• şənbə, 20 Aprel, 03:40
  • Baku Bakı 15°C

Elvin Abdullayev: “Səhnə sexində çalışmaq heç də asan məsələ deyil”

17.02.15 09:10 1540
Elvin Abdullayev: “Səhnə sexində çalışmaq heç də asan məsələ deyil”
Teatr... Burada aktyoru geyimsiz, qrimsiz, səhnəni aktyorsuz, işıqsız, musiqisiz, rejissorsuz, rejissoru dramaturqsuz, rəssamsız, aktyorsuz, tamaşanı isə tamaşaçısız heç cür təsəvvür etmək mümkün deyil. Sadalanan birgə yaradıcılıq işi ümumi anlamda teatr deməkdir. Teatr sehirli bir dünyadır. Bu dünya isə yalnız aktyorların yox, eyni zamanda butaforçu, işıqçı, dekorçu, qrim ustası və daha kimlərin əziyyəti hesabına başa gəlir.
Bilirsiniz ki, qəzetimizdə ara-sıra tamaşaların hazırlanmasında böyük zəhməti olan və səhnədə görünməsələr belə əllərindən gələni edən texniki içilərlərdən bəhs edirik. Bu dəfəki qonağımız da 16 yaşından Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışan, səhnə sexinin rəisi Elvin Abdullayevdir.
Teatrın azyaşlı sex rəisi
Elvin 1993-cü ildə Sumqayıt şəhərində doğulub. Orta təhsilinə orada başlasa da, bir müddətdən sonra Zabrata qəsəbəsinə köçərək təhsilini burada davam etdirib. Orta məktəbi bitirdikdən sonra iş axtaran Elvin qohumlarının dəstəyi ilə Kukla Teatrında səhnə quraşdırıcısı vəzifəsinə düzəlir. Kukla Teatrında gördükləri onda böyük maraq yaradır. İki-üç il işlədikdən sonra səhnə sexinin rəisi vəzifəsinə təyin olunur. Artıq yeddi ildir Kukla Teatrında işləyən müsahibimiz deyir ki, belə bir yerdə çalışmaq çox məsuliyyətli vəzifədir. Səhnələrin tez-tez dəyişməsi, mahnıların işıqla bir yerdə effektləndirilməsi, əslində bunlar heç də kənardan göründüyü kimi asan iş deyil. Kukla Teatrında kuklaların oynadılması, səhnədə hərəkət etdirilməsi hər zaman Elvinin maraq dairəsində olub.
Uşaq yaşlarında tez-tez Kukla Teatrına gələn Elvin kuklaların hərəkətinə heyrətlə baxdığını deyir: “Uşaq yaşlarımda anam məni tez-tez Kukla Teatrına gətirirdi. Mənə isə səhnədə gördüklərim deyil, səhnə arxasında hansı hadisələrin baş verdiyi maraqlı gəlirdi. Ağlıma belə gəlməzdi ki, nə zamansa bu teatrda çalışaram. Ancaq hər zaman arzulamışam ki, qeyri-adi bir işə sahib olum. Kukla Teatrı mənə o qədər maraqlı gəlir ki, burada işlədiyim müddətdə heç bir teatra maraq göstərməmişəm”.
Elvin ali təhsil almaq üçün bir sıra əngəllərlə qarşılaşdığını deyir. Hazırlaşır ki, mühəndis ixtisasına sahib olsun. O, özünü teatrda daha da inkişaf etdirmək istəyir. Hesab edir ki, Kukla Tetranın kollektivi kimi mehriban, yaradıcı kollektiv yoxdur. Ən böyük arzusu isə Respublika Sarayının səhnəsində çalışmaqdır.
Artıq 20 yaşında o, səhnə sexinin rəisi olur. İkinci iş olaraq haradasa işləməyi düşünsə də hər şeyi zamanın üzərinə buraxır. Teatr işçilərinin maaşı məsələsinə gəldikdə isə Elvin subay olduğu üçün aldığı maaş hələlik ona kifayət etdiyini deyir. Düşünür ki, ailə qurduqdan sonra bu əməkhaqqı ilə dolanmaq bir qədər çətin olacaq.
Daima səhnədə dekorların hazırlanmasına nəzarət edən Elvin səhnənin tozunu udsa da, səhnəyə çıxıb obraz canlandırmağı ağlının ucundan belə keçirməyib: “Tamaşalarda hər hansı obraz canlandırmaq üçün elə böyük maraq sahibi olmamışam. Ancaq tamaşaların birində epizodik rolda usta rolunda oynamışam. Bilirəm ki, səhnəyə çıxmaq üçün böyük istedad və bu sahədə müəyyən qədər təcrübə lazımdır. Həm də aktyorluq sənəti mənlik deyil”.
Əziyyətimiz göz önündədir
O, bizimlə söhbətində iş rejiminin çətinliyindən də danışdı. Ümumiyyətlə isə həyatda asan peşənin olmadığını dedi: “Səhnə sexində çalışmaq heç də asan məsələ deyil. Səhnədə gördüyünüz bütün dekorasiyalar, onların saxlanılması, qorunması buraya daxildir. Sexdə hər bir tamaşa hissələrə bölünüb saxlanılır. Hər hansı bir tamaşanı səhnəyə qoyacağıqsa, həmin tamaşanın öz bölməsi olur. Tamaşanın başlamağına bir neçə saat qalmış heç bir çətinlik çəkmədən o bölmədən dekorasiyaları götürüb quraşdırırıq. Yəni, dekorasiyanın hərəsini bir bucaqdan axtarmırıq. Konkret olaraq onların yerini bilirik. Yeni gələn işçi yerləri tam bilmədiyi üçün hər hansı dekorasiyanı başqa yerə qoyanda bu, bizdə vaxt itkisinə səbəb olur. Bir tamaşanın dekorasiyasının səhnədə quraşdırılması prosesi təxminən bir saat ərzində başa çatır”.
Elvin bölgələrə qastrollara gedərkən tamaşaların dekorasiyalarının daşınması və yerləşdirilməsində iştirak etsə də, xarici qastrollara getmədiyini deyir. O, iş zamanı başına gələn maraqlı hadisələrdən də danışdı. Onun sözlərinə görə, bəzən səhnədə hər hansı bir dekorasiya zədələnir, ancaq elə həmin an işıqçı ilə birbaşa əlaqə saxlayıb diqqəti başqa səmtə yönəltməyi tapşırırıq. Beləcə, bir göz qırpımında həmin dekorasiya bərpa olunur.
Bir saata dekorasiyanı hazır etdiklərini deyən müsahibim, əksər tamaşaların tez ərsəyə gəldiyini də əxz edir. Rəssam dekorasiyanı necə çəkirsə, səhnə onun üzərində hazırlanır. Daha çox istifadə olunan dekorasiyalar yenidən bərpa edilir. Onlar işlək hala gətirilir. Repertuardan çıxan tamaşaların dekorları digər tamaşalarda dəyişilərək işlədilir. İstifadə olunmayan isə seçilib sexdə saxlanılır. Dekorasiyanın detalları sökülüb kənara qoyulur. Lazım olan zamanlarda həmin dekorasiyalardan istifadə olunur.
Elvin Kukla Teatrında Yaşar Nuri, Rəhman Əlizadə, Rəhman Rəhmanov, Mansur Mansurov kimi görkəmli sənətkarlarla bir səhnədə çalışdığı üçün qürur hissi keçirdiyini də gizlətmir: “Eşidəndə ki, Yaşar Nuri buraya gəlir, o zaman yaşım az idi, çox həyəcanlandım. Sevinirdim ki, onu canlı olaraq görəcəm. Çünki mən onu hər zaman televiziyadan görmüşdüm. Efirdən izləmək başqadır, teatrda onunla canlı işləmək tamam başqa. Onun kimi sənətkarlarla birlikdə işləməyin özü xüsusi bir gözəllikdir”.
Tarix boyu teatrda göz önündə aktyorlar və rejissorlar olub, texniki işçilər isə bir qədər kölgədə qalıb. Müsahibimizə bu barədə sual etdikdə o, aktyorlar qədər səhnədə görünməsə də əziyyətlərinin bəhrəsini hər zaman gördüklərini dilə gətirir: “Mən öz işimi görəndən sonra sevinirəm ki, həmin tamaşada mənim də əziyyətim var. Əgər tamaşaçı gəlib tamaşadan razı gedirsə, bu, mənə çox xoş təsir bağışlayır. Tamaşaçılar tamaşaya baxıb, ürəkdən gülürsə düşünürəm ki, təbəssümlərində az da olsa bizim də əməyimiz var. Tamaşa ərsəyə gələndə hər kəs aktyor və rejissorlarla bərabər, texniki heyətə də minnətdarlıqlarını bildirirlər. Bu da bizə kifayət edir”.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər