• cümə, 29 Mart, 16:46
  • Baku Bakı 14°C

Əliqismət Lalayev: “Tamaşaçılarımız bəzən peşəkarların qəbul etmədikləri səhnəciklərə meyllidirlər”

13.10.14 15:36 1747
Əliqismət Lalayev: “Tamaşaçılarımız bəzən  peşəkarların qəbul etmədikləri səhnəciklərə meyllidirlər”
Bir aydır ki, yeni teatr mövsümünə start vermişik. İş həftəsi bitdikdən sonra həftə ərzində yığılan bu gərginliyi çıxarmaq üçün ən ideal məkan isə canlı sənət növü olan teatrlardır. Biz də elə bu məqsədlə yenicə təmirdən çıxmış, gözəlliyi ilə göz oxşayan, tamaşaları ilə insanları düşündürərək güldürən Azərbaycan Dövlət Musiqili Teatrına yollandıq. Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevlə görüşdük. Ə.Lalayev bizimlə söhbətində teatrın yaxın zamanlarda baş tutacaq yeni premyeralarından danışdı.
Teatrın repertuarı onun simasıdır

- Artıq yeni mövsüm başlayıb. Bu mövsümdə Azərbaycan Dövlət Musiqili Teatrı öz tamaşaçılarına nələr təqdim edəcək?
- Əvvəla, onu qeyd edim ki, yeni mövsüm Azərbaycan teatrı üçün çox uğurlu başladı. Mövsümü I Şəki Beynəlxalq Teatr festivalı ilə açdıq. Ölkəmizdə fəaliyyət göstərən 23 dövlət teatrının 12-si bu festivalda iştirak etmək hüququ qazanmışdı. Biz də iştirakçılar sırasında idik. Orada Musiqili Teatra böyük etimad göstərərək bağlanış mərasimini bizə həvalə etdilər. Bu, böyük bir məsuliyyət idi. Festivalı Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” əsəri ilə bağladıq. Tamaşanın quruluşçu rejissoru İradə Gözəlovadır. Nümayiş etdirdiyimiz tamaşa haqqında festival iştirakçıları və teatr ictimaiyyəti tərəfindən xoş sözlər söylənildi. Özüm də tamaşanın uğur qazanacağına inanırdım. Musiqili Teatrın tamaşası festivalın ən yaxşılarından biri oldu. Sonda Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Beynəlxalq Şəki Festivalının təsisçilərindən biri olan Şəki Rayon İcra Hakimiyyətinin xüsusi diplomlarına layiq görüldük. Yeni mövsümə beləcə başladıq. Festival çərçivəsində Xalq artisti, görkəmli gülüş ustası, bizim teatra şöhrət gətirən və teatrımızın şöhrətləndirdiyi Lütfəli Abdullayevin 100 illik yubileyi də qeyd olundu. Yubiley həmçinin ölkəmizin mədəniyyət ocaqlarında və bizim teatrda da keçirildi. Şəkinin L.Abdullayev küçəsində sənətkarın büstü qoyuldu. Biz də öz tamaşamızı L.Abdullayevin 100 illik yubileyinə həsr etdik.
Sentyabrın 27-28-də isə stasionarda mövsümün ilk premyerası Oqtay Kazıminin “Qızıl toy” operettası oldu. Hazırda teatrın səhnəsində yenə də məşq prosesləri gedir. Hesab edirəm ki, teatrın yaradıcısı olan Üzeyir bəy Hacıbəyovun operettalarının hər zaman teatrın repertuarında olması vacibdir. Bildiyimiz kimi, Musiqili Teatrın əsası Ü.Hacıbəylinin “Ər və arvad” operettası ilə qoyulub. Həmin komediya indi də teatrımızın səhnəsində oynanılır. Müxtəlif vaxtlarda da “O olmasın, bu olsun” tamaşası bizim repertuarda yer alıb. Hazırda bu əsər üzərində məşq prosesi gedir. Oktyabrın 25-26-da “O olmasın, bu olsun” tamaşasını təhvil verməyi düşünürük. Tamaşanın rejissoru Xalq artisti Cənnət Səlimovadır. Bundan başqa, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda “Toya bir gün qalmış” (Ə.Səmədli-red.) tamaşasının məşqləri gedir. Sözügedən komediyada əsas obrazı xalq artistimiz Afaq Bəşirqızı oynayır.
Biz azyaşlı tamaşaçılarımızı da unutmamışıq. Abdulla Şaiq adına Dövlət Kukla Teatrında uzun müddət çalışan, uşaqlar üçün maraqlı tamaşalara quruluş verən Elşad Quliyev bizim teatra dəvət olunub. Onun quruluşunda “Yatmış gözəl və yeddi balaca cırtdan” tamaşası təqdim olunacaq. Layihənin təkliflər paketi artıq hazırdır.
Bu mövsümdə İradə Gözəlova teatrımızda ikinci bir işinə də start verəcək. O, “Min bir gecə” nağılları əsasında tamaşaya hazırlayacaq. Qeyd etdiyim tamaşada SSRİ xalq artisti Fikrət Əmirovun “Min bir gecə” baletinə yazdığı musiqidən istifadə olunacaq. Düşünürəm ki, bu tamaşalar da baxımlı əsərlər sırasına daxil olacaq.
- Repertuar teatrın göstəricisidir. Siz teatrın repertuarını tərtib edərkən ən çox nəyə diqqət yetirirsiniz?
- Biz repertuar seçiminə çox ciddi yanaşırıq. Əslində belə də olmalıdır. Teatrın repertuarı onun simasıdır. Repertuar tamaşaçının səhnədən görmək istədiyi əsərlər toplumudur. Repertuarda qiymətləndirdiyimiz, maraqlı mövzusu olan əsərlər yer tutmalıdır. Bəzən deyirlər ki, teatr kütləni öz arxasınca aparmalıdır...
“Tamaşaçıların zövqü məni təəccübləndirir”
- Bəli. Müəlliməm Məryəm Əlizadə tədris zamanı bizə deyirdi ki, teatr qaranlıqda aydınlanan bir məşəldir. Kütlə onun işığına toplaşıb, onun getdiyi istiqamətdə getməlidir.
- Çox düzgün fikirdir. Ancaq bəzən görürük ki, tamaşaçı o qaranlıqda doğan məşəlin ətrafına toplaşmır. Bilmirəm, ya onun istisi tamaşaçıları kənarlaşdırır, ya da bu məşəlin odumu, közümü, tüstüsümü hər kəsə xoş gəlmir. Tamaşa hazırlayarkən elə nüanslara önəm verməliyik ki, tamaşaçı teatra gələndə ondan bezməsin, teatrda keçirdiyi vaxt onun üçün maraqlı olsun. Misal üçün, elə əsərlər var ki, görürəm çox səliqəli tamaşa alınıb. Amma libretto sarıdan hesab edirəm ki, o tamaşa zəifdir. Lakin tamaşaçılar həmin əsəri izləyəndən sonra aktyorları səhnədən buraxmırlar. Libretto mühüm rol oynayır. Musiqi nə qədər gözəl olsa belə, librettosuz tamaşa heç cür mükəmməl alına bilməz. Onda biz gedib Filarmoniyada oturub gözəl musiqi nömrələrini dinləyərik. Teatra gəlmişiksə, baxdığımız əsər bizdə maraq doğurmalıdır. Orada baş verən hadisələr bizim içimizdən keçməlidir, bizə toxunmalıdır. Əgər bu yoxdursa, deməli tamaşa yoxdur. Bəzən tamaşaçıların zövqü məni təəccübləndirir. Amma hər halda mən o tamaşaçılara minnətdaram. Ona görə ki, onlar tamaşaya dəyər verib teatra gəlirlər. Həmin tamaşalar peşəkarların tənqidinə məruz qalsalar belə, istənilən halda biz tamaşaçılar üçün işləyirik. Bəzən müxtəlif konsert proqramları ilə çıxış edən aktyorlar neçə gün ard-arda səhnəyə çıxırlar. Sonra başlayırlar onlar haqqında tənqidi fikirlər söyləyib, aşağı səviyyəli səhnəciklər olduğunu deyirlər. Həmin səhnəciklərin tamaşaçıların zövqünü korladığından danışırlar. Özünüz də bilirsiniz ki, söhbət kimlərdən gedir. Amma hesab edirəm ki, tamaşaçı onu qiymətləndirirsə, onların konsertlərinə gedirsə, hətta bugünkü Azərbaycan teatrı üçün fantastik görünən rəqəmə bilet alıb bu tamaşalarda oturursa, deməli bu tamaşalar onların ürəyincədir.
- Qeyd edirsiniz ki, tamaşaçılar bəsit səhnəciklərə meyllidirlər?
- Mən onlara bəsit səhnəciklər də deməzdim. Tamaşaçıları qınamıram ki, siz bəsit səhnəciklərə meyllisiniz. Belə deyil. Amma bəzən peşəkarların qəbul etmədikləri səhnəciklərə meyllidirlər. Təbii ki, burda zövq məsələsi də var. Zövqlər isə müxtəlifdir.
- Bəlkə biz də teatrlarımızda tamaşaçıların görmək istədikləri səhnəcikləri onlara göstərək? Bəlkə siz də məhz onların zövqünə uyğun tamaşalar nümayiş etdirəsiniz? Bu üsulla tamaşaçıları teatra yönləndirə bilərikmi?
- Ona görə də az öncə qeyd etdim ki, bizim teatrda hər üslubda və səviyyədə tamaşalar nümayiş olunur. Çox istərdim ki, tamaşaçılar gəlib Əsgər Əsgərovun quruluşunda olan tamaşalara baxsınlar. İradə Gözəlovanın “Kimdir müqəssir?” tamaşasını görsünlər. Bizim teatrda tamaşaçını güldürə və təbii ki, düşündürə biləcək kifayət qədər tamaşalar var. Gəlsinlər, əylənsinlər və doyunca gülsünlər.
- Ötən mövsüm demişdiniz ki, teatrın saytı yeni formatda tamaşaçılara təqdim olunacaq. Bəs bu təqdimat nə zaman olacaq?
- Hər gün demək olar ki, teatrın işlək olan saytında yenilənmələr gedir. Biz məzuniyyətə gedəndə düşünürdük ki, yeni mövsümə gələndə yeni saytı təqdim etməliyik. Saytımız onsuz da fəaliyyət göstərir. Siz ən son məlumatları oradan öyrənə bilərsiniz. Sadəcə olaraq biz orada yeniliklər etmək istəyirik. Hər gün bu işə məsul olan Emin Mirkərimov o qədər yeniliklərlə qarşıma gəlir ki! Bunların hamısını bizim saytda tətbiq etmək istəyir. Yəqin ki, yaxın zamanlarda saytımızı yeni tərtibatda tamaşaçılara təqdim edəcəyik.
- Əliqismət müəllim, teatrda nəsil dəyişkənliyi ilə bağlı sual vermək istəyərdim. Musiqili Teatrda bir çox peşəkar sənətkarlarımız var. Gələcəkdə onları əvəz edə biləcək gənc nəsil yetişirmi?
- Bu gün çox istedadlı və bacarıqlı gənc aktyorlarımızın sayı kifayət qədərdir. Gənclər bol enerji ilə çalışırlar, bəzi vaxtlarda hətta üstünlük təşkil edirlər. Elə tamaşalarımız var ki, onlar yalnız gənclərin ifasında səslənir. Bu gün teatrda Prezident təqaüdçüsü Amil Məmmədov, Əməkdar artist Səidə Şərifəliyeva, ötən il “İlin aktrisası” adına layiq görülən Gültac Əlili var. Gültac teatrımızın əksər tamaşalarında baş rolları ifa edir. Repertuarda demək olar ki, Gültacsız bir tamaşa belə yoxdur. Rejissorlar istəyirlər ki, onunla işləsinlər. Onun həyat yoldaşı Hüseyn Əlili də çox maraqlı aktyordur. İstedadlı gənclərimiz çoxdur. Əliməmməd Novruzov, Elvin Əliyev, Şaban Cəfərov, Əlif Cahangirov da onların sırasındadır.
“Bir tamaşada 60-70 nəfər səhnəyə çıxır”
- Musiqili Teatrı beynəlxalq teatrlarda çox az hallarda görürük.
- Başqa teatrlardan fərqli olaraq bizim repertuarda olan tamaşaların iştirakçısı çoxdur. Belə ki, tamaşalarımızda əsas rol oynayan xorun, orkestrin, baletin və bunların hər birinin 25-30 işçisi var. Bir tamaşada ən azından 60-70 nəfər səhnəyə çıxır. Bunların maliyyə məsrəfləri çoxdur. Bu da Musiqili Teatrın qastrol səfərlərinə və festivallara getməsinə bir sıra əngəllər yaradır. Misal üçün mövsümün açılışı zamanı Şəkidəki festivala ən çox kollektivlə gedən teatrlar sırasında idik. Oraya 28 nəfərlə getmişdik. Başqa teatrlar 2-3 nəfərlə, ən çoxu 15 nəfərlə festivalda iştirak edə bilirlər. Amma təbii ki, biz festivallara gedirik. İranda, Tiflisdə, Moskvada, Novosibirskdə, Yekaterinburqda səfərlərdə olmuşuq. Azərbaycan Teatrının 140 illik tarixində ilk olaraq məhz biz Amerikaya getmişik. İlk dəfə olaraq Azərbaycan teatrlarından Amerikaya biz yol açmışıq.
- Uğurlarınız bol olsun. Son olaraq istərdim ki, təmirdən yeni çıxmış Musiqili Teatrda işləməyin perspektivlərindən danışasınız.
- Təmirli mənzildə, gözəl şəraiti olan binada, gözəl evdə yaşamaq da gözəldir. Bura da bizim evimizdir. Səhər saat 9-da binaya girib, axşam saat 11-də çıxırıq. Bizim “Qızıl toy” tamaşamıza baxsanız, görərsiniz ki, orada bir sıra yeni texniki avadanlıqlardan istifadə olunub. Teatrın son texniki nailiyyətləri o tamaşada öz əksini tapır. Burada işləmək xoşdur. Ümumiyyətlə, teatrda işləmək və yaşamaq xoşdur. Biz teatrla nəfəs alırıq. Biz burada bir ailə kimi yaşayırıq. Düşünürəm ki, teatra hərə öz sevgisini gətirsə, tamaşaçıların da teatra böyük sevgisi yaranar.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər