• çərşənbə axşamı, 23 aprel, 12:26
  • Baku Bakı 24°C

Elgün Həmidov: “Tələbəlik illərimdə öyrəndiklərim mənə sonrakı işimdə çox kömək oldu”

06.04.15 06:50 3004
Elgün Həmidov: “Tələbəlik illərimdə öyrəndiklərim mənə sonrakı işimdə çox kömək oldu”
“Debüt” rubrikamızın qonağı gənc, istedadlı aktyor Elgün Həmidovdur. Adətən teatra yeni addımlar atan, yeni nəfəs gətirən gənc aktyorlarla söhbətimiz zamanı onların arzuları, istəkləri, öncədən verdikləri vədlər bitib tükənmək bilmir. Budəfəki müsahibimiz isə nədənsə gələcəkdən danışmağı sevmir. Gələcək planları bir yana, o, ümumiyyətlə, danışmağa elə də üstünlük vermir. Danışmaqdansa səhnədə performans göstərməyi, sözünü canlandırdığı obrazları ilə deməyi daha çox sevir.
Müəllimin açdığı cığır
Beləliklə, bu həftə debütçümüz Elgün Rafiq oğlu Həmidovdur. O, 1983-cü il yanvarın 2-də Xaçmaz rayonunun Yergüc kəndində anadan olub. Elə doğulduğu rayonda orta təhsilini başa vurub. Əsgərlikdən gəldikdən sonra bir neçə dəfə universitetə sənədlərini versə də, tələbə adı qazanmaq ona 2009-cu ildə qismət olub. Elgün həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinin “Estrada rejissoru” ixtisasına daxil olub. Əməkdar artist Vidadi Həsənovun kursunda təhsil aldığı üçün özünü şanslı tələbələrdən hesab edir. Deyir ki, Vidadi müəllim onların yolunda çox əziyyət çəkib. Tələbəlik illərində Vidadi Həsənov tələbələrini hərtərəfli yetişdirmək üçün onları nəinki teatrlara praktika etmək üçün aparır, hətta vətəndən kənarda keçirilən festivallarda da iştiraklarını təmin edir. Belə ki, kurs rəhbəri olduğu “Estrada rejissorlarını” Qazaxıstanın Alma-Ata şəhərində keçirilən “Beynəlxalq tələbələrarası festival”-da “Adi əhvalatlar” tamaşası ilə iştiraklarını təşkil edir. V.Həsənovun tələbələri də müəllimlərindən aldıqları təhsilin qarşılığını verərək festivalın ən yüksək mükafatı olan Qran-priyə layiq görülürlər.
Rejissorluq ixtisasını bitirsə də aktyor vəzifəsində çalışan müsahibim hesab edir ki, rejissor sənəti insandan daha çox bilik və əziyyət tələb edir. Belə ki, aktyor əsasən öz rolunun təklif olunmuş vəziyyəti haqqında düşünsə də, rejissor tamaşanın ümumi yozumunu, gedişatını düşünməlidir. Tələbəlik illərində bir sıra tamaşalara quruluş verən aktyor yaxın zamanlarda rejissorluq etməyi, tamaşa hazırlamağı düşünür.
Çalışqan tələbə
Universitetdə oxuduğu illərdə - 2011-ci ilin dekabrında əməkdar artist Pərviz Məmmədrzayevin yaratdığı “Simsar” teatr studiyasına üzv olur. Orada “Niyə?”, “Mənim”, “Müdaxilə”, “Qladiator döyüşü” və digər tamaşalarda rol alır. Bu günə qədər Pərviz Məmmədrzayevlə məşqlərinin davam etdiyini söyləyən Elgün hazırda yeni tamaşalar üzərində işlədiyini qeyd edir. O deyir ki, müəllimlərindən öyrəniləsi hələ çox şey qalıb. “Simsar” studiyasında o, Qurban Mənsimovdan klounada janrında bilgilər əldə edib.
Tələbəlik illərində öyrəndiklərindən hazırda kifayət qədər yararlanan Elgün Universitetə qəbul olmamışdan öncə tələbəni yonulmamış taxtaya bənzədir: “Universitetə daxil olduqdan sonra Vidadi müəllim bizi rəndələdi, yoğurdu, öz maraqlı üsulları ilə bizi formaya saldı. Müəllimimiz bizə təkcə rejissor dərsi keçmirdi. Monoloqlar yazır, rejissorluqla bərabər aktyorluq ixtisasını da öyrənirdik. Tələbə olarkən ikinci kursda bizə tapşırıldı ki, monoloqlar tapıb onları səhnələşdirək. Ancaq bu mövzuda material az olduğu üçün çətinlik çəkdik. Belə olan halda Vidadi müəllim bizə tapşırdı ki, özünüz yazın. Biz də cizgi filmi qəhrəmanlarından monoloqlar hazırladıq. Bir tamaşada cizgi filmi qəhrəmanlarının problemlərini göstərməyə çalışdıq. Nəticədə maraqlı monoloqlar ortaya çıxdı. Vidadi müəllim bizə həm ssenari yazmağı, səhnələşdirməyi, hekayəni pyes variantına çevirməyi, aktyor kimi işləməyi, danışıq mədəniyyətini, nəzəriyyəni, hətta məqalə yazmağı belə öyrətdi. Tələbəlik illərimdə öyrəndiklərim mənə sonrakı işimdə çox kömək oldu”.
Elgün ikinci kursda oxuyarkən “Yuğ” teatrında “Gənc kadrların yetişdirilməsi” üçün hazırlanan studiyanın fəal iştirakçısına çevrilir. Orada biri-birinin ardınca iki -“Məsəl ya əməl”, “Sur” tamaşalarında iştirak edib. Teatrda hazırlanan tamaşalarda teatrın aktyorları ilə bərabər çalışan Elgün özü də bilmədən gün keçdikcə bu teatra bağlanır.
Elgünün “Yuğ” teatrına gəlişi, burada işləməyi isə heç də təsadüfi olmur. O, Universiteti bitirərkən diplom tamaşası olan “Qara qutu”-nu məhz həmin teatrın səhnəsində gerçəkləşdirir. Bu teatra gəlişindən heç də peşman olmayan müsahibim deyir ki, “Yuğ” teatrında gənclərə həmişə dəstək olublar. Orada gənc kadrların inkişafı üçün hər bir şərait yaradırlar. Onun sözlərinə görə artıq 2 ildir ki, sözügedən teatrın ştatına qəbul edilib: “Tələbəlik illərimdə “Yuğ” teatrının məşqlərinə gedir, onları kənardan izləyirdim. Bu teatra gələndə mənim bazam çox az idi. İndinin özündə də hesab edirəm ki, öyrənməli çox şey var. İndi orada yeni tamaşalar üzərində məşqlər gedir. “Yuğ” teatrının estetikası, özünün xüsusi tərzinin olması məni daha çox cəlb etdi. Mən indinin özündə də o teatrın psixosof poetikasını tam olaraq dərk etmədiyimi düşünürəm”.
Elgün bu teatrda çalışdığı müddət ərzində “Yad.Daş” və “Missis və Mister cəsəd”, Dədə Qorqud dastanı motivləri əsasında hazırlanmış “Boy” tamaşasında bir sıra obrazları canlandırıb.
Artıq iki ilə yaxındır ki, Akademik Milli Teatrının studiyasında fəaliyyət göstərən gənc aktyor burada tələbələrlə bərabər çalışan müəllimlərin böyük rolu olduğunu deyir: “Bu müddət ərzində studiyada “Banan qabığı” adlı tamaşamızı hazırlamışıq. Hazırda yenə də işlərimiz davam edir. Studiyada plastika, vokal, rejissor dərsləri alırıq. Bu studiyada İncəsənət Universitetinin tələbələrilə bərabər digər universitetin tələbələri də yer alıb. Burada kimin daxilində nəyə daha çox həvəs var, kim nəyi bacarırsa, o bacarığın üzə çıxarılması ilk mərhələdə daha önəmsənildi”.
Elgün ana teatrın studiyasında çalışdığı illərdə böyük səhnədə hazırlanan “Əmir Teymur” tamaşasında təlxək obrazına dəvət alır. Böyük səhnədə ilk obrazı canlandıran Elgün bu obrazı həyəcansız keçirmir: “Elə hisslər var ki, onları dilə gətirmək çətindir, gərək yaşayasan. Bu tamaşada böyük bir kollektiv iştirak edir. Bu tamaşa vasitəsi ilə gözəl insanlarla tanış oldum”.
Həm “Yuğ” teatrında, həm də Akademik Milli Dram Teatrında biri birindən maraqlı obrazlar canlandıran Elgün fərqli üslublu teatrlarda çalışmaqdan böyük zövq alır. Deyir ki, hər bir teatrın öz üslubu var. “Yuğ” teatrının səhnəsi, tamaşaçı ilə olan ünsiyyəti, üslubu, yaradıcı siyasəti tamam başqadır: “O, səhnə aktyordan tamam başqa şeylər tələb edir”.
Təlxək obrazından sonra müsahibim Gümrah Ömərin quruluşunda hazırlanan “Nadir şah” tamaşasında ordu komandanı Dauran xan obrazını canlandırıb. Bundan əlavə teatrın səhnəsində yeni ildə nümayiş olunan “Tıq-tıq xanımın yeni dostları” tamaşasında Küpəgirən qarı rolunu ifa edib.
Təvazökar aktyor
Aktyor olmaq üçün bacarığın və öz üzərində çalışmağın şərt olduğunu qeyd edən müsahibim həmyaşıdlarına mütəmadi olaraq məşq etməyi tövsiyəyə edir: “Bu sənət haqqında mənim danışmağım düzgün deyil. Nə bilirəm ki, nə də danışım. İllərlə bu sənətdə külüng vuran, ömrünü, həyatını bu sənətə fəda edən sənətkarların yanında mənim sənətdən danışmağım bir qədər çətindir. Biz hələ gəncik, öyrənirik”.
Elgün üçün obrazın böyüklüyü, kiçikliyi yoxdur. Əsas istəyi odur ki, hansısa problemi olduğu şəkildə tamaşaçılara göstərsin, cəmiyyətin ağrılı problemlərinə toxunaraq onlara real vəziyyəti göstərə bilsin. Gələcək planları barədə danışmağı sevməyən müsahibim zamanla gələcəyin ona nələr gətirəcəyini gözlədiyini deyir. Gələcəklə bağlı planlar qurmadığını, hər şeyin qismətdən asılı olduğunu hesab edir. Fürsətdən istifadə edib, gənc aktyordan ən böyük istəyinin nə olduğunu soruşduq. Aldığımız cavab isə bizi çox təəccübləndirdi. Bizə bu sənəti öyrədən sənətkarlar, Vidadi Həsənov, Pərviz Məmmədrzayev, Gümrah Ömər, Qurban Mənsumovdan biz çox şey öyrənmişik: “İstəməzdim ki, onların zəhməti hədər getsin. Onların üzərimizdə böyük zəhməti var. Bizim də borcumuzdur ki, o zəhmətin qarşılığını verək. Onlar mənə öyrədirlər, mən də öyrəndiklərimdən yararlanıb inşallah nə vaxtsa gələcəkdə öz bildiklərimi kiməsə öyrədərəm”.
Qonorar məsələsinə gəldikdə isə aktyor dedi: “Bizim böyüklərimiz də bu maşa qane olub işləyirsə, mənim nədənsə şikayət etməyim düzgün olmaz. Bizim sənət çox çətindir. Biz hələ yeni başlamışıq. Onlar daha çox əziyyət çəkirlər. Qonorar yüksək olsa, aktyorlar işlərinə daha çox vaxt ayırarlar. Məişət qayğıları insanı sıxanda yaradıcılıq bir qədər geridə qalır. İstəyərdim ki, tamaşaçılar teatra mütəmadi olaraq gəlsinlər”.
Biz də öz növbəmizdə Elgünə bundan sonrakı yaradıldığında uğurlar arzulayırıq.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər