• cümə, 19 Aprel, 06:03
  • Baku Bakı 13°C

Elmi qiymətini itirməyən əsərlər

15.01.20 10:30 2717
Elmi qiymətini itirməyən əsərlər
Və ya Hilmi Ziya Ülkən yaradıcılığının təbliğinə qiymətli töhfə

XX əsrdə Türkiyənin elmi-mədəni həyatı dolğunluğu, zənginliyi ilə fərqlənir. Bu, öncə həmin dövrdə yaşayıb yaratmış alimlərin və mütəfəkkirlərin yaradıcılıqları ilə əlaqədardır. Görkəmli filosof, böyük sosioloq Hilmi Ziya Ülkən (1901-1974) belə mütəfəkkirlərdəndir. Onun Türk düşüncə tarixinə, fəlsəfəyə və sosiologiyaya dair yazdığı əsərlər elmi dəyərilə seçilir.
Ömrünü elmə həsr edən Hilmi Ziya Ülkənin "Anadolu kültürü və türk kimliyi üzərinə”, "Türk təfəkkürü tarixi”, "Eşq əxlqı”, "İnsani vətənpərvərlik”, "Oyanış dövrlərində tərcümənin rolu”, "Dünyada və Türkiyədə sosiologiya”, "Bilgi və dəyər”, "Türkiyədə çağdaş düşüncə tarixi”, "İslam fəlsəfəsi, qaynaqları və təsirləri”, "Varlıq və oluş”, "Əxlaq”, "Ziya Gökalp”, "Millət və tarix şüuru”, "Ümumi fəlsəfə dərsləri”, "Fəlsəfəyə giriş” və başqa əsərləri hər zaman aktualdır. Onun böyük elmi dəyər kəsb edən kitabları dəfələrlə nəşr edilmişdir. Hilmi Ziya Ülkənin osmanlıca əlyazısı qeydlərindən formalaşan dəftərlər əsasındaProf.Dr. Əli Utku "Hakimiyyət” kitabını çapa hazırlamış və kitab 2018-ci ildə Doğu Batı Yayınlarında nəşr edilmişdir.
Alimin irsinin təbliğində qızı Gülseren Ülkənin əvəzsiz xidməti vardır. Sevindirici haldır ki, hazırda Gülseren xanımın yolunu qızı Fatma Artunkal davam etdirir. Bu baxımdan Hilmi Ziya Ülkənin nəvəsi Fatma Artunkal tərəfindən hazırlanan "Dastanlar” kitabı (Doğu Batı Yayınları, 2019) mütəfəkkirin yaradıcılığının təbliğinə qiymətli töhfədir. Fatma xanım kitabın çapında etdikləri köməyə görə qardaşı Tuğrul Artunkala, Prof.Dr. Əli Utkuya, Atatürk Universiteti ədəbiyyat fakültəsi türk dili və ədəbiyyatı bölümünün araşdırıcısı Vəli Kılıçarslana, Cəlal Bayar Universiteti yeni türk ədəbiyyatının doktorantı Nilgün Katipoğluna təşəkkür etdiyini giriş mətnində yazmışdır. Burada Fatma xanım Hilmi Ziya Ülkənin "Dastanlar” kitabını, eləcə də bir çox kitablarını təkrar çap etdirən Doğu Batı Yayınlarının sahibi Taşkın Takışına da dəstəyinə görə minnətdarlığını bildirmişdir.
Türkiyəli alimin onilliklər öncə yazılan əsərlərinin yenidən, təkrar çap edilməsi alimin kitablarının müasir dövrdə də aktuallığını saxlamasının göstəricisidir.
Hilmi Zya Ülkən dastanlar haqqında yazdığı "ilk tarix dastandır” fikrini belə açıqlayır: "İlk şeir onunla başlamışdır. Lirik şeir ondan ayrıldıqdan sonra yenə uzaqdan bağlarını saxladı. Tragediya və dram onun övladlarıdır. Opera onun yenidən və daha zəngin səhnəyə çıxması deyildirmi? Roman (hələ bugünkü sosial və böyük roman) nəsr şəklində dastanın canlanmasından başqa nədir? Köklərini daima yaşanmış təcrübədən və onun xalq içində və xalqın qeyri-şüurundakı oyandırdığı təsirlərdən alan dastan, yazılı sənətin həqiqi köküdür. Əbədi ruzigarı yüksək olan hər şair özünü orada tapmadan və oradan çıxarmadan və bir növ öz üfüqünün insani dastanına yeni bir şey qatmadan geri qalmayacaqdır”.

Hilmi Ziya Ülkən yaradıcılığının ilk illərində, dastanın bu insani və külli dəyərini diqqətini çəkdiyini və Ziya Gökalpın təsiri ilə gəldiyini qeyd etmişdir. 1915-ci ildə Turançı olduğunu bildirən mütəfəkkir yazmışdır ki, bütün araşdırmalarım gündən-günə Turançılığın mücərrəd və xəyali dünyasından məmləkətçiliyin konkret və canlı dünyasına; Gökalpın süni dastançılığından Anadolunun həqiqi dastançılığına doğru məni götürürdü: "Məhz bu düşüncələrdir ki, Anadolu dastanlarının içində insanlığı tapmaq, qısaca, insani idealla yaşanmış təcrübədən çıxmaq, başqa təbirlə, mücərrədi konkretdən çıxarmaq yolunu hər cür xəyalpərəstlik, mücərrəd şəkilçilik və ya donkixotluq yolunu üstün tutdum. İttihad-ı İslam, Turan, hətta Tənzimat yadigarı Osmanlıçılıq və Avropaçılıq don kixotluqlarından özümü qurtarmağa müvəffəq oldum”.
"Dastanlar” kitabı "Dastan və insan”, "Anadolu”, "Milli dastan və folklor”, "Şərq dastanı: Firdovsi və Şahnamə”, "Romantizm”, "Türk dastanı”, "Ədəbiyyatın doğuşu”, "Hilmi Ziyanın dastanları” olmaqla səkkiz bölmədir. Fatma Artunkalın "Yayına hazırlayanın notu” və araşdırıcı Vəli Kılıçarslanın "Anadolu xəyalının izində Hilmi Ziya Ülkən və dastanlar” adlı yazıları kitabın əvvəlində verilmişdir.
Kitabı nəşrə hazırlayan Fatma xanım mütəfəkkirin kitabxanasında "Hilmi Ziya Ülkənin bu günə qədər heç çap edilməyən yazılarını tapmaq, sənədlər altında qalmış "Kalevala” dastanının tərcüməsini kəşf etmək; gizli qalmış bir xəzinə tapmaq kimiydi” yazaraq bildirmişdir ki, bu arayış içində Hilmi Ziya Ülkənin ilk dönəm çalışmaları ilə birlikdə son dönəm çalışmaları da ilk dəfə çap edilmək üçün ortaya çıxdı.
Fatma xanımın göstərdiyi kimi, alim, dastanlarla bağlı yazmağa gənclik və 1918-ci ildə Mülkiyə məktəbində təhsil aldığı illərdən başlayır və həyatının son dönəminə qədər Anadolu və dastan mövzusu ilə maraqlanır: "Tahir və Zöhrə”, ilk yazdığı mənzum dastan, kiçik xətli solğun rəngli bir dəftər içində; yüz il öncəsindən bizə səslənir və düşünürəm niyə bu günə qədər digər dastan, epopeya və şeirləri ilə birlikdə heç çap edilmədi”. Fikrini davam etdirərək Fatma xanım Artunkal "Dastan, Anadolu və Anadoluculuq qavramlarını aldığımızda Hilmi Ziyanın bütünhəyatı boyunca əsərləri və yazılarında bu mövzuda çalışdığını, heç bir zaman Anadoluculuq xəyalından qopmadığını və dastanlar qavramını da Anadoluculuğun imtina edilməz bir parçası olaraq gördüyünü anlayırıq” yazmışdır.
Hilmi Ziya Ülkən 1918-ci ildə qələmə aldığı "Mülkiyyə xatirələri” adlı qeydlərində "Anadolunun xəyalı" adlı yazısında bildirmişdir: "Xəyalını gördüm. Durğun bir yaz gecəsi röyasında, çiyinlərimi iztirab yüklərinin altında əzilərək, könlümü parçalayan sözlərinin qarşısında tıxanaraq, onun xəyalını, qaranlıqlar arasında çıxan və bir kölgə kimi səssiz, gurultusuz yaxınlaşan sevgili "ANADOLU’nun xəyalını gördüm...”
Hilmi Ziya Ülkən xəyalı olan Anadolunu dümağ saqqallı bir ixtiyar, üzərində parça-parça əski bir əba, yamaqlı bir şalvarlı, kəndliyə bənzər bir şəxs kimi təsvir etmişdir. Anadolunun özünü istanbulluya deyil, kəndliyə bənzətdiyini yazan alim, onunla olan dialoqu təqdim edir: "Altı ildir sizin üçün çırpınan, səy göstərən "ANADOLU’yam. Ocaq başında rahat-rahat oturasan, gecələrini qorxusuz bir yuxu ilə keçirəsən deyə, damarlarındakı son damla qanı da bu gün axıtmaqda olan "ANADOLU”.
Gülseren xanım Ülkən atasının 1919-cu ildə öz yoldaşı Rəşad Kayı ilə birlikdə "Anadolu” dərgisinin əl yazı şəklində on iki sayını çıxardığını, Anadolu folkloru və kültürü haqqında əsərlər yazdığını bildirmişdir.
Hilmi Ziya Ülkənin ədəbi-bədii yaradıcılığının araşdırıcısı Vəli Kılıçarslan "Hilmi Ziyanın dastanlar mövzusuna münasibəti Anadoluculuqdan və Anadoludan ayrı düşünülə bilməz” mülahizəsini irəli sürmüşdür: "Anadolu, Hilmi Ziya üçün qibtə ediləcək bir mədəniyyət hövzəsi, zəngin bir coğrafiyadır. Bununla, qiyməti böyükdür. O da düşüncələrini inkişaf etdirirkən bunu nəzərdə tutmuşdur. Anadolu mərkəzli düşüncələrində tərəqqi edib irəliləyə bilmək üçün öz renessansımızın yaradılmasını böyük bir arzu ilə istəyən Hilmi Ziya, seçiləcək yolu Anadoluçuluq olaraq elan edir”.
Vəli Kılıçarslan XX əsrin əvvəllərində mövcud təlimlərdən bəhs edərkən yazmışdır: "II Məşrutiyyətin elanından sonra ortaya çıxan və həm tərəfdar tapan, həm də bir çox yöndən müzakirə edilən fikir cərəyanları Osmanlıçılıq, İslamçılıq və Turançılıqdır. Bu fikir cərəyanlarına bir reaksiya, yaxud daha dar çərçivədə bir əlavə olaraq atəşkəs illərində "Məmləkətçilik” adında bir hərəkət başlamışdır. Məmləkətçilik adı, Hilmi Ziya tərəfindən Anadoluçuluğa verilən addır”.
Hilmi Ziya Ülkən görkəmli alim olmaqla bərabər, böyük şəxsiyyətdir. O, dostlarının elmi yaradıcılığına dəstək olmuşdur. Bu baxımdan Hilmi Ziya Ülkənin Mülkiyə məktəbindən tələbə yoldaşı şair Haluk Nihat Pepeyin yaradıcılıq fəaliyyətində müəyyən rolu vardı. Onun 1934-cü ildə çapdan çıxan "Türkdastanına giriş” kitabına Hilmi Ziya Ülkən "Başlanğıc” adlı bölmə yazmışdır. Haluk Nihat Pepeyi kitabın yazılma tarixçəsi ilə əlaqədar bildirmişdir: "Lisey tələbəliyimdən bəri həyəcanım mənə üstün gəldikcə, zövqüm üçün bir mənzumə hazırlayar və mənim kimi yazan yoldaşlarıma oxuyardım. Məktəb yoldaşım Hilmi Ziya Ülkən bu dağınıq həvəs və istedadıma bir yol çəkmək istədi. Mənə xalq arasında əsrlərdən öncə və hələ yaşayan "Tahir və Zöhrə”, "Şah İsmayıl və Gülzar” nağıllarını yazdırdı. Bu nağılları, yenə onun məcburiyyətilə ("Türk dastanına giriş”) adı altında və 1934-cü ildə çıxarmışdım”.
Böyük türk vətəni uğrunda mübarizənin, türklərin birliyinin ifadəsi olan Çanaqqala zəfəri haqqında Haluk Nihat Pepeyi 1936-cı ildə "Çanaqqala dastanı” kitabını çap etdirmişdir. Hilmi Ziya Ülkən kitaba "Bir neçə söz” adlı mətn yazmışdır. Haluk Nihat Pepeyi bu kitabı da tələbə yoldaşının, onu yenidən həvəsləndirməsi ilə qələmə aldığını bildirmişdir. Həmin kitablara mütəfəkkir tərəfindən yazılan giriş mətnləri "Dastanlar” kitabına daxil edilmişdir.
Dahi şair Firdovsinin Şərq dastanı "Şahnamə”si haqqında Hilmi Ziya Ülkən yazmışdır: "İslamın ən qüvvətli dövründə Firdovsi, adətən əski İranın intiqamını alırmış kimi "Şahnamə”ni yazdı. Firdovsi, "Şahnamə” ilə bütün ədəbi növlərin, hətta plastik sənətlər və fikrin qaynağı oldu. Lirik şeir, təsəvvüfi və əxlaqi
ədəbiyyat onda simvolunu tapdı. Ən gözəl miniatürlər "Şahnamə”dən mövzu aldı”.
Qeyd etmək lazımdır ki, Hilmi Ziya Ülkən yaradıcılığının ilk dövrlərində, yəni bədii əsərlər qələmə alarkən Türk dünyasının böyük şəxsiyyəti Əli bəy Hüseynzadə (1864-1940) ilə məsləhətləşdiyini, onunla fikir mübadiləsində olduğunu bildirmişdir: "Anadolu nağıllarından "Tahir və Zöhrə”ni mənzum pyes halında yazmışdım. "Dədə Qorqud” hekayələrindən Təpəgözü mənzum bir nağıl halında yazırdım. Sonra "Kərəm”i yazmağı düşünürdüm. Bir gün Türk Ocağında (1920) baba və nəvə kimi məhrəm və isti, içimi açacaq bir böyük insan tapdığım üçün sevinc içində onunla danışdığım sırada, yeni yazmağa hazırlaşdığım bir dramı, "Şahnamə”də keçən "Siyavuş” hekayəsinə aid dramı anladırdım. Siyavuş burada İranla Turan arasındakı mübarizədə vətən və insanlıq duyğularının çəkişməsinin qurbanı olur. Hələ nəzm və ya nəsrmi yazacağımı qərarlaşdırmamışdım. Bu bəhsin tam əhli olan Hüseynzadə Siyavuş hekayəsi üzərində ətraflı izahat verdi. Günlərcə bu mövzuda danışdıq. Mən yazdıqlarımı oxuyur, o tənqid edirdi”.
"Dastanlar” kitabında "Siyavuş və ya xəyalpərəst əsərin mövzusu haqqında bir neçə söz” əsərini türkiyəli alim "əziz və möhtərəm ustad” yazaraq Əli bəy Hüseynzadəyə dərin hörmətlə ithaf etdiyini bildirmişdir.
"Dastan, insanlığın hekayəsidir” mülahizəsini göstərən Hilmi Ziya Ülkənin qeyd etdiyi kimi, böyük dastanlar hər zaman yeni bir dünyagörüşünün və əməli bir hikmətin tərcümanı olmuşlar... Dastan deyənin əlində material, rəssamın boyası və mövzusu kimidir. O, bu materialı öz məqsədinə görə istədiyi kimi işlədəcəkdir. Hər millətin özünə məxsus qulağı, "deyiş tərzi”, dilinin "dəruni bir ritmi” vardır. Bu incəliklər onun folklor ənənələrində, ata sözlərində, təkərləmələrində, deyişlərində görünür.
Onilliklər keçsə də, Hilmi Ziya Ülkənin yaradıcılıq irsi aktuallığını saxlayır. Mütəfəkkir, elmi qiymətini itirməyən əsərlərinə görə həmişəyaşarlıq qazanmışdır.
Aytək Zakirqızı (Məmmədova)
fəlsəfə doktoru, dosent
banner

Oxşar Xəbərlər