• cümə axşamı, 25 aprel, 08:23
  • Baku Bakı 14°C

Elektronlaşan biznes

16.07.20 10:30 1271
Elektronlaşan biznes
Ekspertlər hesab edirlər ki, 2021-ci ildə ölkəmizdə elektron biznesin inkişafı ilə bağlı ciddi nailiyyətlər əldə ediləcək
Azərbaycan 2021-ci ildə elektron biznesi genişləndirməyi hədəfləyir. Bu barədəİqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Arzu Hüseynova deyib. Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycanın sosial-iqtisadi siyasətinin əsas prioriteti COVID-19 pandemiyasından təsirlənən ölkə iqtisadiyyatının bərpası olacaq. "COVID-19 pandemiyasının təsiri artıq iqtisadiyyatın müxtəlif sahələrində dəyişikliklərə səbəb olduğundan, 2021-ci ildə iqtisadiyyatda informasiya və rabitə texnologiyalarının rolunun artacağını gözləyirik" - A.Hüseynova qeyd edib.
Mütəxəssisin vurğuladığı kimi, Azərbaycanın sosial-iqtisadi inkişafının prioritetləri həm müvafiq dövlət proqramlarında, həm də strateji yol xəritələrində öz əksini tapıb. Onun sözlərinə görə, qeyd olunan istiqamətin inkişafı 2021-ci ildə də davam edəcək. İxtisaslı kadrların hazırlanması mövzusuna toxunan icraçı direktor, ölkədə mütəxəssislərin hazırlanması üçün vaxtaşırı böyük işlərin görüldüyünü vurğulayıb. Maraqlıdır, qoyulan hədəfə çatmaq üçün hansı addımlar atılmalıdır, elektron biznesin genişlənməsi bizə nə verəcək, hansı müsbət və mənfi nəticələri ola bilər?
İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, iqtisadiyyatın elektronlaşması strategiyası əvvəldən vardı, sadəcə, pandemiya bu istiqamətdə atılacaq addımları tezləşdirib: "Ümumiyyətlə, son dönəmlər iqtisadiyyatın ayrı-ayrı sahələrində informasiya texnologiyalarından istifadə etmək, yararlanmaq ənənəsi bir müddət əvvəldən başlanıb. Sadəcə olaraq, pandemiya şəraiti nəinki Azərbaycan, bütün dünya iqtisadiyyatı üçün bu məsələnin daha tez həll olunmasının vacib olduğunu göstərdi. Hətta, pandemiyanın yayıldığı, yəni aprel, may, iyun ayları ərzində elektron vasitələrdən istifadə üzrə statistikaya nəzər yetirsək, qeyri-nağd ödənişlərin hansı səviyyədə genişləndiyinin şahidi olarıq. Amma biznesin elektronlaşması, sadəcə, ödənişlərin nağdsız aparılması deyil. Bu, ümumiyyətlə, iqtisadiyyatda bütün fəaliyyət sahələrinin işində elektron vasitələrdən istifadənin genişləndirilməsini özündə ehtiva edir. Əvvəldə də qeyd etdiyim kimi, bu məsələ pandemiyadan da əvvəl nəzərdə tutulduğu üçün belə bir strategiya var idi. Sadəcə olaraq, koronavirusun yayılması ilə bağlı yaranmış vəziyyət bu istiqamətdə atılması gərəkən addımların daha tez bir şəkildə reallaşması zərurətini yaratdı. Hesab edirəm ki, 2021-ci ildə həqiqətən də Azərbaycanın sosial-iqtisadi siyasətində elektron biznesin inkişafı ilə bağlı ciddi nailiyyətlər əldə edəcəyik”.
İqtisadçı Turab Rzayev post-pandemiya dönəmi üçün hansısa iqtisadi, sosial planın olmasını sevindirici hal olduğunu bildirir: "Çünki bizdə, adətən iqtisadiyyatda orta və ya uzunmüddətli planlaşdırılma ilə bağlı boşluqlar olub. Təbii ki, elektron biznesə keçid əhəmiyyətli addımdır. Amma bu, elə də asan başa gələcək iş deyil. Bunun üçün uyğun baza olmalıdır. İlk olaraq bu suala cavab tapmaq lazımdır ki, elektronlaşma biznesin hansı sahələrinə aid ediləcək? Çünki elektron iqtisadiyyatın inkişaf etdiyi ölkələrdə bunun bir texnoloji elmi bazası var. Həmin baza vasitəsilə yeni texnoloji vasitələrdən istifadə olunur. İkinci məsələ isə iqtisadiyyatın özünün bu tətbiqə hazır olmasıdır. Yəni iqtisadiyyatda yeni elektron vasitələrdən istifadəyə tələbat yaranmalıdır. Açığı, iqtisadiyyatımızın bu keçidə tam hazır olduğunu düşünmürəm. Yəni biznesdə elektron vasitələrin tətbiqi uğurlu başlanğıc ola bilər, amma tam istifadə üçün hələ tezdir”.
"Hazırda dünyada süni intellektə maraq yaranıb” deyən iqtisadçı qeyd edir ki, bizdə də süni intellektin tətbiq oluna biləcəyi sahələr seçilə və bu istiqamətdə inkişaf etdirilə bilər: "Qonşu ölkələr üçün süni intellektlə çalışacaq vasitələrin istehsal olunacağı bir xab yaratmaq olar. Digər bir addım isə regional internet xabın yaradılmasıdır. Necə ki, MDB ölkələrindən olan Estoniyada bu təcrübə artıq var. Elə bir xab ki, orada yeni texnoloji proqramlar hazırlanacaq, texnoloji yeniliklər tətbiq ediləcək, biznes inkubatorları olacaq. Bütün bunları həyata keçirmək üçün bizim texnoloji bazaya ehtiyacımız var. İndiki vəziyyətdə sadəcə elektron biznesə keçidi stimullaşdıra bilərik. Digər tərəfdən hazırda mövcud vəziyyətlə bağlı bir çox xidmət sahəsi onsuz da elektonlaşmaya keçid edib. Sadəcə bunu bir az da genişləndirmək üçün baza formalaşdırmalıyıq”.
T. Rzayev elektronlaşmanın müsbət və mənfi tərəflərindən də danışdı: "Elekton iqtisadiyyatın gətirəcəyi üstünlük, xərcləri aşağı salmasıdır. Yəni insanlar elektron xidmətə keçəndə obeykt üçün verdikləri yer pulu, kommunal xərclər olmur, bu da istənilən halda sərfiyyatın aşağı olması ilə nəticələnir. Bu, alıcı tərəf üçün də sərfəlidir. İstehlakçı mağazaya getmədən istədiyi əşyanı sifariş verir və vaxtına qənaət etmiş olur. Hazırda dünya təcrübəsinə baxsaq, görərik ki, bir çox məşhur satış obyektlərinin heç realda mağazası yoxdur, sadəcə internet üzərindən xidmət göstərir. Düşünürəm ki, bu, növbəti mərhələdə Azərbaycanda da genişlənəcək. Biznesin elektronlaşması həm də kölgə iqtisadiyyatının aradan qaldırılmasına xidmət edir. Nağdsız ödənişlərin genişlənməsi İqtisadiyyat Nazirliyinin kölgə iqtisadiyyatından çıxma vasitələrindən biridir. Lakin elektron iqtisadiyyatın əks effekti isə iş yerlərinin azalması ola bilər. Çünki onlayn şəkildə fəaliyyət göstərən mağazalarda satıcılara və digər işçilərə ehtiyac olmayacaq”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, pandemiya dünyada rəqəmsallaşmanı xeyli stimullaşdırdı, yəni bu dövrdə rəqəmsal mühit xeyli canlandı: "Bizim vətəndaşlarımızın xaricdən onlayn məhsul sifariş verməsi də son dövrlərdə xeyli canlandı. İndiyə qədər insanların böyük əksəriyyəti xarici ölkələrdən, daha çox da Türkiyədən məhsul sifariş edirdi. Türkiyədən alış həcmi artıq milyon dollarla ölçülürdü və bununla bağlı Azərbaycanda 50-yə qədər karqo şirkətləri də var idi. Ancaq daxili elektron ticarət, ölkə daxilində olan mağazaların elektronlaşması və vətəndaşların onlayn alış etməsi yetərincə inkişaf etməmişdi. Pandemiya dövrndə daxili onlayn ticarət də bir qədər inkişaf etdi. Artıq ölkə daxilində onlayn alış-veriş və çatdırılma ilə bağlı bir neçə yeni şirkətlər yaranıb. Bu istiqamətdə bir dinamika var və hesab edirəm ki, bu sahədə inkişaf davam edəcək”.
Günel Azadə
banner

Oxşar Xəbərlər