Elçin Hüseynbəylinin yeni tarixi romanı
ELÇİN HÜSEYNBƏYLİ
yeni romanının adını "Yenə iki od
arasında” qoyub və bu romanı "Səkkizinci Qarabağnamə” kimi oxuculara təqdim
edir. Məlumdur ki, XVIII-XIX əsrlərdə müxtəlif müəlliflər tərəfindən yeddi
"Qarabağnamə” qələmə alınıb. Və həmin əsərlərdə Qarabağın ruslar tərəfindən
istilasına qədər bu bölgədə baş verən bütün tarixi hadisələr öz əksini tapıb.
Tarixçilərimiz bu əsərlərdən qiymətli bir mənbə kimi istifadə edirlər. Ancaq bu
o demək deyil ki, yalnız həmin tarixi əsərlərlə kifayətlənmək olar. Çünki,
Qarabağ mövzusu yalnız Qarabağnamələrin verdiyi bilgilərlə bitmir. Bədii ədəbiyyatda da Qarabağ
mövzusu zaman-zaman öz təcəssümünü tapır.
XX əsr Azərbaycan ədəbiyyatının korifeylərindən olan Yusif Vəzir Çəmənzəminlinin
"İki od arasında” romanını xatırlayaq. Bu roman böyük söz ustadımız Molla Pənah
Vaqifin həyatından söz açır.
Yusif Vəzir
Çəmənzəminli Azərbaycan ədəbiyyatında gözəl nəsr əsərlərinin - İki tarixi
romanın, onlarla gözəl hekayənin müəllifidir. Ədəbiyyatşünas alimlər haqlı
olaraq onun adını Cəlil Məmmədquluzadə və Ə.Haqverdiyevlə yanaşı çəkirlər. Nəsrimizin
XX əsr mənzərəsini Yusif Vəzirin əsərləri olmadan təsəvvür etmək qeyri-mümkündür.
Hələ əsrin əvvəllərində Firudin bəy Köçərli, Seyid Hüseyin, Haşım bəy Vəzirov
öz məqalələrində Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı haqqında yüksək fikir
söyləmişlər.
Yusif Vəzir
Çəmənzəminli Azərbaycan ədəbiyyatında tarixi romanın ustadlarından sayılır.
Onun tarixi romana müraciət etməsi səbəbsiz deyildi. Yusif Vəzir Çəmənzəminli həm
də gözəl tarixçi və etnoqraf idi. Onun indi də öz dəyərini itirməyən "Azərbaycan
və azərbaycanlılar” adlı məqaləsini xatırlatmaq kifayətdir. Tarixi mövzuda
yazdığı əsərlərində Yusif Vəzir Çəmənzəminli mümkün qədər tarixi həqiqətlərə
sadiq qalır, tarixi hadisələri və şəxsiyyətləri qələmə alarkən bəzən onları
olduğu kimi qələmə alırdı. Amma bu hadisə və olaylar bədii təxəyyüldən də güc
alırdı. "Qan içində” romanı bunun bariz nümunəsidir.
Yusif Vəzir
Çəmənzəminlinin həyatı çox çətin və ziddiyyətli olmuşdur. Azərbaycan Xalq
Cumhuriyyəti dövründə o Türkiyəyə göndərilmişdi. Yeni yaranan quruluşu istəmirdi.
Bir müddət Parisdə də yaşamışdı. Lakin sonralar Azərbaycana qayıtdı. Və təbii
ki, onun da adı qara siyahıya düşməli idi. Təqiblərdən yayınmaq üçün o Özbəkistanda
da yaşadı. Amma onu elə oradaca həbs etdilər.
Elçin
Hüseynbəyli Yusif Vəzir Çəmənzəminlinin bu keşməkeşli ömrünü öz romanına mövzu
seçib. Ancaq roman təkcə bununla məhdudlaşmır.
Elçin dünya ədəbiyyatında çox işlənən "roman içində roman” prinsipinə əməl
edir. Yusif Vəzir Çəmənzəminlinin "İki od arasında” romanında qələmə almadığı
tarixi hadisələri onun dilindən nəql edir. Beləliklə, romanın süjet xətti bir
neçə şaxəyə ayrılır. Ümumən XVIII əsr Qarabağı romanın bədii-tarixi materialına
çevrilir.
Elçin
Hüseynbəyli artıq tarixi roman janrında qələmini sınamışdır, onun "Don Juan” və
"Şah Abbas” əsərləri oxucular arasında böyük maraq doğurdu. Məsələ burasındadır
ki, E.Hüseynbəyli özünəməxsus bədii priyomlardan, tarixə münasibətdə yeni
orijinal ifadə üsullarından istifadə etdi. İlk baxışda onun bu romanları bizim ənənəvi
klassik roman tipinə uyğun idi. Yəni müəllif tarixi şəxsiyyətlərin həyatını,
mübarizəsini, doğum günündən son anınadək təsvir predmetinə çevirirdi. Amma necə?
"Don Juan”da müəllif özü də bir iştirakçı kimi əsərin personajlarına
çevrilirdi, daha doğrusu, o, öz qəhrəmanının həyat yolunu izləmək üçün onun
keçdiyi yollardan, ölkələrdən adlayırdı. "Şah Abbas”da isə tarixi hadisələrə və
personajlara fəallıq, dinamiklik aşılayırdı. Romandakı bütün personajlar daimi
hərəkətdə idilər. Tarix sanki bizim gözlərimiz qarşısında cərəyan edirdi.
"Yenə iki
od arasında” romanında da Elçin Hüseynbəyli öz qəhrəmanının axtarışına çıxır.
O, Yusif Vəzir Çəmənzəminlinin məhbus olduğu Rusiya şəhərlərini və həbsxanalarını
gəzir, hər bir detalı, hər bir sənədi və solub saralmış sənədləri gözdən
qaçırmır. Bu hissə əsərdəki birinci "roman”dır. Doğrudur, bu hissədə yorucu məqamlar az deyil,
amma bu, Elçin Hüseynbəylinin öz üslubudur. Onun nəsri belə təsvirlər üzərində
qurulur.
İkinci
"roman”da o, Yusif Vəzirin "İki od arasında” romanında qələmə almadığı hadisələri
təfərrüatı ilə əsərə gətirir. Əlbəttə, bu da bir bədii priyomdur, müəllifin öz
düşüncəsindən doğur. Çünki, Yusif Vəzir Çəmənzəminli kimi yazıçılar heç bir
vaxt araya-ərsəyə gətirdikləri əsərlərə geniş mənada əl gəzdirməzdilər. Ancaq təbii
ki, Yusif Vəzir Elçin Hüseynbəylinin onun dilindən nəql etdiyi tarixi hadisələri
çox gözəl bilirdi, tarixi şəxsiyyətlərin hər birinin həyatına yaxşı bələd idi.
Sonralar "Qan içində” adı ilə çap olunan romana əbəs yerə "İki od arasında” deyə
yanaşmazdı. Qeyd edək ki, Y.V.Çəmənzəminli "İki od arasında” romanını Sovet
dövründə (1936) bitirmişdi. O, artıq yeni quruluşu qəbul etmişdi. Lakin
sağlığında bu əsəri nəşr etdirə bilmədi. Yalnız 1960-1961-ci illərdə professor
Əkbər Ağayev həmin əsəri "Qan içində” adı ilə "Azərbaycan” jurnalında çap
etdirdi. Əkbər Ağayev romana yazdığı müqəddimədə qeyd edirdi ki, Yusif Vəzir Çəmənzəminli
ən çox Azərbaycan tarixçilərinin – Abbasqulu ağa Bakıxanovun, Mirzə Adıgözəl və
Mirzə Camalın əsərlərinə istinad etmişdir. Tarixi hadisələrə və tarixi şəxsiyyətlərə
yaxşı bələd olan Y.V.Çəmənzəminli istifadə etdiyi tarixi mənbələrin siyahısını
da təqdim edir.
Romanda
gah Yusif Vəzirin həyatından, xüsusi ilə sürgün illərindən müəyyən hadisələr
canlandırılır, gah da XVIII "Qarabağnamə”də bizə məlum olan lakin yeni şərh və
yozumlara ehtiyac duyulan hadisələr paralel təqdim edilir. Təbii ki, Yusif Vəzirin
sürgün illəri ilə bağlı, ömrünün son illərini əhatə edən hadisələr indiyə qədər
məlum deyildi. Elçin Hüseynbəyli bütün bunları diqqətlə arayıb-araşdırmağa cəhd göstərmiş və deyək ki, istədiyinə nail ola
bilmişdir. Ancaq çox təəssüf ki, Yusif Vəzirin məzarı su altında itib
batmışdır.
Səkkizinci
"Qarabağnamə”də təsvir edilən hadisələr isə bundan əvvəlki, yeddi "Qarabağnamə”də
bizə məlum olan vaqiələrin yeni şərh və yozumlarla təqdim edilməsidir. Birinci
vaqiə "Pənah xan müsibəti” adlanır. Daha sonrakı vaqiələrdə biz Ağa Məhəmməd şah
Qacarın Şuşa üstünə ikinci yürüşü, Şahın Molla Pənah Vaqiflə və Məhəmməd bəy
Cavanşirlə görüşü, Şahın qətli, Məhəmməd bəy Cavanşirlə Molla Pənah Vaqifin ədavətin
və onun əli ilə Vaqifin öldürülməsi, Məhəmməd bəy Cavanşirin əmisinin üzünə ağ
olması, qaçışı və Ağabəyim ağanın Fətəli şaha ərə verilməsi, Ruslarla saziş –
İbrahimxəlil xanın və ailəsinin qətli, Türkmənçay müqaviləsi: Erməni və Rus kələyi,
Qriboyedovun qətli və s. hadisələr öz əksini tapır. Bütün bu hadisələr istər
Qarabağnamələrdə, istərsə də tarixi ədəbiyyatda bu və ya digər dərəcədə
işıqlandırılmışdır. Elçin Hüseynbəyli isə bu tarixi hadisələri və onların
iştirakçıları olan şəxsiyyətləri bir yerə toplamış, onları bu günün nöqteyi-nəzərindən
mənalandıra bilmişdir. Yaxşı cəhətdir ki, onun bu hadisələrə münasibətində öz
mövqeyi vardır. Məsələn, Sovet dönəmində Ağa Məhəmməd şah Qacar istilaçı, müstəbit
bir hökmdar kimi təqdim olunurdu. Və tarixçilər haqlı olaraq onun Qarabağa iki
hücumunu, Tiflisi odlara qərq etməsini və insan kəllələrindən qalalar qurmasını
qeyd etmişlər. Amma Qacara qarşı başqa bir münasibət də mövcuddur. Onun ağıllı,
islahatçı bir şah olduğunu sübut edən kitablar, məqalələr yazılmışdır. Elçin
Hüseynbəyli birinci mövqeyi müdafiə edir və təbii ki, həm dəqiq tarixi faktlar,
həm də onun Azərbaycanı ələ keçirmək və İran əyalətlərinə qatmaq niyyətlərini əsas
götürmüşdür. Qacarın Molla Pənah Vaqiflə, Məhəmməd bəy Cavanşirlə görüşləri
özünü bu cəhətdən tamamilə doğruldur. Yaxud Məhəmməd bəy Cavanşirlə Molla Pənah
Vaqifin ədavəti də romanda gizlədilməmişdir. İş burasındadır ki, İbrahimxəlil
xan qızı Ağabəyimi Məhəmməd bəy Cavanşirə vermək haqqında düşünürdü. Elə qızın
da onda gözü var idi. İbrahim Xəlil xan bu xüsusda öz vəziri Molla Pənah Vaqiflə
məsləhətləşir. Vaqif belə deyir: "O, öz anasını sizə qıymamışdı, siz öz qızınız
necə qıyırsınız? Axund Pənah Məhəmməd bəy Cavanşirin öz anasını qətlə yetirməsini
işarə etmişdir. İbrahim Xəlil xanın qardaşı Merhalı bəyi Şirvan xanı Mustafanın
qardaşı Ağası bəy öldürəndən sonra Qarabağ xanı qardaşının dul arvadını özünə
övrət eləmək istəmişdir. Amma Məhəmməd bəy bunu biabırçılıq saymış və anasını
gecə ikən boğub öldürmüşdü”. Bəzi mənbələrdə Məhəmməd bəy əhali arasında
igidliyi ilə bərabər şorgözlüyü ilə də tanınmışdır. O Molla Pənahın ay parçası
kimi maya, qara ilan kimi zülfləri olan Qızxanıma meyl elədiyini bilirdi. Özü də
onun dərdindən dəli divanə idi. Onda ki, Qacar qətlə yetirilir, İbrahim Xəlil
xan isə hələ Qarabağa gəlib çıxmır, hakimiyyəti müvəqqəti olsa da Məhəmməd bəy
Cavanşir ələ keçirir və birinci rəqibi olan Vaqifi öldürtdürür. Məhəmməd bəy
Cavanşirə münasibət də ikili mövqe mövcuddur. Onun çox igid, Qacarla görüşdə də
öz təmkinini itirməyən bir cəngavər kimi qələmə verirlər və bu da yalan deyil.
Xalq arasında "batmanqılınc” ləqəbi ilə tanınan bir cəngavərin ən zəif, tarixdə
ləkəli bir hadisə kimi yaddan çıxmayan Vaqifi öldürtməsi bu cəngavərliyin
üstündən xətt çəkmirmi?
Romanda
Qarabağ xanlığının Rusiya ilə münasibətləri də öz əksini tapmışdır. Və bu nöqtədə
E.Hüseynbəyli tarixi hadisələrdən yan keçməmişdir. İbrahim Xəlil xanın gah
Rusiyaya, gah da müəyyən səbəblər üzündən İrana meyl etməsi Qarabağı xilas etmək
arzusundan doğurdu. Ancaq Rusiya bunu bağışlamadı. Çünki İbrahim Xəlil xan
bütün bu tərəddüdlərinə baxmayaraq qüdrətli bir hökmdar və siyasətçi kimi diqqəti
cəlb edir. Onun ölümü də artıq Rusiyanın Azərbaycanda tam qələbəsinin stimuluna
çevrilir.
Romanda
ermənilərin ruslarla açıq və gizli sövdələşmələri də diqqətdən yayınmır. Bu
baxımdan İrandakı rus səfiri, məşhur şair Aleksandr Qriboyedovun qətl hadisəsinin
təsviri də maraq doğurur. Qriboyedovun sadəlovcəsinə ermənilərə inanması onun məlum
ölümünə səbəb olur. Romanın axırıncı fəsilləri Yusif Vəzirin Paris həyatı təsvir
edilir. Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayandan sonra Yusif Vəzirin səfirlik
fəaliyyəti də başa çatır. Və o da Bakıya qayıtmır, məcburiyyətdən Parisə
qardaşı Mirinin yanına gedir. Burada çox ağır günlər keçirir. Yusif Vəzirin
Ceyhun Hacıbəyli və Lev Nissenbaunla görüşü... bu da romanın maraqlı fəsillərindən
biridir. Azərbaycana yola düşməzdən əvvəl o Ceyhun bəylə və Lev Nissenbaunla "La Bella” kafesində görüşür. Məlum
olur ki, "Əli və Nino” adlı bir roman yazmışdır. O, bu romanı Lev Nissenbauna
verir ki, onu nəşr etsin. Qeyd edək ki, "Əli və Nino” romanı ilk dəfə "Azərbaycan
jurnalında Qurban Səid imzası ilə çap olunandan sonra bu əsərin müəllifi ilə
bağlı çoxlu mübahisələr yarandı. Əlbəttə, Yusif Vəzirin Parisdə Ceyhun Hacıbəyli vasitəsi ilə
Lev Nissenbauna roman təqdim eləməsi mənim fikrimcə, heç də ağlabatan deyil.
Bu barədə heç bir tarixi fakta da rast gəlmirik. Amma "Əli və Nino” romanında
Yusif Vəzirin digər əsərləri ilə səsləşən üslub çalarları özünü büruzə verir.
Roman
Yusif Vəzir Çəmənzəminlinin Bakıya qayıtması ilə başa çatır. Y.V.Çəmənzəminli
Bakıya qayıtdıqdan sonra ədəbi fəaliyyətini davam etdirir və bir neçə çıxışında
da yeni quruluşu qəbul etdiyini söyləyir. Amma vaxtı ilə müsavatçı olduğu üçün
Sovet quruluşu NKVD onu bağışlamaq niyyətində deyildi.
Arzu edərdim ki, Elçin Hüseynbəyli Yusif Vəzirin Bakıda 20-30-cu
illərdə həyatı, yazıçılar mühiti ilə bağlılığı haqqında materialları da öyrənsin.
Və bu romanın ardını qələmə alsın.
"Yenə iki
od arasında” romanını mən Elçin Hüseynbəylinin tarixi romana müraciətində yeni
bir uğuru hesab edirəm.
Vaqif Yusifli