• şənbə, 20 Aprel, 07:43
  • Baku Bakı 14°C

“Əllərində banka dilənə-dilənə qalıblar”

19.11.13 10:15 2216
“Əllərində banka dilənə-dilənə qalıblar”
Özlərini demokratik qüvvələr adlandıranların Milli Şurasında vəziyyət yenidən gərginləşib. Şuranın sədri, kinorejissor Rüstəm İbrahimbəyov təklif edib ki, bu qurumda həmsədrlik institutu yaradılsın. Bu təklifə Müsavat Partiyasından dərhal reaksiya gəlib. Partiya yetkililəri əvvəlcə sözügedən təklifin əleyhinə çıxıb, daha sonra isə R.İbrahimbəyovun Milli Şura sədrliyindən uzaqlaşdırılmasını istəyiblər. AXCP funksionerləri isə kinorejissorun təklifini dəstəkləməklə, müsavatçılarla eyni fikirdə olmadıqlarını bildiriblər. Müxalif düşərgədəki son proseslər, Milli Şuranın aqibəti, kinorejissor R.İbrahimbəyovun mətbuata açıqlamaları, partiyalararası fikir ayrılıqları və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev cavablandırır.
- Azərbaycan müxalifətinin indiki durumunu necə qiymətləndirirsiniz?
- Müxalifətin indiki durumunu uçurumun tam kandarında duran, özünə qısılıb qalan, qorxan, qorxduğu qədər də ürpənən, hətta ətrafına çökən sükut və səssizliyi belə öz müvəqqəti hüzuru üçün deyil, əcaib və möhkəm bağırtısı üçün arzulayan birinin düşdüyü vəziyyətə bənzədirəm. Acınacaqlıdır, həqiqətən! Tabloda sıfır göstərgisi var. Limit bitib. Təxminən yolun düz ortasında benzini bitən və yanacaq doldurma məntəqəsindən kilometrlərə uzaq olan avtomobil kimidirlər. Əllərində banka, butulka dilənə-dilənə qalıblar. Hamı isə bu zavallıları görməzdən keçir, ruh zənn edib keçir. Yenə seçki dövründə bəzi xarici qüvvələr, donorlar Milli Şurada cəmləşən anti-milli ünsürlərdən molla kəbinli arvad kimi də olsa istifadə etdilər, bir az bunlara “görüm-baxım”elədilər. İndi onlar da başını buraxıb əhd, söz, peyman verdiklərinin. Sahib durmurlar bu siyasət yetimlərinə. Ona görə də hay-haray salıb qalıblar. Biri burda “min dollar” kompaniyası aparır, biri Amerikada model olub fotosessiya keçirir, digəri isə illərdir söylədiyi nağılların növbəti cildini tirajlamağa hazırlaşır.
- Prezident seçkiləri ərəfəsində radikal müxalifət liderləri Milli Şurada bir araya gələrək vahid namizədlə seçkilərə qatıldılar. Lakin bu dəfə də seçkidən məğlub durumda ayrıldılar. Davamlı şəkildə seçkiləri uduzan liderlərin yenidən müxalifət partiya sədrliyinə iddialı olmaları nə dərəcədə düzgündür?
- Siyasət, siyasi meydan hazırkı radikal müxalifət üçün seçki ya da qələbə hədəfinə hesablanmış məkan olaraq öz qüvvəsini, anlamını çoxdan itirib. Onlar bəzi xəstə müğənnilər kimi ancaq gündəmdə qalmağın “peşində”dir. Və ya belə deyək: bəzi “manıs”lar necə ki, efirdən toy tutmaq üçün istifadə edir, bunlar da siyasətdə mümkün qədər çox qalmağı, müxalifətçiliyi monopoliyada saxlamağı yalnız və yalnız maliyyə resursları üçün gərəkli bilirlər. Çünki hər seçkidən seçkiyə ortalıqda yaxşı pullar oynayır. Hər seçkidən seçkiyə xamlamağa, əfəlləməyə kimlərsə tapılır. Bu söylədiyim nüans isə siyasəti öz beyninə çoxdan bazar iqtisadiyyatı və kapitalizm meyarları ilə əxz edən İsa Qəmbər, Əli Kərimli kimi köhnə “yırtıcılar” üçün son dərəcə önəmli faktordur. Hətta deyərdim, həyatı önəm daşıyan bir məsələdir. Odur ki, sırf şəxsiyyət prizmasından yanaşıldığında Əli Kərimli və İsa Qəmbərə haradasa haqq qazandırmaq olar. Niyə? Çünki adamlar hər addımında gizlətmədən göstərib və sübut edib ki, onlar xalqı və milləti deyil, ilk öncə özlərini, öz şəxsi maraqlarını, mənafelərini düşünürlər. Belə olan halda həmin saxta liderlərin üzərində günah payı qalırmı? Məncə xeyr! Əsl günah onlara inananlarda və ətraflarında dolaşan kamikadzelərdədir. Və ya 21 il yalan danışmağı, aldatmağı bacaran insan bu həyatda ən gözəl, ən mükəmməl bacardığı işdən niyə imtina etsin ki? Həmin işi bundan sonra niyə görməsin ki? İsası da, Əlisi də baxır ki, arxasınca apardığı kütləni ha tərəfə desən fırlaya bilir, arzuladığı kimi idarə edir, öz niyyətlərinə, məqsədlərinə rahatca uyğunlaşdırır. Vəssalam da. Uğursuz, qalibiyyət şansı olmayan adamın siyasətdə bundan artıq nə marağı ola bilər ki? Təbii, heç nə. Gül kimi “hava”nı, nəbzi tutublar. Kefləri kök, damaqları da çağ. Hamısının balaları xaricdə ən bahalı universitetlərin məzunudur, ən son marka avtomobilləri sürür, evləri, villaları, banklardan götürdükləri pulları “en” qədər. Bu minvalla müxalifətçiliyi niyə monopoliyada saxlamasınlar ki? Əlqərəz, adamlar haqqın yolunu tapıblar. Sadəcə, ətraflarında yengə siyasəti yürüdənlərə yazığım gəlir mənim. Onlar həqiqətən Allahın bədbəxt bəndələridir. Çünki 21 il eyni yalanı “yeyib”, həzmə vermək, üstəgəl bütün bunlar azmış kimi hələ bir də qürurlanmaq. Ancaq Allahın bədbəxt möhürü vurduğu bəndələrə xas xarakter ola bilər. Ən azından mən belə düşünürəm.
- Seçkidən əvvəl Milli Şura daxilində birlik görüntüsü yaradan liderlər arasında hazırda fikir ayrılıqları var. Müsavat Partiyası həmsədrlik institutunun təsisi barədə Rüstəm İbrahimbəyovun təklifinə qarşı çıxır. AXCP isə bu təklifi dəstəkləyir. Sizcə belə fikir ayrılığının yaranmasına səbəb nədir?
- O fikir ayrılığı məgər əvvəl yox idimi? Məgər Rəsul Quliyevə “bandit”, ”yalıncı”, ”mafioz” deyən bizmi idik? Özləri idi də. “Yeni Müsavat”ın köşə yazarı Xalid Kazımlı Milli Şuranı “raxit qurum” adlandırmışdı. Bunudamı xatırlamırsınız? Və ya Əli Kərimlinin keçmiş Milli Şura ilə indikini müqayisə edib öz rəqiblərinə şərəfsiz eyhamını vurmasını necə, onudamı unutmusunuz? Həmin adamlardır da. Dəyişən bir şey varmı? Məncə yox. Əlbət ki, eyni adlı estafetin bundan sonra da davamı gələcək. Sadəcə, ola bilər ki, mövzu dəyişsin, vəssalam.
- Sizcə ənənəvi müxalifət təmsilçiləri nə üçün Rüstəm İbrahimbəyovu təkləyirlər?
- Rüstəm İbrahimbəyovu kimsə təkləmir. O özü cəsarətsizliyinin və qorxaqlığının ucbatından “tənha yalquzaq” taleyi yaşayır. Onun cütlənmiş halı nədirsə, təklənmiş halı da odur. Bu adamı olsa-olsa Rəsul Quliyev kimi özünəbənzərlər dəstəkləyə bilər. O da sırf sahib olduqları, daşıdıqları kompleksləri qırmaq və zamanında İbrahimbəyovdan betər hərəkətlərinə haqq qazandırmaq üçün. Necə deyərlər, cəhənnəmə gedən özünə yoldaş axtarar. Başqa məntiq yoxdur burada.
- Rüstəm İbrahimbəyov Bizim yol qəzetinə müsahibəsində yaxın aylarda Azərbaycana gələcəyi barədə növbəti dəfə vəd verib. Sizcə onun bu vədi nə qədər inandırıcıdır?
- İbrahimbəyovun gəlişi məncə, artıq siyasi deyil, lətifə mövzusudur. Və ya səhv eləmirəmsə bu diletant siyasətşünas 9 ya 10-cu dəfədir eyni vədi verir. Amma hər dəfəsində də gəlib çıxa bilmir ki, bilmir. Ayağını ayaqqabımı sıxır, yolda qeyrət tonusumu düşür, yoxsa nə, bəlli deyil. Amma hələ adamı son bir ildə skaypdan və erməni əsilli iş adamının otelindən başqa heç bir məkanda gördüm deyən olmayıb. Odur ki, gəlin bu gəlişi də növbəti “ibrahimbəyovsayağı” gəliş kimi qiymətləndirib üzərindən ötək.
- Bütün bu baş verənlərdən belə bir nəticə çıxarmaq olarmı ki, yaxın vaxtlarda Milli Şura dağılaraq siyasi səhnədən silinəcək?
- Mill Şura çoxdan dağılıb. Hətta 11 ballıq zəlzələ ilə. Sadəcə, ortalıq dərin qəzadan sonra tozanaq içindədir. Ona görə hələ bilinmir, itki nə qədərdir. Tərs kimi haqqında danışdığım xarabalığa yaxınlaşmaq da mümkün deyil. Meyit qalanda üfunət qoxur axı, ona görə.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər