• cümə axşamı, 28 mart, 23:28
  • Baku Bakı 13°C

Əli Kərimlinin mühacir biznesinin qurbanları artır

25.04.17 11:30 2063
Əli Kərimlinin mühacir biznesinin qurbanları artır
Radikal müxalifət daha bir qalmaqalla yenidən gündəmə gəlib. Siyasi arenada hər hansı uğuru, layihəsi, ideyası xatırlanmayan bu düşərgənin adı, daha konkret desək, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və onun rəhbəri Əli Kərimli pul müqabilində mühacirlər üçün saxta sənəd təşkil etməkdə təqsirli bilinirlər. Bununla bağlı bu günlərdə "Musavat.com”a cəbhəçi gənc, AXCP Xətai rayon şöbəsinin üzvü Tural Hüseynov (Azərtürk) da şikayət ünvanlayıb. O, müraciətində bildirib ki, bir neçə ay bundan əvvəl ailəvi olaraq Avropaya getmək üçün sənəd düzəldən işbaz alverçilərlə kontakt yaratmağa çalışıb. Az müddət sonra T.Hüseynov Hollandiyada mühacir həyatı yaşayan, "Turan Tv”nin (rəhbəri hazırda Fransada yaşayan "Azadlıq” qəzetinin baş redaktoru, AXCP funksioneri Qənimət Zahiddir-red.) efirində "Cəbhə Xətti” verilişinin aparıcısı, özünü insan haqları müdafiəçisi kimi tanıdan, AXCP-çilərlə sıx əlaqəsi olan Fikrət Hüseynli ilə əlaqə yaradıb. Qarşı tərəf onun istəyini həyata keçirmək üçün 5700 dollar pul istəyib. İlk növbədə tapşırıb ki, elə günü sabah pulu avroya çevirsin, qardaşı Hüseynov Elxan Nurəli oğlunun adına olan «Unibank» hesabına 2000 avro köçürsün. T.Hüseynov tapşırılan kimi edib.
Sonra F.Hüseynli öz qurbanı T.Hüseynovu Bakıda özünün işgörəni Mətləb adlı bir şəxslə əlaqələndirib. T.Hüseynov özünü turizm firmasının nümayəndəsi kimi təqdim edən bu şəxsin təqdim etdiyi bank hesabına da 1135 avro pul köçürüb. Guya, bu pulun müqabilində firma onun sənədlərini qanuni şəkildə viza almaq üçün hazırlayacaqdı. Amma belə yerdə deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Beləliklə T.Hüseynov Bakıda görülən digər işlərə yenidən öz cibindən pul xərcləməyə başlayıb. Belə bir vaxtda F.Hüseynli öz qurbanına bildirib ki, onun iş yeri haqqında da sənədlər olmalıdır. T.Hüseynov bu sənədləri də təşkil edəndən sonra F.Hüseynli hansısa arayışın və möhürün çatışmazlığını bəhanə gətirib, bu sənədin düzəldilməsi üçün də əlavə 100 manat tələb edib. Bu pul da ödəndikdən sonra Mətləb Turala saxta sənəd düzəldib. Bütün prosedurların sona çatdığını hesab edən T.Hüseynov Fikrətin əlaltısının düzəltdiyi sənədlərin hamısını Macarıstan səfirliyinə təqdim edib.
Lakin Macarıstan səfirliyi ona və həyat yoldaşıma viza icazəsi versə də, iki körpə övladına icazə verməyib. Fikrətin ona yaratdığı problemlərdən, danışdığı yalanlardan cana doyan T.Hüseynov sonda hər şeydən bezib Avropaya getmək fikrindən daşınıb və pulunu geri tələb edib. Elə bu andan etibarən də Fikrətin əsl üzünü tanımağa başlayıb. Fikrət pulu qaytarmaqdan imtina etməklə bərabər, Turalı Dövlət Təhlükəsizlik Xidmətindəki əlaqələri vasitəsilə "ilişdirəcəyini” bildirərək hədə-qorxu gəlib. Eyni zamanda arxasında AXCP kütləsinin, müxalif dairənin olduğunu vurğulayan F.Hüseynli Turalı qorxutmağa çalışıb ki, fikrindən əl çəksin, əks təqdirdə özü biabır olacaq. T.Hüseynovun Qənimət Zahidə, Milli Şura üzvü Eldəniz Quliyevə, AXCP sədri Əli Kərimliyə müraciətləri, şikayətləri də heç bir nəticə verməyib. Hətta F.Hüseynli Turala ismarıc da göndərib ki, "kimə istəyirsən de, kimi istəyirsən üstümə göndər, mən heç kimi saymıram və heç kimdən də qorxmuram”. Bundan başqa, F.Hüseynli Turala bildirib ki, məsələni ictimailəşdirsə, onun arxasında olan kütlənin əlindən evdən bayıra bir addım ata bilməyəcək.
Göründüyü kimi, bu günə qədər mətbuatın dəfələrlə gündəmə gətirdiyi mühacir biznesi məsələsində AXCP-nin və onun rəhbəri Ə.Kərimlinin adı yenə də "qırmızı xətlə” keçməkdədir. Özü də sözügedən faktları bu dəfə AXCP-çı gənc özü etiraf edir, başına gətirilən oyunlardan şikayətlənir. Təsadüfi deyil ki, AXCP sədrliyinə sabiq namizəd Sahib Kərimli də bu günlərdə mediaya müsahibəsində mühacir biznesinin yenidən gündəmə gəlməsinə, AXCP-də partiya biletinin pulla satılmasına toxunub. O, mühacirətə getmək istəyənlərin dəfələrlə partiyaya müraciətlər etdiyini, partiya bileti əldə etmək üçün xahişlər edildiyini etiraf edib. Hətta qeyd edib ki, AXCP sədri Ə.Kərimlinin iradəsinə tabe olan Milli Şuranın sonuncu mitinqinə şəkil çəkdirib mühacirətə getmək istəyən çoxlu sayda insan gəlib.
Onu da vurğulamaq yerinə düşər ki, ötən ay "Yeni Müsavat” qəzetində dərc olunan "Avropaya mühacir yollayan cinayətkar şəbəkə haqda sensasion iddialar” adlı məqalədə də mühacir biznesi ilə əsasən AXCP sədri Əli Kərimlinin şəbəkəsində olan şəxslərin məşğul olduqları barədə geniş məlumat verilib. Qeyd olunub ki, bu prosesdə əsas iştirakçılar AXCP-nin rəhbərliyi və onların ətrafında olan müəyyən bir şəbəkədir. Belə ki, hazırda AXCP-nin üzvü olmayan, siyasi proseslərdə heç bir aktivliyi olmayan, kölgədə qalan bir neçə şəxs var və onlar bu işdə ”dərin dövlət" kimi çalışırlar. Bu kəslərin əsas işi xaricə getmək istəyən müəyyən qədər imkanlı şəxsləri AXCP ilə əlaqələndirmək, onlara arayışlar almaqdır. Hazırda Almaniyada, Hollandiyada xeyli sayda imkanları yaxşı olan azərbaycanlılar siyasi mühacir statusu ilə yerləşiblər. Onlar siyasi mühacir adı ilə getsələr də, dərhal bir neçə xırda şirkət yaradıblar, biznes qurublar və iş görür, pul qazanırlar. Həmin adamların bu ölkələrə gerçək iş adamı kimi getməsi mümkün olmayıb. Onlar 5-10 min xərc çəkib siyasi mühacir kimi Avropaya sığınıb və daha sonra orada xırda biznesə başlayıblar.
Qəzet öz mənbəsinə istinadən daha sonra bildirib ki, AXCP rəhbərliyinə yaxın olan və gizlində qalan bir neçə şəxs xaricə getmək istəyən adamları adıçəkilən partiya ilə əlaqələndirir, onlardan 3-5 min manat civarında "haqq” alıb saxta partiya vəsiqəsi verirlər. Daha sonra onlara viza alınmasında da kömək edirlər. Çox maraqlıdır ki, həmin adamlar viza verilməsi üzrə ”qara bazar"la da əlaqəlidirlər. Çox asanlıqla Şərqi Avropa ölkələrinə viza da düzəldə bilirlər. Bəzən isə bu vizaların saxta olması faktı da aşkarlanır.
Bu günlərdə AXCP sədri Əli Kərimlinin Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 3 saat şahid qismində ifadə verməsi də diqqət çəkir. O, ifadə verməyə vəkili Fəxrəddin Mehdiyevlə birgə gedib. Ə.Kərimli prokurorluqda ifadə verdikdən sonra jurnalistlərə bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb, Azərbaycandakı müxalifət partiyalarından verilmiş saxta sənədlər araşdırılır.
Sonda bir daha qeyd edək ki, radikal müxalifətin, xüsusən də ana-ata müxalifət iddiasına düşən "liderlərin” adı artıq neçənci dəfədir mühacir biznesi, saxta sənədlərin verilməsində hallanır. Bu isə onu deməyə əsas verir ki, xalqın etimadını itirmiş radikallar demokratiya libasına bürünməklə ən müxtəlif sui-istifadə hallarına yol verir, şəxsi maraqları naminə istənilən yola əl atırlar.
Alpər TURAN
banner

Oxşar Xəbərlər