• çərşənbə axşamı, 23 aprel, 13:07
  • Baku Bakı 24°C

Elşən Əzimin güldən ağır sözü

17.02.15 09:26 2647
Elşən Əzimin güldən ağır sözü
Elşən Əzimin şeir sevənlər ilə təması da özünəməxsusdur. “Haçansa bir şirin şeir yazmışam, Dişində onunmu şirəsi qalıb” sualı ilə açıq-aşkar fikir mübadiləsinə hazır olduğunu nümayiş etdirir. Oxuculardan biri kimi deyə bilərəm ki, onun şeirləri dişimizin dibində şirə qoyan şairlərdəndi. Niyəsi də odur ki, özü hər şeyi səmimi etiraf edir; “Şeirimdən bir edam kötüyü yonub, vurdular boynumu sözümün üstə”. Elə hər şey sözünün üstündə olduğu üçün həmkarlarının yanında söz altında qalmağı özünə yaxın buraxmadı. Çünki kimin nəyi, necə yazdığına da yaxşı bələdsən. “Əli qələm tutmur ha, Qələm əlindən tutub Şeir yazmaq öyrədir”. Maraqlı taktikadır, “qələm əlindən tutub” misrasını iki tərəfə çəkə bilərik. Bir tərəfi odur ki, qələm özünü sənin əlində yaxşı hiss edir, sənin şeir yazmağından məmnundur. Digər tərəfdən qələmin əlindən tutmağı məcazi məna da daşıyır. Yəni qələmi əlində bir alət edib maddi vəziyyətini tənzimləyənlərə işarə edərək konkret sözünü də çatdırırsan, “Kəsişməz sən gedən yolla, Sinəmin söz küçələri”. Bu mənada Elşən Əzimin poeziyası ümumi cəhətləriylə birgə xüsusiliyi ilə seçilir. Belə ki, o da hamı kimi öz yaradıcılığında şifahi xalq ədəbiyyatından yetərincə bəhrələnib. Lakin fikri ifadə formasına görə tamamilə orijinal yol seçib. Onun “İt hürən tərəfin nağılı”, “Susmaq qızıldırsa” və.s kimi şeirləri başdan-başa folklora bulağından su içib. Lakin ənənəvi mövzularda novatorluq iddiasını təsdiqləyə bilib. Bunu istənilən şeirindən gətirdiyimiz nümunə ilə sübut edə bilərik:
Hər nağılın göy üzündə
Üç alma düşən vaxtı var.
İki başın bir qazanda,
Qaynayıb bişən vaxtı var.

Bəndin ilk misraları nağılların sonluğuna istinadən yazılıb. Nağılların söylənilib bitdiyinin çox şahidi olmuşuq, amma göylərdən almanın düşməyəcəyinə də əminik. Maraqlısı budur ki, həmin janrda alma niyə məhz göy üzündən düşür, bəyəm əcdadlarımız ağacdan üç alma düşdü deyə bilməzdilərmi?! Bəlkə də, belə olsaydı uşaqlar elə körpəliklərindən həqiqəti eşitməyə vərdiş edərdilər. Hamımıza yaxşı məlumdur ki, məhz bu səbəblərə görə böyük şairimiz Nüsrət Kəsəmənli də nağıllara inanmayıb. O da etiraf edib ki, “Gözlədim göylərdən alma düşmədi, Daha nağıllara inanmıram mən”.
Amma nədənsə Elşən Əzim elə bir vaxtın gələcəyinə inanır. Bəlkə də, bu postmodernizmin təsiridir. O cərəyanın nümayəndələri sanki, əvvəl deyilmiş fikirləri təkzib edirlər. Məsələn, atalar sözlərində deyilir ki, iki qoçun başı bir qazanda qaynamaz, lakin E. Əzim isə bunun əksinin olacağına inanır. İki başın bir qazanda bişəcəyinə zamanla şahid ola biləcəyimizdən xəbərdar edir. Hətta “Göydən üç alma düşəcək, Dişimin olmayan vaxtı” qənaətinə də gəlir. Əslində üç almanın düşməsi sonluğa işarədir. Bu məntiqlə yanaşsaq, əbədi sonluğun qocalığın lap sonunda gəlməsi daha arzuolunandır. Yox əgər bu “üç alma” həqiqətən də göydəndüşmə olacaqsa və artıq onu dişləməyə dişlər də olmayacaqsa bu təəssüf doğuran haldır. Elşən Əzim nağıllarla yanaşı dastanlarımızın da poetik inikasını yaratmışdır.
“Əlimizdən uçan mələk,
Göydən təpəgöz gətirir”.
Bu nümunə tamahla yanaşı, əldən verilmiş fürsətin də simvoludur. Yəni əslində əldə saxlamalı olduğumuz mələyi taleyin ümidinə qoyduqdan sonra, onun “doğuracağı” təpəgözə görə məsuliyyət daşıyırıq. Bəlkə də, biz o mələyi mələk olaraq saxlasaydıq, öz mənsub olduğu elə qarşı qənim kəsilən təpəgözlər də yaranmazdı. Elşən Əzimin şeirlərinin maraqlı cəhətlərindən biri də odur ki, o, xalq dilində olan deyimlərə də özünəməxsus nəfəs verir.
“Başıma çoxdan kül olub,
Gözümə də kül üfürmə”
və ya
“İsrafil çalmazdan öncə qamışı,
Dünyanın boyuna ölçür deyəsən”

misralarında başına kül olmaq, gözünə kül üfürmək, boyuna qamış ölçmək frazemləri xalq danışıq dilindən götürülmüşdür.
Gözümdən su içən kədər,
Heç su içmir gözüm səndən.
Hara baxdım sən göründün,
Dönən deyil üzüm səndən.

Bu bənddə də məcazi mənalı deyimlər poetik yükə malikdir. İlk misralarda maraqlı bir qarşılaşdırma edilmişdir. Kədərin susuzluqdan ciyəri yananda yalnız göz yaşıyla gözünün qurdunu öldürür. Məhz buna görə də, şairin kədərdən gözü su içmir, ona şübhəylə yanaşır. Bu şübhələrə rəğmən ondan üzü dönməyəcəyinə də əmindir. Səbəbini də açıqlayır ki, üzümü döndərməyə bir tərəf qalmayıb, hara baxıramsa sən görünürsən. Bir dəfə təsadüfən gözü ağaca sataşmışdı: “Bir ağac görmüşdüm, elə bilirdim, Mələk qanadından yaz düşüb yerə. Soruşdum kim əkib? Dedilər heç kim, Qarğa dimdiyindən qoz düşüb yerə”. Nümunədə “qarğa dimdiyindən qoz düşər” ifadəsi xatırladılıb. Ənənəvi xüsusiyyətləriylə yanaşı onun şeirləri daha çox poetik mənalandırmada novatorluğa meyillidir. Çünki son zamanlar ədəbiyyatımızda dəb halına düşən bəzi cərəyanlara qarşı müəllifin fikri də birtərəfli deyil. Məsələn o, modernizm haqqında belə düşünür: “At minmiş şəhər uşağının Vurduğu solaxay şallaqdı, Şadlığa atılan şıllaqdı” və ya “Deyəsən öyrəndim, Modernizim nədi. İşıqdan zülmətə açılan bacadı, Açmasını müəllifi də bilməyən tapmacadır”. Bunlarla yanaşı şairin zaman və vaxt haqqında bir çox orijinal düşüncələri var. “Vaxtı TOPlamadım, vaxtı VURmadım, BÖLdüm qalığını ÇIXdım qalmadı” misralarında riyazi əməllərin həmahəngliyindən istifadə edilib. “Vaxtım olmayanda qaytaran olsa Borc verə bilərəm boş vaxtlarımı” sətirlərində isə çox güclü poetik tutum vardır. Boş vaxtın borc verilməsi ifadəsi tamamilə orijinal deyimdir. Özü də onu vaxtı olmayanda qaytarmaq üçün vermək xüsusilə maraqlıdır. Şair yeri gələndə vaxtın ölçüsünü təyin edən cihaza da münasibətini bildirib. “Kor-peşman dönürdüm geri, Onda gördüm bu saatın Tənginəfəs olmuş əqrəblərini”. Şair zaman anlayışına əbəs yerə xüsusi diqqət ayırmır, çünki onun həyacan təbili çaldığı göz qabağındadır. “Elə iş tapırsan, iş axtarırsan, Axırda baxırsan iş işdən keçib”. Vaxt və zaman anlayışından başqa digər mövzularda da onun şeirləri mükəmməl alınır.
Sevgilim, günahım dəryadı mənim,
Səbri qayıq eylə keç günahımdan.
Ahımdı yolların dumanı-çəni,
Sən də yolu tutub keç günahımdan.

Bir dəryalıq günaha sahib olan aşiqin günahından keçmək üçün sadəcə səbr eləmək yetərliymiş. Gözəl bir ədəbi priyom; günahı qayıqla keçmək ifadəsi təptəzədir. Bəndin son misrasındakı “yolu tutub” birləşməsi də çoxçalarlıdır. Bir tərəfdən yolu əlinə alıb digər tərəfə keçmək mənası görünür. Başqa tərəfdən yolun tutulması yolu bağlamaq anlamına da gəlir. Ayrı bir şeirində isə poeziya üçün tamam yad olan sözün çox mükəmməl cinas yaratdığını görürük. “Divarı, bəlkə də, ahım qurudub, Çiçək şəkilləri oboyda solub. Sağ olmuş taleyim elə yarıdıb, Pöhrə arzularım o boyda solub”. İlk misralarda qüvvətli mübaliğədən istifadə edilmişdir. Necə ah çəkibsə, nəinki divar quruyub, hətta üzərinə yapışdırılmış oboyun üstündəki çiçəklər də solub.
Bu dünya qocalıb vaxtı yetişib,
Bu dünya bəzəkli şar kimi şişib.
Nə vaxtsa Allahın gözündən düşüb,
İndi ha fırlanır yerini tapmır.

Gətirilən nümunədə kifayət qədər özünəməxsus deyimlər var. Dünyanın bəzəkli şar kimi şişirdilməsi məcaziliyi ilə yanaşı həqiqəti də əks etdirir, yəni həqiqi mənada yer kürə formalıdır. Üçüncü misrada isə Allahın gözündən düşüb ifadəsi də bir neçə cür anlaşıla bilər. Həm Allahın gözündən yerə düşüb, yer planeti yaranıb, həm də məcazi mənada Allahın gözündə öz dünyəvilini itirib mənasını verir.
Qaldırmaq istədik o ağır daşı,
Qaldırdıq, altından ilanlar çıxdı.
Qırmızı çuxalı imperiyanın,
İçindən ağ donlu yalanlar çıxdı.

Biz daşı daş üstə qoyub məmləkəti dikəltmədikcə, məmləkət daş-daş daşındı. O daşlar da yağılarla, yurddaş oldu, sirdaş oldu, hələ bir vətəndaş da oldu. Sonra da o vətəndaşlar bizə yadlaşdıqca, düşmənin yaddaşına çökdü. Daha sonra da bunlar yad daşıdı deyib saldılar başımıza. Başımızı ilan başı kimi əzmək istədilər. Onlar kim olsa yaxşıdır, “Böyük Vətən”imizin yaradıcıları. Əsarətdə yaşadığımız neçə illər tariximizə ağ yalan oldu. Zaman göstərdi ki, elə ağ da yalandır, qırmızı da. Ümumiyyətlə, onun bir çox şeirləri başdan-başa poetik tapıntılarla zəngindir. Bu şeirlərə misal olaraq “Qəmbərqulu”, “Başı kəsilən adam”, “Əşşi nə isə...”, “Qıfıl”, “Şairin halları”, “Ulduz falı”, “Ayağa düşən kölgələr” və.s göstərmək olar. Həmçinin bir çox misralar haqqında da həmin fikirləri təkrar etmək ədalətlidir. “Məni ayağım aparır, Başıma iş gələn yerə” və.s Ayaq və baş ədəbiyyatın ənənəvi təzadlarıdır. Bu nümunədə isə yenilik ruhu ondadır ki, real həqiqət poetik məcaz həddində təqdim olunub. Yəni başımıza iş gələcək yerlərə öz ayaqlarımızla gedirik.
Halallıq ver, bu tayda qız bəyənim, Ay illərin o tayında qalan qız”. Şair həmin qızın bütün cizgilərini fərqli formada təqdim etmişdir. “Küsəndə dodağın elə büzülür, Sanki qar üstünə çiyələk düşür”. Onun sevgi yüklü bir neçə misrasına nəzər salmaq yetər ki, əsl mətləbdən hali olasan. “Heç uzağa getməyək bir-birinin dərdindən, Bir ölmək mən uduzum, bir ölmək də sən uduz”, “Tapıb aparıblar itirdiyimi, Kimi axtarıram, kimi təzədən?!”, “Gülüm, sənsiz ölmək asandı deyə, Sənsiz yaşamağı seçdim, yaşadım” misralarının sevgi tutumu maraqlıdırdır.
Yorğun gözlərimin yuxusu çindi,
Yenə yada düşdün, qəlbim uçundu.
Bir incə çiçəyə qonmaq üçündü,
Bir arı zəhməti, bir pətək ömrü.

“Bölünmüşəm həsrətini, Param çəkməz, param çəkər” sətirləri isə param-parça olmağın zirvə nöqtəsidir. “Sonra da qış gəldi özündən razı, Gəlib bir balaca üşütdü məni. Təbiət vaxtında gətirdi yazı, Nə bilim, bəlkə də, eşitdi məni”. Digər bəndində isə “Xəyalım silindi göydən iz kimi, Çünki dalğalandı göy dəniz kimi. Göy donu tərpəndi göy dəniz kimi, Yeddi rəng içində göy nədi bildim” qafiyələnməsində yepyeni bir cinasla tanış oluruq. Lakin ən maraqlısı odur ki, sonucda Göyün nə olduğu məlum olur. O həm təbiəti, həm səmanı, həm də türklüyü ifadə edir. Elşən Əzimin şeirlərinin dərinliklərinə vardıqca öz aləminə düşürsən, özün-özünə gəlirsən və onun ən ağır sözü olmaq istəyirsən.
Çəkdiyim bəsimdi, az deyərəmmi?
Elşənə tab gətir, döz deyərəmmi?
Sənə güldən ağır söz deyərəmmi?
Sənə sözdən ağır gül tapa bilsəm.

Gülnar Səma
banner

Oxşar Xəbərlər