• cümə, 19 Aprel, 22:29
  • Baku Bakı 24°C

Elman Rəfiyev: “Pantomima Teatrı 3D xarakteri daşıyır”

06.06.16 11:03 3582
Elman Rəfiyev: “Pantomima Teatrı 3D xarakteri daşıyır”

Mayın sonlarına yaxın Gürcüstan Dövlət Pantomima Teatrının yaranmasının 50 illiyinə həsr olunan Beynəlxalq Teatr Festivalı keçirilib. Və Tbilisidə 5 gün davam edən festivalda Azərbaycan Dövlət Pantomima Teatrı xalq artisti Bəxtiyar Xanızadə və Bəhruz Əhmədlinin "Son ştrix” tamaşası ilə çıxış edib. Əməkdar artist Elman Rəfiyev, aktyorlar Elnur İsmayılov, Bəhruz Əhmədli, Ceyhun Dadaşov, Nurlan Rüstəmov, Nuridə Musabəyli və Rafiz Mehdizadənin ifasında təqdim olunan tamaşa maraqla qarşılanıb.

Festival barədə geniş məlumat əldə etmək üçün Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyevlə görüşdük. Aktyor səfər barədə təəssüratlarını bizimlə bölüşdü:

- İlk olaraq onu bildirim ki, festivalda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iştirak etdik. Bizə yaratdıqları şəraitə görə, teatrımızın kollektivi adından Mədəniyyət Nazirliyinə təşəkkürümüzü bildiririk. Gürcüstan Dövlət Pantomima Teatrı ilə 20 ildir ki, dostluq edirik. İlk dəfə onlarla münasibətimiz 1996-cı ildə Bakıda keçirilən II Beynəlxalq Pantomima Festivalında yaranıb. Sözügedən teatrın yaradıcısı, tanımış rejissor Amiran Şalikaşvilidir. Hətta özü direktor olsa belə səhnəyə çıxıb tamaşalarda aktyor kimi obrazlar canlandırır. O, çox istəyirdi ki, bu festivalda bizim kollektiv də iştirak etsin. Biz də məmnuniyyətlə bu festivala qatıldıq. Festivalda bizdən əlavə Polşa, Yaponiya teatrları, həmçinin Gürcüstanın özü iki tamaşa ilə iştirak edirdi. İsraildən gələn aktyor iştirakçılara ustad dərsləri keçdi.

- Festivallar teatra nə verir?

- Festivalda iştirak etmək çox önəmlidir. Ona görə ki, festivallar sayəsində dünyaya inteqrasiya olunuruq. Misal üçün, biz Yaponiya Pantomima Teatrını tanımırdıq. Eləcə də festivalda iştirak edən digər teatrları. Festival bir bayramdır. Orada iştirak etdikdə, yeni dostluqların, əməkdaşlığın təməli qoyulur. 20 il bundan qabaq bizim keçirdiyimiz festivalda Tbilisi Pantomima Teatrın iştirak etməsəydi, indi onlarla əməkdaşlığımız yaranmazdı. Festivalların keçirilməsi çox təqdirəlayiqdir.

- Bəs Azərbaycanda necə, Beynəlxalq Pantomima Festivalının keçirilməsi gözlənilirmi?

- Son illər teatrlarımıza göstərilən qayğı göz önündədir. Ölkəmizdə müxtəlif festivallar, həmçinin, beynəlxalq festivallar keçirilsə də hələ ki, pantomima teatr festivalı keçirilmir. Pantomima Festivalının keçirilməsi çox gözəl olardı. Həm bizim tamaşaçılarımız digər ölkələrin pantomima aktyorları ilə görüşər, həm də sıx əlaqələrin qurulmasına şərait yaranardı.

Festivalda olarkən bizə də bu sualla müraciət etmişdilər. Biz də onlara bildirdik ki, Mədəniyyət Nazirliyimiz bu barədə düşünür. İnşallah, yaxın zaman ərzində bizim də paytaxtda Pantomima Teatrları festivalı keçirilər.

- Gürcüstan Pantomima Teatrı ilə əməkdaşlığınız davam edəcəkmi?

- Festivalda olarkən teatrımızın baş rejissoru xalq artisti Bəxtiyar Xanızadə ilə işləmək istədiklərini bildirdilər. Biz baş verən yenilikləri öncədən deməyi sevmirik. Ancaq yaxın zaman ərzində əməkdaşlığımızı görsəniz təəccüblənməyin. Çox istərdik ki, gələcəkdə onlardan bir rejissor gəlib bizdə tamaşa hazırlasın, yaxud da bizdən bir rejissor gedib xarici səhnədə tamaşa hazırlasın. Ola bilər ki, iki ölkə birlikdə tamaşa hazırlayaq. Hesab edirəm ki, bu maraqlı bir layihə ola bilər.

- Gürcü tamaşaçılarını teatral hesab etmək olarmı?

- Təpədən dırnağa qədər. Çox teatral xalqdırlar. 99-cu ildə Tbilisidə seminara getmişdik. Orada Zirzəmi teatrında "Üç quruşluq opera” tamaşasına baxdıq. Burada Tbilisinin müxtəlif dövlət teatrlarının aktyorları yığılıb bir tamaşada oynayırdılar. Elə oldu ki, tamaşanın ortasında işıqlar söndü. Ancaq heç kim yerindən tərpənmədi. 40 dəqiqə oturub işığın yanmasını gözlədilər. 40 dəqiqədən sonra işıqlar yandı və tamaşa olduğu yerdən davam etdi. Bir dənə olsun tamaşaçı teatrdan kənara çıxmadı. Bu da onların teatrsevərliyindən xəbər verir. Həqiqətən mən onda çox təəccüblənmişdim. 1999-cu ildə bizdə teatra o qədər maraq yox idi. O zaman gördüyüm hadisədən sonra bizim tamaşaçılarla oradakı tamaşaçılar arasında uzlaşdırma apardım... İndi vəziyyət əvvəlki illərə nisbətən çox yaxşıdır. Tamaşaçılar teatra gəlir, maraq göstərirlər. Son illər teatrlara göstərilən qayğının nəticəsində xaricdən rejissorlar gəlir, aktyor və rejissorlarımız xarici teatrlarda tamaşalar hazırlayırlar. Bunun özü də bir uğurdur.

- Elman bəy, gürcülər, eləcə də festival iştirakçıları bizim Pantomima və digər teatrlarımız haqqında nə dərəcədə məlumatlıdırlar?

- Gürcüstan Teatrının rəhbəri Amiran Şalikaşvili həqiqətən də Azərbaycan teatrlarını çox sevir, böyük hörməti var. O, mərhum sənətkarımız Həsən Turabovu yaxşı tanıyır. Hansı ki, birinci beynəlxalq festivalın keçirilməsində onun böyük əməyi olmuşdu. Gürcüstanda Xalq artistimiz Azərpaşa Nemətovu çox yaxşı tanıyırlar. Gürcüstan çox teatral bir ölkədir. Orada insanların teatra çox böyük marağı var. Şükürlər olsun ki, bizdə də son illər teatra qayğı və tamaşaçı diqqəti artmaqdadır. Bir ara tamaşaçılar sanki teatrdan soyumuşdular. İzləyicilər yeni simalara, filmlərə baxmağa can atırdılar. İndi tamaşaçıların əksəriyyəti canlı sənət növünə daha çox üstünlük verirlər. Teatr canlı ünsiyyət növüdür. Fikrimcə Pantomima Teatrı 3D xarakteri daşıyır. Çünki çox yaxın məsafədən tamaşanı izləmə imkanı əldə edirsən. Aktyor qaçarkən onun küləyi sənə dəyə bilər, onun nəfəsini hiss edirsən. Bizdə səhnə elə qurulub ki, tamaşaçı özünü səhnənin içində hiss edir.

- Festivalda əcnəbi teatrşünaslar, teatr xadimləri bizim tamaşamız və aktyorlar haqqında hansı fikirləri səsləndirirlər?

- Bizim festivalda nümayiş etdirdiyimiz tamaşamız çox uğurlu alındı. Tamaşadan sonra tamaşaçılar bizə yaxınlaşıb xoş sözlər deyərək, peşəkar aktyor heyətimizin olduğunu bildirdilər. Hətta eşidəndə ki, teatra yeni gələn Nuridə Musabəyli iki aya bu tamaşada rol alıb, onlar çox təəccübləndilər. Cavabı çox sadə idi. Bəxtiyar Xanızadənin aktyorlarla çox gözəl işləmə metodikası var.

O, ki, qaldı əcnəbi mətbuata, orada bizim tv kanallarımızın Gürcüstan üzrə müxbirləri də iştirak edirdi. Bizim haqqımızda xoş sözlər söyləniləndə onlar da fəxr hissi duyurdular. Gürcü tamaşaçılarını heyrətləndirmək, təəccübləndirmək heç də asan məsələ deyil. Çünki onların adi tamaşaçıları belə çox teatraldır. Hər bir xırda nüansa qədər diqqət yetirirdilər. Onlar 51 ildir ki, Pantomimaya baxırlar. Bizdə 22 ildir ki, Pantomima Teatrı fəaliyyət göstərir. Onların tamaşaçıları Pantomima ilə bağlı çox bilicidirlər. Həm oranın media işçiləri, adi tamaşaçılar, həm də aktyorlar tamaşadan sonra bizə yaxınlaşıb təbrik edib, xoş sözlər səsləndirdilər. Bəxtiyar Xanızadənin rejissorluq etdiyi tamaşanın özünəməxsus yolu olduğunu qeyd etdilər. Bu tamaşadan yararlandıqlarını bildirdilər. Biz İranda səfərdə olarkən pantomima deyəndə sırf ağ qrim, ağ əlcək, qara paltarda klassik pantomima nəzərdə tuturdular. Ancaq bu belə deyil. Pantomima bir yerdə qala bilməz. O daim zamanla ayaqlaşmalı, zəmanənin tələbinə cavab verməlidir. Pantomima elə bir sənət növüdür ki, orada mimika dili, bədən dili birgə nümayiş olunmalıdır. Sən də bugünkü zəmanənin dili ilə uyğunlaşıb tamaşaçılara nəyisə çatdırmalısan. Burada müasir rəqslərdən, yeri gələndə sözlərdən də istifadə etmək mümkündür. Bir sözlə deyə bilərəm ki, "Son ştrix” tamaşası böyük uğur qazandı. Çox zaman bizə sual verirlər ki, festivalda neçənci yeri tutdunuz? Festival bir bayramdır, yarış deyil. Düzdür, onlar festivalda iştirak etdiyimizə görə bizə diplom verdilər. Festival əməkdaşlığın yaranması üçün ən gözəl vasitədir. Tamaşa bitəndən sonra onların bizə sanki münasibəti dəyişdi. Biz gürcü tamaşaçılarını fəth etdik. Sonda hazırda teatrın direktoru olan oğul Amiran Şalikaşviliyəteatrımızın keçdiyi 22 illik yaradıcılıq yolundan bəhs edən albom bağışladıq. Bu albomda 1996-cı ildə Bakıda keçirilən festivalda onların iştirak etdiyi kadrlar da yer almışdı. Onlar da bu hədiyyəni çox dəyərləndirdilər.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər