• cümə, 29 Mart, 08:41
  • Baku Bakı 5°C

Əfsanəvi azərbaycanlının obrazını yaradan serb

11.03.20 09:00 1987
Əfsanəvi azərbaycanlının obrazını yaradan serb
Və ya "Maqomayev” serialının görünməyən tərəfləri
Rusiyanın birinci kanalında (ORT ) görkəmli opera müğənnisi Müslüm Maqomayev haqqında serial yayımlanacaq. 9-12 mart tarixlərində tamaşaçıları ekran başına toplayacaq «Maqomayev» serialı 6 ilə çəkilib. Serialın təkcə ssenarisi müğənninin həyat yoldaşı Tamara Sinyavskaya ilə birgə 4 ilə yazılıb. «Maqomayev təkcə Rusiya üçün yox, bütün postsovet məkanı üçün böyük fiqurdur və biz bunu öyrənməyə çalışdıq. Bununla belə, layihəni müasir formada reallaşdırmağa səy göstərdik» - deyə serialın prodüseri Daniil Şarapov deyib.
Serialdakı hadisələr 1960-cı illərdə Brejnev epoxasının qızğın vaxtlarında cərəyan edir. Müslüm Maqomayev konsert proqramının səsyazması zamanı opera müğənnisi Tamara Sinyavskaya ilə tanış olur. Sovet estradasının kralı ilə doğmaqda olan opera teatrının ulduzu arasında böyük hisslərin başlanğıcı olacaq qığılcım yaranır. Ancaq o zaman Tamara evli qadın idi, Müslüm isə subaylığın daşını hələ atmamışdı. Ancaq tale yenidən sevənləri birləşdirir. Bu dəfə onlar Parisdə görüşürlər…
Niyə məhz Miloş Bikoviç?
Serialda Müslüm Maqomayev rolunu serb və rus aktyoru Miloş Bikoviç oynayır. Baş rolu oynadığı «Kölə» filminin uğurundan sonra Maqomayev roluna dəvət alması təsadüfi olmayıb. Serialın qrim üzrə rəssamının sözlərinə görə, hər dəfə Bikoviçin qrimi saat yarımdan çox vaxt aparıb. Amma Maqomayevin saç düzümü isə onun yarıparik və qara saçlı olmasına görə daha uğurlu alınıb. Aktyorun saç düzümünü o dövrün dəbinə uğurla uyğunlaşdırmağı bacarıblar. Maraqlıdır ki, estrada əfsanəsinin roluna çəkilmək üçün keçmiş SSRİ-nin müxtəlif ölkələrindən yüzlərlə istedadlı aktyor sınaqdan keçirilib. Tamara Sinyavskaya məhz Miloş Bikoviçin seçilməsinin tərəfdarı olub. Tamara Sinyavskayanın öz rolunu isə 2010-cu ildə «Miss Rusiya» titulunu qazanan İrina Antonenko oynayır. İrina öz karyerasına 2011-ci ildən başlayıb. Svetlana Ustinova Maqomayevin vətəndaş nikahında olan arvadını oynayır. Musiqi proqramlarının redaktoru faktiki olaraq müğənnin prodüseridir. Musiqi və mahnılar, sözsüz ki, Müslüm Maqomayevin və Tamara Sinyavskayanın öz səsi ilə ifa olunur. Bu isə filmdə aparıcı rol sayılır. Filmdə «Gözəllik şahzadəsi» , «Mavi sonsuzluq», «Toy», həmçinin «Bremen musiqiçiləri» cizgi filmindən kompozisiya və s. musiqilər səslənir. Rusiyanın özündə də opera əfsanəsinin roluna məhz 32 yaşlı rus və serb aktyoru Miloş Bikoviçin çəkilməsi böyük maraq doğurub.
«Ya baş rol, ya heç nə»
Kino və teatr aktyoru Miloş Bikoviç 1988-ci ildə Belqradda doğulub. Oğlanın doğmaları milliyyətcə serbdirlər. Onların teatr və kino dünyası ilə heç bir bağlılığı yox idi. Ancaq incəsənət, ədəbiyyat, rəssamlıq və teatra ailədə böyük hörmət var idi. Aktyor olmaq istəyi isə gənci yuxarı siniflərdən cəlb etməyə başlamışdı. Onu Belqrad İncəsənət İnstitutuna gətirən də bu həvəs oldu. Bu institutda təhsil rus sistemi üzrə aparılırdı. Miloş institutu bitirəndən sonra Belqrad Milli Teatrının truppasına daxil oldu. Hazırda Miloş Bikoviç öz ölkəsinin ən məşhur aktyorlarından sayılır.
Onun kinematoqrafiyadakı ilk işi ikinci kursda oxuyanda baş tutur. Kurs yoldaşları ilə filmlərin sınağında iştirak edir. 2004-cü ildən başlayaraq o, kino layihələrində və seriallarda çəkilməyə başlayır. Bu, ona böyük kinoda təcrübə qazanmaq üçün lazım idi. Belə məşqlərin birində rejissor, Bikoviçi gözlənilmədən rola dəvət edir. Artıq özünün gücünə şübhə etməyən Bikoviç «Ya baş rol, ya heç nə» deyərək, rejissorun qarşısına şərt qoyur. Beləcə, aktyor tarixi bir filmin baş qəhrəmanına çevrilir.
O, «Montevideo: Tanrısayağı qarabasma» tarixi filmində oynadığı baş rola görə, təkcə məşhurluq qazanmır, həmçinin Serbiya kinematoqrafiyasının mükafatlarına layiq görülür.
Böyük ailə arzusu
Gənc aktyor həmçinin postsovet məkanı tamaşaçılarının da pərəstişkarına çevrilib. Rusiyada Bikoviçin uğurları Nikita Mixalkovun «Günəşin zərbəsi» filmindən sonra başlayıb. Bu filmdəki rolun uğuru ona digər rus filmlərində də çəkilmək imkanı yaradıb. Beləcə, «Eleon oteli», «İmperiyanın qanadları», «Buz», «Balkan sərhədləri» və «Kölə» filmlərindən sonra Bikoviçin karyerasının sərhədləri xeyli genişlənib.
Miloş Bikoviç uzun müddət həsəd aparılası ər statusunda olub. Qeyri-adi dərəcədə gözəl, cazibədar və məşhur olan artistə qadınlar laqeyd qala bilmir. Üstəlik, o, istedadlı və ağıllıdır. Jurnalistlər də serb-rus ulduzunu erudisiyasına, mütaliəli olmasına və intellektuallığına görə sevirlər.
Ancaq Bikoviç üçün şəxsi həyatı haqqında danışmaq arzuolunmaz mövzudur. Aktyor bu suallardan sakitcə yayınır. Xüsusən tanımadığı insanlarla öz həyatını müzakirəyə çıxarmağı sevmir. Ancaq böyük ailə arzusunu gizlətmir. Ən azı 3 uşağının olmasını arzulayır. «Uşaqlarsız həyat boş görünür. Mənim özümə münasibətdə xüsusi ambisiyalarım yoxdur. Nə isə əldə etmək, sübut etmək və ya birinci yerə çıxmaq üçün çalışmıram. Nə işlə məşğulamsa, onu davam etdirmək istəyirəm. Nə iş görürəmsə, onu mükəmməl etməyə çalışıram. Ancaq uşaqlara görə layihələri qurban verməyə hazıram. Məqsədim özümü yaşayış evi ilə təmin etmək, ailə qurmaq üçün uyğun - gözəl, ağıllı, xeyirxah və etibarlı həyat yoldaşı tapmaqdır”.
Rusiya mətbuatı yazır ki, Bıkoviş cazibədarlığına görə, hətta Rusiyanın tanınmış seks-simvolu Danil Kozlovskini kölgədə qoyub. 2016-cı ildə Miloş Bikoviç rusiyalı model Saşa Lus ilə tanış olub. Bir müddət sonra onlar ayrılıblar. 2016-cı ildə Miloş Aqlaya Tarasova ilə tanış olur. Aktyorlar «Buz» filminin çəkilişlərində öpüş səhnəsindən sonra daha da yaxınlaşırlar. Onlar gələcək həyatları üçün plan da qururlar. Moskvada mənzil kirayələyir, hətta bir-birlərinin valideynləri ilə tanış olurlar. Ciddi münasibətlərə baxmayaraq, Tarasovanın fotosu serb aktyorun "İnstaqram” səhifəsində görünmür. 2018-ci ilin baharında məlum olur ki, cütlük ayrılıb.
Həmin il Miloş serbiyalı model Barbara Tataloviçlə görüşməyə başlayır. Barbara "Serbiya 2011” gözəllik müsabiqəsinin qalibi idi. Gənclər səyahətlərdə birlikdə vaxt keçirməyi sevirlər.
"Bilirsən Müslüm Maqomayev kimdir?”
2019-cu ildə Bikoviç «Müslüm Maqomayev” bioqrafik dramında baş rolda çəkilməyə başlayıb. Tənqidçilər və tamaşaçılar Sovet estrada ulduzunun obrazına görə aktyorun ustalığını yüksək qiymətləndiriblər. «Bu layihəyə qədər mən Müslüm Maqomayev haqqında müəyyən məlumatlara malik idim. Düzdür, mən Rusiyada yaşamamışdım və bu mahnılarla böyüməmişdim» - deyə Miloş etiraf edib: «Əvvəlcə imtina etmək istədim. Sonra prodüser dostlarım mənə zəng vurdular: «Sən, ümumiyyətlə, bilirsən Müslüm Maqomayev kimdir? Bilirsən kimin obrazını yaradacaqsan?» Mənim zahiri oxşarlığım prodüserlərin xoşuna gəlirdi. Mən rola hazırlaşmağa başladım. Böyük müğənninin müsahibələrinə qulaq asdım, sənədli filmlərinin kadrlarını izlədim. Ancaq bizə düşünmək üçün vaxt lazım idi: Maqomayev müxtəlif şəraitlərdə necə görünüb. Məsələn, kamera onu izləyəndə özünü necə aparıb, qəzəbli anlarında necə olub. Ümid edirəm ki, alınıb. Mən çəkiliş proseslərində özüm üçün Müslüm Maqometoviçin yaradıcılığını kəşf elədim. O, mahnıların hər biri özlüyündə gözəldir. Mən xüsusilə «Melodiya»nı qeyd edərdim. Təbii ki, Müslüm Maqomayevin və Tamara Sinyavskayanın ifasında səslənən mahnılar serialın daha baxımlı olmasında rol oynayıb. İnanıram ki, film böyük uğur qazanacaq. Mən milyonların sevimlisi olan Maqomayev rolunu oynadığıma görə özümü xoşbəxt sayıram”.
Hazırda Miloş Bikoviç Rusiya kinematoqrafiyasının istehsalı olan məşhur layihələrdə iştirak etməyə davam edir. «Heç bir rus aktyoru xaricdə ulduza çevrilməyib, amma serb Bikoviç hamının sevimlisi olub» - deyə soruşanda, aktyor, artıq postsovet məkanında şöhrət qazandığını etiraf edib. «Dəmir pərdə olanda Hollivud kino bazarını ələ keçirdi və o vaxtdan bəri bunu təsir kanalı kimi saxlayır. Amma dünya dəyişir. İnternet platformaları yaranır. Hollivud indi təkcə yeganə cəzbetmə nöqtəsi deyil. Bax, budur, Rusiyada serbiyalı aktyor baş rolda oynayır. Həm də təkcə rusları və ya tipik zəmanə qəhrəmanlarının obrazlarını oynamır. Məsələn, Müslüm Maqomayev kimi sovet estradasının əfsanəsinin obrazını yaradır. Maqomayev isə azərbaycanlıdır”.
Qeyd edək ki, serialda azərbaycanlı aktyorlar da rol alıblar.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər