• şənbə, 20 Aprel, 17:01
  • Baku Bakı 23°C

Əmanətlərin sığortalanmasının yeni mexanizmi

26.10.17 11:00 2521
Əmanətlərin sığortalanmasının yeni mexanizmi
Azərbaycanda əmanətlərin sığortalanması mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur."APA-Economics" xəbər verir ki, bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində sığorta bazarının səmərəliliyinin artırılması və perspektiv inkişafına yönələn prioritet istiqamət kimi nəzərdə tutulub.

Sənəddə qeyd edilib ki, pul mücrüsü yanaşmasından risk-əsaslı sığorta haqları sistemi yanaşmasına keçidin təmin edilməsi nəzərdə tutulur.Bundan başqa, kredit proseslərinin effektiv təşkil olunması məqsədilə geniş funksiyalara malik kredit bürolarının yaradılması, özəl kredit bürolarının yaradılmasının təşviqi, onlarla Mərkəzləşdirilmiş Kredit Reyestri arasında məlumat mübadiləsinin təşkili, milli reytinq agentliklərinin yaradılması imkanlarının qiymətləndirilməsi, tranzaksiya xərclərinin azaldılması və sürətinin artırılması məqsədilə milli ödəniş sisteminə inteqrasiya olunmuş qiymətli kağızların klirinq sisteminin yaradılması, sığortalıların mərkəzi reyestrinin yaradılması, sığorta sektoru üzrə tənzimləmə və nəzarət mexanizmlərinin diaqnostikasının aparılması, yeni mexanizmin tətbiqi üzrə tədbirlər planının hazırlanması və icrası, sığortaçıların maliyyə sabitliyinin təmin edilməsi və ödəmə qabiliyyətinin gücləndirilməsi, sığorta fəaliyyətində dövlət nəzarətinin səmərəliliyinin artırılması, maliyyə savadlılığının artırılması istiqamətlərinin müəyyənləşdirilməsi, pilot layihələrin həyata keçirilməsi, tədbirlərin icrası və monitorinqi, maliyyə sisteminə dəstəkverici hüquqi çərçivənin gücləndirilməsi, girov münasibətlərinin hüquqi və təşkilati bazasının təkmilləşdirilməsi və proseduraların sadələşdirilməsi də prioritet istiqamətlər kimi müəyyən edilib.

Əmanətlərin sığortalanmasının təkmilləşdirilməsi mexanizmi ilə bağlı ekspertlərin fikrini öyrəndik.

İqtisadçı Pərviz Heydərov deyir ki, banklar kreditin verilməsində ən çox əhalinin əmanətlərindən istifadə edir: "Məlum olduğu kimi, hazırda ölkənin bank sektoru yaxşı vəziyyətdə deyil. Yəni hazırda fəaliyyət göstərən 31 bankın demək olar ki, hamısının dövlətin maliyyə dəstəyinə ehtiyacı var. İlk olaraq onu deyim ki, bu banklar kredit verə bilmirlər. Çünki ölkədə kreditə tələbat aşağı səviyyədədir. İqtisadi aktivlik yox dərəcəsindədir. İkinci bir səbəb krediti vermək üçün müvafiq səviyyədə resurslara malik deyillər. Banklar kreditləri əsasən üç mənbə - xaricdən cəlb etdikləri, Mərkəzi Bankdan aldıqları kredit resursları və bir də əhalidən əldə etdikləri sərbəst vəsaitlər hesabına verirlər. Praktika göstərir ki, hələ kreditləşmə yaxşı vəziyyətdə olandan indiyə qədər banklar kreditin verilməsində ən çox əhalinin əmanətlərindən istifadə edirlər. 2015-ci ildə bir-birinin ardınca baş verən iki devalvasiya ilə bağlı manata inamın itməsi, həmçinin ötən müddət ərzində 11-dən çox bankın bağlanması ilə əlaqədar olaraq, əhalinin banklara inamı olduqca aşağı səviyyədədir. Bunun birinci əlaməti odur ki, əhali manatla olan əmanətlərini təcili olaraq dollara çevirdi. İkinci əlamət isə əhalinin əmanətlərini banklardan çəkməsi oldu. Bununla əlaqədar dövlət məcburi olaraq bir sıra addımlar atdı. Əmanətlərin manatla faiz dərəcəsi 15 faizə qədər qaldırıldı. Dollarla əmanətlərin sığortalanmasını isə 3 faizə qədər saldı. Bundan əlavə, əhalinin banklarda yerləşən əmanətlərinin sığortalanması prosedurasını təkmilləşdirdi. Əgər əvvəl əmanətlər həcmindən asılı olaraq sığortalanırdısa, indi həcmindən asılı olmayaraq manatla 15 faiz, dollarla 3 faiz qoyulmaq şərti ilə sığortalanır. Bununla belə, yenə də bu sahədə ciddi təkmilləşmə işinə ehtiyac var. Xüsusən də, əmanətlərin banklara daha yaxşı cəlb edilməsi üçün müəyyən işlər görülməlidir”.
"Amma bunun üçün ilk olaraq manata və banklara inamı bərpa etmək lazımdır” deyən iqtisadçı bu məsələdə bankların hökumətin dəstəyinə bilavasitə ehtiyacı olduğunu vurğulayır: "Bu gün Azərbaycanda heç bir bank əmanətlərin sığortalanması prosedurasını özbaşına, istədikləri səviyyədə təkmilləşdirə bilməzlər. Çünki hazırda bankların o cür imkanı yoxdur. Misal üçün, bir fakt deyim, əgər bank 15 faizlə vətəndaşdan əmanət cəlb edirsə, bu zaman o, faizi ödəmək üçün həmin əmanətdən istifadə edirsə, krediti neçə faizlə verməlidir? Təbii ki, 20 faizdən yuxarı olacaq. Belə şəraitdə isə kredit bahalı xarakter daşıyır. Banklar isə kredit vermədən, kredit resursları ilə fəaliyyət göstərməsə, əmanətlər üzrə faizləri ödəyə bilməzlər. Mən indi konkret şəkildə deyə bilmərəm hansı təkmilləşdirmə tədbirləri nəzərdə tutulur. Amma bu, bütövlükdə bank sektorunun mövcud vəziyyəti ilə bağlı kompleks işlərin görülməsi ilə həll olunmalıdır”.

İqtisadçı Vüqar Bayramov bildirir ki, əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsi əsas hədəflərdən biridir: "Əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsi son dövrün gündəmdə olan məsələlərindən biridir. Əvvəlki dövrlərdə müəyyən bir limit vardı. Bu da əmanətlərin tam olaraq sığortalanmasına imkan vermirdi. Hazırda əmanətlər limitsiz olaraq sığortalanır. Amma eyni zamanda, təbii ki, əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsi əsas hədəflərdən biridir. Daha çevik limitlərin tətbiq edilməsi vacibdir. Bu da, nəticə etibarilə daha çox əmanətlərin sığortalanmasına gətirib çıxarda bilər. Nəzərə alaq ki, bu gün xarici valyutada olan əmanətlərin sığortalanma faiz dərəcəsi aşağıdır. Bu, birbaşa manata olan inamın artırılması ilə bağlıdır. Amma eyni zamanda gələcəkdə limitlərə yenidən baxılması və dəyişilməsi daha məqsədəuyğun olardı. Nəticə etibarilə, bu, təbii ki, sığortanın valyuta baxımından keyfiyyətinə təsir göstərə bilər”.

İqtisadçı əmanətlərin sığortalanma risk dərəcələrinin banklar üzrə fərqli olduğunu deyir: "Elə banklar var ki, riski aşağıdır. Bu səbəbdən bankların da risk səviyyəsinə görə qruplaşdırılmasına ehtiyac var. Bu da imkan verəcək ki, Əmanətlərin Sığortalanma Fondu daha çox vəsait cəlb edə bilsin. Eyni zamanda, nisbətən riskli və az riskli əmanətlər üzrə ödənişləri fərqləndirə bilsin. Ümumilikdə Əmanətlərin Sığortalanması Fondunun maliyyələşmə mexanizminin təkmilləşdirilməsi, nəticədə daha çox vəsaitin fonda daxil olmasına imkan yarada bilər. Bu da təbii ki, fondun manevr imkanını genişləndirməsinə şərait yaradacaq. Bu baxımdan, təkmilləşmə bir tərəfdən özünü fondun gəlir mənbəyinin fərqləndirilməsinə, digər tərəfdən isə sığortalanan əmanətlərin miqyasının genişlənməsinə gətirib çıxara bilər. Bu ha da daha çox əmanətin sığortalanmasına imkan yaradar”.
Günel Azadə

banner

Oxşar Xəbərlər