• cümə, 19 Aprel, 23:59
  • Baku Bakı 24°C

“Əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminəm” – Bizim qonaq, Fotolar

22.07.16 10:47 3140
“Əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminəm” – Bizim qonaq, Fotolar
"Mən Azərbaycanı tərk edəndən sonra yaxşı təəssüratlar qoymağı uğur hesab edirəm. İstəyirəm ki, Azərbaycan xalqı məni yaxşı xatırlasın. Əgər alınsa, mənim üçün uğur budur...” Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Suzan Cəmil "Kaspi”də qonaq olarkən həmçinin Azərbaycanda çap mediası olaraq ilk olaraq «Kaspi»ni ziyarət etdiyini bildirdi.

Qarşılıqlı əlaqələrin möhkəmlənməsi

- Xanım səfir, sizi "Kaspi”nin redaksiyasında salamlayırıq. Sizin fəaliyyətinizə daha yaxından bələd olmaq, karyeranız haqqında daha ətraflı məlumat almaqdan məmnun olarıq. Bilirik ki, ərəb dünyasında qadının karyera pilləsi ilə irəliləməsi o qədər də asan deyil.

- Mən Qahirə Universitetində siyasi elmlər və iqtisadiyyat fakültəsinin məzunu olmuşam. Misirin ən böyük şəhərlərindən biri olan İskəndəriyyədənəm. Bu şəhər paytaxtdan aralı olduğundan universitetə daxil olmaqdan ötrü Qahirəyə köçməyə məcbur oldum. Bizdə 11-ci siniflər üçün ölkədə vahid imtahan keçirilir. Mən 1975-ci ildə həmin imtahan üzrə bütün Misirdə birinci oldum. O vaxt Xarici İşlər Nazirliyində işləmək mənim arzum idi. 1981-ci ildə bu arzuma çatdım. Həyat yoldaşım da səfirdir. Ailə qurandan sonra hərəmiz bir ölkədə səfir işləməyə başladıq. Bu, ailə üçün böyük əziyyət idi. İki qız övladım var. Onlar həmişə mənim yanımda idilər. Həm ata, həm də ana kimi onlara qayğı göstərirdim. Düzdür, bu, mənimçün asan deyildi. Qızlarım indi böyüyüblər. Biri atasının yanındadır. Həyat yoldaşım Sudanda səfir idi. Yeri gəlmişkən, o müşavir olanda Qazaxıstanda işləyib. Mən Azərbaycana gəlməmişdən əvvəl Qazaxıstanda olmuşam. Bu gün müşahidə edib görürəm ki, Azərbaycan inkişaf yolundadır. Xarici İşlər Nazirliyində fəaliyyətə başlayandan bugünə qədər çox ölkələrdə işləmişəm. Bu müddətdə mənə elə gəlir ki, yaxşı təcrübə də qazanmışam. Cenevrədə Misirin BMT-də ilk nümayəndəsi kimi işləmişəm. Fransanın Marsel şəhərində Misirin baş konsulu olmuşam. Latın Amerikasında - Ekvadorda Misirin səfiri kimi çalışmışam. Həmçinin Kanadada Misirin baş konsulu vəzifəsində işləmişəm. Diplomat kimi peşə fəaliyyətimə Azərbaycanda son qoyacağımla fəxr edəcəyəm.

- Hazırkı Misir-Azərbaycan əlaqələrini necə qiymətləndirirsiniz?

- Mən Misirin Xarici İşlər Nazirliyində çalışanda Azərbaycan üzrə işləmişəm. Ona görə Azərbaycan haqda məlumatım var idi. Bu mənə fürsət verdi ki, Azərbaycan haqqında məlumat əldə edim. Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrindən biridir. Amma indiki Azərbaycan o məlumatlardan tanıdığım Azərbaycan deyil. Siyasi əlaqələr haqda danışsaq, Azərbaycanla Misir arasındakı əlaqələr tarixə söykənir. Bu əlaqələr möhkəmdir, qardaşlıq mahiyyəti daşıyır. Əlbəttə, bu münasibətləri iqtisadi, mədəni əlaqələrə də çevirmək lazım idi. Bu o deməkdir ki, iki ölkənin rəsmilərinin səfərləri artırılmalı idi. Bunun isə hər iki ölkəyə xeyri var. Mən sentyabr ayından Azərbaycana səfir təyin olandan sonra bu rəsmi görüşlərin artırılmasına çox çalışmışam. Qarşılıqlı rəsmi səfərlər ona görə bizim üçün mühümdür ki, bu, rəsmilərin bir-birlərinin ölkələri ilə yaxından tanış olmasına imkan yaradır. Əlbəttə, bu görüşlər təşkil ediləndə tərəflər iki ölkə arasında əlaqələri möhkəmləndirmək üçün öz fikirlərini müzakirə edə bilər. Ona görə də belə səfərlər iki ölkə arasında əlaqələri möhkəmləndirməkdə böyük rol oynayır. Şükür Allaha ki, biz buna müəyyən səviyyədə nail olmuşuq. Misirin müxtəlif rəsmi şəxsləri Azərbaycana gəliblər. Yaxınlarda Misirin yüksək rütbəli hərbçilərdən ibarət nümayəndə heyəti Azərbaycana gələrək prezident İlham Əliyev və aidiyyəti qurumlarla görüşlər keçirdilər. Hazırda Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndələrinin Misirə işgüzar səfəri hazırlanır. Bu cür əlaqələrin daha da möhkəmlənəcəyinə əminəm. May ayında Misirdən Azərbaycana turizmlə bağlı böyük bir nümayəndə heyəti gəldi. Bu üzdən turizm sahəsində güclü əməkdaşlıq yaranıb. İqtisadi, ticari əlaqələr haqqında danışsaq, inşallah noyabr ayında keçiriləcək 4-cü Misir-Azərbaycan müştərək komissiyasının iclasına hazırlıq gedir. Hazırda Misirin ən böyük dərman şirkətlərindən birinin Azərbaycanda müxtəlif layihələr həyata keçirilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyi ilə danışıqlar aparılır. O cümlədən, Misirə neft ixracı ilə bağlı ARDNŞ-lə Misirin Neft Nazirliyi arasında danışıqlar gedir. Bu ilin sonuna qədər prezident İlham Əliyevin Misirə səfəri gözlənilir. Həmçinin mart ayında biz 10 nəfərdən ibarət jurnalist qrupunu Misirə göndərdik. Onlar Misirin tarixi, adət-ənənəsi və bugünkü həyatı ilə yaxından tanış ola bildilər.

- Azərbaycanla Misir arasında təhsil əlaqələri hansı səviyyədədir?

- Biz azərbaycanlı tələbələrə ərəb dili öyrətməyə sox maraqlı idik. Dil insanlar arasında ünsiyyət vasitəsidir. Misirdə türk və Azərbaycan dilini tədris edən kafedra fəaliyyətdədir. Hər il təxminən 150 tələbə həmin fakültənin məzunu olur. Əlbəttə, bu, yaxşı rəqəmdir. Biz də istəyirik ki, elə bu rəqəm sayda azərbaycanlı tələbə də ərəb dilini öyrənsin. Ona görə biz Xarici İşlər Nazirliyindən Misirin hesabına Azərbaycana ərəb dili müəllimlərinin göndərilməsini istəmişik. Nazirlik bir müəllim göndərdi və o, müxtəlif universitetlərdə ərəb dilini tədris edir. Həmçinin Misir Mədəniyyət Mərkəzində azərbaycanlılara və əcnəbilərə ödənişsiz ərəb dili tədris edilir. Əgər biz bu qayda ilə davam etsək, Misirdə çoxları Azərbaycan və türk dilində, Azərbaycanda da çox adam ərəb dilində danışa biləcək. Bundan əlavə, Misir hökuməti ərəb dilini öyrənmək üçün azərbaycanlılara 5 təqaüd təyin edib.

- Misir Hepatit "C” ilə bağlı dərman istehsalında böyük irəliləyişə nail olub. Ölkənizin bu sahədə çalışanlarının Azərbaycana investisiya yatırmaq planları varmı?

- Bununla bağlı Azərbaycanın səhiyyə və iqtisadiyyat nazirlikləri ilə danışıqlar gedir. Bu xəstəliyin müalicəsi Azərbaycanda bahalı, Misirdə isə ucuzdur. Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayon ərazisində belə bir zavodun tikilməsi üçün yer olduğunu bildirib. Hər şey danışıqların nəticəsindən asılı olacaq.

Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

- Bu yaxınlarda Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı türk xalqı və hüquq mühafizə orqanları tərəfindən alındı. Xatırlayırıq ki, 2013-cü ildə də Misirdə hərbi çevriliş olmuşdu. Düzdür, o dövrün ictimai-siyasi vəziyyəti başqa idi. Bugünkü Misiri necə xarakterizə edərdiniz?

- Misirdəki hərbi çevriliş deyildi. Türkiyədə baş verənlərlə Misirdə baş verənlər fərqli hadisələrdir. Misirdə baş verənlərə xalqın iradəsinə uyğun olaraq ordumuz müdaxilə etdi. 30 iyunda Misir əhalisi küçələrə çıxaraq "Müsəlman qardaşları”nın hakimiyyətini rədd etdilər. Həmin vaxt mən də qızlarımla küçədə idim. Bütün Misir əhalisi bayraqlarla küçələrə çıxmışdılar. Türkiyədə isə vəziyyət başqadır. Silahlı qüvvələr çevriliş etmək istədi. Amma xalq etiraz etdi və xalqın iradəsi qalib gəldi. Nəticə etibarı ilə iki ölkədəki proseslər fərqli olsalar da, nəticələr eyni oldu- hər iki ölkədə xalqın iradəsi qalib gəldi.
- Misirin Dağlıq Qarabağ probleminə münasibətini bilmək istərdik. Rəsmi Qahirə bu münaqişənin həlli yollarını necə görür?

- Misir dövləti həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz həmçinin Qarabağın işğal olunmuş ərazilərinin qaytarılması ilə bağlı BMT-nin bütün
qətnamələrini də dəstəkləmişik. Həmçinin İslam Konfransı Təşkilatının bütün qətnamələrinə də dəstək vermişik. Biz münaqişənin sülh yolu ilə həll olunmasına da dəstək göstəririk. Cənab prezident bu məsələdə xalqın üzərinə düşən vəzifələri hər dəfə xatırlatmaq istəyir. Prezident İlham Əliyev də hər dəfə danışanda dünyanın vicdanını oyatmağa çağırış edir. Misirdə belə bir məşhur məsəl var: haqq heç zaman itməz. Mən inanıram ki, prezidentlərin son görüşündən sonra yaxınlarda Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində mühüm dəyişiklik olacaq.

Misir qadınlarının cazibədarlığı

- Misir qadınları digər ərəb ölkələrinin qadınları ilə müqayisədə çox inkişaf edərək həm zahiri görünüşləri, həm də ictimai həyatdakı fəaliyyətləri ilə fərqlidirlər. Həmçinin Azərbaycan qadınlarına oxşarlıqları çoxdur. Bu fərqliliyin səbəbini necə izah edərsiniz?

- Gözəllik Allahın bəxş etdiyi nemətdir. Ərəblərin ən gözəl qadınları Livandan və Suriyadandır. Misir qadınları isə daha çox cazibədardırlar. Onlarda şarm güclüdür. Misirin qadın azadlığının və inkişafının uzun bir tarixi var. Misir qadınının bu səviyyəyə çatması çox məşəqqətli bir yol olub. Misir qadını evdar olmağı qəbul etmədi. Bu o demək deyil ki, onlar evdə iş görmürlər. Onların əsas vəzifəsi evlərindədir. Ancaq onlar işləmək hüquqlarını müdafiə etmək üçün çox əziyyət çəkdilər. Məntiq olaraq bu gün bizim qadın səfirlərimiz, hakimlərimiz var. Bu inkişafa baxmayaraq, bizdə bəzi radikal qruplar var ki, onlar qadının inkişafını istəmirlər. Onlar deyirlər ki, qadının işləməyi dinə ziddir. Ancaq bu, doğru yanaşma deyil.

İki xalq arasındakı oxşarlıq

- Yəqin ki, xanım səfir Azərbaycanda olduğu müddətdə adət-ənənələrimizlə, milli mədəniyyətimiz və milli-mənəvi dəyərlərimizlə tanış ola bilib. Maraqlıdır Azərbaycan adət-ənənələri ilə Misirin adət-ənənələri arasında oxşarlıq varmı?

- Əlbəttə, oxşarlıq çoxdur. Məsələn, Azərbaycan dilində çoxlu ərəb mənşəli sözlər var. Bu, kökün bir olmasından xəbər verir. Azərbaycan xalqı da bizim kimi təbiət etibari ilə mühafizəkardır. Mən sizin üzünüzə baxanda elə bilirəm ki, bu sifətləri Misirdə görmüşəm. Yeməkləriniz də bizim yeməklərimizə çox yaxındır. Heç bir çətinlik çəkmədən sizin yeməklərinizin dadına baxıram. Həmçinin xalqlarımız arasındakı oxşarlıq hər iki xalqın ürəyinin yumşaq, rəhmli, istiqanlı və vətənpərvər olması ilə bağlıdır. Bunlar bizim xalqları digərlərindən fərqləndirən xüsusiyyətlərdir. Elə ölkələr var ki, siz orda qolnaqpərvərliklə qarşılaşa bilərsiniz. Ancaq bu, sünidir, ürəkdən deyil. Amma Azərbaycanda və Misirdə qonaqpərvərlik insanların içindən gəlir.

- Azərbaycan musiqisini dinləyirsinizmi? Muğamlarımız xoşunuza gəlirmi?

- Mən Azərbaycana gələndə ilk iştirak etdiyim tədbir muğam festivalı oldu. Həmçinin belə bir müsabiqə Misirdə də keçirilmişdi. Mən Misirə gedəndən sonra çərçivənin
içərisində tar qoyacağam. Bilirsiniz ki, Misirdə xalça istehsal edilir. Azərbaycan xalçasının da qədim tarixi var. Bizim xalçaların xüsusi naxışları yoxdur. Rəngləri də bəzən yaxşı olmur. Ancaq Misir xalqı tarixən əllə istehsal olunan malları çox xoşlayır. Ona görə əllə toxunan xalçaları da çox xoşlayırıq. Mən bir dəfə Xalça Muzeyində olarkən şəkil çəkdirdim və onu Facebook səhifəmdə paylaşdım. Azərbaycan Xalça Muzeyində olduqdan sonra bildim ki, Misirdə xalça sənayesi yoxdur.
- Müsəlman xalqları bir-birlərinin uğurlarını yaxından hiss edə bilmirlər. Necə etmək olar ki, bu xalqlar öz uğurlarını Misir-Azərbaycan kontekstində daha yaxından duya bilsinlər?

- Misirdə Mədəniyyət Nazirliyinin Tərcümə Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə bir illik plan uyğun dünyada ən mühüm sayılan əsərlər tərcümə olunur. Həmçinin Azərbaycanda da Tərcümə Mərkəzi var. Bu tərcümələr iki xalq arasında mühüm rol oynayır. Ancaq həmin kitabları alan adamlar onun haqqında məlumat əldə edə bilirlər. Fikrimcə, telekanallarda da həmin tərcümə olunan kitablar haqqında məlumat verilməlidir ki, bütün xalq onlardan xəbər tutsun.
- Redaksiyamıza gəldiyinizə görə təşəkkür edirik!

-"Kaspi” qəzetinin bütün kollektivinə uğur arzulayıram!







Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər