Elektron mediada milli-mənəvi dəyərlərin təbliği müzakirə edilib - Fotolar
İyulun 25-də Humanitar Araşdırmalar İctimai Birliyi Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə "Mətbuatda və sosial mediada milli-mənəvi dəyərlərin
qorunması” adlı layihə çərçivəsində "Elektron mediada milli-mənəvi dəyərlərin təbliğinin
vəziyyəti” mövzusunda Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa keçirib. Dəyirmi
masada millət vəkilləri, alimlər, jurnalistlər və gənclər iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan İctimai Birliyin sədri Nurlanə Mustafayeva vurğulayıb ki, milli-mənəvi
dəyərlər hər bir xalqın fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq
üçün lazımlı olduğuna inanıb qəbul edilən ortaq dünyagörüşü, məqsədləri, əxlaq
normaları və inanclarıdır: "Xalqımızın minilliklər boyu mövcud olan milli-mənəvi
dəyərləri məhz onlara sahib çıxılması sayəsində qorunub və Azərbaycan xalqını
digər millətlərdən fərqləndirib. Azərbaycan xalqının formalaşmasına milli-mənəvi
dəyərlərin təsiri böyük olduğu kimi, heç şübhəsiz, milli dövlətçiliyimizin möhkəmləndirilməsində
də xüsusi rolu var. Dövlət müstəqilliyinin bərpa edilməsindən, xüsusən 1993-cü
ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra
xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılması, inkişaf etdirilməsi
və gələcək nəsillərə çatdırılması üçün böyük işlər görülüb. Milli-mənəvi dəyərlərin
qorunması dövlət siyasətinin başlıca elementlərindən birinə çevrilib. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə
aparılan və milli-mənəvi dəyərlərə dayanan islahatların başlıca məqsədi müasir
dünya çağırışlarına cavab verən güclü, rəqabətə davamlı və vətəndaşın daha
yaxşı yaşadığı dövlətin qurulmasıdır. Bu vəzifələri yerinə yetirmək üçün
xalqımızın özünün milli-mənəvi dəyərlərinə, tarixinə sahib çıxması vacibdir. Cənab
prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb: "Mən hesab edirəm ki, biz Azərbaycanda
elə bir model yarada bildik ki, həm iqtisadi islahatlar, həm siyasi islahatlar
paralel şəkildə aparılır və ölkəmizin hərtərəfli inkişafını təmin edir. Azərbaycanın
böyük və zəngin tarixi vardır. Milli-mənəvi dəyərlərimiz bizim üçün əsasdır””.
Daha sonra N.Mustafayeva layihənin məqsəd və vəzifələrindən bəhs edərək
vurğulayıb ki, başlıca məqsəd mətbuatda və sosial mediada milli adət-ənənələrimizi,
milli ideologiyamızı, milli tariximizi, ana dilimizi, ölkəmizdə mövcud olan ənənəvi
dinimizi qorumağın, o cümlədən sosial şəbəkələr vasitəsi ilə gənc nəslə təbliğ
etməyin yollarını müzakirə etmək, milli adət-ənənələrimizlə mədəni
inkişafımızın vəhdətini araşdırmaq və geniş ictimaiyyətə çatdırmaqdır. Gənc nəsildə
mətbuat və sosial mediada milli-mənəvi dəyərlərə sahib çıxmaq, onu qorumaq və vətənpərvərlik
hisslərini yüksəltməkdən ibarətdir. İctimai Birliyin sədri layihə çərçivəsində
müzakirəsi keçiriləcək mövzular haqqında məlumat verib.
Mətbuatının üzərinə düşən
əsas vəzifə cəmiyyətin maarifləndirilməsidir
Daha sonra"Şərq” qəzetini baş redaktoru Akif
Aşırlı müzakirəyə çıxarılan mövzunun günümüz üçün olduqca aktual olduğunu
bildirdi: "Mətbuat cəmiyyətin aynasıdır.
Bunu milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabi deyib. Zərdabi dövrünün yenilik tərəfdarı
şəxsiyyətlərindən olsa belə, həmişə milli-mənəvi dəyərlərə sədaqətlə yanaşıb.
Onun sədaqəti ondan ibarət idi ki, "Əkinçi” qəzetində bir sıra sahələrlə bağlı
maarifləndirmə işi aparırdı. Həmin qəzetdə
o həmçinin atalar sözlərinə, məsəllərə geniş yer verir. 25 ildir ki,
müstəqilliyini bərpa etmiş bir dövlətin mətbuatının üzərinə düşən əsas vəzifə
cəmiyyətin maarifləndirilməsidir. Son
dövrlər kütləvi informasiya vasitələri tipoloji baxımından daha da genişlənib.
Demək olar ki, yeni media tam olaraq həyatımıza daxil olub. Klassik mediada
vəziyyət yeni mediaya nisbətən xeyli mütərəqqidir. Çox təəssüf ki, sosial
mediamızda bir intizamsızlıq var. Sosial media 90-cı illərdə yaranan klassik
medianın bir mənzərəsini yaradır. Hazırda demək olar ki, hər gün yeni sayt
yaradılır. Hətta bir kamerası və ya diktafonu, evində kompüteri olan özünü peşəkar
bir jurnalist hesab edir.
Əyninə cırıq şalvarı geyinib,
əlinə kamera alanı...
Baş
redaktor milli mənəvi dəyərlər sistemimizin illərlə formalaşıb gəlib bu günümüzə
çatdığını deyir: "Zərdabi həmişə klassik
ailə institutunun qorunmasının tərəfdarı olub. 150 il bundan əvvəl formalaşmağa
başlayan bu dəyərlər bu günə qədər gəlib
çıxıb. Son dövrlər klassik medianın yas
mərasimləri ilə bağlı apardığı iş təqdirə layiqdir. İsrafçılığa qarşı mübarizə,
bununla əlaqəli verilən tənqidi materialların sosial mediada yayılması
insanların düzgün istiqamətlənməsinə, maariflənməsinə yardım edir. Bizim ziyalı ruhanilərlə birgə Azərbaycan
mediasının apardığı bu iş yüksək qiymətləndirilməlidir. Azərbaycan mediası
olmasaydı, bu maarifləndirmə işini aparmaq çox çətin olardı. Bunu da qeyd edim ki, hazırda xeyli peşəkar,
işini bilən elektron media orqanları var”.
A.Aşırlı həmçinin
qeyd etdi ki, sosial şəbəkələrdə hər kəs davranış qaydalarına xüsusi fikir
verməlidir: "Sosial mediada etik ölçülər
var. Heç kim düşünməsin ki, onun paylaşdıqlarını kimsə görmür. Əksinə hamı
görür. Nə isə bir paylaşım edən, elə
bilir ki, o kompüterin arxasında oturub heç kəsin onun nə etdiyindən xəbəri
yoxdur. Amma bilmir ki, artıq onun yazdığı şərhdən, paylaşdığı statusdan çox
şey bəlli olur. Bu kimi meyllərin aradan qaldırılmasında jurnalistlərimizin
rolu böyükdür. Jurnalistlər həm də cəmiyyətə örnəkdir. Jurnalist davranışı, məsələyə olan
münasibəti, fikrilərini ifadə etmək tərzi, insanların marağını önə çəkməsi ilə
jurnalistdir. Əyninə cırıq şalvarı geyinib, əlinə kamera alanı mən jurnalist
hesab etmirəm. Jurnalist Azərbaycanın milli-mənəvi dəyərlərinə sədaqətlə
yanaşmalıdır. Jurnalist onu bilməlidir ki, bu gün Azərbaycan cəmiyyətində ona
inam, güvən var. Sosial şəbəkə çox geniş anlayışdır. Nəzarətsiz bir zona
kimdir. Burada biz özümüz özümüzə nəzarət etməliyik. Çünki biz özümüzə nəzarət etməsək, kənardan
bizə nəzarət edənlər baxıb gülürlər. Xüsusilə də, mənfur düşmənlərimiz ermənilər.
Dövlətçilik və milli dəyərlərimizə sahib çıxmalıyıq”.
Mətbuat cəmiyyətin
tribunasıdır
"Geostrategiya” jurnalının baş
redaktoru İbrahim Əliyev bu gün mətbuatın çiyinlərində çox ağır bir
missiya daşıdığını deyir: "Bəşər övladı iki başlanğıc üzərində qurulub.
Bunlardan biri maddi başlanğıcdır. Yəni insan bioloji varlıq kimi doğulur,
missiyasını yerinə yetirir və ölür. Digəri və ən vacibi isə mənəvi varlıqdır.
İnsan başqa canlılardan onunla fərqlənir ki, onun şüuru, mənəviyyatı, keçmişi,
gələcəyi var. Bütün bunlar kompleks
olaraq insanın mahiyyətini təşkil edir. Dövlətin varlığı üç ayaq üzərində dayanır.
Bunlardan biri var – dövlət, o biri güc, digəri isə informasiyadır. Hansı
dövrdə yaşamağından asılı olmayaraq, dövlətin mövcudluğu bu "üçlük”dən asılıdır.
Bunlardan hansısa olmasa, həmin dövlət,
cəmiyyət iflasa məhkumdur. Bunları deməkdə məqsədim ondan ibarətdir ki,
haqqında danışdığımız dəyərin, onun daşıyıcısı olan mətbuatın əhəmiyyətini bir
daha vurğulayaq və qeyd edək ki, mətbuat
nə qədər məsuliyyətli və ağır missiyanı
öz üzərində daşıyır. Mətbuat cəmiyyətin tribunasıdır. Burda mənəviyyatdan da çox danışmaq olar. Bunun özü böyük bir
mövzudur. Sadəcə olaraq, bu gün daha konkret şəkildə mətbuat və
bu dəyərlər üzərində dayanmaq istəyirəm. Bir anlıq təsəvvür edək ki,
mətbuat yoxdur. Cəmiyyətdə hansı boşluq yaranar? Dünya faciə yaşaya bilər.
Bir-iki gün qəzetsiz qalmaq olar. Ancaq uzun müddət qəzetsiz, informasiyasız qalmaq mümkün deyil.
Bizim də həm mətbuat işçisi, həm də oxucusu olaraq ondan çox umacağımız var. Azərbaycan
dövlətinin bu günə qədər ən böyük nailiyyətlərindən biri də informasiya
blokadasından çıxmasıdır. Bu gün Azərbaycanın səsi dünyanın hər yerinə çatır. Ölkəmizin maraqları bu və ya digər dərəcədə
təmin olunur. Əgər bu gün bizim səsimizi eşidirlərsə, bizim dediyimizi
deyirlərsə, düşmənizimi işğalçı adlandırırlarsa, bu, informasiyanın ötürülməsi
nəticəsində baş verib. Bu, dövlətimizin
gücünü artırır, səsimizin dünyaya daha yaxşı çatmasına imkan verir. Bu mənada, Azərbaycanın dünya miqyasına
çıxması və maraqlarını təmin olunması yüksək qiymətləndirilməlidir.”
Daha sonra Bakı Dövlət
Universitetinin dosenti Əlimusa İbrahimov çıxış edib: "Ulu öndər Heydər
Əliyev kütləvi informasiya vasitələrinin inkişafını demokratiyanın tələbi kimi qiymətləndirərək
bu sahəyə diqqət və qayğısını əsirgəmədi. Milli və bəşəri dəyərləri rəhbər
tutan Azərbaycan mətbuatı demokratiyanın
mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini
həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib. Ən əsası suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi
əbədi etmək üçün azərbaycançılığın təbliğində mətbuatın üzərinə böyük məsuliyyət
düşür. Bu gün Azərbaycan tolerant ölkə kimi digər ölkələrə nümunə kimi göstərilir”.
Layihənin
eksperti, millət vəkili Musa Qasımlıçıxış edərək milli mənəvi dəyərlərin qorunmasında həm elektron, həm də çap mediasının böyük rolu olduğunu deyib, bu
cür layihələrə maliyyə vəsaiti ayırdığı üçün Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasına təşəkkür edib.
Sonda iştirakçıların suallarına cavablar verilib və mövzu üzrə müzakirələr
aparılıb.
Günel Azadə