• cümə, 29 Mart, 17:29
  • Baku Bakı 14°C

Elektrik qardaşlar – Sadə peşə adamı

09.02.15 07:43 2160
Elektrik qardaşlar – Sadə peşə adamı
Onlar üç qardaşdırlar: Asif, Vasif, Ağasif. Yəqin ki, adlar sizə eyni adlı filmi xatırlatdı. Bu təsadüfi deyil. Onların adlarının hekayəsi də məhz Azərbaycan kino tarixində iz qoyan “Asif, Vasif, Ağasif” filmi ilə bağlıdır. Belə ki, müsahiblərimizin əmisi həmin kinonun vurğunu olub. O, hələ uşaqkən öz qardaşına deyib ki, sənin üç oğlun olacaq, adını Asif, Vasif, Ağasif qoyacam. Belə də olub. 1986-cı ildə Asif, 1988-də Vasif, 1989-cu ildə isə Ağasif dünyaya gəlib.
“Məqsədim pul qazanmaq olmayıb”
Müsahiblərimizi bir-birinə bağlayan cəhət təkcə adları və qardaş olmaları deyil. Onlar həm də iş yoldaşlarıdır. Həmsöhbətlərimiz elektromexanika, generator satışı, təmiri, alışı ilə məşğul olurlar.
Böyük qardaş Asif iki texnikum bitirib. Elektrotexnikanı və mexanikanı dərindən öyrəndikdən sonra öz qardaşlarına da öyrədib və birlikdə işləməyə başlayıblar. Asif deyir ki, texnikaya sevgi onlara ailədən gəlir: “Ailəmizdə əmim, atam elektrotexnika, mexanika ilə məşğuldur. Mənim də bu sahəyə marağım burdan yaranıb. Hər dəfə nəyisə söküb düzəltmək istəmişəm. Əslində məqsədim pul qazanmaq olmayıb. Bu işdən zövq aldığım üçün görürdüm. Hərbi xidmətdən qayıtdıqdan sonra telefon mağazasında telefon ustası kimi çalışdım. Bu sənəti o qədər sevirdim ki, ətrafımdakı insanlar da bunun fərqinə varırdılar. Onlar mənə məsləhət gördülər ki, bu sahəni daha da genişləndirim və elektrotexnika ilə məşğul olum. Mənə inanırdılar və deyirdilər ki, bu işin öhdəsindən çox yaxşı gələ bilərəm. Belə də oldu. Texnikumu bitirdim, işləməyə başladım. Qardaşlarımı da yanıma təcrübəçi kimi götürdüm ki, sənəti dərindən öyrənsinlər”.
Əlim mazutlu olsun, amma...
Ortancıl qardaş Vasifin heç vaxt oxumağa, ali təhsil almağa marağı olmayıb. Həmsöhbətimizin sözlərinə görə, universitet həyatı, hansısa dövlət işində rejimlə işləmək onun təbiətinə uyğun deyil: “Düzünü desəm, mənim heç vaxt oxumağa, təhsil almağa marağım olmayıb. Özümü universitet həyatında görməmişəm, həvəsim olmadığı üçün heç bunun üçün çalışmamışam da. Elə həmişə evdə nəyisə söküb-yığmağa meyl göstərirdim. Hər kəs bir işi sevir və ona doğru gedir. Mənim də sevdiyim iş bu idi. Dövlət şirkətlərindən birində çalışırdım. O işi sevmirdim. Ağır iş deyildi, əlim təmiz, ayağım təmiz pul qazanırdım. Amma mənlik deyil. Əziyyət çəkməyi xoşlayıram. Əlim mazutlu olsun, amma iş rejimim sərbəst olsun. Özümüz özümüzün müdiriyik. İstədiyim vaxt dururam, istədiyim vaxt işimə gedirəm, istədiyim vaxt da cibimdə pulum olur”.
Balaca qardaş Ağasif də qardaşlarına kömək edə-edə sənətin incəliklərini öyrənib. Onlar artıq elə qrup yaradıblar ki, bir iş götürəndə başqa ustaya ehtiyac olmur. Qaynağından tutmuş, motoruna qədər özləri edirlər.
“Bu, bizə bəs edir”
Sənətinin sirlərindən danışan müsahiblərimiz deyir ki, əziyyətli peşə olsa da, zəhmətinin bəhrəsini görürsən: “Bu iş elədir ki, pul qazanmaq məəqsədilə işə başlamamalısan. Çünki təcrübə toplayana qədər pul qazana bilmirsən. Amma yaxşı təcrübə topladıqdan, əziyyət çəkdikdən sonra kifayət qədər pul qazanmaq mümkündür. Həm maddi, həm mənəvi cəhətdən bu, çox yaxşı işdir. İnsanlar arasında hörmətimiz də var. Nə qədər ki, dünya var, hamının texnika ustalarına ehtiyacı olacaq. Əlimiz mazutlu olsa da, otağa daxil olanda hansısa vəzifəli şəxsin bizdən işi keçdiyi üçün ayaq üstə durub salam verir. Bu, bizə bəs edir”.
Bütün iş yoldaşları kimi, bəzən onların da münasibətlərində anlaşılmazlıqlar olur. Mübahisəli məsələləri adətən böyük qardaş həll edir: “Müştərilər bizə “usta 1”, “usta 2”, “usta 3” deyir. Aramızda mübahisə olduqda, “usta 1” məsələni həll edir. Belə narazılıq olanda hesab aparırıq; üst-üstə gəlirik, vururuq, bölürük, axırda görürük ki, böyük qardaşımız düz deyir. (gülürlər. A.Ə).
1500-dən 4000-ə qədər
Sadə peşə adamlarının aylıq gəlirlərinə gəldikdə, müsahiblərimiz deyir ki, çəkdikləri əziyyətin qarşılığını alırlar: “Gəlirlərimiz çox yaxşıdır. Ən çox qazananda 3-4 min, ən pis halda isə 1500 manat qazanırıq. Bəzən olur ki, bir texnikadan 800-1000 manat pul götürürük. Əziyyət çəkirik və qarşılığını da alırıq”.
Qardaşlar işlərinin çətin tərəflərindən də danışdılar: “Bu işin ən çətin tərəfi soyuqda işləməkdir. Çünki bizim işimiz soyuq havalarda daha yaxşı gedir. Qışda işıqlar tez-tez söndüyündən mexanika tez-tez xarab olur və bu səbəbdən biz həmişə çöldə oluruq. İntensiv qar yağanda isə biz, ümumiyyətlə, ev üzü görmürük. Qışın ən soyuq havasında, hamı isti evindən çıxmayanda, biz çöldə qalırıq. Ən yorucusu elektrotexnikadır. Çünki insan beyni ilə fikirləşir, saatlarla düşünür. Bu zaman beynimiz yorulur. Bir sözlə, bu işi bacarmaq üçün əziyyət çəkmək lazımdır”.
“Nə qazanırıqsa, ortalıqdadır”
Müsahiblərimiz deyir ki, gəlirləri yaxşı olsa da, ilk günlər əziyyət çəkiblər. Onların sözlərinə görə, işə heç vaxt pulu düşünərək başlamayıblar: “Bu işə girməmişdən əvvəl pulu fikirləşməməlisən. Pula görə işlədinsə, uğur qazana bilməyəcəksən”.
Asif deyir ki, tələbə olarkən “yolpulu”nu güclə tapırdı: “Tələbə idim, çətinliyim olurdu. Amma qarşıma məqsəd qoydum və bu günümə min dəfə şükür edirəm. Həm oxuyurdum, həm çalışırdım. Bu işin gəlirli sahə olduğunu gördüm, qardaşlarımı da yanıma çəkdim. İndi çəkdiyimiz əziyyətin bəhrəsini görürük. Başqa heç kimə etibar edə bilmirik. Biz üç qardaş bir-birimizdən bir manat olsun belə, gizlətmirik. Nə qazanırıqsa, ortalıqdadır. Məsələn, mənim evim yoxdursa, üçümüz yığışıb mənə ev alırıq, sonra digərinə”.
“Siz kinodakı oğlanlarsız?”
Müsahiblərimiz iş başında başlarına gələn maraqlı hadisələrdən də danışdı: “Dayım ilk dəfə motor yığanda gülməli səhvə yol vermişdi. Motorun hava filtiri olur. Onun bir tərəfi təmiz havanı sovurur. Digər tərəfi isə tüstünü çıxarır. Dayım motoru yığarkən təmiz hava verən tərəfini tüstü verən tərəfə qoyub. Biz də motoru işə salırıq, görürük işləmir. Onda əsəbiləşmişdik, amma indi gülməli hadisə kimi xatırlayırıq. Bir dəfə də balaca qardaşım Ağasifə dedim ki, get köhnə motoru sök. Gördüm ki, köhnə motorun əvəzinə təzə motoru söküb. Dedik, bəs sən motoru niyə sökmüsən, deyir, sarı olduğuna görə sökdüm”.
Müsahiblərimizin başına gələn ən maraqlı hadisələr isə adları ilə bağlı olur. Belə ki, müştərilər onların adlarını eşitdikdə təəccüblənir. Hətta “siz kinodakı oğlanlarsız?” deyə soruşanlar olur.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər