• cümə, 29 Mart, 18:16
  • Baku Bakı 14°C

Ehtiram mədəniyyəti

30.08.13 08:54 1634
Ehtiram mədəniyyəti

Ailə fotoalbomu
Ötən əsrdə meydana gələn foto sənəti bəşər övladının çox böyük sevinclə qarşıladığı, sevdiyi kəşflərdən oldu. Doğrudur, əvvəllər də rəssamlar, nəqqaşlar, el sənətkarları müəyyən təbii gözəllikləri, mənzərələri, insan surətlərini dəri, daş, taxta, kağız üzərində əks etdirməyə çalışırdılar. Əlbəttə, bütün bunları da öz yaradıcılıq süzgəclərindən keçirərək əbədiləşdirirdilər. Amma real görüntüləri, insanın özünəməxsus zahiri cizgiləri olduğu kimi lentin yaddaşına, yaxud da kağıza köçürən məhz foto sənəti oldu.
XVIII əsrə kimi yaşayan dahilərin, məşhur şəxsiyyətlərin, şairlərin, sərkərdələrin şəkilləri ancaq rəssamlar tərəfindən yaradılıb. Əslində orijinal şəkil yoxdur, amma həmin insanların bu günümüzə gəlib çatmış şəklinə, yaxud da rəsminə o qədər vərdiş etmişik ki, Məsələn, Nizaminin, Nəsiminin, Füzulinin, Babəkin, Aşıq Ələsgərin şəkilləri bizə doğmalaşıb. Halbuki onları da rəssamlar yaradıblar.
Foto sənətinin insan mənəviyyatına gətirdiyi sevincin, fərəhin həddi yoxdur. Çünki babanın şəkli nəvəyə, nəvədən nəticəyə, kötükcəyə qalır. Nəsildən-nəslə ötürülən bu kağız yaddaş təkcə xatirə deyil, soyunun, kökünün, kimliyinin əksi, sədası, real təsviridir. Hətta yadıcanın (kötükcədən sonrakı) da zahiri görünüşündə ulu babanın cizgilərini tapanda insan necə sevinir. Videonun, kameranın meydana çıxması müəyyən üstünlükləri ilə seçilsə də, foto sənətini çox da geri sala bilmədi. İndi keçirilən müxtəlif mərasimlərdə, rəsmi tədbirlərdə, ad günlərində, yubiley gecələrində, toylarda videokamera ilə yanaşı, fotoqraflar da fəaliyyət göstərirlər. Ailələrdə fotoalbomun müxtəlif növləri yaranıb. Ailə albomu, uşaqlar üçün albom, gənclik illəri, iş albomu və s.
İlin-günün bu vədəsində nədən foto sənəti yadımıza düşdü? Son vaxtlar müşahidə etdiyimiz bir sıra hallar bu mövzuya müraciət etməyimizə səbəb oldu. Zəngəzurla bağlı kitab üzərində işləyərkən müxtəlif fotoşəkillərdən istifadə etdim. İndi yağılar tapdağında qalmış doğma yerlərin dağını, dərəsini, körpüsünü, qalasını, ümumi mənzərəsini, müxtəlif tikililəri yaddaşında saxlayan bu kağız parçalarından da qiymətli heç nə ola bilməzdi. Məhz onların gücünə xəyalımız haralaracan getmədi? Bir eloğluma zəng edib atasının (müəllimim olmuş insanın) şəklini istədim. "Bağdadır", - dedi. "Sürücünü göndərərəm gətirsin", - söylədi. Bu cavabdan təəccüblənərək soruşdum:
- Evdə heç şəkli yoxdur?
- Uşaqlar ölü şəklindən qorxurlar.
- Siz nə danışırsınız? Onda gərək uşaqlarınızı məktəbə, filana qoymayasınız ki? Dərsliklərdən dünyasını dəyişmiş neçə görkəmli şəxsiyyət boylanır.
- Baxmayın, onlar yaddırlar.
Neçə müddət özümə gələ bilmədim. Doğma insanların şəkli nə vaxtdan qorxulu olub? Bir başqası isə söylədi ki, "ölünün şəklini saxlamaq günahdır". Əgər dinimizə görə hər cümə axşamı ruhlar doğmaları ilə görüşə gəlirsə, onların şəklini saxlamaq niyə günah və qorxulu olsun?
Əslində, şəkil tarixin yaddaşıdır, ömrünün kağızlarda donmuş qiymətli anlarıdır.. Onun vasitəsilə insanlar əzizlərini tapır, itirdikləri ilə görüşürlər. Ötən illərdə Almaniyada olarkən konsert zamanı yaşlı bir azərbaycanlı kişinin tez-tez bizim ifaçılara gül verdiyini müşahidə edərək yaxından şəklini çəkmişdim. Fasilə zamanı görüşüb kimliyini soruşanda "eh, qızım, mən doğmalarım üçün çoxdan ölmüşəm. İkinci Dünya müharibəsindən buradayam" - dedi. Məşədi İsgəndər adlı həmin şəxsin şəklini mətbuatda çap etdirdikdən sonra respublikamızın müxtəlif bölgələrindən məktublar aldıq. Həmin soydaşımızın uşaqlıq və cavanlıq şəkillərini bizə göndərdilər. İddia edirdilər ki, Məşədi İsgəndər onların doğmasıdır, əzizidir, qardaşıdır. Əlbəttə, sonda bu faktların biri düz çıxdı. Uzun illərdən sonra bu əlaqəni yaradan isə təsadüfən çəkilən və evlərdə uzun illər qorunub saxlanılan şəkillər olmuşdu. 1948-ci ildə Ermənistan adlanan ərazidə başlanan qəfil repressiya zamanı yurd-yuvasından köçürülən insanlar sonralar bir-birlərini məhz ailədə saxladıqları şəkillər vasitəsilə tapmışdılar. Bu barədə də əlimizdə xeyli sübut var.
Bu yaxınlarda eşitdiyim bir hadisə isə məni xeyli düşündürdü. Yaxın tanışımın həyat yoldaşı hamamda yuyunarkən qaz tutmasından ürəyi gedib. Evdə isə gənc ana, bir də 3 yaşında uşaq olub. Axşamtərəfi imiş. Qəfildən işıqlar sönüb. Gəlin hamamın qapısını döyərək deyib: "Ata, çıxmırsan?" Suyun şırıltısından heç nə eşidilməyib. Qucağındakı uşaq birdən çığırmağa başlayıb: "Ana, ana, şaxtababaya bax, pəncərədən evimizə girdi". Qadın vahimələnərək yenidən hamama sarı gedib. Bağlı qapını açıq görüb. Qayınatası Əziz isə vannada özündən gedibmiş. Təcili həkim çağırıldıqdan sonra, çətinliklə də olsa, düzgün müalicə nəticəsində kişi özünə gələrək həyata qayıdıb. Gəlinin söylədikləri onu xeyli düşündürüb. Qapı necə olub açılıb? Uşaq niyə elə sözlər deyib? Ailə albomunu gətirərək uşaqla birlikdə baxmağa başlayıblar. Birdən uşaq içini çəkərək bərkdən deyib: "Bax, bu şaxtababa həmin axşam bizim evimizə gəlmişdi". Foto kişinin atasının şəkli imiş. Əziz bu hadisədən təsirlənərək yalnız onu deməyə gücü çatıb: "Atam məni ölümdən xilas elədi". Bu olmuş fakt və hadisədir.
Bu gün vəfat etmiş atasının şəklindən uşaqlarının qorxacağını ehtimal edən valideynin tərbiyə etdiyi bu övladlar sabah vətən üçün hansı çətinliyin öhdəsindən gələ bilər? Bir də təsir əks-təsirə bərabərdir. Sabah da sənin şəklini saxlayan olmayacaq. Dünyada elə xalqlar var ki, onlar doğmalarının nəinki şəkillərini, hətta məişətdə istifadə etdikləri şəxsi əşyalarını, çəliyini, gözlüyünü, qələmini illər boyu əzizləyib saxlayırlar. Vacib deyil ki, sənin atan, anan mütləq məşhur adam olmalıdır ki, onun şəklini saxlamaq məcburiyyətində qalasan. Hər bir ailə albomu onun sahibinin şəxsi "muzey"i deməkdir. Bu "muzey"in eksponatlarını qorumaq isə mənəvi borcumuzdur. İstər-istəməz Hüseyn Cavidin yadigarı rəhmətlik Turan xanımı məhəbbətlə xatırlamalı olduq. Tanrı ona qəni-qəni rəhmət eləsin. 1937-ci ilin repressiyası zamanı Hüseyn Cavid həbs edilərkən onun yaşadığı mənzil də tar-mar olmuşdu. Əlyazmaları yandırılmış, ev əşyaları aparılmışdı. Turan xanım illər boyu minbir əziyyətlə Cavidə məxsus hər bir şeyi toplayaraq vaxtilə yaşadığı mənzildə "ev muzeyi"nin yaradılmasına nail olmuş, ömrünün sonuna kimi də məhz bu "ölülər"dən - Hüseyn Cavid, Mцşkцnaz xanım, Ərtoğroldan yadigar qalmış əmanətlərlə nəfəs-nəfəsə ömür sürmüşdür. Belə insanlar bizə örnək olmalıdır. Şəkildən qorxmaq lazım deyil. Yenə də təkrar edirəm: əgər ruh varsa, onlar bizi yoxlayırsa, şəkil niyə vahimə gətirsin? Əksinə, bu da gələcək nəsillərə yadigar qalacaq bir təsəllidir.
banner

Oxşar Xəbərlər