• cümə, 19 Aprel, 15:04
  • Baku Bakı 25°C

Elmi-tədqiqat statusuna malik zəngin kitabxana

23.04.14 08:37 2378
Elmi-tədqiqat statusuna malik zəngin kitabxana
Qlobal informasiya mühitinin ayrılmaz tərkib hissəsi olan dünya, o cümlədən Azərbaycan kitabxanaları son dövrlərdə bir çox problemlərlə üzləşsələr də inkişaf edirlər. Bu problemlər əsasən obyektiv xarakter daşıyır və kitabxanaları günümüzün reallıqları ilə üz-üzə qoyur. İnternetin və daha sürətli informasiya ötürücülüyünə malik kanalların mövcudluğu istər-istəməz kitabxanaları tamamilə fərqli makro və mikromühitə salır. Belə olan təqdirdə, həm ki-tabxanadaxili, həm də kitabxana xaricində formalaşan informasiya məkanı o qədər genişlənir ki, təkcə ənənəvi kitab verilişi və yaxud tematik komplektləşdirmə prosesi ilə müasir kitabxana-oxucu münasibətlərini formalaşdırmaq mümkün olmur. Məhz bu şəraitdə, kitabxanaları informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə elektronlaşdırır və gələcəyə hesablanmış ad-dımlar atırlar. Respublikamızda da belə kitabxanalar var və onların fəaliyyəti dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunur. Haqqında danışmaq və fəaliyyətini işıqlandırmaq istədiyimiz belə kitabxanalardan biri də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasıdır. Həmsöhbətimiz bu günlərdə yenidən 5 il müddətinə Kitabxananın direktoru təyin olunmuş, tanınmış folklorşünas, kitabxanaşünas alim, Amerika Kitabxana Assosiasiyasının üzvü, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir.
- Aybəniz xanım, ilk növbədə sizi yenidən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına direktor təyin olunmağınız münasibətilə təbrik edirəm.

- Təşəkkür edirəm. Ümidvaram ki, AMEA rəhbərliyi tərəfindən göstərilən bu etimadı bundan sonra da layiqincə doğruldacağıq.
- Aybəniz xanım, bir neçə ay bundan öncə Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının müddəti başa çatdı. Bu müstəvidə Mərkəzi Elmi Kitabxananın fəaliyyətini necə qiymətləndirmək olar və ümumiyyətlə, Proqram Azərbaycan kitabxanalarına nə verdi?

- Ötən il kitabxana işinin inkişafını nəzərdə tutan Dövlət Proqramından irəli gələn vəzifə və öhdəliklərin yerinə yetirilməsi, o cümlədən bəzi tədbirlərin başlaması üçün son il idi. Əminliklə deyə bilərəm ki, Azərbaycan kitabxanaları Prezident cənab İlham Əliyevin bu Proqram vasitəsilə bizlərə çatdırdığı bütün tapşırıqları layiqincə yerinə yetiriblər.
Bu Proqramdan irəli gələn məsələləri şərti olaraq 2 qrupa bölmək olar: onların bir hissəsi cari əhəmiyyət daşıyırdı. Məsələn, kitabxanaların təmiri, kitabxanaçılara peşə mükafatlarının verilməsi və s. İkinci qrup məsələlər isə sırf gələcəyə hesablanmış tədbirlər idi. Elektron kitabxanaların, elektron kataloqların yaradılması, yeni kitabxana binalarının inşası, daşınan mədəni irsin elektron-laşdırılaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və s. buna misal olar bilər. Çünki belə tədbirlər davamlı olur və qarşıdakı illərə hesablanır. Eləcə də, Azərbaycanşünaslığı inkişaf etdirmək məqsədilə kitabxana fondlarının ölkəşünaslığa və diyarşünaslığa dair materiallarla zənginləşdirilməsi də məhz perspektiv xarakter daşıyan əhəmiy-yətli tədbirlər sırasındadır. Məsələn, ötən il Kitabxananın fonduna ölkəşünaslığa və diyarşünaslığa dair 3052 nüsxə ədəbiyyat daxil olub. Bunu isə kifayət qədər yaxşı göstərici hesab etmək olar. Yeri gəlmişkən, keçən il biz Dövlət Proqramına uyğun olaraq başqa tədbirlər də həyata keçir-mişik.
-Belə aydın olur ki, Dövlət Proqramı Azərbaycan kitabxanaları, o cümlədən Mərkəzi Elmi Kitabxana üçün son 5 ildə başlıca fəaliyyət proqramı olub.

- Deyərdim ki, bu Proqram yalnız ötən 5 il üçün yox, qarşıdakı illər üçün də Azərbaycan kitabxanalarının dinamik inkişafını artıq təmin edib. Və təkcə bu yox, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və həmin Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı da milli kitabxanaşünaslıq elminin innovativ inkişafına, elmin informasiya təminatının optimallaşdırılmasına, alim və mütəxəssislərə göstərilən kitabxana-informasiya xidmətinin modernləşdirilməsinə, beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına dəstək verəcəkdir.
Biz ötən il, həm adını çəkdiyim sənədlərlə, həm də “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı təkliflərimizi AMEA-nın Rəyasət heyətinə təqdim etmişik və bu istiqamətdə öhdəmizə düşən vəzifələrin yerinə yetirilməsinə hazır olduğumuzu nümayiş etdirmişik.
- Müasir dövrdə kitabxanaların qarşısında duran əsas problemlər komplektləşd-irmənin tamamlanmaması və oxucu qıtlığıdır. Sizcə, bu problemlərdən çıxış yolu varmı?

- Bu problemlər bütün kitabxanalarda var. Düşünürəm ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə oxucuların ənənəvi kitaba sadiq qalması olduqca müşkül məsələdir. Bizim oxucumuz olan gənc alimlər istəyir ki, bütün xidmətlər elektronlaşsın. Bütün bu tələblər, istəklər obyektiv xarakter daşıyır və biz də onları normal qarşılayırıq. Elə buna görədir ki, qüvvəmizin böyük bir hissəsini məhz bu prosesə yönəltmişik.
Məsələn, ötən il Kitabxanada İnternet vasitəsilə 447 mindən artıq elektron nəşr, elektron el-mi jurnal oxuculara təqdim olunub. İnternetdən istifadə edərək, müvafiq mövzular üzrə axtarış aparmaqda, elmi mənbələri araşdırmaqda, dünya kitabxanaları ilə elmi kommunikasiyalar yarat-maqda 2039 oxucuya yardım göstərilib. Ümumi oxucularımızın sayı 54065 nəfər, davamiyyət 720414, kitab verilişi isə 988271 nüsxə ədəbiyyat olub. 50000-dən artıq ənənəvi kataloq elektronlaşdırılıb, 659 adda yeni ədəbiyyat CD-lərdə əldə edilib və elektron kitabxanaya yerləşdirilib.
AMEA şəbəkə kitabxanalarında elektron kataloqun yaradılması məqsədi ilə Neft-Kimya Prosesləri İnstitutunda “İRBİS-64” proqram təminatı quraşdırılıb. Kibernetika İnstitutunun, Ədəbiyyat İnstitutunun, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun, Şəki Regional Elmi Mərkəzinin elektron kataloqun monitorinqi keçirilib.
Elektron kitabxananı genişləndirmək məqsədi ilə fondlardakı qiymətli nəşrlər DriveBook DIY kitab skanerində işlənilib və PDF formatına konvertə olunub. 450 kitab skanerləşdirilib, işlənərək pdf və swf formatlarına keçirilib. Həmçinin elektron daşıyıcılarda yeni daxil olan 300 avtoreferat və 50 kitab pdf formatına konvertə edilib, Kitabxananın Veb saytında yerləşdirilib.
“Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” məlumat bazası respublikanın və dünyanın rəqəmsal irs fondlarına daxil edilib. “Azərbaycanşünaslıq” elektron informasiya mərkəzinin sənəd massivi xeyli genişləndirilib və bu bazaya 16970-dən çox yeni sənəd əlavə olunub.
- Aybəniz xanım, Mərkəzi Elmi Kitabxana respublikada Elmi-tədqiqat institutu statusuna malik ilk və yeganə kitabxanadır. Elmi fəaliyyət aparmaq ənənəvi kitabxanaçılıq xidmətlərinin göstərilməsinə necə təsir göstərir?

- Əlbəttə ki, bu statusun həm məsuliyyəti, həm də müsbət tərəfləri çoxdur. Artıq 10 ildir ki, Kitabxanada elmi-tədqiqat işləri aparılır. Mərkəzi Elmi Kitabxananın əvvəllər də apardığı işlər özü-özlüyündə elmi tədqiqatın bir hissəsi idi. Alimlərin elmi informasiya təminatı dəqiqlik, elmilik tələb edən çox çətin bir prosesdir. Ulu öndərimiz Heydər Əliyev bu vəziyyəti çox incəliklə hiss edərək 2003-cü ildə Kitabxanamıza elmi-tədqiqat institutu statusu verdi. Bu, bizə imkan verdi ki, fəaliyyətimizin elmi-nəzəri əsaslarını yaradaq, möhkəmləndirək və tədrislə məşğul olaraq yüksək ixtisaslı, elmi dərəcəli kadrlar yetişdirək. Bunun nəticəsində biz hər il onlarla elmi iş apara bilirik. Məsələn, ötən il 13 elmi-nəzəri, tətbiqi və elmi-praktiki mövzu üzrə 59 elmi iş yerinə yetirmişik.
Həmçinin bu status bizə imkan yaradır ki, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində kadr potensialımızı gücləndirək. Diqqət yetirin, Mərkəzi Elmi Kitabxanada çalışan 140 mütəxəssisdən 4 nəfəri elmlər doktoru, 13 nəfəri isə fəlsəfə doktorudur. Onların bir çoxu məhz kitabxananın yetişdirdiyi kadrlardır. Hazırda Kitabxanada 7 doktorant və 12 dissertant kitabxanaşünaslığın, biblioqrafiyaşünaslığın, kitabşünaslığın ən mühüm problem və məsələləri üzrə elmi-tədqiqat işləri aparır. Eləcə də, Mərkəzi Elmi Kitabxana Bakı Dövlət Univer-sitetinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsi üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsi bazasıdır.
Mərkəzi Elmi Kitabxanada kitabxana-biblioqrafiya prosesləri elmi fəaliyyətlə sinkretik vəhdətdə inkişaf etdiyindən bu sahədə heç bir problemimiz yoxdur. Bunun bir nəticəsidə budur ki, Respublika üzrə “Kitabxanaşünaslıq, kitabşünaslıq və biblioqrafiya” üzrə elmi problem şurası məhz Mərkəzi Elmi Kitabxanada fəaliyyət göstərir.
- Görünür bütün bu elmi-tədqiqatların sanballı nəşriyyat fəaliyyəti ilə tamamlanması, müxtəlif elmi nəşrlərdə əks olunması zərurəti qaçılmazdır.

- Tamamilə haqlısınız. Elə buna görədir ki, elmi nəşrlərimizin sayı və keyfiyyəti günü-gündən artır. Kitabxana az qala böyük bir nəşriyyat qədər nəşriyyat-redaksiya fəaliyyəti göstərir. Məsələn, təkcə 2013-cü ildə kitabxanada 275 çap vərəqi həcmində 18 kitab nəşr edilib. Mən bayaq Dövlət proqramından irəli gələn tədbirlərin yerinə yetirilməsindən danışarkən nəşr etdiyimiz kitablardan bəzilərinin adlarını sadaladım. Həmin kitablardan başqa, biz keçən il “Akademik Mirəsədulla Mirqasımov haqqında xatirələr kitabı”, akademik Zərifə Əliyeva, Bəhlul Abdullayev, Mirzə İbrahimov, Ağasəlim Ələsgərov, Qəzənfər Paşayev, Səlahəddin Xəlilov, Vaqif Abbasov, Məmməd Salmanov, Yavuz Rüstəmov və digər görkəmli alimlərin biobiblioqrafik göstəricilərini çap etmişik. Elə işlərimiz də var ki, artıq çap olunmaq üzrədirlər.
- Bəs aparılan bu elmi-tədqiqatların, nəşr olunan əsərlərin ictimailəşdirilməsini necə həyata keçirirsiniz?

- Bu işdə kütləvi informasiya vasitələrinin köməyindən bəhrələnməyə çalışırıq. Amma əsas ağırlıq təşkil etdiyimiz elmi və elmi-kütləvi tədbirlərin, sərgilərin üzərinə düşür. Təkcə 2013-cü ildə Mərkəzi Elmi Kitabxanada və AMEA şəbəkə kitabxanalarında elmi mövzulara, yeni alınmış ədəbiyyata, respublikanın tarixi hadisələrinə, əlamətdar günlərə, görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin, ədiblərin yubileylərinə həsr olunmuş 132 sərgi təşkil edilib. Bu isə, il boyu həftədə 2 sərgi təşkil etməyə bərabərdir. Nəzərə almalıyıq ki, kitabxananın fəaliyyəti olduq-ca genişdir və belə gərgin qrafiklə ayda 8-10 sərgi təşkil etmək çətindir. Buna baxmayaraq, biz işimizdən zövq alır, kitabxanaçı peşəsinin bizə aşıladığı humanizmi qorumağa çalışırıq. Məsələn, keçən il Prezident cənab İlham Əliyevin “Məhsəti Gəncəvinin 900 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına əsasən həm şairənin özü, həm də onun müasirləri olmuş Azərbaycan mütə-fəkkirlərinin həyat və yaradıcılığına həsr olunmuş fundamental ənənəvi və virtual sərgi keçirilib, şairənin irsini əks etdirən elektron məlumat bazası hazırlanıb. “Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncama əsasən isə “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” adlı 2 cildli elmi-biblioqrafik göstəricisinin I cildi və “AMEA Mərkəzi Elmi Kitabxanasının Elmi əsərləri”nin 13-cü buraxılışı çapdan çıxıb. Yubileyə həsr olunmuş “Azərbaycanşünaslığın müasir problemləri” mövzulu IV Beynəlxalq elmi konfransın materiallarında kitabxananın əməkdaşlarının məqalələri çap edilib, il ərzində “Azərbaycan dövlətçiliyinin memarı-Heydər Əliyev” mövzusunda sərgi nümayiş olunub.
- Aybəniz xanım, istərdik ki, kitabxananın iştirak etdiyi layihələr və beynəlxalq əlaqələr barədə də oxucularımıza məlumat verəsiniz.

- Keçən il Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2-ci məqsədli birgə İKT qrant müsabiqəsində “Kitabxana innovasiyaları: qabaqcıl dünya nəzəriyyə və təcrübəsinin tədqiqi və alınan nəticələrin elmin informasiya təminatında böyük rol oynayan AMEA-nın kitabxana sisteminə tətbiqi” adlı layihə və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən keçirilən 4-cü qrant müsabiqəsində “Gənclər arasında elmi ədəbiyyatın təbliğinin informasiya təminatı” adlı layihələrimiz qalib olub.
Beynəlxalq əlaqələrimizə gəlincə, hazırda Kitabxana dünyanın 72 dövlətinin 585 təşkilatı ilə əlaqə saxlayaraq ədəbiyyat və informasiya mübadiləsi aparır. Hər il beynəlxalq kitab mübadiləsi vasitəsilə 3-4 min ədəbiyyat alınır və xaricə təxminən eyni sayda ədəbiyyat göndərilir. Vaxtaşırı Mərkəzi Elmi Kitabxana bir çox ölkələrin nümayəndələrini qəbul edir və əksinə, kitabxananın əməkdaşları kitabxanaşünaslıq üzrə bir çox beynəlxalq tədbirlərə qatılır. Beynəlxalq əməkdaşlıq bizim üçün prioritetlərdən biridir və ümid edirəm ki, kitabxanamızın həm beynəlxalq, həm də milli elmi mühitdəki bu uğurları bundan sonra da davam edəcək.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər