Elnur Qasımov: “Qarnın ön divarındakı iri həcmli yırtıqların cərrahi yolla aradan qaldırılmasının optimal üsullarının tapılması həm də sosial əhəmiyyət kəsb edir”
Azərbaycan Tibb
Universitetinin (ATU) ümumi cərrahlıq və anesteziologiya kafedrasının
assistenti, tibb üzrə fəlsəfə doktoru Elnur Qasımov Bakıda keçirilən II
Azərbaycan Elm Festivalı çərçivəsində cari ilin oktyabr ayının 31-də AMEA-da,
noyabrın 1-də isə ATU-nun Tədris Cərrahiyyə Klinikasında poster məruzəsi ilə
çıxış edib. Məruzənin dinləyicilərin marağına səbəb olduğunu nəzərə alaraq, bu
mövzuda E. Qasımovla müsahibəni təqdim edirik:
- Elnur müəllim,
bizdə olan məlumata görə, sizin II Azərbaycan Elm Festivalında etdiyiniz poster
çıxışınız mütəxəssislərin diqqətini cəlb edib. İstərdim ki, sizi bu işin yerinə
yetirilməsinə sövq edən amillər barəsində fikirlərinizi bildirəsiniz?
- Abdominal
herniologiya sahəsində qarnın ön divarında rast gəlinən giqant ventral
yırtıqlar Ümumdünya Səhiyyə Təşkilatının məlumatına, eləcə də elmi
ədəbiyyatlara istinadən demək olar ki, çox mürəkkəb və müalicəsi çətin icra
olunan patologiyalar qrupuna aid edilir.Qarnın ön divarında yerləşən iri
həcmli yırtıqların cərrahi yolla aradan qaldırılmasının optimal üsullarının
işlənib hazırlanması təkcə tibbi yox, həm də sosial əhəmiyyət kəsb edir. Bu
kateqoriyadan olan xəstələrin əksəriyyətində əmək qabiliyyəti xeyli
məhdudlaşır, keyfiyyətli həyat tərzi pisləşir, bədbinliyə qapanmaları psixoloji
kompleks yaradır, hətta həyat üçün təhlükə törədə bilən hallara gətirib
çıxarır. Qeyd olunanları nəzərə alaraq bu kateqoriyadan olan xəstələrin yaşama
keyfiyyətini yaxşılaşdırmağı qarşımıza məqsəd qoyduq.
- Qeyd etdiyinz
xəstələri dərman müalicəsi və ya hər hansı digər terapevtik üsullarla müalicə
etmək olar, yoxsa mütləq əməliyyat olunmalıdırlar?
- Xəstəliyin əsas və demək olar
ki, yeganə müalicəsi cərrahi yolla həyata keçirilir. Bu zaman cərrahi
müalicənin nəticəsinin yaxşı alınması üçün mütləq şəkildə müxtəlif tərkibli və
ölçülü torlardan istifadə etmək məqsədəuyğundur. Belə patologiyalar zamanı
cərrahın xəstəyə göstərdiyi mükəmməl tibbi yardım onun yırtığın ləğvində
istifadə etdiyi torun kimyəvi tərkib meyarı cəhətcə hazırlanma texnologiyası və
yerləşdirilmə üsulları vardır. İndiyə qədər cərrahiyyə praktikasında istifadə
edilən torlar primitivlikdən təkmilləşməyə doğru uzun bir yol keçib, lakin bu
vaxta qədər bu torlar həkimləri və xüsusən də xəstələri tam qane edəcək bir
səviyyəyə çatdırılmayıb. Hazırda istifadə edilən torların müəyyən qismi
əməliyyatdan sonra həcmcə kiçilir, onlarda büzüşmə gedir və təkrar (residiv)
yırtıqların əmələ gəlmə ehtimalı artır, ona əlverişli zəmin yaranır.Eyni zamanda torların özləri də
yad cisim olduqlarına görə müxtəlif növ ağırlaşmalara səbəb ola bilirlər. Belə
ağırlaşmaların ən təhlükəli növlərindən biri anibiotiklərin enteral və
parenteral təyin edilməsinə baxmayaraq, kəskin və xroniki infeksiyanın ətraf
toxumalardan torun üzərinə qonub, həmin nahiyədə irinli proses yaratmasıdır. Bu
da bəzi hallarda torun təkrari əməliyyatla çıxarılmasına və yenidən yırtığın
əmələ gəlməsinə səbəb ola bilir.
- İndiki
texnologiyaların inkişaf etdiyi bir dövrdə torların keyfiyyətini necə artırmaq
olar?
- Bununla əlaqədar olaraq
istifadə edilən torların optimal variantlarının işlənib hazırlanması
herniologiya elminin qarşısında duran prioritet məsələlərdən, problemlərdəndir.Qeyd olunanları nəzərə alaraq son
bir ildə (2015-2016) AMEA-nın nəzdində fəaliyyət göstərən və yeni
texnologiyalar yaratmağa imkan verən, eləcə də zəngin elmi-praktiki potensiala
malik olan Qeyri-üzvi Kimya və Kataliz İnstitutu laboratoriyası əməkdaşları ilə əlaqə saxladıq.
Hazırda bu istiqamətdə elmi işlər aparırıq.Qeyd etmək lazımdır ki, hazırda
Almaniyada, ABŞ-da və digər ölkələrdə istehsal olunan torların eksperimental
yolla hazırlanmasına və cərrahi təcrübədə tətbiqinə elmin inkişafı naminə geniş
maliyyə vəsaitləri sərf edilir. Bizim bu sahədə atdığımız addımlar
Sankt-Peterburq alimləri ilə bağlanmış müqavilə əsasında inteqrativ halda
aparılır. Diqqətimizi cəlb edən müasir texnologiyalardan biri ondan ibarətdir
ki, ölkəmizdə inkişaf etmiş kimya sənayesinin imkanlarından istifadə edərək,
mütləq keyfiyyətlə hazırlanan torların üzərinə kimyəvi üsulla yüksək dərəcədə
bakterisid xassəyə malik olan antibakterial komponentlər hopdurulsun. Belə bir
torun hazırlanması əməliyyatdansonrakı mərhələdə plastika sahəsinin patogen
mikroorqanizmlərdən qorunmasında və residiv yırtıqların əmələ gəlməsinin
qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edə bilər.
- Bizim ölkəmizdə də
belə torların istehsalı mümkündürmü?
-
Çox maraqlı bir məqama toxundunuz. Təəssüf hissi ilə etiraf etməliyəm ki,
Azərbaycanda bu tipli torların istehsalı hələ ki, qurulmayıb, amma bunun
niyəsinin də bir izahı var. Əvvəllər ölkəmizdə yırtıqların plastikası üçün
torlardan istifadə faizi çox cüzi idi, lakin təxminən son 10 il ərzində
beynəlxalq əlaqələrin keyfiyyətli qurulması nəticəsində cərrahların inkişaf
etmiş xarici ölkələrin müasir klinikalarında təkmilləşmə kursları keçmələri
onların imkanlarını genişləndirdi. Belə ki, onlar bu istiqamətdə torların geniş
istifadəsi ilə yeni metodikaları öz işlərinə inteqrasiya etdilər. Buna görə də yaxın
və uzaq nəticələrin keyfiyyət göstəriciləri nəzərə çarpacaq dərəcədə yüksəldi, amma
müəyyən faiz ağırlaşmalara yenə də rast gəlinirdi. Zaman və uzaq nəticələr
göstərdi ki, ağırlaşmaların səbəblərindən biri də torların özlərinin texnoloji
hazırlanma məqamları ilə bağlıdır. Bu da bizi bu istiqamətdə elmi tədqiqatlar
aparmağa sövq etdi. Ümidverici məqamlardan biri odur ki, bizdə bu istiqamətin
işlənilməsi Elmin İnkişaf Fondu tərəfindən qranta layiq görülüb. Düşünürəm ki,
aparılan əsaslı geniş tədqiqatlar müsbət nəticələr göstərsə, bu halda vətənimizdə
də bu növ torların istehsalının reallaşması mümkün ola bilər.Bu sahədə Azərbaycan Tibb
Universitetinin Elmi-Tədqiqat Mərkəzində dovşanlar üzərində səthinə gümüş nano
hissəcikləri maqnetron səpilmə üsulu ilə fiksasiya edilmiş torlarla apardığımız
eksperimentlərdən əldə etdiyimiz preparatlar histoloji müayinədən keçirilmiş,
bu da müəyyən nəticələrin alınmasına
zəmin yaratmışdır.Hesab edirik ki, belə torların
işlənib hazırlanma texnologiyasının bir hissəsinin ölkəmizdə aparılmasına
şərait yaransa, bu, xaricdə hazırlanan torlardan fərqli, eyni zamanda nisbətən
ucuz başa gələr və bundan cərrahların daha geniş dairəsi istifadə edə bilər.
- Eşitdiyimizə görə,
sizin apardığınız elmi işin fraqmentlərindən birinə Avrasiya patenti alınıb. Bu
çox sevindirici haldı və yəqin ki, bu istiqamətdə əldə olunan müsbət nəticələr patentin
alınmasına zəmin yaradıb. Bu barədə də sizin fikrinizi öyrənmək maraqlı olardı.
- Qarnın əməliyyatdansonrakı
böyük və giqant ölçülü yırtıqlarının cərrahi müalicəsində istifadə olunan
Ramirez üsuluna bizim tərəfimizdən yeni modifikasiya verilmişdir. Bu da əməliyyatların
nəticələrinin yaxşılaşdırılmasına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, sözügedən
modifikasiyanın tətbiqi giqant yırtıq qapısının adekvat qapanması üçün
əlverişli şərait yaradır. Elmi-tədqiqat işimin istiqamətlərindən birini təşkil
edən bu modifikasiya həqiqətən də Avrasiya patentinə layiq görülüb.
Günel Aslanova