• cümə, 26 Aprel, 01:28
  • Baku Bakı 16°C

Əli Həsənov Türkiyə bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb

08.11.17 18:49 917
Əli Həsənov Türkiyə bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb
Bu gün "Qəbullar Sarayı”nda Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisiƏli HəsənovTürkiyə Çukurova Bələdiyyələr Birliyinin bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

APA-nın məlumatına görə, Çukurova Bələdiyyələr Birliyi mərkəzi Adana şəhərində olan Adana, Mersin, Hatay və Osmaniye vilayətlərinin böyükşəhər, şəhər, qəsəbə, kənd bələdiyyələrinin üzv olduğu regional birlikdir.

Görüşdə Ə. Həsənov bildirib ki, Azərbaycan və Türkiyə ortaq milli-mənəvi dəyərlərə, tarixi köklərə malik iki qardaş dövlətdir: "Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "biz bir millət, iki dövlətik” ifadəsi Azərbaycan-Türkiyə münasibətlərinin fəlsəfəsini müəyyən edən fikirlərdir. Müasir dövrdə Azərbaycan prezidenti cənabİlham Əliyevvə Türkiyə prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr daha da güclənib və strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan və Türkiyə arasında qarşılıqlı etimad əlaqələrinin daha da inkişaf etdirilməsində Türkiyənin müvafiq dövlət qurumları və yerli özünü idarəetmə orqanları ilə ölkəmizin yerli icra orqanları arasında əməkdaşlıq böyük əhəmiyyətə malikdir. Bu mənada qarşılıqlı səfərlərin təşkili olduqca vacibdir”.

Azərbaycanın Türkiyədəki diaspor təşkilatlarının səmərəli fəaliyyətində yerli bələdiyyələrin dəstəyini xüsusi qeyd edən Ə. Həsənov mütəmadi qaydada keçirilən sərgilərin, konsert proqramlarının, elmi-praktiki konfransların və digər tədbirlərin Azərbaycanda da böyük həvəslə izləndiyini diqqətə çatdırıb. O deyib ki, Türkiyədə Heydər Əliyevə olan məhəbbət və böyük hörmət hissi bələdiyyələrin fəaliyyətində də özünü büruzə verir: "Adana vilayətinin Ceyhan şəhərində Heydər Əliyev adına park və abidə kompleksi ucalması, mövcud parklardan birinə ümummilli liderin adının verilməsi ilə bağlı Adana Böyükşəhər Bələdiyyəsinin qərar qəbul etməsi, Heydər Əliyevin adına universitetin yaradılmasının planlaşdırılması, Mersin vilayətinin Tarsus şəhərində və Hatay vilayətinin Payas rayonunda Heydər Əliyev adına park salınması bunu bir daha təsdiq edir. Bundan başqa, Türkiyə bələdiyyələrinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanla bağlı abidələr ucaldılıb, parklar salınıb, muzeylər yaradılıb və digər işlər görülüb. Azərbaycanla Türkiyənin müxtəlif şəhərləri arasında qardaşlaşmış şəhərlər münasibətlərinin qurulması yerli özünüidarəetmə sahəsində təcrübə mübadiləsi üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda Gəncə şəhəri ilə İzmir, Qars, Bursa, Ordu, Ankara, Elağız, Eskişehir, Sumqayıt şəhəri ilə Ceyhan, Bakının Xətai rayonu ilə Tarsus, Nəsimi rayonu ilə İzmit, Şəki şəhəri ilə Meram, Mingəçevir şəhəri ilə Gölbaşı, Şamaxı və Şərur şəhərləri ilə İğdır qardaşlaşmış şəhərlərdir. Azərbaycan və Türkiyənin bələdiyyə orqanları arasındakı münasibətlər müxtəlif konfranslar və sərgilər çərçivəsində də inkişaf edir. Təqdirəlayiq haldır ki, Türkiyə bələdiyyələri bu cür tədbirləri yalnız öz ərazilərində deyil, hətta xarici dövlətlərdə keçirmək təşəbbüsü ilə çıxış edirlər".

Ə. Həsənov diqqətə çatdırıb ki, 1918-ci ildə Azərbaycanda erməni-daşnak silahlı birləşmələrinə qarşı döyüşlərdə şəhid olmuş türk əsgərlərinin müxtəlif şəhərlərdəki məzarları üzərində xatirə abidələri yenidən tikilib və yaxud təmir olunub: "Hər il sentyabrın 15-də türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk Şəhidliyi” abidəsi önündə anım mərasimləri keçirilir".

Adana Böyükşəhər Bələdiyyəsinin sədri, Çukurova Bələdiyyələr Birliyinin sədri Hüseyn Sözlü deyib ki, Azərbaycana səfərdə məqsədCəbrayılrayonunun Cocuq Mərcanlı kəndinə baş çəkməkdir: "Türkiyə prezidenti Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Biz Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək istəyirik. İqtisadi əməkdaşlığı və mədəni əlaqələri daha yüksək səviyyəyə qaldırmalıyıq".

Bakıda əhaliyə xidmət edən müasir avtobusların olduğunu müşahidə etdiklərini, bunun sevindirici olduğunu söyləyən H. Sözlü Türkiyədə bir çox tanınmış şirkətlərin avtobuslarının istehsal olunduğunu, bu avtobusların Azərbaycana da ixrac edilə biləcəyini söyləyib: "Dağlıq Qarabağ Azərbaycan qədər Türkiyənin də məsələsidir. Dağlıq Qarabağ məsələsinin Türkiyə qədər digər qardaş türk ölkələrin - Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın da məsələsini olmaq istərdik".

H. Sözlü neftin bir çox ölkələr üçün bir problem qaynağı olduğunu bildirib: "Ancaq bu günBakı-Tbilisi-Ceyhanneft kəməri ilə Türkiyə üzərindən nəql edilən neft Azərbaycan xalqına mənfəət gətirir. Biz hər zaman Azərbaycan xalqının yanındayıq".

Ə. Həsənov Azərbaycan və Türkiyənin yerli icra orqanlarının, bələdiyyələrinin əməkdaşlığının vacib olduğunu vurğulayıb.
banner

Oxşar Xəbərlər