• cümə axşamı, 25 aprel, 12:20
  • Baku Bakı 23°C

Əldən gedən Anamdımı, Vətəndimi? Allah, başıma qan yağır...

12.06.14 10:34 1481
Əldən gedən Anamdımı, Vətəndimi? Allah, başıma qan yağır...
Bu torpağın şəhidi yaralı...
Bayrağı yaralı...
Anası ölmüş!
Biri başından papağını almış, biri dirəyindən endirmiş, çoxmu?!
“...tıp... tıp... tıp...
Yağmur başladı deyəsən... bərəkətinə qurban olum, nə bildin yatağımın daşa döndüyünü? Gül kimi torpaq qoxusu alacaq buraları. Anamın salamını gətirib yağış. Bir də əllərinin sığalını. Anam, anam gözəl Anam... yağışa dönüb yuvama yağan Anam... duana qurban olum...
...indi açacaq buraların çiçəkləri... peyğəmbər əfəndimizin alnından nur damlayacaq. Rəhmətinə qurban...
...açılma gözlərim. Nə görəcəyini bilirsən. İndi müşk-ənbər qoxusuna bələnən cənnətin quşları cəh-cəh vuracaq. Qanad çırpacaq başımda. Lələklərində sevdiklərimin diləkləri yazılı... Ürəyinə qurban...
Bu... bu damcılar niyə qızarıb? Nədi bu damlayan? Torpağım da quru... Anam duasını əsirgədimi məndən? Niyə hər tərəf qaranlıqdı? Yoxsa... Yoxsa öldümü Anam? Əldən gedən Anamdımı, Vətəndimi? Allah, başıma qan yağır...”
... məzarında qıvrılır şəhidim. O cənnətindədi. Başı üstündə al qırmızı hilal... sinəsində aypara... ürəyinin üstündə qan qırmızı güllə yeri... Peyğəmbər qoxusuna bürünüb, Tanrının cənnətində mışıl-mışıl uyuyur. Onu bura gətirən o nazlı bayraqdı. O əyilməsin, bükülməsin deyə məzara qoyulub. Torpağı haqqdandı. Başının üstündəki dirəkdə dalğalanır, son nəfəsində kölgəsində can verdiyi ağacın budağına sancdığı bayrağı...
“Bayraq Anamdı, bayraq bacımdı, bayraq namusumdu, əyilməz, düşməz əlimdən!”, “O düşərsə Vətən düşər!”, “Düşər Vətənim düşmən önündə...!” O düşməsin deyə düşüb cansız bədəni torpağa! Canı əmanət emədən bayrağı Haqqa təslim eləyib, köksündə açılan güllə yarasının qanı damlayıb üzərinə...
O düşməsin deyə “bu torpağı cənnət bilib baş qoyub”. Uyuyur cənnətində. İki gözü iki çeşmə bayrağına...
İndi... məzarına göz yaşı damlayır şəhidimin. Qanı süzülür nazlı hilalın... Yığıb ətəyinə dərdlərini, dirilərdən ona sığınıb. Gəlib ki, alsın yanına, ona sarılıb gəldiyi yerdə indi də o sarsın yaralarını...
Bu torpağın şəhidi yaralı...
Bayrağı yaralı...
Anası ölmüş!
Biri başından papağını almış, biri dirəyindən endirmiş, çoxmu?!
...birinin sinəsinə dağ basarlar. Ağrısı gec-tez keçər. Amma onu “sinəsi dağlı” çağıranda bax o yaranın ağrısı minə çıxar. Elə bilər o sözü deyən əlini atıb ciyərini qopardı. Damğanın dərdi yaradan böyük olar. Sağalmaz!
Şərəfsizin əli uzandı şərəfimə... Elə aciz elədilər ki, sifətində şillə kimi açılmadı əllərim. Adını “abır” qoydum, “həya” qoydum, hamıdan gizlədim. Şərəfsizliyimi gizləmək üçün min oyundan çıxdım. Sərt təpindim, başqası duyarsa, bilərsə məni “abırsız” bilməsin deyib susdum. Açılmadı güllələrim! Mən şərəfsizliyimin qəbahətini məzarımda yatan şəhidimin üstünə ağlayan bayrağımın göz yaşlarıyla ödədim. Elə bilmişdim kimsə görmədi. Halbuki...
Bayrağımın hönkürtüsü qulaqlarımı dəldi.
Dillənsəm nə fayda, sussam nə fayda? Bəzi şeylər var ki, satılmaz, mən qiymət biçdim. Qırılaydı əllərim, quruyaydı dilim...
Öləydim elə...
Başıma el-aləmin örpəyini örtəndən başqalarına əmanət oldu qeyrətim...
Vay şərəfim!
Vay namusum!
Vay bayrağım!
Sən məni bağışlama, şəhidim. Keçmə günahımdan. Qeyrətin günahı yuyulmur! Mən sənin başını əydim, sən mənim başımı basma bağrına!
Xatırlatma! Çanaqqala savaşında 57-ci alayın son əsgəri əlindəki bayrağı gözünün gördüyü ən uca budağa sancır və şəhid olur. Avstriyalılar həmin bayrağı Malborna aparıb muzeydə nümayiş etdirirlər. Bayrağın altında bu sözlər yazılıdır: "bu alay sancağı döyüş meydanından gətirilib. Amma heç cür əsir edilə bilməyib. Çünki türklərin kültüründə axırıncı əsgər şəhid olmadan bir bayrağı əsir ala bilməzsiniz. Ona görə də bu bayrağın altından lütfən sayğıyla əyilərək keçin!
banner

Oxşar Xəbərlər