AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Əldə etdiyim nailiyyətlər mənə bəs etmir” - Fenomen

“Əldə etdiyim nailiyyətlər mənə bəs etmir” - Fenomen

Gənclik qəzeti
15 May 2020, 11:30 1428
 
Aila Rai: İnsanlardan yorulsam da, oxumaqdan yorulmuram
 
Hələ 21 yaşı var. Yaşının az olmasına baxmayaraq, kifayət qədər tamaşaçı sevgisi qazanıb. Belə ki, tanınmış bəstəkarlarla çalışıb, Türkiyə şou-biznesinə qatılıb. "O səs Türkiyə” yarışmasında iştirak edərək ilk pillələrə qədər gəlib çıxmağı bacarıb. Yaradıcılığına nəzər yetirdikdə isə, fərqli duetlər, "mash up”-lar və müxtəlif janrlı mahnılara rast gəlmək mümkündür. Aila Rai kimi tanınan və ilk baxışdan əcnəbi təsiri bağışlasa da, azərbaycanlı olan ifaçı "Fenomen” rubrikamızın qonağıdır.
İnstagramda 84 mindən çox izləyicisi olan Ailanın son illərdə ifa etdiyi mahnılar "Youtube”da izlənmə rekordları ilə diqqət çəkir.
 
- Fenomen olmaq necə bir hissdir? 
- Təbii ki, bu mənə xoşdur. İnsana daha güclü olmağı öyrədir. Əsasən də uşaqlar tərəfindən sevilmək insanı daha çox sevindirir. Niyyətim isə fenomen olmaq deyil, prinsiplərim daha fərqli olduğu üçün o istiqamətdə özümü inkişaf etdirirəm. Əldə etdiyim nailiyyətlər mənə bəs etmir. Daha çox çalışmaq və yeniliklər etmək niyyətindəyəm.  
 
- Qeyd etdiniz ki, prinsipləriniz fərqlidir. Nədən ibarətdir o prinsiplər?
- Daha çox dünya çapında tanınan sənətçi olmaq istəyirəm. Öz ölkəmdə tanınıb, daha sonra beynəlxalq müstəvidə çıxış etmək əsas prinsipimdir. Dünya çapında tələbatlı bir sənətçi olmağı hədəfləmişəm.
 

  
- İfa etdiyiniz "Diye-diye” mahnısı Türkiyə televiziyalarında kifayət qədər nümayiş olundu. Tanınmış mahnını fərqli aranjemanda oxumaq sizin üçün böyük bir risk deyildimi? 
- "Diye-diye” layihəsinin təklifi türk DJ Kanun Yıldırım tərəfindən gəlmişdi. Biz mahnının bəstəkarı Gövhər Həsənzadədən icazə alaraq, sözləri yazdıq. Gövhər xanımın iştirakı ilə mahnı Türkiyədə səsyazma studiyasında yığıldı, klip çəkildi. Əslində bu layihənin uğurlu olacağını düşünürdüm. Solo olaraq ən çox sevdiyim layihələrimdən biridir.
 
- Sizi daha çox "O səs Türkiyə” layihəsindən tanıdıq. Bu yarışmanın həyatınızdakı rolu nədən ibarətdir?
- "O səs Türkiyə” yarışması həyatımda çox böyük rol oynadı. Bu yarışmadan sonra daha çox peşəkar yöndə öz üzərimdə işlədim və səhnəyə hakim olmaq vərdişim formalaşdı. Düzdür, "O səs Türkiyə”dən öncə başqa layihələrdə iştirak etmişdim, ancaq bu yarışma mənim həyatımın sonuncu müsabiqəsi idi. Daha sonra peşəkar musiqiçi kimi yetişib, peşəkar ifaçı kimi fəaliyyətə başladım. Bu yarışma həyatımda dönüş nöqtəsi oldu. Uşaqlıqda o müsabiqəni izləyirdim və deyirdim ki, bir gün mən də orada iştirak edəcəm. Sözügedən müsabiqədə iştirakım isə təsadüf nəticəsində baş verdi. Orada iştirakımdan ailəmin belə xəbəri yox idi. Ailəm müsabiqədə iştirak etdiyimi televiziya vasitəsi ilə öyrənmişdi. Ancaq heç də peşman deyiləm. Bu müsabiqə mənim həyatımı dəyişib.
 
- Sözügedən müsabiqədən sonra türkiyəli izləyicilərinizin də sayı artdı. Orda Türkiyə şousuna qatılmaq imkanlarınız da yaranmışdı.  
- Bəli, "O səs Türkiyə” layihəsindən sonra çox iş təklifləri almışdım. Sadəcə olaraq, ailəm etiraz etdi və təkliflərdən imtina edib, qayıtmaq məcburiyyətində qaldım. 
 
- Necə təkliflər idi? 
- Reklam, jurnalın üz qabığına çəkilmək, hətta aktrisa kimi serialda oynamaq təklifi də almışdım.  Yaranan bütün fürsətlərdən imtina edib, Bakıya qayıtdım. O zaman 18 yaşım var idi, Türkiyədə tək qalmağıma icazə vermədilər. Hərdən düşünürəm ki, kaş, fürsətlərdən istifadə edərdim. Amma qismət deyilmiş. Əslində çox şanslı biriyəm. İnanıram ki, yenidən o yollar açılacaq və mən istədiklərimi əldə edəcəm. 
 
- Sizcə, dəbli geyim, zövqlü makiyaj, jurnalların üz qabığına çəkilmək ifaçının izləyici toplamağına əsas kimi göstərilə bilərmi?  
- Söhbət məndən gedirsə, izləyicilərim məni mən olduğum üçün, sadəliyimə görə sevirlər. Səsi və görünüşü bir kənara qoyuram. İnsanlığıma görə məni daha çox istəyirlər. Ən çox da deyirlər ki, sadəliyinə görə səni sevirik. Daha sonra səs və performans gəlir.  
 

 
- Xanım ifaçıda şarm və səhnə duruşu nə qədər önəmlidir?
- Hər kəs gözəl ola bilər, amma şarmlı, çəkici ola bilməz. İfaçıda gözəllikdən öncə şarm olmalıdır. Mənə görə, əsas şarm və duruşdur.
 
- Bu gün "Xəyanət” duetiniz reytinqlərdə birincidir. Sizə xəyanət edən olubmu?
- Sırf sevgidən söhbət gedirsə, olmayıb. Ancaq xəyanət dedikdə, tək bu münasibətlər nəzərdə tutulmur. İnsani münasibətlərdə, dostluqda yaxınların, əzizlərin tərəfindən də xəyanətlə üzləşirsən. Bu istiqamətdə hamının başına gələn bir hadisədir.  
 
- Mahnılarınızın ifa tərzində sanki bir yaşanmışlıq var.
- Oxuduğum hər mahnıda elə söz ola bilər ki, onları həqiqətən yaşamışam. Şən mahnılarda deyə bilmərəm, ancaq lirik mahnılarda daha da kövrək oluram. Çünki yaşayıb, oxumaq istəyirəm. Yaşamasam belə, yaşayaraq ifa edirəm. 
 
- Bu gün məşhurluğu, artıq tamaşaçı sevgisi deyil, "İnstagram”da izləyici sayına görə müəyyənləşdirirlər. Sizin buna müsibətiniz necədir?
- "İnstagram”da izləyici sayının çox olması ilə məşhurluq ölçülmür. "İnstagram” bu gün var, sabah yoxdur. Məhz sosial şəbəkə vasitəsi ilə ifaçı tamaşaçı sevgisi qazana bilməz. Sosial şəbəkələr vasitəsilə məşhurlaşmaq və izləyici kütləsi çoxdursa, bununla qürrələnmək də olmaz. Əgər bu gün "İnstagram”da səni izləyirlərsə, maraq üçü izləniləcəksən. Sabah "İnstagram”ın bağlandısa, unudulmağa məhkumsan. İfaçı sənəti ilə insanların sevgisini qazanmalıdır. İfaçı performnası, səhnə duruşu, mahnıları, ən çox da hərəkətləri ilə o hörməti özü əldə etməlidir. "İnstagram”, sadəcə bir vasitə ola bilər, başqa heç nə. 
 
- Bu günün gənclərinin nəbzini tutmağı necə bacarırsınız?
- "O səs Türkiyə” yarışmasından qayıdandan sonra fərqli tərzdə ifa etməyə başladım. Bilirsiniz ki, daha çox xarici mahnılar ifa edirdim. Ondan sonra düşündüm ki, mən Azərbaycanda yaşayıram. İnsanlarımızın çoxu əcnəbi dildə oxuduğum mahnıların sözlərini tam olaraq anlamırdı. Sonra türk mahnıları oxumağa başladım və bu mahnıların sevildiyini gördüm. Ondan sonra fərqli janrda da mahnılar səsləndirdim. Az əvvəl adını çəkdiyiniz "Xəyanət” mahnısı mənim tərzim deyildi. Bu mahnını oxuduqdan sonra məni çox qınadılar. Ən çox da məni başqaları deyil, elə ən yaxınlarım qınadı. Dedilər ki, bu mahnını oxumamalı idin, bu tərz sənin tərzin deyildi. Ancaq anlamadılar ki, əgər bu gün "Xəyanət”i oxuyuramsa, heç vaxt bayağı ola bilmərəm. Mənim  ifa tərzim bayağı deyil. Bu mahnını oxudum, çünki insanlar belə mahnıları sevir və onları cəlb edir. Açığını deyim ki, əhvalım yaxşı olanda, belə mahnıları dinləyirdim.  Demək ki, bu bizim qanımızda var. Meloman insanam, hər cür musiqi oxuyuram ki, hər nəslin nəbzini tuta bilim. Çox şükür ki, hər janrda musiqi səsləndirmək məndə alınır.
 
 
 
- Nihad Məliklə duetləriniz də tutarlı oldu. Duet bir az risklidir. Çünki burda iki nəfərdən yalnız bir nəfər məşhurlaşır və sevilir. Bu sizi qorxutmadı ki?
- Əlbəttə ki, qorxutmadı. Əgər duet ortağım məndən çox tanınsa, buna ancaq sevinə bilərəm. Tanıyan hər kəs bilir ki, mən heç kəsə paxıllıq edən insan deyiləm. Duet ortağımın sevilməsi, tanınması mənim üçün fəxrdir. Ona görə heç zaman belə şeydən qorxmamışam. Nihad oğlandır və bizim fanatlarımız də fərqlidir. 
 
- Xarici mahnılar, fərqli duetlər, "mash up”-lar, köhnə və müasir mahnılar - yaradıcılığınız qısa zamanda çox zəngindir. Bu qədər enerjini hardan alırsınız?
- Risk etməyi sevirəm. Həm həyatımda, həm də sənətimdə risklərdən qaçmıram. Uşaqlıqdan peşəkar musiqi ilə məşğul olduğum üçün özümü hər janrda musiqidə sınamaqdan çəkinməmişəm. Müğənni hər cür musiqi oxumağı bacarmalıdır. Məsələn, muğam da ifa edərəm. Çünki bu sənətin ali təhsilini də almışam. Klassik, rok, pop mahnılar da oxuyuram. Oxuya bilmədiyim heç bir janr yoxdur. "Xəyanət”i oxumuşamsa, bundan sonra mənə ölüm yoxdur (gülürük).
 
- "Aila Rai” ləqəbiniz əcnəbi adını xatırladır. Bu ad hardan qaynaqlanır?
- Adım Ailadır. "Rai” atamın adı ilə bağlıdır. "O səs Türkiyə” yarışmasına gedəndə düşündüm ki,  özümü necə təqdim edim ki, insanların yaddaşında qalmağı bacarım. Düşündüm  və atamın adının 3 hərfini götürdüm, özümü elə təqdim etdim. "Rai” qəbul edildi və sevildi.  
 
- Atanızın adı nədir?
- Onu deyə bilmərəm. Ailəm haqqında danışmağı sevmirəm.
 
 
 
 - Ailadan gələcəkdə nələr gözləyək?
-  Bundan sonra fərqli layihələrim, duetlərim olacaq. Solo layihələr və  fərqli obrazlarda görünəcəm. Təbii ki, addımlarım böyük olacaq. Əslində yaşımdan böyük addımlar atmaq istəmirəm. 21 yaşım var. Yaşıma görə çox nailiyyətlər əldə etmişəm. Özümü hazırda 30 yaşda hiss edirəm. O qədər insanların içində qaynamışam ki, sanki qocalmışam. İnsanlardan yorulsam da, oxumaqdan yorulmuram. 
 
- 21 yaşında bir gənci aldatmaq istəyənlər olubmu?
- Bəlkə də olub, ancaq mən buna yol verməmişəm. O cəhətdən ağıllıyam, kiminsə məndən istifadə edəcəyini düşünmürəm. İmkan vermərəm ki, kimsə məndən istifadə etsin. Elə məsələlərdə çox diqqətliyəm. 
 
- Özünüzü şou-biznesin bir parçası hesab edirsinizmi?
- Şou-biznes sözünü sevmirəm. Mənim düşüncəmdə müğənnilərin bir-birinə söz atdığı bir yerdir. Hansı ki, bir-birlərini gözü götürmür və üzdə qarşı tərəfə  "canım, ürəyim” deyirlər, kənarda çox söz danışırlar. Şou-biznes mənim üçün sənət deyil. Həm də xaricdəki kimi bizdə şou-biznes yoxdur. Ona görə şou-biznesin içində olmaq istəmirəm. Tanınıb-sevilirəmsə, bu mənə bəs edir. Şoudan kənarda daha xoşbəxtəm. 
 
Xəyalə Rəis