Əlahəzrətin adyutantının yubileyi
Onunla
ömürlük müqavilə bağlanıb
«Siz
uzun illər incəsənətə sədaqətli olubsunuz, teatrsevərləri və kinematoqrafçıları
dərin və maraqlı aktyor və rejissor işinizlə sevindiribsiniz. Çox
minnətdarıq ki, "Malıy Teatr”da fədakarlığınız sayəsində maraqlı, bədii xalq
düşüncələrinizi bu gün də şövqlə həyata keçirirsiniz”. "Malıy Teatr”ın bədii rəhbəri,
Rusiyanın Xalq artisti, Əmək Qəhrəman Yuri Solominə 85 illiyi münasibətilə ölkə
prezidenti Vladimir Putindən daxil olan təbrik məktubu aktyoru çox sevindirib.
«Parlaq istedadınız və fərdi xüsusiyyətiniz sayəsində, siz həm kinoda, həm də teatrda
unudulmaz bədii obrazlar yaradıbsınız.
Buna görə də çoxsaylı tamaşaçı nüfuzunu qazaıbsınız. İnanıram ki, sizin çoxcəhətli
fəaliyyətiniz sayəsində gələcəkdə də xalqlarımız arasında dostluq və bədii əməkdaşlıq
möhkəmlənəcək”- fikirləri isə Belarus prezidenti Aleksandr Lukaşenkonun təbrikində
yer alıb.
Tamaşaçılar isə hələ də inanmır ki, həqiqətən, istedadlı rejissor və pedaqoq Yuri
Solominin 85 yaşı var. Hərçənd onun teatrını tez-tez "konservativ və muzey” adlandırırlar. Lakin Solomin bunu
sədaqət və ənənələrə sadiqlik kimi dəyərləndirir. Kinonu xilas etdiyi illərdə
belə ,o, "Malıy Teatr”a xəyanət etməyib.
"Malıy Teatr”ın «naftalan» qoxuduğunu deyən yaman dillərə rəğmən, Yuri Solomin tarixə ilk növbədə məşhur
aktyor və əfsanəvi rus teatr məktəbinin ənənələrini qoruyan insan kimi daxil
olub. «Ailəmizdə isə ən çox onun komediya filmlərini sevirlər» - deyə Yuri
Solominin nəvəsi danışır: «Yarasa» filmindəki etibarsız ər. «Sadə möcüzə»dəki traktor sürən qadına vurulmuş oğlan.
Bu filmdə o, kiçik qardaşı Vitali ilə çəkilib. O, bu günə qədər də qardaşının ölümünü
xatırlayır və həmin an başqa yaxşı şeylərdən danışmağı xahiş edir”.
Yuri Solomin, həmçinin
rejissor kimi də çalışır. Teatrsevərlər arasına səs salan çoxlu tamaşaların
quruluşunu verib. O, öz kino xəzinəsi ilə Rusiya kinematoqrafiyasına daxil
olub. Çəkildiyi yüzdən artıq film, oynadığı və quruluş verdiyi tamaşalar onun
adını Rusiyanın mədəniyyət tarixinə əbədi yazdırıb.
Nə az, nə çox - 64 il
Yuri Solomin
Çita şəhərində musiqiçilər ailəsində anadan olub. Atası Mefodiy Solomin simli
alətlərdə, xüsusən də kanonda gözəl ifa
edirdi. Anası Zinaidanın isə yaxşı səsi olub. Valideynlərinin hər ikisi Pionerlər
Evində musiqidən dərs deyiblər. Lakin
Yurinin və kiçik qardaşı Vitalinin uşaqlıqdan
həvəsi, daha çox aktyorluğa idi. Buna görə də, əvvəlcə Yuri, sonra isə
Vitali orta məktəbi bitirən kimi aktyor olmaq üçün Moskvaya yollandılar. 1957-
ci ildə Yuri Solomin Şepkin adına Teatr Məktəbini bitirir və "Malıy Teatr”ın
truppasına qəbul edilir. Dörd ildən sonra isə o, doğma məktəbinə müəllim işləmək
üçün qayıdır. Kiçik rollarla səhnəyə çıxan aktyor ,illər keçdikcə nəinki baş
rolları oynayır, hətta teatrın bədii rəhbərinədək yüksəlir. Hazırda nə az, nə
çox, 64 ildir ki, teatrın bədii rəhbəri postundadır. 2019-cu ildə Mədəniyyət
Nazirliyi ölkə tarixində ilk dəfə olaraq onunla ömürlük müqavilə bağlayıb.
Əlahəzrətin adyutantı
1969-cu ildə Mərkəzi
Televiziyada «Əlahəzrətin adyutantı» bədii filmində ekranlara çıxan aktyor
xeyli məşhurlaşdı. Yevgeni Taşkov ona «Adyutant»da oynamağı təklif edəndə həmin
an etiraz etdi. Əgər rejissorun inadkarlığı olmasaydı, biz hələ də Solomini –
kapitan Koltsovu tanımazdıq. Kinosevərlər bu günə kimi də onu "kapitan Koltsov”
adlandırırlar. Amma Bədii Şura qətiyyən onun bu rolda çəkilməsini istəməyib.
Sadə çitalı oğlanın zahiri aristokrat
görünüşü kəşfiyyatçı-çekist
roluna yaramırmış. Lakin rejissor Yevgeni Taşkov şərt kəsib: ya kimi istəyirsə
onu çəkəcək, ya da film çəkilməyəcək. Bununla da məmurları geri çəkilməyə vadar
edib.
Yuri Solominin
kinoda ilk rolu 1960-cı ildə «Yuxusuz gecə» filmində mühəndis Pavel Yeqoroviç
obrazı olub. Həmin ana qədər aktyor bir neçə gözə çarpmayan epizodda çəkilmişdi.
Bundan sonra aktyor "Ana ürəyi” (Dmitri Ulyanov), "Təqib” (Nikolay Makaroviç),
"Adi möcüzə” (Emil), "SİTA bəyan etməyə müvəkkil olunmuşdur” (Vitali Slavin) və
s. filmlərə çəkilir. "Əlahəzrətin
adyutantı”ndan sonra isə o, birdən-birə ölkənin ən populyar artistlərindən
birinə çevrilir. Artıq onun kinobioqrafiyasının hər detalı pərəstişkarları üçün
maraqlı görünürdü. Ancaq bu şöhrət aktyoru dəyişdirmədi, o, yenə də teatrda əsl
aktyor istedadını nümayiş etdirirdi.
Yuru Solomin
özünü aktyorluqla yanaşı, rejissorluqda da sınayıb. "Malıy Teatr”ın səhnəsində
N.Qoqolun "Müfəttiş”, A.Çexovun "Qağayı”, "Üç bacı” və s. əsərlərini uğurla
tamaşaya qoyub. Yuri Solomin 1990-91-ci illərdə sovet dövrində Rusiyanın
sonuncu mədəniyyət naziri olub. Amma tezliklə nazir vəzifəsinin, məmurluq
işinin onluq olmadığını başa düşərək vəzifəsindən ayrılıb.
Kasıb yaşamağımıza baxmayaraq…
Aktyor addımbaşı
deyir ki, ürəyini kiməsə açmağı və bölüşməyi sevmir. Lakin 2018-ci ilin
aprelində Yuri Solomini tok-şousuna dəvət etmiş Boris Korvenikova aktyoru
«danışdırmaq» müyəssər olub. Aktyor uşaqlığından, hərbi hospitaldakı yaralılar
və həkimlər qarşısında səhnəyə ilk çıxışından və birinci qonorarından - aldığı
bir parça qənd parçasından söhbət açıb: "Anam
aktyorluq karyeramın əleyhinə olub. O, mənim cərrah olmağımı
arzulayırdı. Atam isə mənim seçimimi dəstəkləyirdi”. O, verilişdə atası ilə
birgə Çitanı fəth etməyə yollanmasını, bir kilo suxarının onun həyatını necə
xilas etməsini xatırlayıb. Orada Yuri gələcək həyat yoldaşı Olqa ilə rastlaşıb
və onlar ömürlərinin axırına kimi bir-birinə sadiq olublar. Olqa Solomina da
aktrisa idi. Onlar teatrda tamaşa izləyərkən tanış olublar. "Tamaşanı izləyərkən
yanımdakı yer boş idi. Olqa gəlib həmin yerdə əyləşdi. Ona baxanda hiss etdim
ki o, mənim həyat yoldaşım olacaq. Bu tanışlıqdan bir il sonra biz toysuz evləndik.
Biz çox kasıb yaşayırdıq. 1965-ci ildə Darya adında qızımız doğuldu. İmkansızlıqdan
ona çarpayı almağa pul tapmırdıq. Amma kasıb yaşamağımıza baxmayaraq, xoşbəxt
idik. Çünki başa düşürdük ki, xoşbəxtlik pulda deyil. İndi Aleksandra adında nəvəmiz
də var”- deyə aktyor xatırlayır.
Cütlüyə brilyant
toylarını – 60 illiklərini də qeyd etmək nəsib olub. Keçən il Olqa dünyasını dəyişib.
Aktyor sevimli həyat yoldaşından sonra özünü tənha hiss etdiyini gizlətmir:
"Keçmiş xatirələrlə yaşamaq, bəzən adama əzab verir. Əgər sevimli bir insanı
itirmisənsə və anlayanda ki, daha onu heç vaxt gerin qaytara bilməyəcəksən, bu,
çox kədərlidir. Onunla keçirdiyin hər an xatirimdədir. Düşünəndə kədərlənirsən,
yoxluğu səni sıxır. Hərçənd, anlayırsan ki, həyatda heç nə əbədi deyil. Biz hər
zaman ən yaxın adamımızı itirməyimizlə barışmalıyıq. Mən kinoda və teatr səhnəsində
bu cür hadisələrə daha tez alışıram, nəinki həyatda...” Aktyor nəvələri ilə başını
qatır, sevimli teatrının səhnəsi onu yaşadır: "İnsan işini çox sevəndə, bu,
onun həyatının bir parçasına çevrilir. Su qədər, hava qədər vacib və əhəmiyyətli
olur. Hətta, onsuz nəfəs belə ala bilmirsən. Mənim teatrım da elədir. Məni həmişə
yaşadan, mənə ruh verən sənətim olub”- deyə Yuri Solomin bildirir.
...bu da bayram
Görkəmli
insanlarla tanışlıq ona həmişə müyəssər olub. Məsələn, o, ingilis kraliçası
Yelizaveta ilə onun Moskva səfəri zamanı
tanış olub. Xatirə olaraq Yuri Solomin ona "Malı Teatr”ın mücrüsünü bağışlayıb:
«Qadın bu mücrünü görərkən onu əlinə alıb gülməyə başladı. Sonradan onunla gəlmiş
yaşlı şəxs «Siz hardan bildiniz ki, o, mücrü kolleksiyası toplayır? Siz məqamına
düşdünüz» - deyib.
Yuri Solomin
karyerası boyunca bircə ay da səhnəsiz qalmayıb. Bu gün onun düşüncələri keçmişə
yox, gələcəyə yönlənib. Tezliklə aktyorlar məşqlərə gələcəklər. Və Solomin öz
rejissor kreslosunda otura bilməyəcək, hökmən səhnəyə qalxıb necə hərəkət etməyi
onlara başa salacaq. Onun parlaq gözlərində ahıllığın işartısı hiss olunmur. "Malıy
Teatr” onun yubileyinə onlayn festival həsr edəcək. Yuri Solomin deyir: «Bundan
artıq bir həcmdə veriliş nümayiş etdirmək mümkün deyil. Çünki bizim teatrın
işçiləri və televiziya üçün çəkilişlər etmək – fərqli şeylərdir. Bizim üçün
tamaşalar işçi materialları əsasında çəkilir. Əlbəttə, bizim kifayət qədər
tamaşalarımız var ki, "Qızıl Fond”da qalır. Onları göstərmək olar. Onlar yüksək
keyfiyyətdə çəkiliblər. Ancaq onların bəziləri elə lentlərə yazılıb ki, müasir
şəraitdə geniş tamaşaçı kütləsinə müasir üsullarla nümayiş etdirmək olmaz”.
Yuri Solomin teatrın normal həyata qayıdacağı günü səbirsizliklə gözlədiyini
gizlətmir: «Düzü, mən başa düşmürəm, iki metr aralı məsafədə necə oynamaq olar?
Öpüşmək? Bəs qucaqlaşmaq? Maskada oynamaq necə mümkündür? Hələlik təkcə onu deyə
bilərəm ki, iyunun 5-dən teatr məzuniyyətdədir. Əgər hər şey qaydasında
olacaqsa, avqustda məşqləri bərpa edəcəyik, sentyabrda isə 265-ci mövsümü yeni
uğurlarla açacağıq”. Ənənələrə sadiq aktyor "Malı Teatr”ın boş dəhlizini gəzərək
tamaşaçıların yenidən bu teatra axacağının xəyalını edir: «İstərdim ki, gələcək
nəsil, mənim nəslimə inanaydı. Mütləq teatra və klassikaya qayıtmaq lazımdır”.
Yubileyini necə
keçirəcəyini soruşanlara "Hamı dağılışıb, çoxu özünütəcriddədir. Qızım və nəvəm
iki uşağı ilə gələcək, Oturub çay içəcəyik, bu da bayram...» - deyə cavab
verib.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova