• cümə, 29 Mart, 12:47
  • Baku Bakı 14°C

Elektron ticarət müasir dünyanın tələbidir

22.10.19 11:15 2760
Elektron ticarət müasir dünyanın tələbidir
Ekspertlər ölkəmizdə ticarətin bu növünün inkişafı üçün təşviqedici fəaliyyətlərin həyata keçirilməsini vacib hesab edirlər
Oktyabrın 21-də "InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində ikigünlük 2-ci "Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” işə başlayıb. Fins.az xəbər verir ki, forumun ilk günündə elektron ticarətin müxtəlif istiqamətləri üzrə 4 sessiya təşkil edilib. Qeyd edək ki, "Hökumət və hökumətlərarası yanaşmada elektron ticarətin tənzimləmə siyasəti” adlı sessiyada milli strategiyalar, elektron ticarətin asanlaşdırılması, elektron idarəetmənin təsiri və beynəlxalq əməkdaşlıq müzakirə olunub. "Elektron ticarət infrastrukturunda yeni texnoloji trendlər: perspektivlər və təhdidlər” sessiyası kibertəhlükəsizlik, elektron imza, süni intellekt, robototexnika və blokçeyn mövzularını əhatə edib.

Elektron ticarət hal-hazırda bütün dünyada geniş yayılıb. İstədiyimiz hər şeyi onlayn qaydada əldə edə biliriksə, saatlarla mağazada vaxt xərcləməyə də ehtiyac qalmır. Bəs görəsən bu sahədə vəziyyət necədir? Elektron ticarətin inkişafı üçün hansı addımlar atılmalıdır?

İqtisadçı alim Vüqar Bayramov deyir ki, elektron ticarətin inkişaf etdirilməsi hal-hazırda prioritet məsələlərdən biridir: "Son illər elektron ticarətin ümumi dövriyyəsinin artmasına baxmayaraq, hələlik potensialımızdan tam olaraq istifadə etmirik. Ticarətin böyük hissəsi hələ də ənənəvi qaydada aparılır. Baxmayaraq ki, elektron ticarət ümumi ticarət payına birbaşa təsir göstərir. Buna görə də elektron ticarətin genişləndirilməsi ilə bağlı bir sıra addımlar atılır. Amma təcrübə göstərir ki, atılan addımlar daha çox inzibati xarakter daşıyır. Ticarətin bu növünün inkişafı üçün təşviqedici fəaliyyətlərin həyata keçirilməsi daha məqsədəuyğun olar. ABŞ daxil olmaqla bir sıra inkişaf etmiş ölkələrdə elektron ticarət əlavə dəyər vergisindən azad edilib. Biz də bu təklifi irəli sürmüşük. ABŞ-da elektron ticarətlə məşğul olan şirkətlər satış vergisi vermir. Bu da stimullaşdırıcı tədbirlərdən biri hesab olunur. Digər tərəfdən alıcıların da elektron ticarətə meyllənməsi prosesi təşviq olunmalıdır. Elektron ticarətlə satılan mallar digər mağazalardan fərqli olaraq daha ucuz olur. Düşünürəm ki, vergi güzəştlərinin bizdə də tətbiq edilməsi faydalı ola bilər. Bu mexanizm həm şirkətlərin, həm də alıcıların stimullaşdırılmasına gətirib çıxara bilər. Bundan başqa, təhlükəsizlik qaydalarının təmin edilməsi çox vacibdir. Çünki elektron ticarətə olan marağın azalmasının səbəblərindən biri də təhlükəsizliyin gözlənilməməsidir. Bəzi hallarda məlumatların üçüncü şəxslərlə bölüşməsi halları yaşanır ki, bu da vətəndaşların elektron ticarətə olan marağının azalmasına səbəb olur. Təşviqedici addımlarla yanaşı, təhlükəsizlik qaydalarının təmin edilməsi istiqamətində fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var. Yalnız bu halda müəyyən edilən prioritetlərə qısa zamanda nail olmaq mümkündür”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, hələlik bu sahədə görüləcək işlər çoxdur: "Son dövrlərdə bu istiqamətlərdə müəyyən addımlar atılsa da, ümumi vəziyyət qənaətbəxş deyil. Elektron ticarətin göstəricilərini qonşu ölkələrin analoji göstəriciləri ilə müqayisə etsək, bunu aydın görərik. Yəni hələlik elektron ticarətin dövriyyəsi dar bir çərçivədədir. Qazaxıstan, Belarus, Rusiya və digər ölkələrin dövriyyələrinə baxsaq, görərik ki, nəticələr milyardlarla dollardır. Bizdə də bu potensial var. Amma bu imkanların reallaşdırılması ilə bağlı ciddi problemlər var. Qanunvericiliklə bağlı bu sahədə ciddi islahatlar aparılmalıdır. Yalnız bu halda elektron ticarətin dövriyyəsini qaldırmaq olar. Sahibkarlar bu sahəyə cəlb olunmalıdır. Bunun üçün maarifləndirmə işlərinə və münbit şəraitə ehtiyac var. Yəni praktiki məsələlərə önəm vermək lazımdır. 21-ci əsrdə insanların ən böyük rahatlığı elektron ticarətdir. Qısa müddətdə alış-veriş etmək üçün indi hər kəs elektron ticarətə üstünlük verir. Digər tərəfdən, elektron ticarət zamanı qeydiyyat aparıldığına görə daha şəffafdır. Belə olduğu zaman aidiyyəti qurumların nəzarət etməsi daha asandır. Elektron ticarət sahibkarlar üçün də yeni bir auditoriyadır. Sahibkarlar yeni alıcı təbəqəsi qazanır. Elektron ticarətin zəif inkişafının əsas səbəblərindən biri də internetin keyfiyyətli olmamağıdır. İnternet dayanıqlı və keyfiyyətli olmalıdır ki, onun vasitəsi ilə ticarət aparıla bilsin. Nazirlik ilk növbədə bu məsələyə diqqət yetirməlidir”.

Elektron Ticarət İcması Birliyinin rəhbəri Rəşad Mehdiyev elektron ticarətin bir sıra üstünlükləri olduğunu söylədi: "Hər şeydən əvvəl onlayn alış-veriş etməklə siz öz vaxtınıza qənaət etmiş olursunuz. İndi bir məhsulu almaq üçün saatlarla mağazaları gəzmirik, qısa bir müddətdə istədiyimiz brendi əldə edə bilirik. Dünyada ticarət dövriyyələrinin böyük bir hissəsi elektron ticarətinin payına düşür. İndi heç kim şopinqə böyük vaxt xərcləmək istəmir. Təsadüfi deyil ki, bu il ilin ən varlı insanı Amazonun sahibi Jeff Bezos seçildi. Bu onu deyir ki, elektron mağazalar artıq bütün dünyada istifadə olunur. Təəssüflər olsun ki, Azərbaycanda hələ də bu sahə tam olaraq inkişaf etməyib. Əsas səbəblərdən biri də elektron ödənişlərin geniş yayılmamağı ilə bağlıdır. Düzdür, 5 il əvvəllə müqayisədə xeyli irəliləyiş əldə olunub. Məsələn, 5 il əvvəl saytların əksəriyyəti müasir standartlara cavab vermirdi. Amma artıq Azərbaycanda kifayət qədər peşəkar elektron ticarət saytları var və tələb olunan standartlara cavab verir. Qonşu ölkələrin elektron ticarət dövriyyəsinə baxanda görürük ki, biz xeyli geridəyik. Ona görə də bu sahədə təşviqedici mexanizmlərə ehtiyac var. Yaxşı olar ki, sahibkarlara müəyyən güzəştlər edilsin. Vergi məsələlərində müəyyən güzəştlərə ehtiyac var. Bu kimi tədbirlər elektron ticarətin inkişafına təsir edə bilər. Post-neft dövründə elektron ticarətin inkişafı çox mühüm məsələdir. Bu sahəyə dövlət dəstəyi daha da gücləndirilərsə, qısa müddətdə effektiv nəticələr əldə etmək olar”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər