• cümə axşamı, 28 mart, 22:05
  • Baku Bakı 13°C

Əlimərdan bəy Topçubaşov görkəmli diplomat kimi

24.10.13 08:09 8959
Əlimərdan bəy Topçubaşov görkəmli diplomat kimi
“Onlar həqiqətən vətəndaşlıq şücaəti göstəriblər, həqiqətən öz xalqı milləti qarşısında böyük qəhrəmanlıq nümunələri göstəriblər. Xalq cumhuriyyətinin yaradıcıları – Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Usubbəyov, Həsən bəy Ağayev, xalq Cumhuriyyətinin ilk milli şurasının bütün üzvləri, xalq cumhuriyyətinin hökumətinin üzvləri Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstəriblər.”
Fikrimizicə, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci ilin 27 mayında Azərbaycan Xalq Cumhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə səsləndirdiyi bu fikir Azərbaycan tarixində müstəsna rolu olmuş xalq cumhuriyyəti liderlərinin fəaliyyətinə verilən böyük qiymətdir. Bu fikir həm də tarixçilər üçün XX əsrin əvvəllərində qurulan müstəqil cumhuriyyətimizin tarixini öyrənərkən istiqamətverici, kompas rolunu oynayır və oynamalıdır.
Deyirlər ki, müstəqilliyi əldə etmək və yaxud elan etmək asan, onu qəbul etdirmək, qoruyub saxlamaq isə çətindir. Bu mənada Şərqdə ilk demokratik cumhuriyyət olan Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Mustafa Mahmudov, Həmid bəy Şahtaxtinski və digərlərinin adı ilə bağlıdırsa, qazanılmış müstəqilliyin dünyaya de-fakto tanıdılması Azərbaycan xalqının böyük oğlu, əslən İrəvan əsilzadələrindən olan Əlimərdan bəy Topçubaşovun adı ilə bağlıdır. O Azərbaycan Xalq Cumhuriyyətinin mövcud olduğu bütün dövr ərzində özünü bacarıqlı diplomat kimi göstərmişdir. Əlimərdan bəy həm Azərbaycanın İstanbuldakı fövqəladə və səlahiyyətli nümayəndəsi olarkən, həm Azərbaycan Xalq Cumhuriyyətinin Xarici İşlər Naziri kimi fəaliyyət göstərərkən, həm Fransada keçirilən sülh konfransında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edərkən birmənalı şəkildə Azərbaycan xalqının və Azərbaycan dövlətinin mənafelərini əsas tutmuşdur. Mətbuatımızda Azərbaycançılıq ideyalarının təbliğində xüsusi rol oynamış Əlimərdan bəy Topçubaşovun diplomatiyasında da Azərbaycançılıq müəyyənedici faktor olmuşdur.
Fətəli xan Xoyskinin 1918 il iyunun 17-də Gəncədə təşkil etdiyi 2-ci hökumət kabinəsi tərkibində əvvəlcə portfelsiz nazir, avqustun 23-də isə Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə elçisi və səlahiyyətli naziri kimi İstanbula göndərilmiş Ə.Topşubaşov İstanbulda olmasında baxmayaraq həmin ilin oktyabr-dekabr ayları ərzində həm də Azərbaycan Xalq Cumhuriyyətinin xarici işlər naziri olmuşdur. İstanbulda qızğın diplomatik fəaliyyət göstərən Topçubaşov 1918 il oktyabrın 2-dən 1919 il yanvarın 16-dək burada 36 rəsmi görüş keçirmiş, danışıqlar aparmış, 1919 il yanvarın 10-da Osmanlı Sultanı Mehmetlə görüşmüşdür. İstanbulda olarkən Əlimərdan bəy İngiltərənin, ABŞ-ın, İtaliyanın, Hollandiyanın, İsveçin, İranın, Ukraynanın buradakı səlahiyyətli nümayəndələri - İranın xarici işlər naziri M.Əliqulu xanla, Rusiyanın keçmiş xarici işlər nazirləri P.Milyukov və S.Sazonovla vacib görüşlər keçirmişdir.
Əlimərdan bəy Topçubaşovun yüksək diplomatik bacarığını bir də o amillə əsaslandırmaq olar ki, o dünyanın dəyişən şərtləri altında bütün vəziyyətlərdə Azərbaycanın mənafeyinə xidmət edən addımlar atmağa çalışmış və əksər hallarda buna nail olmuşdur. Bu mənada Topçubaşovun təkcə Osmanlı dövlətindəki fəaliyyətinə diqqət yetirmək kifayətdir. Bu zaman hərbi və sosial-iqtisadi vəziyyətinin ən böhranlı dövrlərini yaşayan Osmanlı dövlətində ardıcıl olaraq hökumət dəyişikliklərin baş verməsinə baxmayaraq Əlimərdan bəy Topçubaşov bütün hökumətlərlə fəal əlaqəni təmsil etmiş, Osmanlı dövlətinin Azərbaycan siyasətinin sabit qalmasına yardımçı olmuşdur.
Birinci dünya müharibəsində (1914-18) Almaniya-Osmanlı ittifaqının məğlub olmasından sonra Türkiyə hökumətinin Mudros barışığı (1918) ilə razılaşmasına Əlimərdan bəy Topçubaşov kəskin etirazını bildirmiş və Azərbaycan dövlətinin maraqlarının dönməz müdafiəçisi rolunda çıxış etmişdir. O, noyabrın 3-də İstanbulda Mudros barışığını imzalamış dənizçilik naziri, Batum və Trabzon konfranslarında Türkiyə nümayəndə heyətinin rəhbəri Rauf bəylə, noyabrın 4-də xarici işlər nazirinin müavini Rəşid Hikmət bəylə. noyabrın 5-də isə xarici işlər naziri Naib bəylə görüşərək, barışıq müqaviləsinin Azərbaycana aid 11 və 15-ci maddələri ilə əlaqədar öz etirazmı bildirmişdir.
Ə.M.Topçubaşov Mudros barışığının Azərbaycana aid hissəsi ilə bağlı Osmanlı hökumətinin xarici işlər nazirinin müavini Rəşid Hikmət bəyə etiraz notası vermişdi. Notada deyilirdi ki, Osmanlı hökumətinin Azərbaycan Respublikasını tanımasına baxmayaraq, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri haqqında maddənin Mudros barışığına daxil edilməsi beynəlxalq hüquqa və qaydalara zidd olub, Azərbaycanın ingilislər tərəfindən işğal edilməsinin asanlaşdırılmasına xidmət edir. Mudros barışığının Bakıya aid maddələri barədə Osmanlı hökumətinə etiraz notası təqdim edən Ə.M.Topçubaşov noyabr ayının ortalarında həmin notanın surətini İstanbula gələn müttəfiqlərin hərbi nümayəndələrinə də təqdim etmişdi.
1918 il dekabrın 7-də öz işinə başlayan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin elə ilk iclasında İstanbulda olan Topçubaşovun, qiyabi olaraq, Parlamentin sədri seçilməsinə baxmayaraq Əlimərdan bəy diplomatik fəaliyyətini davam etdirmiş, dekabrın 28-də Azərbaycan Hökumətinin və Parlamentin ağsaqqallar Şurasının birgə iclasında Ə.Topçubaşov Paris Sülh Konfransına göndərilən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin sədri təyin olunmuşdur. Nümayəndə heyətinin Fransaya vizasının təmin olunmas üçün aparılan gərgin danışıqlar zamanı Əlimərdan bəy Topçubaşovun siyasi istedadı, qətiyyətinin bir daha şahidi oluruq. Fransdakı erməni lobbisinin və bir çox digər subyetktiv amillərin təsiri nəticəsində nümayəndə heyyətinə və birbaşa olaraq Ə.Topçubaşova vizanın verilməməsi onu heç zaman ruhdan salmamış və ən nəhayətində o nümayəndə heyyətinin üzvlərinin Fransaya sülh konfransına getməsinə nail olmuşdur.
Azərbaycan Respublikasının Batumda olan konsulu M.Əfəndiyev yazırdı: "Məndə olan məlumata görə xaricdə olan erməni nümayəndələrinin ciddi cəhdləri nəticəsində bizim Əli Mərdan bəy, Əhməd bəy kimi yaxşı xadimlərimiz, indi bizə lazım olan məqamda, o, xaricilərin gözündə hörmətdən salınır ki, həmin xaricilər bizim taleyimizi həll etməlidirlər.”
Böyük çətinliklərdən sonra, nəhayət, 1919 ilin mayın birinci ongünlüyündə Parisə gəlib çatan nümayəndə heyətinin apardığı intensiv diplomatik görüşlər, danışıqlar getdikcə öz bəhrəsini verməyə başlamışdı. ABŞ Prezidenti V.Vilsonun təşəbbüsü ilə İngiltərə, Fransa və İtaliya dövlət başçıları səviyyəsində Azərbaycan məsələsinin gündəliyə salınaraq, müzakirə olunduğu yığıncaqda bilavasitə Prezident Vilson Ə.Topçubaşovu Azərbaycan nümayəndə heyətinin başçısı olaraq tanımış və Azərbaycanın Paris Sülh Konfransına qatılması təklifı qəbul edilmişdi. 1919 il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının birinci ildönümü günü ABŞ prezidenti V.Vilson başda Əlimərdan bəy Topçubaşov olmaqla, Azərbaycan nümayəndə heyətini qəbul etmişdi.
Əlimərdan bəy Topçubaşov diplomat kimi daima Azərbaycan xalq Cumhuriyyətinin müstəqil dövlət kimi dünya birliyi tərəfindən tanınmasına çalışmışdır. 1919-cu ilin mart-noyabr ayları ərzində Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasına göndərdiyi 11 əhatəli hesabat da bu dövlət xadiminin bu yöndəki fəaliyyətini açıq aşkar ortaya qoyur. Topçubaşov İstanbuldan 3, Romadan 1, Parisdən isə 7 hesabat yola salınmışdı.
Bütün bu gərgin fəaliyyətin nəticəsi olaraq isə 1920 il yanvarın 11 -də Paris Sülh Konfransının Ali Şurası Qafqaz məsələsini çox gərgin şəraitdə müzakirə edərkən Gürcüstanla yanaşı Azərbaycanın müstəqilliyinin tanınması məsələsi də müzakirəyə çıxarılmış və hər iki dövlət de-fakto tanınmışdı. Ali Şura üzvləri tərəfindən imzalanan sənəd yanvarın 15-də Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin rəhbəri Ə.Topçııbaşova Fransa Xarici İşlər Nazirliyində təqdim edilmişdir. Bu, xalqımızın və xüsusilə Ə.Topçubaşovun rəhbərliyi ilə çox gərgin fəaliyyət göstərmiş Azərbaycan nümayəndə heyətinin böyük qələbəsi idi.
1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra da Topçubaşov siyasi-diplomatik fəaliyyətinin mühacirətdə davam etdirmiş, sovet nümayəndə heyətinin etirazlarına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ona verdiyi mandatla 1920 ilin noyabrında Millətlər Cəmiyyətinin Cenevrə toplantısında, 1920 ildə London və Genuya, 1923 ildə isə Lozanna konfranslarında iştirak etmiş, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunduğu və bolşeviklərin Azərbaycanda törətdikləri cinayətlər haqqında geniş məlumat vermişdir.
Geniş dünyagörüşə malik, məhdud millətçilik baxışlarından uzaq insan kimi xarakterizə olunan Əlimərdan bəy Topçubaşov ağır vəziyyətdə olan, dəfələrlə daşnak Ermənistanının işğalçı iddiaları və quldur erməni dəstələrin basqınlarına məruz qalan Naxçıvan məsələsini də heç zaman unutmamışdır. “Qafqaz Azərbaycanı Cümhuriyyəti sülh heyətinin Paris Sülh Konfransindan tələbləri” adlı memorondumda Topçubaşov bugünkü və tarixi Naxçıvan ərazilərinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə məlumatları daxil etdirməklə ermənilərin Avropadakı təbliğatına da ciddi zərbə vurmuşdur. Azərbaycanın Qafqaz Ermınsitanı ilə sərhədləri adı altında verilən sərhəd təsvirindən də aydın olur ki, o zaman belə Göyçədən cənuba doğru toraqlar birmənalı şəkildə Azərbaycan ərazisi sayılmışdır. Memorondumda müxtəlif inzibati bölgülərinin təsviri verilərkən Qafqaz Azərbaycanının İrəvan quberniyasına Naxçıvan, Şərur-Dərələyəz, Sürməli qəzaları, habelə Yeni Bəyazid, Eçmiadzin, İrəvan və Aleksandropol qəzalarının bir hissəsinin daxil olması haqqında məlumat verilmişdir.
Bundan əlavə təqdim edilən memorondumda “Köhnə Rusiya ilə əlaqələr” adlanan bölümdə Hüseyn xan Naxçıvanskinin böyük generallıq məharəti xüsusilə vurğulanmış və generalın Rusiya ordusunun komandanlarından biri kimi müttəfiqlər tərəfindən vuruşması nəzərə çadırılmışdır. Memorandumdan qeyd olunur: “Azərbaycanın Rusiyaya yardımı bu son müharibədə də kifayət qədər əhəmiyyətli idi. Müharibə başlayan kimi, istisnasız olaraq azərbaycanlılardan təşkil edilmiş iki könüllülər alayı yaradıldı. ... Bundan əlavə, inqilaba qədərki rus ordusunda bir sıra son dərəcə mühüm və məsuliyyətli vəzifələri böyük şücaətləri ilə tanınmış azərbaycanlı generallar tuturdular. Onların sırasında Şərqi Prussiyanı ələ kcçirmiş süvari qoşunlarına komandanlıq edən general Xan Naxçıvanskinin adını çəkmək olar.”
Bütün xalq cumhuriyyəti xadimləri kimi Əlimərdan bəy Topçubaşovun tarixi, siyasi və diplomatik fəaliyyətinə də ikinci müstəqillik dövründə məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vermişdir. Çıxışlarında hər zaman Azərbaycan Xalq Cumhuriyyəti tarixinin, onun qurucularının həyat yolunun öyrənilməsinin vacibliyini vurğulayan ulu öndər hələ 1993-cü ildə Fransaya səfəri zamanı Ə.Topçubaşovun məzarını ziyarət etmiş və məzarın üzərində abidənin ucaldılması ilə bağlı dövlət vəsaitinin ayrılmasına sərəncam vermişdir.
Bu il fevral ayının 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam da milli dövlətçilik tariximizə verilən qiymətin təzahürü və bu istiqamətdə ümummilli lider Heydər Əliyev siyasətinin davamıdır.
XX əsrin əvvəllərində Azərbaycan Xalq Cumhuriyyəti ilə qazanılan müstəqilliyin 2 ili, artıq 22 ilə çevrilmişdi. Bunun özü belə kifayət qədər ciddi mesaj idi. Müqayisə edək:
- XX əsrin əvvəllərində Parisdə olan nümayəndə heyyəti böyük dövlətlərdən yardım və kömək istəyirdi. Qarşılığında isə böyük dövlətlərdən birinin nümayəndə heyyətinin adicə bir üzvü parlamentli respublika olan AXC-nin parlamentinin sədri Ə.Topçubaşova deyirdi: "Biz bütün kiçik xalqların dostuyuq. Sizin hamınıza kömək etməyə şadıq. …memorandumla tanış oldum və görürəm ki, Azərbaycan varlı ölkədir və özü sərbəst yaşaya bilər. ..ola bilsin ki, sizin sərvətinizə layiq kapital tapıla bilər". Yeni əsrin 13-cü ilində isə Azərbaycan Prezidenti dedi: “Azərbaycan ilə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Azərbaycan dünyada öz prinsipial mövqeyi ilə seçilir. Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. ...Xarici siyasətlə bağlı təşəbbüslərimiz, eyni zamanda, bizim iqtisadi imkanlarımızı da artırır. Çünki hazırda Azərbaycanın iqtisadi inkişafı, o cümlədən xaricə qoyulan investisiyaları ilə də bağlı olacaqdır.” Yardım istəyən Azərbaycan əməkdaşlıq təkliflərini nəzərdən keçirir, investisiya axtaran Azərbaycan xaricə investisiya yatırır.
- XX əsrin əvvəllərində Parisdə Azərbaycan nümayəndə heyyətinin rəhbəri ABŞ prezidenti V.Vilsona deyirdi: “Biz uzaq Qafqazdan, buradan bir neçə min mil uzaq olan Azərbaycandan gələrək, xalqımızın azad və müstəqil həyatı üçün Sizə minnətdarlığımızı bildiririk. …Biz ümid edirik ki, konfrans bizi dinləyəcək və biz Millətlər Cəmiyyətinə buraxılacağıq. Biz əminik ki, bütün xalqlar kimi biz də sizin böyük prinsipləriniz əsasında yardım alacağıq”
Qüdrətli Azərbaycanın Prezidenti isə deyir: “Görürük, o ölkələrdə ki, iqtisadi müstəqillik yoxdur, o ölkələr şantaj obyektinə çevrilir, o ölkələrə təzyiqlər göstərilir və o təzyiqlər nəticə verir. O ölkələr demək olar ki, xahiş edən ölkələr sırasındadır. Azərbaycan heç kimdən heç nə xahiş etməmişdir, etmir və etməyəcəkdir.” Bu müqayisələri artıra da bilərik. Fərq bu qədər ciddidi.
Elnur KƏLBİZADƏ
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi
banner

Oxşar Xəbərlər