• çərşənbə axşamı, 16 aprel, 10:25
  • Baku Bakı 14°C

“Əlimdə imkanım olsaydı teatra yalnız qazanc mənbəyi kimi baxıb, onu sevməyən insanları teatrdan uzaqlaşdırardım”...

13.07.15 11:54 1573
“Əlimdə imkanım olsaydı teatra yalnız qazanc mənbəyi kimi baxıb, onu sevməyən insanları teatrdan uzaqlaşdırardım”...
Son zamanlar ağlımda Azərbaycan Dövlət Musiqili Teatrının gənc və sevilən aktrisası Gültac Əlilidən müsahibə götürmək fikri dolaşırdı. Lakin teatr mövsümünün sonunda belə bir müsahibə almağın uyğun olmadığı qənaətində idim. Teatrın 105-ci mövsümünün bağlanışı ilə əlaqədar keçirdiyi “Mövsümün qalibi” mükafatlandırma tədbirindən sonra heç də gecikmədiyimi, hətta deyərdim ki, tam zamanı olduğunu düşündüm.
-Gültac xanım, istərdim ki, müsahibəmizə mükafatlandırma ilə bağlı sualla başlayaq. Çünki görüşümüzə təkan verən də məhz bu hadisəsi oldu. Siz “Mövsümün ən yaxşı aktrisası” adına layiq görüldünüz. Öncə bu münasibətlə sizi təbrik edirəm. Teatrın bu layihəsi və aldığınız mükafatla bağlı fikirlərinizi öyrənə bilərikmi?
-Qəribə səslənsə də, deyim ki, son illər mən bu mükafatları almağa bir növ adətkar olmuşam. Bunu da mən özümün dayanmadan, fasiləsiz əməyimlə əlaqələndirirəm. Deyirlər zər qədrini zərgər bilər. Çox şükür ki, bizim teatrın rəhbərliyi də əməyə, zəhmətə dəyər verməyi bacarır. Mənim zəhmətim, gərgin iş rejimində işləməyim teatr rəhbərliyinin də gözündən yayınmayıb və məni bu mükafata layiq görüblər. 2013-2014-cü illərdə mən Respublika üzrə Gənclər və İdman Nazirliyinin təsis etdiyi “İlin aktrisası”, 2015-ci ildə isə Gənclər Günü munasibəti ilə “Teatr sahəsindəki uğurlu fəaliyyətinə görə “İlin gənc aktrisası” nominasiyası üzrə mükafata layiq görüldüm. Bu il də qeyd etdiyiniz kimi, “Mövsümün ən yaxşı aktrisası” mükafatını aldım. İnanın ki, bu mənim üçün çox gözlənilməz oldu. İki il ard-arda mükafat alan bir aktrisa kimi bu il də mükafatı mənim almağım bəzi şəxslər tərəfindən qeyri-obyektiv kimi dəyərləndirilə bilərdi. Bu baxımdan mükafatın bu il də mənə verilməsini gözləmirdim. Hər halda, mükafatın mənə verilməsi bir daha göstərdi ki, digər həmkarlarımdan bir faiz də olsa artıq işləmişəm. Çox ümidləndirici mükafatdı. İnanın ki, sənətə, əməyə qiymət veriləndə insanda çox gözəl stimul yaranır. Belə mükafatlar insana növbəti illərdə daha əzmlə çalışmaq üçün güc verir . Hələ gəncəm, irəliləyən illərdə çalışacam ki, əməyimlə, zəhmətimlə daha böyük zirvələrə yüksəlim. Hədəfim budur.
-Tədbirdə çıxışınız zamanı bu sənətdə tək dəstəkçinizin həyat yoldaşınız olduğunu vurğuladınız. Bilirik ki, həyat yoldaşınız Hüseyn Əlili də Musiqili Teatrın sevilən aktyorlarındandır. Bir ailənin iki üzvünün də aktyor sənəti ilə məşğul olmasının nə kimi üstün və ya çatışmayan cəhəti var?
-Mən ümumiyyətlə bildirim ki, hər hansı bir aktyorun və ya aktrisanın şəxsi həyatında hər şey yolunda gedirsə onun yaradıcılığında da uğurların ardı-arası kəsilmir. Bilirsiz ki, aktyor-aktrisa izdivacları çox nadir hallarda uzunmüddətli olur. Çox vaxt onların arasında yaranan sənət qısqanclığı ailənin birliyinin pozulmasına gətirib çıxarır. Hətta bizim ailədə də bəzən belə qısqanclıqlar olur. Lakin şükürlər olsun ki, yoldaşım bu mövzuda məndən daha təmkinli, daha səbirli və deyərdim ki, daha müdrikdir. Mən bu sənətə çox təsadüfü gəlmişəm. Valideynlərim və qohumlarım arasında bu sənətlə bağlılığı olan insan yoxdur. Amma həyat yoldaşımın bu sahədə mənə böyük dəstəyi var. Məsələnin üstün tərəfi məhz budur. Digər tərəfdən isə, bəzən aramızda sənət mübahisələri olur. Hüseynin sənət təcrübəsi məndən çox olduğu üçün demək olar ki, bu mübahisələrdə çox zaman mən onunla razılaşmalı oluram.
-Hər kəsin teatrla bir tanış olma, bu sənətə gəlmə hekayəsi olur. Sizin hekayəniz necədir?
-Dediyim kimi mən bu sənətə təsadüfi gəlmişəm. Mən Bakıya valideynlərimin istəyi ilə Azərbaycan Dövlət Dillər Universitetinə sənəd vermək üçün gəlmişdim. Həmin il universitetlərə keçid balı çox yüksək olduğu üçün sənədlərimi İncəsənət Universitetinin solo oxuma fakültəsinə vermək qərarına gəldim. Çünki mən orta məktəbdə oxuyarkən beş illik vokal təhsili almışdım və musiqi müəllimləri mənim yaxşı vokal səsimin olduğunu bildirmişdilər. Məhz bu səbəbdən də İncəsənət Universitetinə daxil olmağa ümidim var idi. Lakin musiqi nəzəriyyəsini bilmədiyimdən mənə bu fakültəyə deyil, “musiqili teatr aktyorluğu” fakültəsinə sənəd verməyi məsləhət gördülər. Elə oradaca valideynlərimə belə xəbər vermək imkanım olmadan sənədlərimi “musiqili teatr aktyorluğu” fakültəsinə verdim. Bu sahəyə nabələd olmağıma baxmayaraq, imtahanlardan keçə bildim. Bu artıq bir qismət idi. İkinci kursdan isə kurs rəhbərim, xalq artisti İlham Namiq Kamalın tərəfindən Musiqili Teatrda işləmək təklifi aldım. Mərhum sənətkarımız Xanım Qafarova analıq məzuniyyətinə çıxdığından onun əksər rollarının ifası mənə həvalə olundu.
-Xanım Qafarova o zaman artıq teatrda sözünü demiş, kifayət qədər tanınmış aktrisa idi. Onun rollarını ifa etmək böyük məsuliyyət tələb edirdi.
-Mən gələndə Xanım Qafarova Musiqili Teatrın aparıcı aktrisalarından idi. Mənim üçün də bu rolları ifa etmək böyük məsuliyyət olsa da, etimadı doğrultmağa çalışdım. Doğrudur, indi fikirləşəndə ifalarımda müəyyən nöqsanlar da görürəm. Bu da təbii haldır, insan ildən ilə püxtələşir, kamilləşir.
-Həmişə siz oynamısınız, biz tamaşaçı olmuşuq. İndi isə belə bir sualı sizə ünvanlamaq istəyirəm. Siz özünüz necə tamaşaçısınız? Teatrlara tez-tez gedirsinizmi?
-Bilirsiniz ki, teatrlarda tamaşalar təxminən eyni günlərdə oynanılır. Mən də Musiqili Teatrın demək olar ki, əksər tamaşalarında məşğul olduğum üçün digər teatrların tamaşalarını mütəmadi izləyə bilmirəm. Lakin yenə də imkan düşdükcə gedirəm tamaşalara. Bu yaxınlarda Akademik Milli Dram Teatrında “Qatil”, “Napaleon”, Gənc Tamaşaçılar Teatrında “Müharibə” və s. tamaşalara baxmışam. Öz teatrımızın tamaşalarında isə ifaçı kimi çıxış etmədiyim vaxtlarda belə sənət yoldaşlarıma dəstək məqsədi ilə tamaşaçı qismində iştirak edirəm.
-Tamaşaları izləyərkən əsas diqqət etdikləriniz nə olur? Belə desək, tamaşada əsas nə axtarırsınız?
-Çox zaman eşidirik ki, tamaşa barədə fikir soyləyənlər daha çox “dekorasiya yox idi”, “kostyumlar keyfiyyətsiz idi” kimi cümlələr işlədirlər. Ancaq şəxsən məni tamaşanın vizual görüntüsü maraqlandırmır. Doğrudur, gözəl dekorasiya, kostyum göz oxşayır, ancaq mənə görə tamaşada önəmli olan aktyor oyunu və rejissor işidir. Aktyorun oyunu çox təbii, çox canayaxın olmalıdır. Aktyor tamaşaçı ilə virtual ünsiyyətdə olmalı, enerjilərini bir-birlərinə ötürməlidirlər. Şəxsən mənə tamaşaçının enerjisi çox böyük təsir edir. Mənə görə aktrisanın səhnədə xüsusi səhnə şarmı olmalıdır. Bəzən plastikası zəif olan aktrisalar olur. Lakin onun o qədər gözəl şarmı olur ki, baxdıqca baxmaq istəyirsən. Ən önəmlisi isə, əgər mən tamaşaya gedirəmsə istəyirəm ki, oradan nəsə götürüm, maariflənim.
-Bu bir reallıqdır ki, aktyor sənətinə gələn insanların əksəriyyəti teatrda işlədiyi ilk günlərdə həm maddi, həm də mənəvi çətinliklərlə üzləşirlər. Böyük ehtimalla siz də bu çətinliklərdən keçmisiniz!?
-Qeyd etdim ki, mən teatra gələndə yaxşı insanların əhatəsinə düşdüm. Lakin teatrda işlədiyim bir il olardı ki, həyatımda bir çevriliş oldu. Bu çevriliş həyatımdakı mənəvi problemlərə yol açdı. Bəlkə də bu bir tale idi və ya mənim seçimimin nəticəsi idi. Təbii ki, bu mənim sənətimə də mənfi təsir göstərdi. Şükürlər olsun, mən bu gün hər şeydən çox razıyam. Çətin də olsa özümü yaxşı mənada sübut etməyi bacardım. Maddi problemlərə gəlincə, teatr sahəsində məvaciblərin azlığı hamıya bəllidir. Üstəlik də bir ailənin iki üzvünün də teatrda işləməyi daha böyük sıxıntı olur. Kənardan asan sənət kimi görünsə də teatrdan məlumatı olan hər kəs bu sənətin çətinliklərinə bələddi. Oynadığın hər bir obrazın özünəməxsusluqlarını tapmaq, o obrazı canlandıra bilmək üçün bəzən aylarla düşünürsən. Çox vaxt premyeraya bir gün qalmış oynadığın obrazı tam tapa bilirsən.
-Hazırda aktyorlarımız teatrda çalışmaqla bərabər, kinolarda, seriallarda da oynayırlar. Bununla yanaşı “teatr başqa, kino başqa” fikri də geniş yayılıb. Sizin bu fikrə münasibətiniz necədir?
-Ümumiyyətlə, mənə görə teatr aktyoru ilə kino aktyoru çox fərqlidir. Ən birincisi teatr aktyorları çox intizamlı, dəqiq olurlar. Çünki teatral rejimə alışırlar. Sənət baxımından da fərqlər olduğunu düşünürəm. Teatr aktyoru birbaşa tamaşaçı ilə ünsiyyətdə olduğuna görə daha böyük məsuliyyət daşıyır. Kino aktyoru təkcə kameraya oynayırsa, teatr aktyoru 200-300 tamaşaçıya oynayır. Ona görə də düşünürəm ki, bu fikirdə doğruluq payı var.
-Neçə illərdi teatr mühitindəsiniz. Yəqin ki, razı və yaxud narazı olduğunuz tərəflər var. Əlinizdə imkan olsaydı bugünün teatr mühitində nəyi dəyişərdiniz?
-Maraqlı sualdı. İlk olaraq teatra yalnız qazanc mənbəyi kimi baxan, onu sevməyən insanları teatrdan uzaqlaşdırardım. Teatrı sevməyən insan hər halından bəlli olur. Bəzən deyirlər insan üçün hər şeydən öndə onun ailəsidi. Bu fikirlə razıyam. Amma teatrı sevmədən də bu sənətdə olmaq günahdı. İnanın ki, həm mən, həm də Hüseyn teatrı çox sevirik. Özünüz bilirsiniz, ana olmağıma 2-3 gün qalmış mən səhnədə tamaşa oynayırdım. Bu mənim teatra olan sevgimdən irəli gəlir. Teatrın hər küncündən yaradıcılıq qoxusu gəlməlidi. Yaradıcılığı olmayan insanlar bu sənətdə olmamalıdırlar. Həmçinin, bizim teatr rəhbərliyinin etdiyi kimi teatra sevgisi olan insanları da həmişə diqqətimdə saxlayardım.
-Teatra gəldiyiniz gündən onlarla müxtəlif xarakterli rollar oynamısınız. Bu rollar arasında bir teatrşünas olaraq çox bəyəndiyim, “Kimdir müqəssir” tamaşasındakı Bahar obrazıdır. Sizə elə gəlmirmi Bahar obrazı sizin yaradıclığınızda dönüş nöqtəsi oldu?
-Tamamilə haqlısınız. Bahar obrazı mənim səhnə həyatımda tramplin rolunu oynadı, məni sənət aləmində potensialı olan aktrisa kimi tanıtdı. Fikrimcə, hər bir aktyorun yaxşı rejissora ehtiyacı var. Bu danılmaz faktdır. Doğrudur, teatra gələn gündən qəhrəman obrazlar canlandırmışam. Lakin rejissor İradə Gözəlova bu tamaşada sənət baxımından mənim çox qaranlıq tərəflərimi açdı. Mənə səhnədə komplekssiz olmağı öyrətdi. Bəlkə də həyat yoldaşımla tərəf müqabili olmağım da bu məsələdə mənə kömək oldu. Ancaq hər aktyorun yaradıcılığında yaxşı bir rejissorun olmağı çox önəmlidir. Rejissorun tapşırıqlarını da yüksək səviyyədə təqdim etmək lazımdır ki, uğurlu iş ortaya çıxartmaq mümkün olsun.
-Müsahibəyə görə təşəkkür edirəm və sizə bol-bol uğurlar arzulayıram. Yeni-yeni tamaşalarda görüşmək ümidi ilə sağ olun!
Vəfa Mühacirova
Teatrşünas
banner

Oxşar Xəbərlər