C

Əməkdar artist: “ Fəxri adın məsuliyyəti böyükdür”

15.01.16 11:23 1348
Əməkdar artist: “ Fəxri adın məsuliyyəti böyükdür”
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 30 dekabr 2015-ci il tarixli sərəncamı ilə mədəniyyət sahəsində çalışan bir qrup şəxs fəxri adlara layiq görüldü. Fərəhli haldır ki, onların arasında qırx ilə yaxın onlarla tamaşada yaddaqalan obrazlar yaratmış Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktrisası Zemfira Nəcəfovanın da adı var.
Məlumat üçün bildirək ki, Zemfira Musabala qızı Nəcəfova 1950-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakultəsinə daxil olaraq, 1975-ci ildə həmin ali təhsil ocağını bitirib.
Elə həmin il təyinatla N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktrisa vəzifəsində çalışmağa başlayan Zemfira xanım ömrünü bu teatrla bağlayıb. Sənətdə qazandığı uğurlara görə, 1979-cu ildə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.
Üç övlad anası olan Zemfira Nəcəfova indiyədək yaratdığı çoxsaylı rolları ilə Lənkəran tearsevərlərinin məhəbbətini qazanıb. Həmişə ucuz şöhrətdən uzaq qaçan aktrisa ötən illər ərzində bir-birindən fərqli və maraqlı rollar oynamaqla yadda qalıb.
C.Cabbarlının “Oqtay Eloğlu”sunda Nadya, M.İbrahimovun “Kəndçi qızı”nda Reyhan xanım, M.Safronovun “Qəribə doktor”unda Qalina, K.Çapekin “Saldat Şveykin macəraları”nda 1-ci psixiatr, K.Qaldoninin “İki ağanın bir nökəri” əsərində Smeraldina, M.F.Axundzadənin “Vəziri xanı Lənkəran” tamaşasında Pəri xanım, F. Aşurovun “Tut ağacı”ında Nazlı, N. B. Vəzirovun “Müsibəti Fəxrəddin” əsərində Mələk xanım, P.Pançevin “Dörd əkiz”ində Qarı nənə, İ. Əfəndiyevin “Unuda bilmirəm” əsərində Səadət, N.Nəcəfovun “Abidə”əsərində Cahan nənə, Ə.Səmədovun “Ölüm hökmü”ndə Qadın quda, M.Hüseynin “Cavanşir” əsərində Günəş ana, S.S.Axundovun “Qaraca qız”əsərində Gülpəri, H.Mirələmovun “Vicdanın hökmü” əsərində Zivər, Hidayətin “Məni qınamayın” əsərində Haray xanım, İ.Coşqunun “Ana laylası”nda Sənəm qarı və onlarla digər əsərlərdə Zemfira xanım özünəməxsus ifa tərzi ilə diqqəti cəlb edib.
İstedadlı aktrisa həmçinin bir sıra kinofilm və teleseriallarda oynadığı rollarla da tamaşaçı rəğbətini qazana bilib.
-Fəxri adın məsuliyyəti böyükdür, - deyə aktrisa bildirir. - Çalışacağam ki, bundan sonra da səhnədə oynadığım maraqlı rollarımla dəyərli tamaşaçıların hüsn-rəğbətini qazanım.
Sərraf Talıbov,
Ağaddin Babayev.
banner

Oxşar Xəbərlər