• şənbə, 20 Aprel, 12:48
  • Baku Bakı 23°C

“Əlimdən gələn işi mükəmməl şəkildə görməyə çalışıram” - Fotolar

25.10.17 09:30 3689
“Əlimdən gələn işi mükəmməl şəkildə görməyə çalışıram” - Fotolar
İncəsənət elə bir aləmdir ki, onun sirli dünyasına qapıldınsa, çətin ki, o aləmdən qopa, ayrıla biləsən. Çox zaman müsahiblərim deyir ki, səhnəyə çıxıb, o səhnənin tozunu udduqdan sonra ondan əl çəkmək istəmirsən. Əksinə, səhnə səni yenidən özünə çəkir. Zaman keçdikcə, onların nə qədər haqlı olduğunun fərqinə varıram. Elə insanlar var ki, onlar məhz sənət və səhnə üçün doğulublar. Onlar üçün teatr məbəd kimidir. Bu günkü müsahibim Nigar Aktar Bahadirqızı da belələrindəndir.Bir neçə il bundan öncə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində bir-birindən maraqlı obrazları ilə kifayət qədər tamaşaçı kütləsi toplayan aktrisa hazırda Türkiyədə yaşayır. Nəinki teatr səhnəsində, eyni zamanda serial və kino aləmində də maraqlı obrazları ilə yaddaşlara həkk olan Nigar Aktar türk vətəndaşı ilə ailə həyatı qurduqdan sonra ailəsi ilə birlikdə Türkiyəyə köçdü. Aktrisa orada da sənət eşqi ilə yaşayır və istedadını nümayiş etdirmək üçün təklifləri dəyərləndirmək qərarına gəlir. Bir müddət aparıcı kimi fəaliyyət göstərən müsahibim, hazırda istədiyi peşə ilə məşğuldur. Belə ki, Türkiyədə fəaliyyət göstərən teatrların birində çalışır. Ara-sıra aktrisamızı Türkiyədə çəkilən seriallarda epizodik rollarda da görürük.Aktrisa sosial şəbəkədəki paylaşımlarında teatra sevgisini qeyd edir, sənətkarlarımızı evində qonaq edir. Bəlli olur ki, o, vətəni və obrazları üçün darıxır. Biz də istedadlı aktrisamızın halını xəbər aldıq.
- Nigar xanım, çoxdandır sizdən xəbərsizik. Necəsiniz?
- Şükürlər olsun, yaxşıyam. Hər şey qaydasındadır. Türkiyədə xoşbəxt bir ailəm var. İşlərimlə məşğulam.
- Çox çılğın və bir o qədər də çalışqan birisiniz. İnanırıq ki, Türkiyədə boş dayanmırsınız.
- Elədir. Enerjim bitib-tükənmir. Doğru deyirsiniz, burada boş qala bilmirəm, heç dayanmıram da. Öz sənətimi Türkiyədə də davam etdirirəm. Nə qədər ki gəncəm və bu işləri bacarıram, öz sənətimin arxasınca gedəcəm. Əlimdən gələn işi mükəmməl şəkildə görməyə çalışıram. Hər zaman olduğu kimi.
- Eşitdiyimiz qədəri ilə, artıq teatrda da çalışırsınız.
- Teatr canlı sənət növüdür. Aktyorların özlərini, öz istedadlarını göstərmək üçün ən ideal bir məkandır. Mən əzəldən teatrı sevmişəm. Yaşım artdıqca, içimdəki teatr sevgisi daha da güclənir. Baxmayaraq ki, indi müasir dövrdür, insanlar oturduqları yerdə dünyanın o başındakı insanlarla əlaqə saxlayırlar. Belə olan halda, təbii ki, canlı sənət növünə ehtiyac var. Günümün çoxunu teatrda keçirirəm, həftənin 5 günü teatra gedirəm.
- Sosial şəbəkələrdən sizi izləyə bilirik. Son vaxtlar çox az paylaşımlar edirsiniz.
- Sosial şəbəkədən son zamanlar çox istifadə edə bilmirəm, çünki həftənin 5 günü teatr səhnəsində tamaşalarım var. Həftə sonları isə ailəmlə zaman keçirirəm.
- Aparıcı kimi necə, fəaliyyətinizi davam etdirirsinizmi?
- Aparıcı kimi İstanbul televiziyalarının birində 8 ay çalışdım. Hazırda yalnız teatrda çalışıram. Özümü teatrsız təsəvvür edə bilmirəm. Teatrla nəfəs alıram. Səhnədə olmaq, oradan tamaşaçılara xitab etməyin dadı bir başqadır.
- Tez-tez Türkiyəyə qonaq gələn sənətkarlarımızla şəkillər çəkdirirsiniz. Paylaşımlarınızdan darıxdığınız hiss olunur.
- Sağ olsunlar sənət adamlarımız, Türkiyəyə gələndə mənə xəbər edirlər və biz görüşürük. Son dəfə Elitstar Cəmilə xanım evimizin qonağı oldu. Əslində buna çox sevinirəm. Onunla gözəl zaman keçirdik. Hər zaman demişəm, mənim evimin qapısı həmişə yurdumun insanlarına açıqdır. Vətənim üçün çox darıxıram. Vətəndən kimsə gələndə ürəyimə bir rahatlıq çökür. Bunu vətənindən kənarda olanlar yaxşı bilirlər. Burada hər şey nə qədər gözəl olsa da, Azərbaycanımın insanları bir başqadır. Onlarla görüşəndə, söhbət edəndə, elə bilirəm ki, bir dəfə səfər edib qayıtmışam.
- Yaradıcı insan harada olursa-olsun, mütləq yaradıcılıq işi ilə məşğul olur. Çünki bu iş ürək işidir.
- Elədir. Belə bir deyim var: "Sənət və yaradıcılıq olan yerdə gözəl şeylər olur”. Sənət insanı olan yerdə isə, mədəniyyət və gözəllik var. Mən sənətimlə və vətəndaşlığımla hər zaman Azərbaycanımızın adını yüksəkdə tutmuşam. Bunun üçün çalışıram da, hər zaman da çalışacam.
- Bir ailə quruldumu, hər kəs övlad xəbəri gözləyir. Bəs sizdə necə?
- Bununla bağlı hələ ki bir planımıza yoxdur. Hələlik işimlə məşğulam. Zamanı gəlincə, düşünəcəm, əlbəttə ki. Övlad hər ailənin sevincidir. Allah verdiyi ən gözəl nemətdir. Biz bu haqda düşünmürük. Hər zaman Allahdan nə istədimsə, xeyirlisini istədim, yenə də inşallah, xeyirlisi deyirəm.
- Bəzən deyirlər ki, Türkiyədə teatr prosesi bizə nisbətən zəif inkişaf edib. Siz necə düşünürsünüz?
- Təəssüf hissi ilə qeyd edim ki, Türkiyədə hər şey ticarətin bir parçası olub. Bizim bir teatr məktəbimiz var. Stanislavski sistemimiz mövcuddur ki, teatrlarımız bu sistemə sadiq qalır və mükəmməl tamaşalar ərsəyə gətirirlər. Biz 1-2 ay deyil, 4 il universitet təhsili alırıq. Burada isə o sistemlər yoxdur. Burda aktyorlar 2, 3 ay kursa gedib aktyor olurlar. Təbii ki, Türkiyəyə nisbətən bizim teatr sistemimiz daha güclüdür. 3 ay bir aktyorluq kursuna gedib, səhnəyə çıxırlar. Biz bu işin ən dərinliklərinə qədər varırıq. Kim nə deyirsə-desin, bu mənim subyektiv fikrimdir: Azərbaycanın ən zəif aktyoru və aktrisası türk aktyorlarına dərs keçər. Mən bu baxımdan özümü şanslı hesab edirəm. Çox xoşbəxtəm ki, böyük sənətkarlardan təhsil almışam, onlarla bir səhnəni bölüşmüşəm. Müəllimlərimə - Ötkəm İsgəndərova, Laləzar Mustafayevaya təşəkkürümü bildirirəm. Eləcə də bir səhnəni bölüşdüyüm bütün aktyorlara minnətdaram. Bizim teatr sistemi çox mükəmməldir.
- Türkiyə film sektorunda çox inkişaf edib. Orada nə üçün filmlərdə, seriallarda rol almırsınız?
- Türkiyədə bu işləri aktrisalar deyil, onların menecerləri həll edir. Əgər yaxşı bir təklif olarsa, o mənə xəbər edəcək, dəyərləndirib sonra iştirak edib-etməyəcəyimə qərar verəcəm.
- Seriala çəkilməyə həyat yoldaşınız icazə verirmi?
- Həyat yoldaşım mənimlə ailə quranda bilirdi ki, aktrisayam və bu mənim işimdir. O mənim hər işimdə ən böyük dəstəkçimdir.
- Azərbaycanın ən çox nəyi üçün darıxırsınız?
- İnsanların mehribanlığı, səmimiliyi, saflığı üçün darıxıram. Ölkəmin daşı, torpağı belə mənim üçün əzizdir. Ancaq etiraf edim ki, ən çox ailəm, ələlxüsus da anam üçün darıxıram.

- Gənc Tamaşaçılar Teatrının səhnəsindəki obrazlarınız üçün necə, darıxırsınızmı?
- Əlbəttə darıxıram. Mənim orada çox gözəl dostlarım var idi. Burdan onlara salmalarımı çatdırıram.
- Mən isə sizin daha çox "Müharibə” tamaşasındakı obrazınız üçün darıxıram.
- O obraz mənim ən çox sevdiyim obrazlarımdan idi. Amma inanıram ki, məndən sonra bu obrazı canlandıran aktrisalar da onu özünəməxsus şəkildə oynayıblar.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər