• cümə, 19 Aprel, 09:52
  • Baku Bakı 13°C

“Elə şeylərdən utanıram” – Şou-biznes

12.11.14 11:03 2528
“Elə şeylərdən utanıram” – Şou-biznes
“Gənclik qəzeti”nin bu həftəki qonağı uzun müddətdir ki, efirdən, gündəmdən uzaq düşən Coşqun Viləşdir. Coşqunu ifaçı kimi tanıdığımız halda uzun müddətdən sonra ekranlara aktyor kimi geri döndü. Özü də komik bir obrazın qəhrəmanı kimi. Qonağımız söhbət əsnasında sənətdə yaşadığı durğunluqların səbəbini açıqladı. Xəbəriniz olsun ki, C.Viləşi yaxın zamanda əvvəlki ampluada görə biləcəksiniz.
- Coşqun, qısa zamanda məşhurlaşdınız, çox keçmədi ki, gündəmi tərk etdiniz. Bir müddət sonra da qarşımıza aktyor kimi çıxdınız. Nə baş verir?
- İfaçılığa başlayanda atam dünyasını dəyişdi. Demək olar ki, həyatda hər şeydən soyudum. Mahnı oxumağa, efirə çıxmağa belə həvəsim qalmamışdı. Bir müddətdən sonra ATV- telekanalında yayımlanan “Bacanaqlar” serialından təklif gəldi. Seriala çəkilməyə başladım və yavaş-yavaş dostlarımın sayəsində özümü toparladım.
- Sizin efirə aktyor kimi qayıdışınız elə bir təəssürat yaratdı ki, ifaçılıq sənətində gəlir əldə edə bilmədiniz, aktyorluq etməyə başladınız.
- İfaçılıq sənəti çox gəlirli bir sahədir. Aktyorluq isə heç zaman ifaçılıqdan daha çox pul gətirməyib. Müğənnilik sənətində qazanc daha çox olur, nəinki aktyorluqda. Düzdür aktyor peşəsində də qonorar normaldır, amma dolanışığı idarə edə biləcək qədər deyil. Yaxın zamanda tamaşaçılar məni yenidən ifaçı kimi səhnədə görə biləcəklər.
- Sizin üçün hansı daha çətindir aktyorluq, yoxsa ifaçılıq?
- Serial çəkilişlərinə çox vaxt gedir. Misal üçün bir obraza çəkilmək üçün ssenarini oxuyursan, komandanın heyətini gəlməsini, hazırlanmasını gözləyirsən. Serialın bir çəkilişi 8 saat vaxtımızı alır. Əslində klip çəkilişində də vəziyyət eynidir. Hər bir sənətin öz çətinlikləri var. Ancaq işləyərkən öz işimizdən zövq alırıq deyə bizə elə də çətin və əziyyətli iş kimi gəlmir. Çalışıram ki, etdiyimi işi layiqincə yerinə yetirim.
- Hansı sənəti ruhunuza daha yaxın hiss edirsiniz?
- İfaçılıq sənətini özümə daha yaxın hiss edirəm. Atam dünyasını dəyişəndən sonra 1 il hər şeydən soyudum. O bir ildə hazırlaşıb Bakı Musiqi Akademiyasına qəbul oldum. Mənim ilk işim müğənnilikdir. Aktyorluq isə ikinci işimdir. Müğənni aktyorluğu bacarmalıdır. Çünki klip çəkilişlərində ifaçı obraz yaratmağa məcburdur. Sənətə yeni gələndə çəkdirdiyim kliplərə baxanda indi çox qüsurlar tapıram. O zaman çox naşı idim. Hansı ki, indi o kliplərə baxanda bəyənmirəm. Dünya şou biznesinə baxanda görürük ki, onlar səhnədə aktyorluq edir. Burada qəbahət pis bir şey yoxdur. Kim nəyi bacarırıq onu da edir.
- Çəkildiyiniz serialda şofer və fəhlə obrazlarını canlandırdınız. Loru dildə desək serialın “təpəsi qapazlı” obrazı olmaq sizcə imicinizə bir zərər gətirmədimi?
- Hesab etmirəm ki, canlandırdığım obrazlar mənim imicimə zərər gətirər. Çünki Azərbaycan kino tarixinə nəzər salsaq görərik ki, bir çox tanınmış aktyorlarımız məhz mənfi obraz canlandıraraq xalqın sevimlisinə çevrilib. Misal üçün Qaloş roluna çəkilən aktyor Rza Təhmasib bir obrazı ilə indiyə qədər tamaşaçıların yaddaşında qalmağı bacarıb. Baxmayaraq ki mənfi obraz idi. Lordu dildə desək canlandırdığım obraz “tupoy” bir insandır. O, heç bir şey bacarmır, ağlına nə gəlirsə onu da edir. Bu mənə həvalə olunan bir obraz idi. Hesab edirəm ki, rolumun öhdəsindən məharətlə gəldim. Cəmiyyət arasında obrazlarımın sözləri işlədilirsə və əksər insanlar küçədə onu yamsılayırsa bu o deməkdir ki, biz işimizi layiqincə görmüşük. Hər insan öz işini rahatçılıqla görə bilirsə nə xoş ona. Kimsə obrazımı bəyənmirsə bu onun öz problemidir.
- Yeni ailə həyatı quran Coşqun Viləşin evlilik həyatı necə gedir? Ümumiyyətlə gec ailə qurduğunuza peşmançılıq hissi keçirirsinizmi?
- Hər şeyin bir vaxtı var. Zaman gələndə bütün işlər öz qaydasında gedir, istər ailə həyatı olsun, istər başqa bir işdə. Tez ailə qurmanın da tərəfdarı deyiləm. Ola bilərdi ki, 20 yaşımda ailə qurardım, ancaq ailənin qədrini bilməzdim və ya cavanlıq düşüncəmlə ayrılığa səbəb ola bilərdim. Biri də var ki, həyatı başa düşdüyüm ailənin, işin qədrini anlayan yaşımda evləndim. Belə mənim üçün daha rahatdır. Evlilik də yaxşı gedir. Evlilik işimə heç bir problem yaratmır.
- Soy adınızın- “Viləş” yaranma tarixi bizə maraqlıdır. Bu ad sizə haradandır?
- Soy adım Yusifovdur. Viləş adının mənasının öz hekayəsi var. Viləşlə eyni məhəllədə böyümüşük. Onuna eyni məktəbdə təhsil almışıq. Viləş mənim uşaqlıq dostumdur. Uşaq vaxtı bizim dəyərli sənətkarımız Tofiq Nəsibovun yanına hazırlığa gedirdim. Viləşlə dərslərimizi birlikdə hazırlayanda dərsdən sonra oxumağa başladım. Onda Viləş söylədi ki, sənin adın coşmağı bildirir, mənim adım isə çay adıdır. Bizim adımızı birləşdirdikdə maraqlı məna əmələ gəlir. Viləş əgər gələcəkdə müğənni olaramsa onun adını təxəllüs götürməyimi istədi. O zaman türk sənətçiləri Azərbaycanda daha çox məşhur idi. Ən çox da Özcan Deniz, Ebru Gündeş kimi ifaçılara daha çox maraq var idi. Onlar da müğənni olduqdan sonra özlərinə təxəllüs götürüblər. Zaman ötdü, bəlli bir yaşa çatdıqdan sonra ifaçılıq sənətini seçdim. Sənətə başlayanda düşündüm ki, incəsənət aləmində artıq bir Coşqun var. O zaman da parodiya ustaları Rafael və Coşqunun adı indiki kimi daha çox hallanırdı. Fərqlənmək üçün özümə təxəllüs axtarırdım. Həmin vaxt bir neçə ad irəli sürüldü. Uşaqlıqdan bir-birimizə verdiyimiz bu söz heç ağlıma da gəlmirdi. Viləşin anası mənə zəng vurub, uşaqlıqdan Viləşə onun adını təxəllüs kimi götürəcəyimə söz verdiyimi xatırlatdı. Düşündüm ki, axı nə üçün də olmasın? Viləşin adını daşımaq mənim üçün bir şərəfdir. Yaxşı bir dostun adını götürüb daşımaq həqiqətən məsuliyyətdir. Hiss edirəm ki, öz adımla bərabər həm də başqa birinin adını daşıyıram. Bundan sonra Coşqun Viləş oldum.
- Dostunuzun ləqəbini götürdükdən sonra, Viləş sizdən adını daşıdığınız üçün pul istədimi?
- Elə bir şey olmayıb. Bizim dostluğumuz pul üstündə qurulmayıb. Bilmirəm bəlkə də bir gün zarafatla deyəcək. Bu günə kimi elə bir hadisə olmayıb.
- Mən olsaydım edərdim (gülürük)
- Viləş elə dost deyil. Bəlkə də istədi, ancaq etməz.
- Hazırda hansı işlərlə məşğulsunuz?
- Hazırda albom üzərində çalışıram. 5 yeni mahnı hazırlamışam. Artıq həmin mahnılar aranjeman da olunub. Soyuqlamışdım deyə səsimdən çıxıntı var idi. İndi həmin mahnıları yazdırmağa başlayıram. Yaxın zamanlarda efirlərdə yəqin ki, eşidəcəksiniz. Hamısı da maraqlı və zövqlü mahnılardır. Bundan başqa mən aktyorluq fəaliyyətimə də son verməmişəm. Yenə də köhnə dostlarla ATV-də serialda rol alacayıq. Burada eyni komanda ilə çalışacağıq. Bu da maraqlı və baxımlı bir serial olacaq. Serial barədə sizə geniş məlumat verə bilmərəm. Çünki mətbuata açıqlanması hələ ki, qadağan olunub.
- Coşqun, nə üçün hazırda sizin adınız şou biznesdə hallanmır?
- Efirdə adımın mənası, boş-boş sözlərlə hallanmasındansa hallanmamağı daha yaxşıdır. Bu gün efirdə elə mənasız söhbətlər gedir ki, adam gərginlik keçirir. Biri var sənin işində sıxıntı oldu və mətbuatda yayıldı. Biri də var ki, ortalıqda heç nə yoxdur və mənasız bir şeylə efirə çıxıb, boş-boş danışırsan. Hərdən də müğənnilər efirə çıxıb aparıcıya deyirlər ki, mən bu sözü deyəndə sən filan cavabı verərsən. Mənim üçün belə şeylər mənasızdır. Bu insanın özündə də sıxıntı yaradır. Mən elə şeylərdən utanıram. İstəmirəm ki, efirlərə çıxım boş şeylərlə gündəmə gəlim. Qurma şeylə kimisə aldada bilmərəm. O mənlik deyil. Aktyor kimi qayıtdım bu mənim işimdir. Ancaq maşın aldım, telefonumu dəyişdim və ya filankəsə atmaca atım bu kimi xüsusiyyətlər məndə yoxdur. Məncə onlar gedib utansınlar. Qalmaqal normala bir şeydir ancaq yeni layihələri, işləri varsa efirə çıxsınlar yoxdursa çıxıb danışmağın nə mənası var? Bu mənim fikrimdir, hər kəs bununla razılaşmalı da deyil.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər