• cümə, 29 Mart, 16:30
  • Baku Bakı 14°C

Elman Nəsirov: “ABŞ-Gülən şəbəkəsi-bəzi region ölkələri Azərbaycanda vəziyyəti gərginləşdirməyə çalışır”

14.09.16 23:07 1753
Elman Nəsirov: “ABŞ-Gülən şəbəkəsi-bəzi region ölkələri Azərbaycanda vəziyyəti gərginləşdirməyə çalışır”
Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman NəsirovunAPA-ya müsahibəsi
- Milli Şuranınson aksiyanı necə qiymətləndirirsiniz?
- Əli Kərimlinin sentyabrın 11-də keçirdiyi aksiya xaricdən alınan sifariş əsasında təşkil edilib. Azərbaycanda ictimai-siyasi sabitliyin, təhlükəsizlik mühitinin və inkişafın olmasında maraqlı olmayan qüvvələr ciddi-cəhdlə çalışır ki, Azərbaycan cəmiyyətinin daxilində "beşinci kalon”da tapsınlar və onlar vasitəsi ilə ölkəmizin daxilində gərginlik ocağı formalaşdırsınlar.
- Azərbaycanın xüsusi diqqət mərkəzində olması nədən qaynaqlanır?
- Bu gün Azərbaycan faktiki olaraq müsəlman dünyasında sabitlik adasıdır və bunu dünyada bir çox dairələr qəbul edə bilmir. Belə olan vəziyyətdəAXCPsədri Əli Kərimlinin, Milli Şura adlandırılan qurumun rəhbəri Cəmil Həsənlinin, o cümlədən bu gün onlarla eyni sırada addımlayan Müsavat, Ümid, REAL və digər belə qurumların aksiyada iştirakı təsadüfi deyil. Son məqsəd odur ki, Azərbaycandakı inkişaf tendensiyasının qarşısı alınsın. Çox maraqlı tendensiya ondan ibarətdir ki, bu qüvvələr həmişə belə anti-Azərbaycan aksiyaları reallaşdırmaq üçün konkret zaman, məqam gözləyirlər. Biz bunu prezident, parlament seçkiləri öncəsi, Azərbaycan böyük tədbirlərə ev sahibliyi edərkən, Bakıda keçirilən "Eurovision” Mahnı Müsabiqəsi, Birinci Avropa Oyunları zamanı gördük. Onlar məhz bu cür məqamlarda çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Azərbaycan dövləti, xalqımız sentyabrın 26-da dövlətimizin, xalqımızın taleyində çox mühüm rol oynaya biləcək referenduma hazırlaşır. Həmin qüvvələr də referendum öncəsi Azərbaycanda ictimai-siyasi sabitliyə yönəlmiş xəyanətkar addımlar atmaq istəyirlər. Sentyabrın 11-də keçirilən aksiyaya diqqət yetirilsə, eyni sifətləri, simaları görərik. Aksiyada radikal müxalifətin qohum-əqrəbası, pulla tutulmuş xüsusi adamlar fəallıq göstərirdilər.Biz referendumla bağlı paytaxtda, bölgələrdə insanlarla ünsiyyətdəyik. İnsanlarımız, cəmiyyətin hər bir üzvü bu gün Əli Kərimlinin və onun tərəfdarlarının, Müsavat, Ümid, REAL kimi qurumların bu cür anti-Azərbaycan fəaliyyətini kəskin şəkildə qınayır. Hesab edirlər ki, bu qüvvələr bir çox beynəlxalq anti-Azərbaycan dairələrin əlində alətə çevrilib. Həm də onlardan bir əlcək kimi istifadə edirlər. Bu adamlar bilməlidirlər ki, bir gün onları da istifadə etdikdən sonra əlcək kimi tullayacaqlar. Bu, reallıqdır. Amma bu gün Əli Kərimli və onun ətrafı əslində Azərbaycanın imicini ləkələyib, ilk növbədə ölkədə gərginlik yaratmaq üçün konkret sifariş icra edir. Bu, hər bir Azərbaycan vətəndaşına gün kimi aydındır.
- Bəs xarici amil özündə nələri ehtiva edir? Hanı ölkələr, qüvvələr Azərbaycanda stabilliyipozmağa, inkişafın qarşısını almağa çalışır?
- 11 sentyabr aksiyasından öncə Azərbaycanda müxalifət rəhbərlərinə münasibətdə ABŞ və digər Qərb ölkələrinin səfirliklərinin davranışlarına diqqət yetirməliyik. Çox maraqlı situasiya ilə üzləşirik. 11 sentyabrdan öncə ABŞ və bəzi Qərb ölkələrinin səfirliklərinə kimlər dəvət alır?AXCP, Müsavat, Ümid və REAL kimi qurumların rəhbərləri. Bu insanlarla müzakirələr aparılır, təlimatlar verilir. Maraqlıdır ki, bu görüşlərdən sonra nəhayət, Milli Şura mitinq barədə qərar qəbul edir. Deməli, qərarın qəbulu səfirliklərdə keçirilən görüşlərə qədər mümkün deyildi, qərar "ağamız nə deyir” məntiqindən çıxış edərək qəbul edilir.Digər maraqlı faktlar da var. 11 sentyabr aksiyası öncəsi ABŞ səfirliyində Azərbaycanda adını çəkdiyim siyasi partiyalara, təşkilatlara, eyni zamanda bir çox QHT-yə məlumatlar göndərilir, onlarla təmaslar qurulur. Onlardan bircə şey xahiş edilir ki, həm birbaşa mitinqə qatılsınlar, həm də KİV-də, sosial şəbəkələrdə mitinqi birmənalı dəstəkləsinlər. Biz bunların şahidiyik, bu faktlar bizə bəllidir. Eyni zamanda paralel proseslərin baş verdiyini də görürük. Hesab edirik ki, burada təsadüfdən söhbət gedə bilməz. Məsələn, Milli Şuranın rəhbəri Cəmil Həsənli Strasburqa dəvət alır, orada görüşlər keçirir. Eyni vaxtda ABŞ Konqresində Azərbaycanla bağlı müzakirələr təşkil edilir. Bütün bunların sinxron şəkildə eyni vaxta düşməsində heç bir təsadüfdən söhbət gedə bilməz. Bütün bunlar planlı, məqsədyönlü şəkildə həyata keçirilir. Məqsəd isə aydındır. Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, elə etmək ki, referendum aktı baş tutmasın, Azərbaycan cəmiyyətinə xaos aşılansın, bununla da, çirkin niyyətləri həyata keçsin.Xaricdəki dairələrin Azərbaycanda çirkin niyyətlərini həyata keçirmək üçün lupa ilə axtarış aparmalarına da ehtiyac yoxdur. Hər zaman bu niyyətləri Azərbaycanda həyata keçirmək üçün hazır qüvvələr var, cəmiyyətimiz də onları çox gözəl tanıyır. Bunlar simasını itirmiş, xəyanət yolu tutmuş qüvvələrdir. BuraAXCP, Müsavat, Ümid, REAL və bu kimi onlara bənzər qurumlar daxildir. Onlar hər zaman alət olublar, bu gün də alətdirlər, bunu özləri üçün həyat yolu seçiblər.Yeri gəlmişkən, bu dünyada havayı heç nə yoxdur. HəminAXCP, Müsavat, Ümid, REAL və bu kim qurumlar anti-Azərbaycan fəaliyyətləri ilə əlaqədar rəğbətləndirilir, stimullaşdırılırlar. Bunun özü də bir araşdırma predmetidir. Onlar haqlarını almadan belə yolu seçməzlər.Biz bu istiqamətdə başqa bir tendensiyanın da şahidiyik.
- Söhbət hansı tendensiyadan gedir?
- Adını çəkdiyim Qərb dairələri ilə yanaşı, qonşu ölkələrin də bu prosesdə yaxından iştirakı tendensiyasını izləyirik. Niyə bu qənaətə gəlmişik? "İslam Hərəkatı Birliyi”nin sədri Taleh Bağırzadənin və İslam partiyasının rəhbəri olmuş Mövsüm Səmədovun tərəfdarları da 11 sentyabr aksiyasında iştirak etməsinin şahidi olmuşuq. Əgər özünü "islam hərəkatı” ilə bağlayan qüvvələr mitinqə qoşulublarsa, deməli, bu aksiyada qonşu ölkələrin də müəyyən dairələrinin əli var. Bunu artıq proqnozlaşdırmaq elə də qəliz məsələ deyil, bunun üçün xüsusi ağıl, dərrakə tələb olunmur.Burada digər məqamı da nəzərdən qaçırmaq olmaz. Əli Kərimli və tərəfdarlarının əlaqəsi tək anti-Azərbaycan mövqeyinə dayanan ABŞ-dakı və Qərbdəki bəzi siyasi dairələrlə məhdudlaşmır. Eyni zamanda Gülən şəbəkəsi, FETÖ ilə müəyyən intensiv əməkdaşlığa dair faktlar mövcuddur. Bu gün Azərbaycan dövlətinin əlində təkzibedilməz faktlar var ki, FETÖ-nün Türkiyədən sonra məhz Azərbaycandakı radikal müxalifətin dəstəyi ilə ölkəmizdə də vəziyyəti gərginləşdirmək planları olub. Münbit şərait gözləyirdilər ki, həmin planı reallaşdırsınlar. Əgər FETÖ-nün planı Türkiyədə baş tutsaydı, həmin qüvvələrin növbəti hədəfi Azərbaycan olacaqdı. Lakin bu plan Türkiyədə baş tutmadı. Amma bu o demək deyil ki, həmin qüvvələr tutduqları yoldan əl çəkiblər. Bu, qətiyyən belə deyil. Onlar indiki vəziyyətdə sadəcə, digər qüvvələr vasitəsi ilə bunu etmək istəyirlər. Gülənçi qüvvələr bu gün Azərbaycanda gizlənmiş tərəfdaşları vasitəsi ilə deyil,AXCP, Müsavat, Ümid, REAL kimi radikal müxalif qüvvələrlə əlaqəyə girməklə vəziyyəti gərginləşdirməyə çalışır. Güman edirlər ki, vəziyyəti gərginləşdirsələr, onların papaq altında olan gizli nümayəndələri üzə çıxacaqlar və Azərbaycanda gərginlik pik nöqtəsinə çatacaq, beləliklə də, mənfur niyyətlərini həyata keçirə biləcəklər. Onlar bu düşüncə ilə yanaşırlar. İndi FETÖ-nün Azərbaycanda ən yaxın tərəfdaşı məhz hakimiyyətə qarşı radikal müxalifətdə dayananAXCPvə onun rəhbəri Əli Kərimlidir.Bir sözlə, ABŞ-Gülən şəbəkəsi-bəzi region ölkələri Azərbaycanda vəziyyəti gərginləşdirməyə çalışır. Azərbaycanın bu inkişafını, regionda lider dövlət olmasını, inkişaf etmiş dövlətlər sırasına daxil olmaq hədəfini gözü götürməyən qüvvələr fəallaşmağa başlayıblar. Çünki Azərbaycan xalqı çox mühüm bir siyasi tədbirə, referenduma hazırlaşır. Beynəlxalq anti-Azərbaycan qüvvələr ciddi-cəhdlə çalışır ki, Əli Kərimli və ona bənzər xəyanətkarlardan istifadə etməklə ölkəmizdə ictimai-siyasi sabitliyi pozsunlar. Amma bu niyyətin həyata keçməsi mümkün deyil. Azərbaycan xalqı müdrikdir. Bu gün bu qüvvələr Azərbaycanda ona görə mənfur niyyətlərini həyata keçirə bilmirlər ki, ölkəmizdə xalqla prezidentin monolit birliyi var. Xalq prezidentinə etimad göstərir. Əslində 2013-cü ildə prezident seçkiləri prezident İlham Əliyevin fəaliyyətinə qiymət verilən bir referendum idi. Xalqımız bu dəfə də prezidentin təşəbbüsünə böyük ruh yüksəkliyi ilə qatılacaq və Konstitusiyaya dəyişikliklərə səs verəcək. Bu, heç kimdə şübhə doğurmur. Bu isə Azərbaycanı istəməyən qüvvələrin yuxusuna haram qatır. ABŞ və Qərbdəki bəzi anti-Azərbaycan dairələr bu reallığı həzm etmək istəmir. Həm də onun fərqindədirlər ki, onlar Azərbaycanda hakimiyyətlə xalqın monolit birliyi fonunda çox zəifdirlər. Buna baxmayaraq, münbit şərait axtarırlar. Bu münbit şəraiti yaratmaq üçün də Azərbaycan daxilində sapı özümüzdən olan baltalardan, Əli Kərimli və onun kimilərin xidmətindən bəhrələnmək istəyirlər. Lakin bunlar bəhrəsi olmayan səylərdir.Hesab edirəm ki, məqam artıq çatıb. Azərbaycan xalqı Əli Kərimli və onun ətrafında olan anti-Azərbaycan qüvvələrə qarşı öz səsini ucaltmalı, onların təxribatçı fəaliyyətinə dözməyin qeyri-mümkün olduğunu ortaya qoymalıdır. Çünki onların fəaliyyəti nəticə etibarilə Azərbaycanı xaosa sürükləmək məqsədi daşıyır. Bütün vətənsevər qüvvələrin bir araya gəlməsi və haqlı səsini ucaltmasının vaxtı çatıb. Buna nə vaxta qədər dözmək olar? Artıq buna son qoymağın, Əli Kərimlinin və onun anti-milli dəstəsinin tam ifşa olunmasının, onların ölkənin siyasi səhnəsindən kənarlaşdırılmasının vaxtı çatıb. Onların son fəaliyyəti bu reallığı bir daha kəskin şəkildə ortaya qoydu.
banner

Oxşar Xəbərlər