Əlaqələrin inkişafına töhfə verəcək forum
Noyabrın 1-də Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya Regionlararası
Forumu keçirilib. İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi
İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda tranzit
yükdaşımaları, təhsil, elm, səhiyyə, mədəniyyət, idman və s sahələrdəki mövcud uğurlu
əməkdaşlıqdan danışılıb. Daha sonra isə Azərbaycan və Rusiya arasında
əməkdaşlığa dair 12 sənədimzalanıb. Noyabrın 2-də isə Pirallahı Sənaye
Parkında "Azərbaycan İnvestisiya Şirkəti” ASC, "Vita-A” MMC və Rusiya
Federasiyasının "R-Pharm” şirkətinə daxil olan "AR-Pharm” MMC şirkətləri
arasında "Hayat Pharm” əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması
üzrə Səhmdarlar Sazişi imzalanıb. Sonra "Hayat Pharm” əczaçılıq zavodunun
təqdimatı keçirilib. Bildirilib ki, investisiya dəyəri 74 milyon ABŞ dolları
olan zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet,
sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus
əleyhinə, diareya və qusmaya qarşı preparatlar, həmçinin rentgen-kontrast və
maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək. Ümumilikdə zavodda
birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq.
Zavodun illik istehsal gücü 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və
kapsul təşkil edəcək. Gələcəkdə istehsalın genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 14 sentyabr
2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Pirallahı Sənaye Parkı əsasən
əczaçılıq sahəsi üzrə ixtisaslaşacaq. Artıq Pirallahı Sənaye Parkında fəaliyyət
göstərəcək Rusiya və İran şirkətləri ilə ilkin razılıqlar əldə edilib. Bununla
belə, ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra Avropa
ölkələrinin, Türkiyə və Yaponiyanın aparıcı şirkətləri ilə də danışıqlar
aparılır.
Forumun iki ölkə arasında münasibətlərə təsiri, həmçinin zavodun
açılışının ölkə iqtisadiyyatı üçün əhəmiyyəti və s məqamlarla bağlı Azərbaycan-Rusiya
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə söhbətləşdik. Millət
vəkilləri bildirdilər ki, əczaçılıq zavodunun açılışı bu sahənin inkişafını
təmin edəcək, idxaldan asılılığı azaldacaq, qeyri-neft sektorunun inkişafına
töhfə verəcək.
Millət vəkili Aydın Mirzəzadə "Kaspi”yə
açıqlamasında dedi ki, Azərbaycan və Rusiya iqtisadiyyatı bir-birinə sıx bağlıdır:
"Hər iki dövlətin, hər iki xalqın ümumi tarixi, ümumi mədəniyyəti və iqtisadiyyatı
var. Müstəqillik qazanandan sonra bu iqtisadi əlaqələr bir müddət kəsilsə də, sonradan
davam etdirildi. Hər iki ölkə rəhbərliyinin diqqəti və qayğısı nəticəsində son illərdə
Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi artıq iki milyard dollara yaxınlaşır.
Bunu daha da artırmaq mümkündür. Bakıda keçirilən forum yeni əməkdaşlıq sahələrini
axtarmağa, mövcud problemlərin aradan qaldırılmasına yönəlib. Forumda ilk dəfə olaraq,
dövlətlər arasında iqtisadi əlaqələrdə regionlararası iqtisadi əlaqələrə keçmək
barədə qərar qəbul olunub”.
Millət vəkili nəzərə çatdırdı ki, Rusiya farmakologiyası dünyada özünəməxsus
yer tutur: "Onların iştirakı ilə Azərbaycanda belə bir müəssisənin açılması həm
ikitərəfli əməkdaşlığa, həm də Azərbaycanın bu sahədə mövcud olan problemlərinin
aradan qaldırılmasına xidmət edəcək. İqtisadi əməkdaşlıq, dostluq, yaxın qonşuluq
münasibətləri bundan sonra da inkişaf etdiriləcək”.
Millət vəkili Ağacan Abıyev də əczaçılıq
zavodunun açılışını mühüm addım hesab edir və bunun qeyri-neft sektorunun
inkişafı üçün vacib məqam olduğunu düşünür: "Prezident dəfələrlə çıxışlarında deyib
ki, neftə, qaza arxayın ola bilmərik. Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf
etməlidir. Neftə göz dikməməliyik. Gördüyünüz kimi, neftin qiyməti oynayır. İqtisadiyyat
çətin mövzudur. Arxayın olmaq üçün bütün sahələri inkişaf etdirməliyik ki, dayanıqlı
iqtisadiyyatımız olsun. Bu mənada, Pirallahıda əczaçılıq zavodunun açılmasına çox
sevinirəm. Buna hər şeydən öncə bir Azərbaycan vətəndaşı, vətənpərvər insan kimi
yanaşıram. Qeyri-neft sektoru təkcə Azərbaycanda yox, bütün dünyada vacib mövzulardan
biridir. Bildiyiniz kimi, müxtəlif xəstəliklər mövcuddur. Artıq 10 milyon
olmuşuq. Bu qədər əhalinin sağlamlığını təmin etmək, dava-dərman çatdırmaq lazımdır.
Ələlxüsus da, payız-qış aylarında”.
Millət vəkili diqqətə çatdırdı ki, belə bir sənayenin öz ölkəmizdə olması
iqtisadiyyata çox müsbət təsir edəcək: "Daha xaricdən pul verib dərman almayacağıq.
Valyutamız özümüzdə qalacaq. Ona görə də zavodun açılışını çox müsbət qiymətləndirirəm.
Sevinirəm və zavodun açılmasının Azərbaycan iqtisadiyyatına uğur gətirəcəyinə
inanıram”.
Şəfa Tapdıq