AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Əhali prezident seçkisinə maraq göstərmir

Əhali prezident seçkisinə maraq göstərmir

Siyasət
09 Yanvar 2013, 13:41 1415
Ermənistanda seçki həyəcanı davam edir. Mərkəzi Seçki Komissiyası (MSK) sənədlərini təqdim etmiş prezidentliyə namizədlərə 8 milyon dram (təxminən 20 min dollar) seçki girovu ödənildiyi haqda qəbzi təqdim etmək üçün yanvarın 8-dən daha 48 saat möhlət verildiyini bildirib.

Prezidentliyə namizədlərdən ərizələrin qəbulu bir həftə bundan əvvəl başa çatıb. Lakin Yeni İl və erməni apostol kilsəsinin təqviminə əsasən yanvarın 6-da qeyd olunan Milad bayramları ilə bağlı banklar işləmədiyinə görə, 15 namizəddən 8-i girov haqqını ödəməyib. Artıq fevralın 18-də Ermənistan prezidenti vəzifəsi üçün mübarizəyə qatılan namizədlərdən 7 nəfərin adı dəqiq məlumdur: İkinci müddətə seçilmək istəyən Ermənistan prezidenti, Ermənistan Respublikaçılar Partiyasının sədri Serj Sarkisyan, Milli Müqəddərat Birliyinin lideri Paruyur Hayrikyan, Azadlıq Partiyasının lideri, Ermənistanın sabiq baş naziri Qrant Baqratyan, Jaranqutyun (İrs) Partiyası İdarə Heyətinin rəhbəri, sabiq xarici işlər naziri Raffi Hovannisyan, “Radio Hay” radiostansiyasının rəhbəri, politoloq Andreas Qukasyan, separatçı Dağlıq Qarabağ Respublikasının sabiq xarici işlər naziri Arman Melikyan, daha öncə tanınmayan işsiz, epik poeziya üzrə mütəxəssis Vardan Sedrakyan. Ermənistanda prezidentliyə ilk qadın namizəd Milli Mətbuat Klubunun direktoru, Yerevan Dövlət Pedaqoji Universitetinin müəlliməsi Narine Mkrtçyan da 8 milyon dram girov ödənildiyi haqda qəbz təqdim etməyib. Narine Mkrtçyanın prezident seçkilərində iştirak edən ilk qadın namizəd kimi Ermənistan tarixinə düşəcək. “Məni ölkədə baş verən ictimai, siyasi və iqtisadi proseslər ciddi narahat edir. Bu gün siyasi səhnədə dəyişikliklər edəcəyinə ümid verən heç bir siyasi xadim yoxdur” - deyə Narine Mkrtçyan deyir. Hazırda Milli Mətbuat Klubun direktoru prezidentliyə namizəd kimi ziyalılarla, tələbələrlə və işgüzar adamlarla görüşlər keçirir. Narinenin sözlərinə görə, onun seçki komandasının üzvləri fəal və intellektual insanlardır. Prezidentliyə ilk qadın namizədin seçkilərdə mübarizəni davam etdirməsinə maneə olan problem iştirak üçün ödənilməli olan 8 milyon dram (təxminən 19 min dollar) məbləğin olmamasıdır. “Hakimiyyət elə bir ölçüdə namizədlik haqqı təyin edib ki, maaşla yaşayan ziyalılar seçkilərdə iştirak edə bilməsinlər. Mən maliyyə yardımı üçün bir çox yerli sahibkara müraciət etmişəm, lakin onlar nədənsə qorxurlar” - deyə Narine Mkrtçyan vurğulayıb.

“Ermənistanda prezident seçkiləri ərəfəsində siyasi qüvvələrin sükutu siyasi partiyaların özünü hörmətə mindirib sonradan baha satılmaq üçün əl atdıqları metoddur”. Bu sözləri erməni ekspert Arutyun Mesrobyan söyləyib: “Ermənistanda seçkiqabağı qeyri-müəyyənlik ölkədə siyasi meydanın və klassik siyasi partiyaların olmaması ilə əlaqədardır. Siyasi partiyalar bilavasitə siyasi fəaliyyətlə bağlı assosiasiya yaratmalıdır, Ermənistanda isə onlar ən yaxşı halda bir şəxsiyyət ətrafında, pis halda isə, “görkəmli” şəxsiyyətlər olmadıqda bir qayda olaraq, maliyyə, iqtisadi, yaxud şəxsi mənafelər ətrafında cəmləşirlər. Ermənistanda hər beş ildən bir seçkilər deyil, olimpiya oyunları keçirilir. Bu oyunlarda hər kəs çempion titulu uğrunda mübarizə aparır, yalnız öz qələbəsinə maraq göstərir və bu çempionun Ermənistanın gələcəyi ilə heç bir bağlılığı yoxdur. Onların proqramları və baxışları bir-birindən qətiyyən fərqlənmir”.

Ekspertin fikrincə, ideoloji nöqteyi-nəzərdən ölkədə müxalifətçi qüvvələr yoxdur: “Siyasi meydan ölkəyə rəhbərlik etməyi bacarmayan uğursuzların qapalı klubuna çevrilmişdir. Onların hansı birisi prezident olsa, 2013-cü ilin martı yeni məyusluğa və yeni miqrasiya axınına gətirib çıxaracaqdır”.
Arutyun Mesrobyan hesab edir ki, hələ 1991-ci ildə formalaşmış siyasi elita ölkənin inkişaf edə bilməsi üçün meydanı tərk etməlidir: “İndiki siyasi qüvvələr həmişə bu və ya digər formada hakimiyyət başında olublar, onların irəli sürdükləri namizədlər həmişə əhalinin narazılığına gətirib çıxarmış siyasi qərarların qəbul olunduğu hakim mövqelərdə olublar”. O, sözünə davam edərək deyib ki, istənilən hakimiyyət dövründə 1991-ci ildən ölkədə iqtisadiyyatın çoxşaxəli keyfiyyət artımı deyil, tikintiyə, yaxud almaz istehsalına əsaslanan kəmiyyət artımı müşahidə edilib ki, bu da uzunmüddətli xarakter daşıya bilməzdi.

Digər erməni ekspertlər də hesab edir ki, seçkilərə əhalinin marağı çox azdır. Əhalini ən çox narahat edən hazırda yeni ildə və ondan sonra ərzağın qiymətinin rekord həddə çatmasıdır. Ekspertlər əhalinin həyat səviyyəsinin pisləşməsini iqtisadi azalma ilə izah edirlər. Ölkənin qeyri-hökumət təşkilatlarının məlumatında deyilir ki, yeni il ərəfəsində Ermənistanda qiymət artımı artıq ənənə halı alıb. Hesablamalara görə, bu il ölkədə qiymət artımı ötən illə müqayisədə 2 dəfə çox olub. Yerevandakı “Alternativ” analitik mərkəzinin rəhbəri Tatun Manaseryan isə 2013-cü ilin fevral ayında Ermənistanda keçirilməsi planlaşdırılan prezident seçkiləri ərəfəsində ölkəyə xarici investisiya qoyuluşunun kəskin şəkildə azaldığını da bildirib. Qeyd edilir ki, hətta erməni iş adamları belə öz ölkələrinə sərmayə yatırmaqdan boyun qaçırmağa başlayıblar. Diqqətə çatdırılır ki, Ermənistan hökumətinin mövqeyindən çıxış edən dövlət statistika idarəsi yenə ənənəsinə sadiq qalaraq guya ölkədə real iqtisadi sahəyə qoyulan xarici investisiyanın ümumilikdə 2011-ci illə müqayisədə 2012-ci ildə 35,5 faiz azaldığını bildirib. Əslində isə ölkəyə qoyulan investisiyanın həcminin 390 milyona düşdüyünü bildirən statistika idarəsinin məlumatında göstərilən rəqəmlər daha aşağıdır. Çünki Ermənistanda investisiya qoyuluşu sahəsində böhranlı vəziyyət yaranmasaydı, erməni eksperti belə ciddi təşvişə düşməzdi.

Nəyə görə məhz seçkilər ərəfəsində Ermənistanda xarici investisiya ilə bağlı kəskin azalma müşahidə olunur? Görünür ölkəni ağır məhrumiyyətlərə düçar edən Serj Sarkisyanın prezident seçkilərində yenidən namizədliyini irəli sürməsi həm xarici investorları, həm də yerli iş adamlarını xofa salıb. Çünki Serj Sarkisyanın prezidentliyi dövründə ölkədə korrupsiya, məmur özbaşınalığı daha da artıb. Və bu vəziyyət investisiya sahəsinə də təsirsiz ötüşməyib. Serj Sarkisyanın yenidən prezident seçiləcəyi təqdirdə onsuz da böhran içində olan investisiya mühitinin daha məşəqqətli vəziyyətlə üzləşəcəyindən ehtiyatlanan xarici sərmayədarlar seçkilərə qədər ölkəni tərk etməyi qərara alıblar.

Azər NURİYEV