• şənbə, 20 Aprel, 14:35
  • Baku Bakı 23°C

“Əlimin dadı mənə verilən vergidir” – Sadə peşə adamı

09.09.14 11:03 6297
“Əlimin dadı mənə verilən vergidir” – Sadə peşə adamı
“Şirniyyatçı əlinə götürdüyü məmulatın xasiyyətini bilməlidir. Bəzilərinə bu gülməli gələ bilər ki, bir məmulatda necə xasiyyət ola bilər? Həqiqətən şirniyyata qatılan hər bir ərzağın spesifik xüsusiyyətləri var. Yaxşı şirniyyatçı şirniyyat hazırlayarkən, onu hiss etməlidir”.
Bu sözləri bizimlə söhbətində gənc olmasına baxmayaraq, uzun müddətdir şirniyyat işi ilə məşğul olan və telekanallarda da kifayət qədər tanınan şirniyyatçı Azadə Dadaşova söylədi. Həmsöhbətimiz bişirdiyi şirniyyatlarla qısa müddətdə özünü təsdiq etmiş, hətta hazırda ölkəmiz üçün professional şirniyyatçılar yetişdirir. Onunla, sənətinin xüsusiyyətlərindən və dadlı şirniyyat bişirməyin sirlərindən danışdıq. Əvvəlcə müsahibimizlə tanış olaq.
“Şirniyyat mənim hobbimdir”

Azadə Dadaşova Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “mühasibat uçotu” fakültəsini bitirib. Burada təhsil almazdan əvvəl isə Mərkəzi Univermaqda kadrlar şöbəsində inspektor vəzifəsində çalışıb. Müsahibimiz ailə həyatı qurduqdan sonra işindən uzaqlaşıb. O deyir ki, bu müddət ərzində hobbisi olduğu üçün şirniyyat bişirməyə başlayıb: “Şirniyyat bişirməyi çox sevirəm. Şirniyyat bişirərkən aldığım zövqü, hiss etdiyim xoşbəxtliyi heç bir işdə tapa bilmirəm. Bişirdiyim şirniyyatlar əlimdə o qədər dadlı alınırdı ki, qohum-əqrəba, qonum-qonşular sifariş verməyə başladılar. Beləliklə, bu işə aid olduğumun, işimdən həzz aldığımın fərqinə vardım və şirniyyat sexlərindən birində şirniyyatçı kimi işə başladım”.
Həmsöhbətimiz şirniyyat işi ilə yanaşı yaxşı rəsm çəkir və dizayn verir. Hətta onun çəkdiyi rəsmlər olimpiadalardan birində yer tutub. Bu qabiliyyəti ona şirniyyat işində çox kömək olub: “İlk gündən məni işə şagird kimi deyil, professional işçi kimi götürdülər və 8 nəfər qızla birlikdə tortların dizaynını mənə tapşırdılar. Daha sonra “Başkənt Restoran və Şirniyyat Evi”ndən iş təklifi aldım. Bundan öncə isə, efirdə “Süfrəmiz” verilişində çalışırdım. Artıq üç ildir ki, burada çalışıram və peşəkar şirniyyatçı hazırlayıram”.
Müsahibimizin sözlərinə görə, ona şirniyyat təklifi gəldikdə artıq o zaman dizaynı beynində qurur və tətbiq edir. Üstəlik, ona sifariş edilən istənilən əsəri tortun üzərində yarada bilir.
Allahdan gələn vergi

Şirniyyat bişirməyə 13 yaşından başladığını deyən müsahibimiz bu istedadın hər insana verilmədiyini, əlinin dadının Allah tərəfindən verilən vergi olduğunu bildirdi: “Ailəmdə heç kim şirniyyatçı olmayıb. Hələ 13 yaşımdaykən anam tort bişirmək üçün forma alıb gətirmişdi. Mən bunun nə olduğunu bilmirdim. Anam mənə bu qabın hansı işə yaradığını izah etdi və bu, mənə çox maraqlı gəldi. Anamın tort bişirməyə həvəsi yox idi, amma dadlı piroq bişirirdi. Mən də düşündüm ki, bu qabda şirniyyat bişirim. Məktəbdə əmək müəllimimin yazdırdığı şirniyyat reseptlərindən birini tətbiq etməyə başladım. İlk dəfə olmasına baxmayaraq şirniyyat əlimdə çox dadlı alınmışdı. Nənəm həmişə deyirdi ki, bu uşağın əlinin dadı var, əlini nəyə vursa, onda yaxşı alınacaq. Nənəm məni həvəsləndirdikdən sonra yavaş-yavaş şirniyyat bişirməyə başladım. Sonra jurnallar aldım. Jurnallardakı reseptlərlə şirniyyat hazırladım. Beləliklə, özümü təkmilləşdirdim”.
“Şirniyyatı hiss etrməlisən”

Dadlı şirniyyat bişirməyin sirlərindən danışan həmsöhbətimiz deyir ki, hər kəs şirniyyat bişirə bilər, amma dadlı şirniyyat bişirmək hər adamın işi deyil: “Şirniyyatçı əlinə götürdüyü məmulatın xasiyyətini bilməlidir. Bəzilərinə bu, gülməli gələ bilər ki, bir məmulatda necə xasiyyət ola bilər? Məsələn, şirniyyat hazırlayarkən bütün ərzaqları qarşına yığırsan. Bəziləri hesab edir ki, bunların hamısını göstərildiyi kimi bir-birinin üzərinə töksək, şirniyyatımız hazırdır. Amma belə deyil. Məsələn, olur ki, qatıq durudur və yaxud yumurta balacadır, kakaonun rəngi açıqdır. Şirniyyatçı bunu hiss etməli və hazırladığı məmulatda nəzərdə tutmalıdır. Bəzən olur ki, mənə zəng vurub deyirlər ki, siz nə deyirsiniz edirəm, amma məndə alınmır. Şirniyyatı bişirərkən onu yaşamaq lazımdır. Ən əsası insan işini iş görmək xatirinə deyil, zövq aldığı üçün etməlidir. Onu hiss etməyəndə şirniyyat da yaxşı alınmır”.
Unu sevən uşaq

Müsahibimiz hesab edir ki, şirniyyatçının əlində də xüsusi qabiliyyət olur. Eyni şirniyyat hər adamda eyni dərəcədə alınmır: “Mən uşaq olarkən anam xəmir yoğurmaq üçün məmulatlarını yanına yığırdı, o gəlincə mən hamısını qarışdırıb yoğururdum. Özü də məəttəl qalırdı ki, əlimdə xəmir necə tez gəlib. Nənəm həmişə deyirdi ki, bu uşaq unu o qədər çox istəyir ki, un da bunu hiss edir və onu sevir. O zaman mənə gülməli gəlirdi. İndi nənəmin nə demək istədiyi başa düşürəm. Ola bilməz ki, mən hansısa resepti birinci dəfə hazırlayım, o məndə alınmasın”.
Bəzən şirniyyat hazırlayarkən reseptlərdən kənara çıxdığını söyləyən müsahibimizin özünəməxsus reseptləri də olur. Ən çox özünün yaratdığı albalı piroqunu bişirdiyini vurğulayan həmsöhbətimiz deyir ki, bizim millət daha çox ev üsulu tortların hazırlanmasına üstünlük verir: “Bizim millət şirniyyatı çox sevir. Bəzən o qədər sifarişim olur ki, övladlarımın ad günündə tort bişirməyə vaxtım qalmır. Sifarişlər isə daha çox ev üsulu tortların hazırlanması yönündə olur”.
“Cerinin quyruğu yadımdan çıxdı”

İş başında başına gələn maraqlı hadisələrdən danışan müsahibimiz deyir ki, ən çox torta dizayn verdikdə gülməli hadisələr olur: “Nə qədər professional olursan-ol, iş qəzaları qaçılmazdır. Məsələn, bir dəfə tortun üzərində Tom-Cerinin şəklini çəkirdim. Hazırladıqca, özüm də bilirdim ki, nə isə yadımdan çıxıb. Amma nə olduğunu bilmirdim. İş yoldaşlarımdan soruşdum, sən demə, Cerinin quyruğunu çəkməmişəm. Növbəti Tom Cerri şəkilli tort sifarişimdə isə, Tomun yanında Cerrinin əvəzinə “Nu poqodi”nin dovşanını çəkmişdim”.
Azadə xanım şirniyyatçı olsa da, şirini çox yemir. O deyir ki, evdə o qədər çox şirniyyat bişir ki, uşaqlar da artıq şirniyyatdan doyub və şirniyyatı sevmirlər.
Sonda müsahibimiz vurğuladı ki, hansı peşə olursa olsun, onun professionalı olmaq üçün mütləq işini sevməlisən və ondan zövq almalısan.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər