• çərşənbə axşamı, 23 aprel, 11:37
  • Baku Bakı 20°C

Elektrikli yorğanlar

31.10.13 10:58 5382
Elektrikli yorğanlar
“Soyuq qış günlərində yatağımızın buz kimi olmasını heç kim istəməz. Bu problemi aradan qaldırmaq üçün elektrikli yorğanlardan istifadə edin”.
“Elektrikli yorğan satılır. İsti qış keçirmək üçün tələsin. Qiyməti 14 AZN”.
Yəqin ki, belə reklamlar çoxumuzun diqqətini çəkib. Artıq 2-3 ildir ki, elektrikli yorğanlar ölkə bazarlarına çıxarılıb və soyuq qış günlərində isinmək üçün insanların istifadə etdiyi ən önəmli qızdırıcı əşyalardan birinə çevrilib. İlk baxışda faydalı kimi görünən bu qızdırıcı vasitələr insanların diqqətini çəkə bilir.
Maraqlıdır, elektrikli yorğanların istifadə qaydası necədir və insan orqanizminə nə dərəcədə xeyirlidir? Bu suallara cavab tapmaq üçün kiçik bir araşdırma apardıq.
İstifadə qaydası
Elektrikli yorğan yatmazdan 1-2 saat əvvəl döşəyin üzərinə sərilir və cərəyana qoşulur. Bu müddət ərzində yorğan qızdığı üçün yatağı da qızdırmağa başlayır. İnsan yatağa daxil olarkən rahatca isinə bilir. Mütəxəssislər məsləhət görürlər ki, yorğan yatağı qızdırdıqdan sonra söndürülməlidir.
Elektrikli yorğandan istifadə edən Zülfiyə bizimlə söhbətində yuxuda olarkən çox tərlədiyini bildirdi: “Ötən il Sədərək ticarət mərkəzindən 12 manata aldım. Havalar çox soyuq olanda qorxa-qorxa istifadə edirdim. Çünki gecələr tərin içində ayılır və dəhşətli dərəcədə susayırdım. Adətən bu yorğanda yatarkən özümü səhər xəstə kimi və halsız hiss edirdim”. Aynurun sözlərinə görə isə, bu yorğanlar insan bədənini yandıra bilir: “Öz başıma gələn hadisəyə əsasən deyə bilərəm ki, elektrikli yorğanla yatarkən əgər tərpənmədən eyni yerdə qalsaq, bədənin yorğan olan hissəsində göynəmələr olur və bədənin bəzi yerlərində qızartılar əmələ gəlir. Bu səbəbdən bundan istifadə edərkən yatağı isitdikdən sonra cərəyandan çıxarmaq lazımdır”.
Elektrikli yorğan və ölüm
Araşdırmalarımız nəticəsində məlum oldu ki, bu yorğanlar daha çox qardaş ölkə Türkiyədə yayılıb. İstər qardaş ölkədə, istərsə də bizim bazarlarda bu yorğanların qiymətləri 8 manatdan 50 manata qədər dəyişir. Bu ölkədə demək olar ki, hər 4 ailədən biri elektrikli yorğanlardan istifadə edir. Təbii olaraq, ən çox fəsadlar da elə bu ölkədə baş verib. Ötən il qış aylarında Türkiyədə dostunun evinə qonaq gələn 44 yaşlı Cəlal Öztəkin gecə yatarkən isinmək üçün elektrikli yorğandan istifadə edir və səhərə yaxın qısaqapanma nəticəsində yorğan tüstüləməyə başlayır. Bu zaman yuxuda olan Cəlal tüstüdən zəhərlənərək ölür.
Türkiyədə yaşayan 82 yaşlı qadın isə eyni səbəbdən evdə yanğın baş verməsi nəticəsində yanaraq dünyasını dəyişir. Belə ki, qadının üzərində alovlanan yorğan çox keçmədən bütün evə yayılır və hər şeyi kül edir.
“Elektrikli yorğanlar genetik pozğunluq yaradır”
Mütəxəssislər bu yorğandan istifadə edərkən yarım saat sonra naqili cərəyandan çıxarmağı məsləhət görürlər. Onlar bu yorğanların dəhşətli fəsadlar yaradacağını düşünürlər. Bu sahədə araşdırma aparan həkim Osman Çerezci türk mətbuatına şüursuzca istifadə edilən yorğanların fəsadlarından danışıb. Onun sözlərinə görə, yorğan cərəyana taxılı vəziyyətdə yatağa daxil olduqda, insan bədəni həddindən artıq miqdarda maqnetik radiasiyaya məruz qalır və bu da başağrısı, yuxu nizamsızlığı, narahatlıq, stress kimi xəstəliklərə səbəb olur: “Elektrikli yorğanlar cərəyana qoşulu vəziyyətdə olarkən insan bədənini şüalandırır. İnsanlar yatağa istirahət etmək, yorğunluğunu atmaq üçün girir, əgər orqanizm istirahət etməsə, insan sağlamlıq baxımından çox böyük çətinliklər yaşayar. Elektrikli yorğanlar hamilə qadınların və uşaqların immunitet sisteminə xüsusilə mənfi təsir edir və hamilə qadınlarda genetik pozğunluqlara səbəb olur”.
Xərçəng riski
Osman Çerezci vurğulayıb ki, elektrikli yorğanlar işlək vəziyyətdə olarkən ondan istifadə etmək olmaz: “Elektrikli yorğanlar cərəyana qoşulu vəziyyətdə üzərində yatdıqda, orqanizm gecə boyunca elektromaqnit radiasiyaya məruz qalır. Elektromaqnit radiasiyaya uzun müddət davamlı olaraq məruz qaldıqda, toxumalarda istilik artır. Bədən istiliyinin artması da hüceyrə quruluşunu pozur və bu, hüceyrələrdə ciddi fəsadlar yaradır. Bu fəsadlar isə daha sonra xərçəng xəstəliyini yaradır”.
“Yorğanların sertifikatı yoxdur”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qəzetimizə açıqlamasında bildirdi ki, istehlakçılar bu vasitələrdən istifadə etdiyi zaman mütləq onun sertifikatını tələb etməlidirlər: “Nazirlər Kabinetinin 343 saylı qərarına əsasən, elektrikli yorğanlar məcburi sertifikatlaşdırmadan keçməlidir. Lakin bizdə olan məlumatlara görə, bunlar sertifikatlaşdırmadan keçməyib, buna görə əhali bu yorğanları alan zaman mütləq məcburi sertifikatlaşdırmadan keçməsi vacib olan sənədi tələb etməlidirlər. Bu sənəd olmadan o yorğanlardan istifadə etmək təhlükəlidir”.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər