“Əli Kərimli ən böyük xəyanətkar və satqındır”
AXCP sədri
Əli Kərimlinin diktatorluğu, sədarət kürsüsünü heç kimə güzəştə getməməsi, azad
fikrə qarşı olması, onun iradəsinin əksinə gedənləri mənəvi terrora məruz
qoyması partiya daxilində narazılığı artırıb. Məhz bu səbəblər üzündən
zaman-zaman AXCP-dən istefalar olub.
1988-ci
ildən xalq hərəkatının fəal üzvü, AXCP Nəzarət Təftiş Komissiyasının (NTK)
sədri Aydın Əliyev bir neçə gün bundan öncə "Facebook”dakı şəxsi profilində
video-müraciət yayaraq, təmsil olunduğu siyasi təşkilat daxilində baş verənləri
ictimaiyyətə çatdırıb. Qeyd edib ki, onun 2015-ci ildə partiyanın qurultayında
AXCP-nin Nəzarət Təftiş Komissiyasının üzvü, sonra isə sədri seçilməsi AXCP
sədri Əli Kərimlinin ürəyincə olmayıb.A.Əliyev bildirib ki, Ə.Kərimli
partiya daxili maliyyə, xaricdən gələn qrant və sair pul məsələlərini ancaq öz
nəzarətində saxlayıb, özünün, ailəsinin, xaricdə yaşayan oğlunun ərəb
şeyxlərinin övladı kimi yaşamasına sərf edib. Onun sözlərinə görə, AXCP sədri
Ə.Kərimlini düzgün, əqidəli cəbhəçilər heç zaman qane etməyib. Ə.Kərimli
tərəfindən aldadıldığını 30 illik siyasi fəaliyyətdən sonra başa düşən A.Əliyev
vurğulayıb ki, AXCP sədri cəbhəçilərdən şəxsi mənafeyi üçün istifadə edib. Sözdə
demokratiya uğrunda mübarizə apardığını söyləsə də, əslində partiyada çox sərt
diktatura rejimi qurub. Fərqli düşünənləri, onun antidemokratik hərəkətlərinə
etiraz edənləri ən çirkin üsullarla ləkələyib, böhtanlara məruz qoyub,
partiyadan uzaqlaşdırıb.
Ə.Kərimlinin partiyada
yaratdığı diktatura rejiminə, onun çirkin oyunlarına qarşı mübarizə aparacağını
dilə gətirən A.Əliyev AXCP sədrinə səslənərək, onu xəyanətkarlıqdan əl çəkməyə,
istefa verməyə çağırıb. NTK sədrinin bu video-müraciəti "Facebook”da
yayılan kimi, AXCP sədri Ə.Kərimlinin nəzarətində olan trollar – virtual söyüş
ordusu dərhal A.Əliyevin şəxsi profilinə hücum edərək, onun ünvanına söyüşlər,
təhqirlər yazıblar. Bəzi rəylərdə isə cəbhəçilər bu video-müraciəti
hakimiyyətin sifarişi kimi qələmə verməyə, A.Əliyevin nəyinsə müqabilində
iqtidara satılmasını, xəyanətkar yol tutmasını ictimai rəyə sırımağa
çalışıblar.
Lakin A.Əliyev
dünən daha bir video-müraciət yayaraq, ünvanına səslənən ittihamların həqiqəti
əks etdirmədiyini bəyan edib. O, AXCP sədri Ə.Kərimlinin özünün xəyanətkar
olduğunu, lideri Əbülfəz Elçibəyə dönük çıxdığını, vaxtilə hakimiyyətlə gizli
danışıqlara gedib şəxsi mənafelərini təmin etdiyini vurğulayıb: "Əli Kərimli,
1993-cü ili yadına sal. İqtidarla etdiyin "bazarlığı”, Elçibəyə etdiyin
xəyanəti yadına sal. Sən, uzun illər hakimiyyətin təbliğatçısı olan, Azərbaycan
müxalifətini tənqid deyil, təhqir edən Gültəkin Hacıbəylini bu gün qəhrəman
etmisən. Niyə? Çünki, o, sənə maddi dəstək verir. Əli Kərimli, sən saxta
partiya vəsiqələri satmaqla məşğulsan. Azərbaycan müxalifətinin birləşməsinə
mane olan sənsən. Bütün birlikləri pozan sənsən. Ölkədə ən böyük xəyanətkar və
satqın sənsən. Tez-tez xarici ölkə səfirləri ilə görüşüb bizi aldatmağından
utan. Hər dəfə onlarla görüşdən qayıdandan sonra yalandan deyirsən ki,
hakimiyyətə gəlirik, az qalıb”.
A.Əliyev
deyib ki, AXCP sədri Ə.Kərimli hakimiyyətin mitinq keçirməyə icazə vermədiyini əsas
gətirərək cəbhəçiləri aldadıb: "Senyabrın 28-də Bakı şəhərinin Qaradağ
rayonunun Lökbatan qəsəbəsindəki böyük bir stadionda mitinq keçirilməsinə icazə
verilib. Lakin qorxaq Əli Kərimli özünün absurd, uydurma bəhanələri ilə AXCP
üzvlərinin, xalqın öz etirazını bildirməsinin qarşısını alıb. İnsanların
mitinqə getməsinə icazə vermir. Əli Kərimli, axı sən kimə xidmət edirsən? Niyə
insanların haqqını pozursan? Hamı yaxşı anlayır ki, insanlar öz etirazlarını
bildirmək üçün nəinki Lökbatana, hətta Qobustana, Hacıqabula da getməyə
hazırdırlar. Əli Kərimli, əl çək bu ikiüzlü, riyakar oyunlardan”.
AXCP NTK sədri
A.Əliyev cəbhəçilərə səslənərək deyib ki, Ə.Kərimli kimi qorxaq, satqın,
xəyanətkar siyasi liderlə 20 ildən artıqdır heç nəyə nail olunmayıb: "Bundan
sonra da onunla nəyəsə nail olmaq qeyri-mümkündür. Əli Kərimlinin bütün məqsədi
bizi aldadıb öz çirkin oyunlarının qurbanı etmək, partiyaya ayrılan qrant
pullarını və digər maliyyə vəsaitlərini mənimsəmək, hakimiyyətdən yalnız özü və
yaxın ətrafı üçün daha çox güzəşt və gəlir əldə etməkdir. Əgər belə deyilsə,
guya şəhərin mərkəzində piket keçirəcəyi ilə bağlı vədlər verib xalqı
aldatmasın, insanları mitinqə çağırsın. Əli Kərimli, ömründə bir dəfə cəsarətin
və mənliyin olsun! İstefa ver! Cəbhəçilərin siyasi fəaliyyətinə mane olma! Qoy
biz mitinqlər keçirək, hakimiyyətə öz etirazımızı bildirək, haqqımızı tələb
edək!”
Rufik İSMAYILOV