• cümə, 19 Aprel, 05:06
  • Baku Bakı 18°C

Əli Həsənovun Türkiyədə yeni kitabı nəşr olunub

13.01.14 17:00 1503
Əli Həsənovun Türkiyədə yeni kitabı nəşr olunub
Türkiyənin "Ötüken" nəşriyyatı Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun "Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti" adlı monoqrafiyasını çapdan buraxmışdır.
AzərTAc xəbər verir ki, Türkiyə oxucularına təqdim olunan bu tədqiqat əsəri mötəbər mənbələrdən götürülmüş və böyük bir hissəsi elmi dövriyyəyə ilk dəfə buraxılmış zəngin yerli və xarici materiallardan, elmi əsərlərdən və internet resurslarından istifadə edilməklə ərsəyə gəlmişdir. Monoqrafiyada dövlət müstəqilliyinin bərpa edilməsindən sonrakı iyirmi il ərzində Azərbaycanda milli inkişaf və təhlükəsizlik sahəsində həyata keçirilən siyasət elmi-nəzəri cəhətdən dərindən araşdırılmışdır. Kitabda Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları, məqsəd və vəzifələri, başlıca istiqamətləri və mexanizmləri sistemli şəkildə tədqiq olunur, ictimai-siyasi, sosial-iqtisadi, hərbi-sərhəd, nəqliyyat-tranzit, ərzaq, informasiya, ekologiya və s. sahələrdə həyata keçirilən təhlükəsizlik fəaliyyətinin geniş politoloji təhlili aparılır. Əsərdə ölkənin milli, regional və beynəlxalq təhlükəsizlik sahəsində yürütdüyü siyasətin, bu istiqamətdə həyata keçirilən tədbirlərin, daxili və xarici fəaliyyətin elmi-nəzəri aspektləri tədqiq edilir, milli təhlükəsizlik strategiyasının formalaşması, həyata keçirilməsi, praktiki nəticələri və səmərəlilik dərəcəsi geosiyasi parametrlər əsasında qiymətləndirilir.
Monoqrafiyada ayrıca olaraq, Azərbaycan Respublikasının geosiyasi kodunun, təhlükəsizlik sahəsində milli və xarici siyasət konsepsiyasının hazırlanması, milli maraq çərçivəsinin müəyyənləşməsi və təmin edilməsi kimi çoxsaylı hərbi-geostrateji və geosiyasi məsələlər təhlil olunur, dövlətin inkişaf perspektivləri, təhlükəsizlik sahəsində dünyanın və regionun geosiyasi güc mərkəzləri ilə münasibətləri, Xəzərin enerji resurslarının istismarı və dünya bazarlarına çıxarılması, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizi və s. transmilli layihələrin təhlükəsizliyinin təmin edilməsinin vacib aspektləri araşdırılır. Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun milli təhlükəsizliyə təsiri məsələsinə də xüsusi diqqət yetirmişdir.
Əsərdə qloballaşmanın, eləcə də regionda yaşanan müasir transmilli proseslərin tələbləri və çağırışları fonunda ölkənin həyati əhəmiyyətli geosiyasi, geoiqtisadi və hərbi-geostrateji təhlükəsizliyinin təminatı məsələləri də araşdırılır, yürüdülən təhlükəsizlik siyasətinin real səviyyəsi tədqiq olunur, səmərəliliyi qiymətləndirilir və çevik, praqmatik təhlükəsizlik fəaliyyətinin zəruriliyi əsaslandırılır. Bundan başqa, Azərbaycanın milli inkişafı və təhlükəsizliyini təhdid edə biləcək yerli, regional və qlobal proseslər, geosiyasi, hərbi-geostrateji və geoiqtisadi vəziyyət elmi-siyasi cəhətdən araşdırılır, proqnozlaşdırılır və müvafiq tövsiyələr verilir.
Bu əsər professor Əli Həsənovun Türkiyədə nəşr olunan sayca ikinci kitabıdır. Bundan əvvəl onun "Geopolitika" adlı monoqrafiyası qardaş ölkənin oxucularına təqdim olunmuşdu.
banner

Oxşar Xəbərlər