• cümə, 29 Mart, 17:03
  • Baku Bakı 14°C

“Ehtiyat”dan bombardirliyə gedən yol - Portret

15.05.17 12:01 3465
“Ehtiyat”dan bombardirliyə gedən yol - Portret

Bu gün Bakıda mötəbər idman yarışı - İslam Həmrəyliyi Oyunlarının rəsmi açılışı olacaq. Təntənəli açılış bu gün olsa da, bütün böyük idman yarışlarında olduğu kimi, komanda idman növlərində oyunlar artıq bir neçə gündür start götürüb. Komanda idman növlərində ən diqqətçəkən yarış isə heç şübhəsiz, idmanın şahı sayılan futboldur. İslamiadada ölkəmizi Yaşar Vahabzadənin başçılıq etdiyi 23 yaşadək futbolçulardan ibarət millimiz təmsil edir. Vahabzadə yeni, xüsusi olaraq İslamiada üçün yaradılmış millidə əsasən, ölkə çempionatının son mövsümündə özünü yaxşı tərəfdən göstərmiş futbolçulara şans verib. Bu, həmin gənclərə əsas yığmaya düşmək üçün əla fürsətdir. Vahabzadənin komandasında ən diqqətçəkən futbolçulardan biri isə son mövsümdə avrokuboklar uğrunda mübarizə aparan "Sumqayıt”da qolları sıralayan gənc hücumçu Mirabdulla Abbasovdur. Bu yazıda sizə İslam Həmrəyliyi Oyunlarında millimizin əsas "silah”larından biri olmağa namizəd, son mövsümdəki çıxışı ilə diqqət mərkəzinə düşən gənc hücumçumuz Abbasovdan bəhs edəcəyik.


Təsadüf nəticəsində başlayan karyera


Mirabdulla Abbasov 1995-ci il, aprelin 27-də Bakı şəhərində dünyaya göz açıb. Onun futbola gəlişi təsadüf nəticəsində olub. Belə ki, Mirabdullanın böyük qardaşı Mirsahib artıq bir müddət idi ki, futbola yazılmışdı. Kiçik Mirabdulla hərdən atası ilə birgə "Neftçi”nin köhnə bazasında böyük qardaşının oyunlarına, məşqlərinə baxmağa gedirdi. Bir gün elə alınır ki, Mirabdulla özü də qardaşının komandasında, özündən böyüklərlə məşqə çıxmalı olur. Elə məhz həmin təsadüfi məşq onun həyatında həlledici rol oynayır.
Oğlunun futbola sevgisi olduğunu görən atası, Mirabdullanı da böyük qardaşı kimi futbola yazdırmaq qərarına gəlir. Bir müddət qardaşı ilə birgə "Neftçi”nin köhnə bazasında məşqlərə çıxan Abbasov, sonradan ölkənin əsas futbolçu istehsalçısı olan "Şəfa”ya üz tutur. "Şəfa”da Mirabdullanın yaşıdlarından ibarət aşağı yaş komandası olmadığından, o, özündən bir yaş böyüklərin qrupuna yazılır. Onun burda məşqçisi Roman Cəfərov olur. 4 il "Şəfa”da çıxış edən Abbasov, daha sonra "Neftçi”də, İslam Kərimovun qrupunda çıxış etməyə başlayır. Mirabdulla futbolda öyrəndiklərinə görə məhz bu iki uşaq məşqçisinə borclu olduğunu deyir.
Yeri gəlmişkən, Mirabdullanın futbola başlamasında rol oynamış böyük qardaşı Mirsahib də hazırda karyerasını davam etdirir. O, "İnter”in şərəfini qoruyur.

"Ehtiyat”da itirilən illər

Bir müddət "Neftçi”nin aşağı yaş qruplarında çıxış edən gənc futbolçu, çox çəkmir ki "ağ-qaralar”ın əvəzedici komandasına cəlb edilir. Burda da oyunu ilə diqqət çəkən Abbasov, tezliklə "Neftçi”nin əsas komandasına yol tapır. 2014-cü ildə Bakı klubunun baş məşqçisi Arif Əsədov onda perspektiv görür və "flaqman”ın əsas komandasına çağırır. Lakin Mirabdulla üçün "Neftçi”nin əsas heyətinə düşmək heç də asan deyildi. O, əsasən matçları ehtiyat oyunçular skamyasından izləyirdi. Zarafat deyil, həmin vaxtda "ağ-qaralar”ın hücum xəttində Nikolas Kanales, Flavinyo kimi legionerlər, Ruslan Qurbanov, Rauf Əliyev kimi milli üzvləri çıxış edirdi. Bu cür hücumçu və hücumameyilli oyunçular arasında Mirabdullaya əsas heyətə düşmək heç də asan deyildi. Abbasov "Neftçi”nin əsas komandasında cəmi 2 oyun keçirdi. Mövsüm boyu çox az şans qazansa da, gənc futbolçu Avroliqada debüt imkanı əldə etdi. Belə ki, Avropa Liqasında iştirak şansı qazanan "Neftçi” gəncləşdirmə siyasətinə uyğun olaraq, gənc Abbasovun da adını UEFA-ya göndərdiyi iştirak ərizəsinə daxil edir. Mirabdulla Monteneqro "Mladost”u ilə ev oyununda (2:2) sonradan meydana daxil olur. Cəmi 17 dəqiqə Avroliqa təcrübəsi yaşayan Abbasov, Podqoritsadakı cavab oyununu ehtiyat oyunçular skamyasından izləyir. Lakin bu, onun son Avropa təcrübəsi olur. Belə ki, əsası gənclərdən ibarət "Neftçi” "Mladost”la səfər oyununun son dəqiqəsində qapısında top görərək (1:1), elə ilk mərhələdəcə mübarizəni dayandırır.
Növbəti mövsümdə də dəyişən bir şey yox idi. 2015/16 mövsümündə komandanın "sükanı arxasında” olan məşqçilər Samir Əliyev və Vəli Qasımov da gənc futbolçuya əsas heyətdə şans verməyə risk etmirdilər. Mirabdulla həmin mövsümdə də cəmi 2 oyunda şans qazandı.

Latviya təcrübəsi

Ancaq Abbasov bu dəfə mövsümü ehtiyat oyunçular skamyasında başa vurmaq niyyətində deyildi. Belə ki, ikinci dövrədə onun Latviyanın "Dauqava” klubuna icarəyə verilməsi gündəmə gəlir ki, gənc oyunçu bu təkliflə ikiəlli razı olur. Beləliklə, o və "Neftçi”nin digər gənc futbolçusu Orxan Qurbanlı menecer Erkin İbrahimovun vasitəçiliyi ilə "Dauqava”ya icarəyə verilir.
Cəmi 3 ay Latviya klubunda çıxış edən Mirabdulla burda məşqçilərin ümidlərini doğruldur. Komandaya tez uyğunlaşan Abbasov, burda 4-ü əsas heyətdə olmaqla, cəmi 7 oyunda şans qazanır. Ölkə xaricində keçirdiyi 3 ay onun üçün böyük təcrübə olur. Özünün sözlərinə görə, "Dauqava”da qısa müddətdə çıxış etsə də, burda bir çox dost qazanıb: "Latviyada 3 ay oldum. Bu qısa müddətdə həm komanda yoldaşlarımla, həm də məşqçilərlə gözəl münasibət qurmuşdum. Bir neçə dostum da var idi. Onlar mənim komandaya uyğunlaşmağıma çox dəstək oldular. Həmin uşaqlarla hələ də münasibətimiz var, tez-tez danışırıq. Mən qol vuranda, yazıb təbrik edirlər. Çox sevindirici haldır. Həmin uşaqlarla gələcəkdə yenidən bir komandada oynamaq istərdim. Futbol baxımından isə "Dauqava” yaxşı təcrübə oldu. Latviya çempionatı Azərbaycan Premyer Liqasından zəif olsa da, çox şans qazanmaq baxımından mənim üçün yaxşı təcrübə oldu”.

"Sumqayıt”da parlayan istedad

Latviyadan qayıdan Mirabdulla "Sumqayıt”a icarəyə verilir. Ölkənin ən böyük tarixə malik klubundan gənclik şəhəri təmsilçisinə keçid geriyə doğru addım kimi görünsə də, hər şey Mirabdulla üçün hələ indi başlayırdı. Belə ki, Abbasov gənclərdən təşkil olunmuş "Sumqayıt”da nəinki şans qazandı, həm də əsas heyətin üzvlərindən birinə çevrildi. O, ambisiyalı, tələbkar baş məşqçi olan Samir Abasovun hücum xəttində güvəndiyi əsas futbolçulardan biri olur. Elə yerli futbolsevərlər də Mirabdullanı məhz son mövsümdəki çıxışı ilə tanıdı. Çempionatın ilk oyunlarında son dəqiqələrdə şans qazanan Mirabdulla, tədricən özünü inkişaf etdirərək, əsas heyətin dəyişilməz üzvü oldu. Ötən ilin oktyabrında baş tutmuş AZAL-la ev oyunu isə Abbasov üçün xüsusilə əlamətdar olur. Belə ki, ilk hissənin sonlarında Məhəmməd Qurbanovu əvəz edən Mirabdulla, qarşılaşmanın 83-cü dəqiqəsində komandasını məğlubiyyətdən xilas edən qola imza atır - 1:1. Bu, onun peşəkar karyerasında vurduğu ilk top olur. O, müqaviləylə məxsus olduğu "Neftçi” ilə oyunda 90 dəqiqə şans qazanmış, fərqlənməsə də, 2:1 hesablı səfər qələbəsinin iştirakçılarından olmuşdu.
Bu komandalar arasında Sumqayıtda keçirilən ikinci dövrə oyununda isə Mirabdulla doğma klubunun məşqçilər korpusunu bir daha düşünməyə məcbur etdi. Belə ki, "kimyaçılar”ın 2:0 hesabı ilə qalib gəldiyi oyunda Mirabdulla "Neftçi”ni bir qolla cəzalandırdı.

"Sumqayıt”ın "qol silahı”

Ümumilikdə, mövsüm ərzində şans qazandığı 27 oyunda 8 qol vuran Abbasov, Premyer Liqanın bombardirlər siyahısında yalnız "Qəbələ”nin xorvat legioneri Filip Ozobiç, "İnter”in hücumçusu Rauf Əliyev (hər ikisi mövsüm ərzində 11 qol vurublar) və "Qarabağ”ın legioneri Dino Ndlovudan (10 qol) sonra 4-cü sırada yer aldı. Mirabdulla azərbaycanlı futbolçular arasında, Əliyevdən sonra ikinci, "Sumqayıt”ın isə əsas bombardiri oldu.
Özü də, Abbasov çempionatın iddialı komandaları ilə oyunlarda daha çox fərqləndi. O, "Qarabağ”dan başqa, avrokuboklara vəsiqə qazanan bütün komandaların qapısına yol tapmağı bacardı.

Millidə debüt

Son mövsümdəki uğurlu çıxışı millinin qapılarını da gənc hücumçunun üzünə açdı. Belə ki, İslamiada üçün yaradılmış U-23 futbol millimizin baş məşqçisi Yaşar Vahabzadə yığmanın mötəbər yarışda iştirak edəcək heyətinə Mirabdullanın da adını daxil etdi. Maraqlıdır ki, bu, gənc istedadın millidəki ilk təcrübəsi oldu. Belə ki, Mirabdulla bu günə kimi hətta yığmanın aşağı yaş qruplarına belə dəvət almayıb. Artıq Abbasov millidə ilk oyununu da keçirib. O, Kamerun millisinə qarşı oyunda start heyətində meydana çıxdı. Matç isə qolsuz bərabərliklə nəticələndi.

Ronaldonun pərəstişkarı

Hamı kimi Mirabdullanın da uşaq vaxtı kumiri olub. "Real” azarkeşi olan Abbasov, uşaq vaxtından indiyə kimi Kriştiano Ronaldonun oyununun pərəstişkarıdır. O, asudə vaxtlarında əlavə məşqlər edir. Gənc hücumçu məhz bu şəkildə öz oyun keyfiyyətini yüksəldir. Futboldankənar məşğuliyyətləri isə boulinq oynamaq və film izləməkdi. Kinoya getməyi sevən Abbasovun ən xoşladığı janr komediyadır.

Portret
21 yaşına kimi diqqətdən kənarda qalan Mirabdulla son mövsümdə sərgilədiyi oyunla həm məşqçilərə, həm də futbol həvəskarlarına "mən də varam” dedi. Onun səsini ilk eşidənlərdən biri isə U-23 millimizin baş məşqçisi Yaşar Vahabzadə oldu. Mütəxəssis Mirabdullaya bu günə kimi əldə edə bilmədiyi şansı verib. Belə ki, İslamiada onun üçün özünüsübut meydanı olmalıdır. O, burdakı uğurlu çıxışı ilə əsas millinin baş məşqçisi Robert Prosineçkiyə də səsini çatdıra bilər. "Neftçi”nin ehtiyat oyunçular skamyasında keçirdiyi il yarıma görə hələ də təəssüflənən Mirabdulla, daha bu cür səhvə yol vermək istəmir. Artıq onun "Sumqayıt”la icarə müddəti sona yetib. O, yenidən "Neftçi”nin üzvüdür. "Flaqman”da qalıb-qalmayacağı isə bu klubdakı statusundan asılı olacaq. Əzmkar, çalışqan və daim özünü inkişaf etdirmək qabiliyyətinə malik Abbasov isə artıq "ehtiyat oyunçu” statusu ilə barışmaq istəmir. O, bu statusunu "Sumqayıt”dakı oyunu ilə çoxdan itirib.




banner

Oxşar Xəbərlər