• cümə axşamı, 28 mart, 14:35
  • Baku Bakı 16°C

Əhməd Şəfəq «Azərbaycan-Türkiyə» deyəcək

17.12.13 16:21 1648
Əhməd Şəfəq «Azərbaycan-Türkiyə» deyəcək
«Türkiyədə çox maraq göstərirlər ki, Əhməd Şəfəq hələ də Azərbaycanda sevilirmi? Dekabrın 21-də Əhməd Şəfəqin Opera və Balet Teatrında keçiriləcək solo-konserti zamanı siz bir daha bu sevginin şahidi olacaqsınız». Bu fikirlər tanınmış türk müğənnisi Əhməd Şəfəqin “Vətən gözlü” albomunun və “Türk olma sənəti” kitabının təqdimatında səslənib.
Azəri Türk Qadınlar Birliyinin sədri (ATQB) Tənzilə Rüstəmxanlı Əhməd Şəfəqin Azərbaycanda çox sevildiyini diqqətə çatdırıb: “ Əhməd Şəfəq millətin bir parçasıdır. O, Azərbaycanın dərdini öz dərdi bilən, Azərbaycanın Qarabağla bağlı həqiqətlərini yaşadan, Ermənistan-Türkiyə münasibətlərində Azərbaycanın mənafeyini qoruyan qələm adamıdır. Türkiyə vətəndaşı olsa da o, Azərbaycanın övladıdır. Əhməd Şəfəqin milli bir duruşu var. O, təkcə qələmi ilə savaşmır, Azərbaycan üçün, türk milləti üçün səsi ilə, ruhu ilə savaşır. Bütün bunların müqabilində o, gözəl bir səsdir. O, müğənnidir”. Bu gün həm Azərbaycanda, həm də Türkiyədə sənətçilərin çox olduğunu qeyd edən T.Rüstəmxanlı Əhməd Şəfəqə olan sevgini onun fərqliliyi ilə əlaqələndirib: “Bu, onun ciddi milli duruşundan irəli gəlir. O, Azərbaycana hər gəlişində maddiyyat haqqında düşünmür. Əhməd Şəfəq Azərbaycanda verilən ilk konsertindən əldə olunan gəlirini Milli Ordu üçün köçürüb. 2008-2011-ci ildə o, Heydər Əliyev sarayında böyük konsert proqramı ilə çıxış etdi. Biz ona söyləyəndə ki, bilet satışından filan qədər gəlir əldə edilib, dedi ki, onun bir quruşuna toxunmadan Azərbaycan Ordusu üçün keçirin. Biz də o pulu Silahlı Qüvvələrə Yardım Fonduna köçürdük. Müdafiə Nazirliyi Əhməd bəyi fəxri diplomla təltif etdi. Əhməd bəyin fərqi bundadır. Əhməd Şəfəq qəlbi Azərbaycan sevgisi ilə döyünən bir insandır». Müğənninin son albomuna toxunan T.Rüstəmxanlı qeyd edib ki, Əhməd Şəfəq «Vətən gözlüm» deməklə leksikonumuza yeni söz gətirib: «Biz anamızı o qədər sevirik ki, Vətənə olan sevgimizi ana sevgisi ilə ölçürük. «Ana Vətən» deyirik. Sevdiyinin gözünü Vətənə bənzətmək fikri isə Əhməd Şəfəqə məxsusdur». Əhməd Şəfəqin dahi bəstəkar Üzeyir bəyin aşiqi olduğunu bildirən T.Rüstəmxanlı qeyd edib ki, müğənni-yazar Üzeyir bəyin görkəmli bəstəkar və ictimai xadim kimi Türkiyədə tanınmasından ötrü var qüvvəsi ilə çalışır: «Biz bu xidmətinə görə, Əhməd bəyə təşəkkür edirik!».
“Kaspi”qəzetinin təsisçisi, şairə-publisist Sona Vəliyeva Əhməd Şəfəqin fərqliliyini milli və türkçü olması ilə əlaqələndirib: «Əhməd Şəfəqin son albomunda dediyi kimi fərqli olmaq məsələsinə müxtəlif rakurslardan baxıla bilər. Ola bilər ki, Əhməd bəyin bizim tərəfdən qəbul olunan fərqliliyi başqaları tərəfindən qəbul olunmasın. Əhməd bəyin fərqliliyi milli, türkçü olmasıdır». S.Vəliyeva qeyd edib ki, bəzi adamlar Əhməd Şəfəqi millətçi olmasına görə sevmir, onun böyük fəaliyyətini kiçiltmək istəyirlər: «Əhməd Şəfəq özünün bütün məqalələrində böyük mənada milliliyi qorumaq və inkişaf etdirmək üçün çalışır. Öz millətini sevməyən başqa millətə qiymət verə bilməz. Əhməd Şəfəq həm də poeziya aşiqidir. Albomun adına diqqət yetirsək, görərik ki, “Vətən gözlüm” adı ilə Əhməd bəy ədəbiyyata yenilik gətirib. Gözün gözəlliyini müxtəlif sözlərlə ifadə edən şairlər olub. «Ala gözlüm», «Qara gözlüm», «Siyah gözlüm» deyə şairlər gözə təriflər deyiblər. Əhməd bəy isə öz albomunu «Vətən gözlüm» adlandırıb. O, ədəbiyyata yeni bir ifadə gətirib. O, gözə nə qədər sevgi bəsləməlisən ki, sevdiyinin gözlərinə «Vətən gözlüm» deyəsən».
Əhməd Şəfəqin bədii əsərlər müəllifi, köşə yazarı və məqalələr yazan jurnalist olduğuna diqqət çəkən S.Vəliyeva müğənni-bəstəkarın məqalələrində əsas ideyanın milliliyi qorumaq, türkçülüyə sahib çıxmaq olduğunu vurğulayıb. S.Vəliyeva bu yaxınlarda təqdimatı keçirilən «Hüseyn Cavid. Əsərləri» kitabının İstanbul nəşrinin ərsəyə gəlməsində Əhməd Şəfəqin böyük rolu olduğunu diqqətə çatdırıb: “Gələn ilin yanvar ayında Əhməd bəyin iştirakı ilə İstanbulda “Hüseyn Cavid. Əsərləri” kitabının təqdimatı keçiriləcək”.
Hər bir sənətçinin vəzifəsinin çalışmaq- kitab yazmaq, mahnı bəstələmək və s. olduğunu bildirən müğənni Əhməd Şəfəq özünü böyük türk millətinin övladı adlandırıb. Hər hansı bir millətin mədəniyyəti ilə nəfəs aldığını, yüksəldiyini qeyd edən sənətçi «Mən də dünyada mədəniyyətimizin uduzmaması üçün çalışıram. Millətin mədəniyyətini yaşatmaq üçün mücadilə edirəm» - deyə bildirib. Əhməd Şəfəq bu gün bütün dünyada şou-biznesin əsl sənətə təsir etdiyini qeyd edib: «Şöhrət sənəti öldürür» söylənən müğənni qeyd edib ki, «Mahnılar öldü, yaşasın yeni mahnılar!» şüarı ilə yaşayanlar ictiami rəydə yer tutsalar da xalqın qəlbində qala bilməzlər: «Millət üçün yaşanan mahnılar ölə bilməz!». Tez Türkiyədən Azərbaycana müğənnilərin qonaq gəldiyini söyləyən Əhməd Şəfəq qeyd edib ki, onların əksəriyyəti nə Azərbaycanın problemi, nə də Türkiyənin öz problemləri ilə maraqlanırlar: «Siz onların konsertlərinə can atırsınız, amma Türkiyənin həssas nöqtələrində onlar heç vaxt görünmürlər. Onların məqsədi yalnız şöhrət qazanmaqdır. Mən Türkiyədə ictimai rəydə o qədər məşhur deyiləm. Ancaq orada ən çox konsert verən 10 sənətçidən biriyəm. Musiqi millətin bir parçasıdır. Mən də bu millətin övladı olaraq musiqimizi paylaşıram. Mənim üçün əsas olan xalqın qəlbində yer tutmaqdır».
Dekabrın 21-də keçiriləcək solo-konsertindən danışan sənətçi qeyd edib ki, konsert zamanı ümumilikdə 22 mahnı ifa olunacaq: «Mahnılar əsasən «Vətən gözlüm» albomundan olacaq. Bu albomda 14 mahnı yer alıb. Konsert günü bir sürprizim də olacaq. Bir mahnım var ki, onu ilk dəfə Opera Teatrının səhnəsində oxuyacağam. Çünki mən Əhməd Şəfəqəm, mən çərçivəyə sığmaram». Müğənni-bəstəkar gələn il aprel-may aylarında Qarabağda solo-konsertlə çıxış edəcəyinə də söz verib: «Xocavəndə gedəndə orada çəkilən bir video çarxı mənə seyr etdirdilər. Orada oğlu şəhid olan bir ana var idi. O: «İnsan müvəqqətidir, ancaq Vətən daimidir!» - dedi. Demək Vətən daimidir. Hər işi onun üçün görmək lazımdır».
Tədbirdə Əhməd Şəfəqin də rol aldığı, rejissoru və ssenari müəllifi Bəxtiyar Qaraca olan «Ya Qarabağ, ya ölüm» film nümayiş etdirilib.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər