AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

«Əlaqələrimiz yüksək səviyyədədir»

«Əlaqələrimiz yüksək səviyyədədir»

Müsahibə
05 Mart 2013, 12:51 2011
- Cənab səfir, əvvəlcə Azərbaycanla Belarus arasındakı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti haqqında fikirlərinizi paylaşardınız?
- Ölkələrimiz arasında strateji əməkdaşlıq xarakteri daşıyan dostluq münasibətləri qurulub. Bunun təsdiqi yüksək səviyyədə olan aktiv dinamik dialoqdur. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin Belarusa üç rəsmi səfəri, Belarus dövlət başçısı A.Q.Lukaşenkonun Azərbaycana iki rəsmi səfəri baş tutub. Bu il də ölkələrimiz diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd etdiyi ərəfədə, Belarus liderinin Bakıya gəlişi gözlənilir. Hökumətlər, parlamentlər, müəssisələr səviyyəsində davamlı münasibətlər qurulub, ikitərəfli münasibətlərin hüquq-müqavilə bazası formalaşdırılıb. Müntəzəm olaraq, ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın görüşləri keçirilir. Növbəti, səkkizinci iclasın bu il Bakıda keçirilməsi planlaşdırılır. Bütün səviyyələrdə sıx qarşılıqlı əlaqələrin mövcudluğu, bizim əməkdaşlığın çox vacib xüsusiyyətlərinin ortaya çıxmasına səbəb olur ki, bu, cənab İlham Əliyevin də diqqətindən kənarda qalmayıb. Cənab prezident belə hallar haqqında konkretliyin yüksək səviyyədə olduğu, praktiki nəticəyə meylliliyin olması və ən əsası planlar və onların həyata keçirilməsi arasında qısa məsafənin olduğunu vurğulayıb. Buna baxmayaraq, biz münasibətlərimizdəki ənənəvi səmimiliyi, etibarı itirmirik.

- Sizcə, iki ölkə arasındakı iqtisadi əlaqələrin potensialından yetərincə istifadə olunurmu ?
- Diplomatik münasibətlərin 20 illiyində geriyə baxmaq və bizim kontaktların nəticələrinə yekun vurmaq aktualdır, o cümlədən iqtisadi sahədə. Bu gün əminliklə demək olar ki, Belarus-Azərbaycan münasibətləri quruluş mərhələsini artıq keçiblər və strateji əməkdaşlıq səviyyəsinə çıxıblar. Qarşılıqlı maraq kəsb edən bütün istiqamətlər üzrə əməkdaşlığımız etibarlıdır.
Son 6 il ərzində ölkələr arasında mal dövriyyəsi neft sahəsində 6 dəfə qalxıb və təxmini 250 mln. dollara yaxınlaşıb. Qarşılıqlı ticarətdə 250-dən çox müəssisə iştirak edir, çatdırılmalar 350-dən çox istiqamət üzrə həyata keçirilir.
Onu da qeyd etmək çox vacibdir ki, bizim iqtisadi əlaqələrimiz bu gün ancaq xammal mübadiləsi üzrə qurulmur. Belarus və Azərbaycan arasında əməkdaşlıq istehsalat kooperasiyası sahəsində, investisiya və innovasiya sahəsində aktiv inkişaf edir. Bizim ölkələrin elmi dairələri arasında da uzunmüddətli əlaqələr qurulub. Xidmət sahəsində əməkdaşlıq genişlənir, o cümlədən tibb, təhsil, nəqliyyat, İKT sahəsində də.
Düşünürəm ki, bu illər ərzində xeyli yol qət edilib və əhəmiyyətli nəticələr əldə olunub ki, bu da ən əsası iki ölkənin dövlət idarəetmə orqanları və biznes qurumları, iş adamları arasında aktiv, daimi qarşılıqlı əlaqələrin yaranıb, möhkəmlənməsinə xidmət edib. Yəni ki, biz xalqlarımız arasında iqtisadi və humanitar əlaqələrin inkişafı üçün lazımı əlaqələr sistemini qurmağa nail olmuşuq. Sonrakı mərhələdə iş yeni layihələrin üzərinə düşür. Mən əminəm ki, onların sayı artacaq.
Mümkün perspektiv layihələrin spektri olduqca genişdir, ancaq bir şey dəyişilməz olaraq qalır - Belarus Azərbaycanla qarşılıqlı maraq oyadan bütün sahələrdə əməkdaşlığa açıqdır.

- Ölkələr arasındakı mədəni və humanitar sahədəki əməkdaşlıq hansı səviyyədədir?
- Məmnuniyyətlə deyə bilərəm ki, Belarusla Azərbaycan arasındakı humanitar əməkdaşlıq yüksək səviyyədədir. Bu, əsasən akademik A.Mehdiyevin rəhbərliyi altında Azərbaycan-Belarus Dostluq və Əməkdaşlıq Cəmiyyətinin təşəbbüsləri və aktiv fəaliyyəti nəticəsində mümkün olub. Cəmiyyətə Azərbaycanın elm, mədəniyyət, incəsənət, təhsil və biznes dairələrinin nümayəndələri daxildir.
Həyata keçmiş mühüm proyektlərdən biri, cəmiyyətin səyi nəticəsində 2010-cu ildə Bakı Slavyan Universitetində Belarus prezidentinin səfəri zamanı onun iştirakı ilə açılmış “Belarus Dili Mərkəzi”nin fəaliyyətə başlamasıdır. Mərkəzdə Belarus dilinin tədrisi 2011-ci ilin fevral ayından etibarən həyata keçirilir. Eyni zamanda, M.Tank adına Belarus Pedaqoji Universitetində “Azərbaycan Dili Mərkəzi” yaradılıb. İki ölkənin teatr kollektivləri arasındakı əməkdaşlıq yüksək sürətlə inkişaf edir. Xüsusən opera teatrlarımız səmərəli surətdə qarşılıqlı fəaliyyət göstərir. Belarus artistlərinin Bakıda və Azərbaycan peşəkarlarının Minskdəki çıxışları xoş ənənəyə çevrilib. 2012-ci ildə Belarusda böyük uğurla Azərbaycanın Mədəniyyət Günləri keçirildi. Minsk şəhərinin teatr həyatının gözə çarpan hadisələrindən biri, Belarus tamaşaçılarına xüsusi təəssürat bağışlayan “Yeddi gözəl” baleti oldu. Azərbaycan və Belarus arasında elmi sahədə sanballı təcrübə qazanılıb. İki ölkənin Elmlər Akademiyasının səyi nəticəsində iqtisadiyyat, fizika, kimya, genetika və zoologiya sahələrində tətbiqi xarakter daşıyan elmi-texniki işlər görülüb. 2013-cü ilin yanvar ayında Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondu, Belarusun Fundamental Tədqiqatlar üzrə Respublika Fondu, Belarus MEA birgə yeni elmi layihələr müsabiqəsi elan etdi. Zaman keçdikcə, Azərbaycan gəncləri ali təhsil almaq üçün Belarus ali məktəblərini daha çox seçirlər. Hal-hazırda Belarusda tibb, informasiya texnologiyaları, tikinti və arxitektura, kənd təsərrüfatı istiqamətlərində 140-dan çox Azərbaycan vətəndaşı təhsil alır. Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin xətti ilə digər proqramlar üzrə təhsil müəssisələrində 200-dən çox kursant təhsil alır. 2012-ci ildə dörd Belarus ali məktəbi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsil proqramı”na daxil edilib.
Tibb sahəsində də davamlı əlaqələr qurulub. Müntəzəm olaraq, Belarus mütəxəssisləri müxtəlif sahələrdə azərbaycanlı həmkarları ilə birlikdə yüksək texnologiyalı əməliyyatlar həyata keçirirlər. Ümumilikdə qeyd etmək olar ki, ikitərəfli Belarus-Azərbaycan əməkdaşlığının humanitar və mədəni tərkibi o dərəcədə rəngarəngdir ki, bu müsahibəmiz onun bütün aspektlərini əhatə etmək gücündə deyil.

- Bəzi ölkələrin yürütdüyü xarici siyasət xəttində Azərbaycana qarşı ikili standartlar açıq-aydın görünür. Bunu nə ilə əlaqələndirmək olar?
- Bir sıra ölkələrin və beynəlxalq təşkilatların nümayiş etdirdiyi ikili standartlar var və bu, bizə məlumdur. Dövlətlərimizə qarşı olan qərəzli diqqətin səbəbi də sirr deyil. Belarus və Azərbaycan ilk növbədə milli maraqlara istiqamətlənərək, müstəqil siyasət aparır və bu müstəqillik bir çox ölkələrin xoşuna gəlmir. Eynitipli hərəkətlərə müxtəlif ölkələrdə fərqli qiymətlərin verilməsi çox vaxt insan hüquqları sahəsində rast gəlinir. Bununla bağlı qeyd etmək istərdim ki, burada nə inkişaf edənlər, nə geridə qalanlar, nə müəllimlər, nə şagirdlər var, heç olmayacaq da. Bunu Belarus Xarici İşlər Nazirliyinin “2012-ci ildə dünyanın müxtəlif ölkələrində insan hüquqları pozuntusu” adlı hesabatı çox aydın şəkildə göstərir. Bu hesabatda özlərini ənənəvi “inkişaf etmiş demokratiya tipli ölkələr” kimi qələmə verən dövlətlərdə insan hüquqları pozuntusu üzrə konkret faktlar yer alıb.

- Səfir təyin edilənə qədər Azərbaycanda olmuşdunuzmu? Təəssüratlarınız necə idi?
- Səfir təyin olunmamışdan öncə Azərbaycanda olmamışdım, ona görə ölkə haqqında təsəvvürlərim sovet dönəmindən olanlar idi: Neft Daşları, Heydər Əliyev, Rəşid Behbudov, Müslüm Maqomayev, “Neftçi” futbol klubu. Mən çox şadam ki, tale mənə Azərbaycan haqqında biliklərimi xeyli genişləndirmək imkanı verdi. Əlbəttə ki, ölkədə gedən tikintinin genişliyi, heyranedici arxitektura və təbiət landşaftının müxtəlifliyi məndə xoş təəssürat oyatdı. Lakin mənim üçün ən böyük ixtira Azərbaycan millətinin xarakterik cəhətləri oldu. Azərbaycanlılarda olan özünəhörmət hissi başqa millətlərə, dinlərə qarşı tolerantlıq və səmimi hörmət hissi ilə harmoniya təşkil edir və bu Azərbaycanın xaricilər üçün olan xüsusi cəlbediciliyini aydın şəkildə izah edir. Birgə layihələrimizin həyata keçməsi prosesindəki iştirakım mənə azərbaycanlıların əməksevər, işləməyə həvəsli və bacarıqlı, səmərəli və yaradıcı olduqlarına əmin olmaq imkanı verdi.

- Boş zamanlarınızı necə dəyərləndirirsiniz?
- Belarusda olduğum zaman təbiətdə dincəlməyi çox sevirəm. Cavan yaşlarımdan çayda qayıq sürmək, balıq tutmaq ilə maraqlanıram. Avtomobil idarə etməkdən həzz alıram. Bu səbəbdən, asudə vaxtımda uzaq səyahətə avtomobil ilə gedirik. Bakıda iş qrafikim sıx olduğundan hərdən iş günü gecə saatlarına qədər davam edir. Regionlararası əməkdaşlıq üzrə səfərlər müəyyən dərəcədə vəziyyəti dəyişməyə imkan verir. Təəssüf ki, son vaxtlar regionlara səfər etmək üçün vaxt tapmaq problemdir. Bu, ilk növbədə daim diqqət tələb edən səfirliyin yeni binasının tikintisi ilə bağlıdır. Lakin asudə vaxt olan kimi gərgin şəhər ritmindən dincəlmək üçün təbiətdə vaxt keçirirəm.

- Azərbaycan musiqisi, ədəbiyyatı ilə maraqlanırsınızmı?
- Azərbaycanda olarkən, ölkənizin ədəbiyyatının və musiqisinin gözəl dünyasına dalmamaq mümkün deyil. Bəlkə də, mən Nizaminin poemalarının gözəlliyindən, Natəvanın şeirlərinin lirikasından tam ləzzət ala bilmirəm. Ona görə ki, onları rus dilinə tərcümədə oxuyuram, ancaq Azərbaycan klassik ədəbiyyatından keçən müdriklik və humanizm mənə tam aydındır və heyrət oyadır.
Eyni sözləri musiqi haqqında da demək olar. Janrlardan, istiqamətlərdən, üslublardan asılı olmayaraq (klassika, müasir estrada xitləri və s.) xeyir, məhəbbət və ümid mövzusu qırmızı xətlə salınıb. Mən sizdə qəzəb, aqressiya və neqativ gətirən musiqiyə rast gəlməmişəm. Və bu da çox vacibdir, bununla mədəni xüsusiyyət, Azərbaycan koloriti saxlanılır.

- Digər şəhərlərə səfər etmək imkanınız olubmu? Təəssüratlarınız necədir?
- Mənim Azərbaycan üzrə səyahətlərimin coğrafiyası genişdir. Göyçay, Qusar, Quba, İvanovka, Lahıc, Lerik, Mingəçevir, Naxçıvan, Samux, Şəki - bunlar mən olduğum yerlərin natamam siyahısındadır.
Səyahətlərimdən həmişə bol və xoş təəssüratlarım olur. Hər bir regionun özünəməxsus cəlbediciliyi var. Azərbaycanın istənilən yerində bizi çox mehriban və istiqanlı qarşılayırlar. Regionlara səyahətlərim zamanı Belarus və onun sakinləri haqqında müsbət rəylər eşitmək çox xoş olur.

Elcan Salmanqızı