• cümə axşamı, 28 mart, 23:35
  • Baku Bakı 13°C

Elman Rüstəmov: “Bu, bizim arxa cəbhəmizdir”

19.11.13 15:25 1617
Elman Rüstəmov: “Bu, bizim arxa cəbhəmizdir”
Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında qızıl medal qazanmış kişilərdən ibarət yığmanın üzvlərini qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə Rüstəmov öncə millini böyük qələbə münasibətilə təbrik edib.
O bildirib ki, komandamız olduqca uğurla çıxış edərək, qitə çempionatında ardıcıl 4-cü medalı qazanıb: “Son 6 ildə 2 dəfə Avropa çempionu olmuşuq. Aparılan böyük quruculuq işləri, idmanın, o cümlədən şahmatın inkişafına böyük diqqət göstərilib. Bunun təməli isə ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi dövrdən qoyulub. Onun Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov və Rauf Məmmədovla birgə fotoşəkli hamımıza məlumdur. Məhz həmin şahmatçılar iki dəfə Avropa çempionu olublar. Azərbaycan prezidenti İlham Əliyev hər bir növdə qazanılan qələbəyə sevindiyimizi, amma şahmatdakı uğurun daha böyük əhəmiyyət kəsb etdiyini bildirib. Çünki bu, xalqımızın böyük potensialından, intellektual səviyyəsindən xəbər verir”.
Rüstəmov 2013-cü il şahmatçılarımız üçün müvəffəqiyyətli il kimi dəyərləndirib. O, Şəhriyar Məmmədyarovun sürətli şahmat üzrə dünya çempionu olmasını və iddiaçılar turnirində iştirak hüququ qazanmasını yüksək qiymətləndirib: “Gənc şahmatçılarımız da uğurla çıxış edirlər. Biz bölgələrdə şahmatın inkişafına nail olmağa çalışırıq. Qusardakı çempionatda 530-dan çox şahmatçımız iştirak edib. Bu, bizim arxa cəbhəmizdir”.
AŞF prezidenti Polşada qazanılan qızıl medalda millimizin hər bir üzvünün böyük pay sahibi olduğu vurğulayıb: “Qələbənin əsas müəllifi sizsiniz. Bir neçə həftə öncə də burada görüşdük və sizə uğurlar arzuladım, tövsiyələrimi verdim. Avropa çempionatında stabil, mübariz oyun göstərdiniz. Hər birinizin bu qələbədə payı var. Bütün xalqımız bu qələbəyə sevinir”.
AŞF-in vitse-prezidenti Mahir Məmmədov da Avropa çempionluğunu yüksək qiymətləndirərək, Varşavada inamlı çıxışdan söz açıb. Onun sözlərinə görə, turnirin gedişi göstərib ki, komandada işlər düzgün qurulub: “Həm kapitan seçimi, həm də əhval ruhiyyə elə təəssürat yaradırdı ki, komandamız heç kimə uduzmayacaq. Sanki uşaqlarda bir arxayınlıq var idi. Yüksək peşəkarlıq nümayiş etdirdilər. Hiss olunurdu ki, gözə çarpmayan və arsenalda olan resurslar var. İstənilən vaxt işə salına bilər. Məncə, 8-ci tur həlledici tur oldu. Püşkatmanı da uğurlu saymaq olar. Uşaqların hamısı çox gözəl oynadılar. Teymur Rəcəbovu çıxmaqla, heç kim bir dəfədən çox məğlub olmadı”.
Məmmədov bildirib ki, lövhələr üzrə seçim də düzgün olub: “Uğur güclünü sevir. Arzu edirəm ki, bu əhval-ruhiyyə, bu heyət, bu əzmkarlıq 2016-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadası üçün saxlanılsın”.
Yığmamızın üzvlərindən Şəhriyar Məmmədyarov son 6 ildə 4 Avropa çempionatında medal qazandıqlarını xatırladaraq, qitənin heç bir ölkəsində belə uğurun əldə olunmadığını bildirib: “Belə bir turnirdə Avropa çempionu olmağımız bizim yüksək səviyyədə olmağımızı göstərir. Yarışa reytinqcə 6-cı kimi başlasaq da, qələbə qazandıq. Komanda şəklində işimizi elə qurduq ki, Fransa Rusiyaya uduzmasaydı, biz də erməniləri udmağa hazır idik. 2015-ci ildə Bakıda Dünya Kuboku, 2016-cı ildə isə Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Bu uğura həmin yarışlar öncəsi böyük hazırlıq kimi yanaşmaq olar. Belə dəstək olarsa, qarşıdakı yarışların hamısında uğurlar əldə etməyə hazırıq”.
Millimizin digər üzvü Teymur Rəcəbov isə qısa danışaraq komanda yoldaşının bütün fikirlərinə qoşulduğunu bildirib.
Qeyd edək ki, qəbuldan öncə millimiz mərhum prezident Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri qoyub.
banner

Oxşar Xəbərlər