• şənbə, 20 Aprel, 17:59
  • Baku Bakı 23°C

“Əliyevdən Ermənistan açıqlaması”

15.06.17 09:00 1055
“Əliyevdən Ermənistan açıqlaması”
Müqəddəs Ramazan ayı ilə bağlı prezident İlham Əliyevin müsəlman ölkələrinin səfirləri qarşısında etdiyi çıxış qardaş Türkiyə mətbuatında geniş şəkildə işıqlandırılıb. Qardaş ölkənin əsas mətbu orqanları dövlət başçısının çıxışını baş xəbərlərinə çeviriblər.
Türkiyənin populyar "Milli qazete” qəzeti "Ermənistan islam aləminə qarşı günah işlətdi” başlıqlı məqalədə ölkə prezidentinin çıxışından sitatlar gətirib. Qəzet yazır ki, prezident İlham Əliyev bildirib ki, "Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini uzun illərdir ki, işğal altında saxlayır, bütün beynəlxalq normaları kobudcasına pozur, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə biganə qalır, işğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimizi məhv edib və bunu təsdiqləyən bir çox sənədlər, videomateriallar var. Erməni işğalı nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb”. Prezident əlavə edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. "Biz bütün beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı həqiqətləri ortaya qoyuruq, dünya ictimaiyyətinə çatdırırıq. Əlbəttə, bunu müsəlman ölkələrinin ictimaiyyətinə də çatdırırıq ki, bu ölkələrdə yaşayan bizim qardaşlarımız ermənilər tərəfindən işğal edilmiş torpaqlarda hansı vəhşiliklərin törədildiyini görsünlər. Bu vəhşilik təkcə Azərbaycana qarşı deyil, bütün müsəlman aləminə qarşı törədilib. Bu yaxınlarda işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ucaldılmış məscid Şuşa məscidinin memarlığını təkrarlayır. Şuşa məscidləri, Ağdam məscidləri, işğal altında olan digər şəhərlərimizin məscidləri ermənilər tərəfindən dağıdılıb. Bu cinayət bütün müsəlman aləminə qarşı törədilmiş cinayətdir. Biz istəyirik ki, bütün dünya müsəlmanları bunu bilsinlər” deyə mətbu orqan dövlət başçısının fikirlərini sitat kimi dərc edib.
"Yeni akıt” qəzetində dərc olunan "Əliyevdən Ermənistan açıqlaması! Yox etdilər” başlıqlı məqalədə qeyd edilir ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə öz töhfəsini verir. Səfirlərlə görüşdə prezident onu da bildirib ki, "Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Təşkilatın xətti ilə Azərbaycanda bir çox mötəbər tədbirlər keçirilib. Ötən il İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilmiş Zirvə görüşündə də təşkilat və onun üzvləri Azərbaycana bir daha öz dəstəyini bildiriblər. Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrini dəstəkləyir. Keçənilki Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da çox önəmli addımlar atılıb, qərar qəbul edilib. İslam Əməkdaşlıq Təşkilatı münaqişə ilə bağlı bir çox sənədlər, qətnamələr qəbul edibdir ki, o sənədlərdə Azərbaycanın haqlı mövqeyi dəstəklənir. Keçən il isə Ermənistanın təcavüzü ilə bağlı Kontakt Qrupu yaradıldı və biz bunu da çox yüksək qiymətləndiririk. Müsəlman ölkələri tərəfindən göstərilən dəstək və həmrəylik bizim üçün çox önəmlidir. Bu dəstəyə görə mən təşkilatın üzvlərinə minnətdaram”.
Bundan əlavə, "Son haberler.com” saytının "Ermənistan bütün islam aləminə qarşı günah işlətdi” başlıqlı məqaləsində də prezidentin qaldırdığı məsələlər yer alıb. Azərbaycanda "İslam Həmrəyliyi İli”nin elan olunması, il ərzində ölkəmizdə və digər dövlətlərdə bununla bağlı bir çox tədbirlər keçirilməsi vurğulanıb.
Yeri gəlmişkən, Türkiyə mətbuatı ölkəmizlə bağlı digər məsələlərə də yer ayırıb. Məsələn, nüfuzlu "Anadolu” agentliyi "Türkiyə və Azərbaycan birgə hərbi təlimləri davam etdirir” başlıqlı məqaləsində Naxçıvanda keçirilən təlimlərdən bəhs edib. Nüfuzlu "Hurriyet”, "Milliyet” qəzetləri, "Haberler.com” saytı keçirilən təlimləri iki ölkə arasında strateji münasibətlərin pik nöqtəsi sayır. Təlimlərin iyunun 16-na kimi davam etdiriləcəyi vurğulanıb. Öz növbəsində "Yeni asır” qəzetinin köşə yazarı Mehmet Demirçi "Can Azərbaycan” başlıqlı məqaləsində iki ölkə arasında münasibətlərin pik həddə olduğunu yazıb. "Biz Azərbaycana "Can Azərbaycan” deyirik. "Can” sözünün çox isti, geniş anlamı var. Bir sözlə, can; ruh, həyat, könül, ürək, daxili aləm deməkdir. Azərbaycanla Türkiyə arasında könül birliyi var. "Bir millət, iki dövlət” ifadəsi əbəs yerə deyilməyib. Çox təkrarlandığından, bunun mənası üzərində dayanmağa ehtiyac yoxdur. Sadəcə, onu mənasını dərk edərək söyləməliyik. Hər şeydən öncə, Azərbaycanla dilimiz eynidir. Türk respublikalarının dilləri arasında bizə ən yaxın olanı Azərbaycan türkcəsidir. Səbəb Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsinin eyni dil ailəsindən olmasıdır. Nəsimi və Füzuli iki ölkənin də dəyərli şairləridir. Yəni ümumi mədəniyyət coğrafiyamız bu qədər genişdir.
SSRİ dağılan zaman rus hakimiyyəti altında olmuş digər türk xalqlarının ziyalıları ana dillərində rahat danışa bilmirdi. Azərbaycanlıları bu təhlükədən xilas edən çox köklü, canlı ədəbiyyatlarının olmasıdır. Azərbaycanda müxtəlif sənət növləri inkişaf edib”, - deyə məqalədə vurğulanıb.
Azər
banner

Oxşar Xəbərlər