AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Elşad Eyvazlı: “Seçkidən sonra yeni layihələrimiz olacaq”

Elşad Eyvazlı: “Seçkidən sonra yeni layihələrimiz olacaq”

Təfsilat
03 Sentyabr 2013, 10:42 1176
Sayt ölkəmizdə və dünyada baş verənlər haqda operativ məlumatlar verməklə yanaşı, reportaj, araşdırma, müsahibə və digər janrlarda da maraqlı yazılarını təqdim edir. Sayt fəaliyyətdə olduğu müddətdə media bazarında özünəməxsus yer tuta bilib. Onların bu günə qədərki fəaliyyəti haqqında suallarımızı saytın baş redaktoru Elşad Eyvazlı cavablandırdı.

- Elşad bəy, saytınızın 4 yaşını qəzetimiz adından təbrik edirik. Bu 4 ildə nələrə nail olmusunuz? Ümumiyyətlə, informasiya bolluğu şəraitində sizin portalı xarakterizə edən əsas cəhət hansıdır?

- Mən ondan başlayım ki, bizim nə əldə etdiyimizi söyləməyimiz doğru olmaz. Medianın öz oxucuları var ki, bunu onlar cavablandırmalıdır. Qıraqdan izləyən insanlar bizə qiymət verməlidir. Buna görə də bizim nəyəsə nail olduğumuzu deməyimiz düzgün olmaz. O ki qaldı modern.az-ın fərqli fəaliyyətinə, bu, hər zaman olub. Biz “mövcud media, üstəgəl modern.az” prinsipi ilə çalışırıq və bu ifadəni hər gün iclas keçirəndə deyirik. Yəni bu o deməkdir ki, biz mediamızın bir tərkib hissəsiyik, amma özümüzə məxsus layihələrimiz, xəbərlərimiz, müsahibələrimiz var. Biz daha çox parlament və mediaya aid olan məsələlərə üstünlük veririk. Bu gün ölkə çapında parlamentlə bağlı xəbər oxumaq istəyən oxucu modern.az saytına girib məlumat əldə edə bilər. Həmçinin media nümayəndələrinin ailə-məişət məsələlərindən tutmuş, jurnalistlik fəaliyyətinə qədər olan məsələləri işıqlandırmağa çalışırıq, təbii ki, öz razılıqları ilə. Bunun da səbəbi odur ki, biz ilk öncə modern.az saytını öz həmkarlarımıza oxutmaq, tanıtmaq istədik. Əsas özəl istiqamətimiz bu idi. Bundan əlavə, biz fərqli müsahibələrimiz və digər layihələrimizi davam etdirəcəyik. Düşünürük ki, müəyyən yanaşmaları dəyişmək lazımdır. Oxucu dünənkinə bənzər yazını bu gün oxumaq istəmir. Media nümayəndələri, xüsusən onlayn sistemdə çalışanlar bunu yaxşı bilməlidir. Dünənki üslubda yazılan yazını oxucu bu gün qəbul etmir. Buna görə hər gün yeni bir şey olmalıdır.

- Saytınızda bir neçə dəfə kadr dəyişikliyi olub. Müxbirlərin saytı tez-tez tərk etməsi nə ilə əlaqədardır?

- Mən ona tərk etmək deməzdim. Bizə universiteti yeni bitirmiş tələbələr gəlirlər. Onlar burada jurnalistikanın özəlliklərini öyrənmək istəyirlər. Bir-iki ay keçdikdən, yəni öyrəndikdən sonra gedib özlərinə başqa iş yerləri tapırlar. Məncə, bütün media qurumlarında – televiziyadan tutmuş, agentliyə qədər hamısında bu kimi hallar var. Çünki medianın özündə ümumilikdə bir inkişaf var. Bəzən elə olur ki, jurnalist bir il bir yerdə işləyəndə darıxır. modern.az saytının rəhbəri olaraq onu deyə bilərəm ki, saytımız üçün xüsusilə önəmli olan jurnalistlər bizdən getməyiblər.

- Saytla bağlı hansısa bir planlarınız olubmu ki, onu reallaşdırmağa çalışmısınız, amma alınmayıb?

- Gediləsi yol çoxdur və uzundur. Deyim ki, fikirlərimizin, ideyalarımızın heç 90 faizini reallaşdırmamışıq. Səbəblərin hamısını maliyyə ilə bağlamaq doğru olmazdı. Bunun başqa tərəfləri də var, amma təbii ki, maliyyə məsələləri də öz yerində. Bütün hallarda, qarşıya qoyduğumuzun 30-40 faizinə çatsaydıq, modern.az saytı tamam başqa cür ola bilərdi. Düşünürəm ki, planlaşdırdığımızın hələ 10 faizinə çatmışıq. Bu isə çox azdır. İnşallah, çalışacağıq və nəyə nail olacağımızı gələcək göstərəcək.

- Gələcək üçün nə planlarınız var?

- Biz yeni baxış sərgiləmək istəyirik. Çox müxtəlif layihələrimiz var. Amma seçkilərə qədər bu layihələri gerçəkləşdirməyəcəyik. Çünki ən mükəmməl, ən səs-küy doğuracaq plan da indi yaddaqalan olmayacaq. Çünki bu müddətdə bütün ölkəni, cəmiyyəti seçki maraqlandırır. Seçkilərdən sonra çox fərqli proyektlərimiz olacaq. Bu media ilə də, parlamentlə də, ayrıca olaraq bölgələrimizlə də bağlı olacaq. Hər halda, Azərbaycan mediasında işlənməyən bir şeylər olacaq. Çalışırıq ki, təkrarçılıqdan uzaq olaq. İstəyirik ki, yeni nəfəs olsun. Bu layihənin qəbul olunub-olunmaması başqa məsələ, amma fərqli, yeni bir şey olacaq.

- Bir daha sizi və həmkarlarımızı təbrik edir, sizə bu şərəfli və məsuliyyətli yolda daha böyük nailiyyətlər arzu edirik.

- Çox sağ olun.

Şəfa Tapdıq